Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dənizdə batan sərvət, “Robinzon”un cavanlıq iksiri, 30 kiloluq dovşanlar…
Dənizdə batan sərvət, “Robinzon”un cavanlıq iksiri, 30 kiloluq dovşanlar…
08 Aprel 2017 / 18:09 / Baxış sayı: 1620
Font1 Font2 Font3 Font4

“Bu yolu tut, düz get, heç hara dönmə ha. Yol özü səni aparıb çıxaracaq düz Kurkosaya. Hər ehtimala qarşı, “26”-larda, əgər yolda adam tapsan, yenə soruş. Amma Kurkosa lap o yandadı, uzaqda. Ondan qabaq Jarski var hələ. “Şlyupka” tapmasan, gedəmməyəcəksən, onu da biləsən.

Qaramanlıda, yolun kənarında durmuş çoban deyir bunu, çomağını irəli uzada-uzada. Şəhərin mərkəzinə girmirik. Çünki oralıq bir işimiz yox. Dediyi kimi, heç hara burulmadan irəliləyirik. Amma vur-tut 3 kilometrdən sonra yol qurtarır. Üzərinə “Neftçala” yazılmış yol işarəsindən az sonra. Bundan sonrası isə… Hə, bundan sonrası əsil məşəqqətdir. Çünki yol deyilən şey yoxdur faktiki.

“26”-lar deyilən yerə birtəhər çatırıq. Yarıuçuq bir tikilidir, üstünə “Yeməkxana” yazılıb. İçəridən biri çıxır.

– Kurkosaya düz gedirik?

Və dərhal da sonu bədbinlik gətirən izahat:

– Hə, heç hara burulmayın, yol sizi aparacaq. Amma siz Kurkosaya gedəmməyəcəksiz axı. Uzağı Sahil qəsəbəsinə kimi. Ondan sonra 6-7 kilometr, ümumiyyətlə, maşın getmir. Gərək traktor tapasız. Tutaq ki, traktor tapdız, ondan sonra “şlyopka” tapmalısız. Yəni kater, lodka. Kater tapsaz belə, onun benzini olmaya bilər, qabaqda isə “zapravka” yoxdur. Gərək geriyə, Neftçalaya qayıdıb bir kanistr benzin alasız. Benzin alıb katerə vursaz belə, yenə də icazəniz olmalıdır. Çünki Kurkosaya buraxılış vərəqi ilə getmək mümkündür.

Əcəb işə düşdük. Sürücümüz mızıldanır. Bu əzablı yollarla geriyə, Neftçalaya qayıtmağı heç mən özüm də istəmirəm.

– Getdik…

***

Hə, bayaqdan Kurkosa deyib durmuşuq. Haradı, nədi axı bu Kurkosa? Və biz ora niyə gedirik? Kurkosanın nə olduğunu deyəcəm indi sizlərə. Amma hələlik qısaca…

Əslində buranın rəsmi adı “Kür dili”dir. Əski sovetlər dönəmində isə ora “Kurskaya kosa”, yəni “Kür əyrisi” adını veriblər. “Kurskaya kosa” isə yerli əhalinin dilində “Kurkosaya” çevrilib.

Əvvəl yarımada olan Kurkosa indi adaya çevrilib və Xəzərin Azərbaycan akvatoriyasında yerləşir.

Azərbaycanda adaların sahəsinə görə sıralamasında birinci yeri tutur. Uzunluğu 13, eni isə 6 kilometrdir. Və bu adada indi 1000-ə yaxın vəhşi at, mindən çox vəhşi inək, minlərlə dovşan, turac, qırqovul, eşşək, yüzlərlə çaqqal və qaban yaşayır. Və… Və bir nəfər də İNSAN! Vitali Pronin. Əsil Robinzon Kruzo kimi… Təm-tək, vəhşi heyvanların arasında. Və özü də Cüməsiz…

Hələlik Neftçaladan danışacam sizlərə. İnanın ki, çox maraqlıdr. Elə Vitalikin də buralara necə gəlib çıxdığı sizlə məlum olacaq.

***

Hələ 20-ci əsrin əvvəllərində Çar Rusiyası bu əraziyə xeyli kazak və molokan köçürüb. 1911-ci ildə isə indiki Kurkosa dediyimiz ərazidə ruslar ilk mayakı istifadəyə veriblər. Yeri gəlmişkən, gəmilərə yol göstərən bu mayak 70-ci illərə qədər fəaliyyət göstərib.

İndiləri demirəm, buralarda kimlər olmayıb hələ 150 il əvvələ qədər? Nobel, Bekkendorf, Putilov… Hamı neft dalınca gəlib. Yəqin çox az adam bilir ki, ilk neft quyusu Neftçalada 1872-ci ildə qazılmışdı. Deyilənlərə görə, 1923-cü ildə böyük kimyaçı alim Qubkin Neftçala ərazisində geoloji kəşfiyyat işləri apararkən, o vaxt boş, şoran torpaqları göstərmiş və “ayaq basdığınız bu yerlərin hər qarışının altı qızıldır, böyük sərvətdir” demişdi. O vaxt aparılan kəşfiyyat işləri nəticəsində az dərinlikdən belə neft yataqları tapılmışdı. Məhz rusların bura yerləşdirilməsinin nəticəsidir ki, Neftçalada xeyli yaşayış məntəqəsinin adı hələ də ruscadır. “Trest”, “Jarski”, “Pyatitısyaçnı”, “Banka”, “Xıllı-Boji Promısel”, “Provalnı”… Bu adların özünün də maraqlı tarixçəsi var. “Trest” deyilən ərazidə hansısa trest olub. Jarski isə Neftçalanın ən isti yeri imiş. Hə, o ki qaldı “Pyatitisyaçni”yə, burada 5 min voltluq transformator yerləşdirilibmiş. Bax beləcə…

Və daha bir neçə maraqlı fakt. Çox az adam bilir, Azərbaycanda ilk aptek 1850-ci ildə indiki Neftçala ərazində Bankə balıq vətəgəsi xəstəxanasının nəzdində təşkil olunub. 1920-ci ildə Azərbaycanın yeni rəhbəri Nəriman Nərimanov isə ölkəyə ilk səfərini məhz Bankədən başlamışdı. Hə, lap yaddan çıxmamış, elə həmin Bankə qəsəbəsində Azərbaycanda ilk Qadınlar klubu belə yaradılmışdı.

Bəlkə onu da bilmirdiniz ki, Neftçala Azərbaycanda yeganə rayondur ki, hər il ora milyonlara qonaq gəlir. Qərbi Sibirdən, Qazaxıstandan, Cənubi Uraldan, Şimali Avropadan. Hə, qaz, ördək, durna, qaşqaldaq, qutan və başqa quşlar qışlamağa gəlirlər buralara.

Sovet dönəmində bu rayonda maraqlı kolxoz adları olub. Hətta Beriyanın belə adına.

Və daha bir maraqlı fakt. 1927-ci ildə Neftçalada hələ indiyədək hamının “nöyütxana” dediyi ərazidə 5 saylı quyudan 50 metr dərinlikdən neftlə birlikdə duzlu su da fontan vurub. Analiz aparılarkən bu suyun tərkibində yod olduğu aşkar olunub. Bundan sonra bu ərazilərdə zəngin yod ehtiyatı aşkarlanıb. Sonradan burada tikilən yod zavodu SSRİ-nin ən böyük zavodu olub.

Həmsöhbətimiz Əli dayı deyir ki, sovet vaxtı yayda günəşin qovurduğu Neftçalada buz anbarı olub. Bu buz anbarında isə min tonlarla buz külçələri saxlanırmış. Həm balıq saxlamağa, həm də yod zavodunun ehtiyacları üçün.

“Zavod yerin təkindəydi. İçəri əsil soyuducunu xatırladırdı. Hərəsi azı 500-600 kilo olan bu buz kubiklərin haradan və necə gətirilməsini bilməzdik. Amma həmin anbarlarda tonlarla nərə də saxlanılırdı”.

Əli day deyir ki, Allah bu yerlərə hər şey verib. “Mən özüm coğrafiya müəllimiyəm. Təsəvvür edin, hər dəfə xəzri əsəndə biz dəniz qırağına qaçardıq. Bilirdik ki, dəniz payımızı göndərib. Yüzlərlə balıq çıxardı üzə. Nərəsindən tutmuş, kefalına qədər. Bir də taxta, ağac. Balığı yığardıq, taxta və ağaclar isə aparıb evdə qurudardıq ki, sonra yandıraq. Hə, sənin görmədiyin, mənim isə yaşadığım o Kurkosada. Ora bilirsən necə yerdir? Maldiv adaları nədirsə, Kurkosa ondan da gözəl yerdir. Əsil cənnət”.

Əslində 1982-ci ilədək Neftçala rаyonunun Şirvanlı ərazi inzibati dairəsinə daxil olan Kurkosayla əlaqə 1981-ci ildə kəsilib. Balıqçı Raci Səlimov Lent.az-ın əməkdaşına deyir ki, həmin ilin sentyabrında Xəzərdə suyun qalxması nəticəsində yarımada adaya çevrildi. “Sovet hökuməti hamımızı çıxardı oradan. Nəinki Neftçalanın, Azərbaycanını ən varlı kolxozuydu ora. Adaya çevriləndən sonra Kurkosada bir neçə ailə qaldı. Sonradan isə ümumiyyətlə, orada bir kimsə qalmadı. Yox, yalan deyirəm, bircə Vitalik qalıb. 66 yaşı var, amma oranı tərk etmək istəmir. Deyir, bura mənim torpağımdır, burada da öləcəm. Anası Antonina xalayla qalmışdı bir qədər əvvələdək. Onu da itirdikdən sonra təkcədir. Neyləyir orada? Balıq tutur, turac ovlayır. İnək kəsib yeyir. Dolanır özüyçün. Sakit, quşların cəh-cəhi, dənizin gətirdiyi rahatlıq, həm də ətrafında bir insan yox. Bacıları Tolyattidə yaşayır, bir qardaşı da Moskvada. Dəfələrlə arxasınca gəliblər ki, dur gedək, nə var bu kimsəsiz adada. Deyir heç hara getmirəm. Ölənə kimi buranı tərk etməyəcəm deyir. Hər şey var o adada. Bir çörəkdi, qənddi, çaydı, onu da alıb aparır balıqçılar ona. Balıq da maşallah, nə qədər desən”.

– Bu adada 23 ev qalıb, bir insan…

– İllərdi televizora baxmır, lampa işığında oturur, amma dünyanın hər yerindən xəbəri var…

– Burada atlar dəniz suyu içir, inək balalarını isə çaqqallar aparır…

– Vəhşi atların, qabanların sayı-hesabı yoxdur, hərdən tutub sahilə aparırıq;

– Hər yer üzüm bağı, narlıqdır, bitməyən meyvə yoxdur buralarda, amma…

 

Hə, indi Kurkosaya giriş icazəlidir. Vaxtıyla 3 min sakini olan Kurkosada bəni-adəm adına indi bircə nəfər var: Vitali Pronin. Anası Antonina xalayla sonuncu sakinlər imiş bu adada.

Düzdür, 1981-ci ildə su qalxanda, dövlət burada yaşayanların böyük hissəsini Müşfiq deyilən əraziyə köçürür, onlara evlər tikir, infrastruktur yaradır. Amma yenə də adada qalanlar olur. 2013-cü ildən sonra insanlar adanı tamamilə tərk edirlər. Bircə Proninlərdən başqa.

Raci danışır ki, Vitalik indi bu adada tək yaşasa da, buranı tərk etmək istəmir.

– Onun Neftçalada da evi var. Bilmirəm, kirayə verib, ya yox. Amma pensiya alır. Hər tərəf balıq, turac, dovşan və ən əsası, sakitlikdir. Deyir, nə var şəhərin basabasında, səs-küyündə? Düzdür, işığı, qazı yoxdur, lampa işığıyla kifayətlənir, amma sağlamdır, ən əsası. 66 yaşı var, cavan oğlana oxşayır. Bəzi lazımi ərzaqları biz alıb aparırıq onun üçün. Qənd, çay, çörək. Başqa nə lazımdı ki? Allah yandırmaq üçün odunu da bura özü göndərir, dənizlə. Toyuq-cücə saxlayır, meyvə bağları da öz yerində.

Raci deyir ki, bu ada doğrudan da Allahın möcüzəsidir.

– Təsəvvür edin, mən özüm Neftçalada kənddə quyu qazmışam bir neçə dəfə. Hərə dəfə də əziyyətim hədərə gedib. Çünki quyudan şor su çıxıb. O adada isə hər tərəf dənizdir, amma yerdən içməli su çıxır.

Həmsöhbətimiz onu da deyir ki, sovetlər vaxtı burada atçılıq zavodu olub. Bir neçə mal ferması fəaliyyət göstərib. Sovetlər dağılandan və Kurkosa adaya çevrildikdən sonra həmin heyvanlar da qaldı burada.

Burada atlar da, inəklər də vəhşiləşib. O qədər vəhşiləşib ki, insan görəndə qaçırlar. Atlar, inəklər dəniz suyu içirlər. Bir qədər əvvələdək, Kurkosada bir neçə ailə yaşayanadək heyvanlara şirin su verirdilər. Amma indi təkcə Vitalidir, bu qədər heyvanı sulaya bilməz axı.

– Çoxdur at, inək?

– Çox, lap çox. Təsəvvür elə, minə yaxın at var. Çox ekzotik yerdi bura. Bir də görürsən, yüzə yaxın at ilxıyla gəldilər dəniz qırağına su içməyə. Hə, şor suyu içirlər. Dəniz suyunu. İnəklər də eləcə. Həm su içirlər, həm də çimirlər. Çox gözəl mənzərədir. Dünyanın heç bir yerində belə mənzərəyə rast gələ bilməzsən. İnəklərin südü aşıb-daşır. Balığa gedəndə biz balıqçılar tutub birtəhər sağırıq. Gətirib yağ-pendir edirik. Yoxsa partlamaya düşərlər, yazıqdırlar. Elə olub ki, bu adadan sahilə at da, inək də gətirmişik. Amma atı ram eləmək çox çətindir. Birtəhər “şlyupka”ya otuzdurursan. Amma 18 kilometrə yaxın yoldur, yırğalanır axı qayıq. Bir az risklidir. Hə, bir də çalışırıq inəyin balalarına, buzovlara bir şey olmasın. Düzdür, canavar yoxdur adada. Amma çaqqal çoxdur. Ana inəyə, ya kələyə bir şey edə bilmir çaqqal. Qorxur onlardan. Sürüylə gələndə balanı parçalaya bilirlər. Hərdən görürsən sahilə çıxırlar sürüylə. Atlar, inəklər, çaqqallar…

Raci deyir ki, adada dovşanların sayı-hesabı yoxdur. Özü də dovşan deyirəm e, çəkiləri 30 kilo, qoyun boyda.

– Qabanı da ki, ələ gəlməz. Yüzlərlə. Donuz yox ha, məhz qaban. Necə deyərlər, çöl qabanı. Quşları da ki, turacından tutmuş, qırqovuluna qədər.

Əli dayı isə başqa məqamlardan danışır. Deyir, sovet vaxtı Neftçalanın ən yaxşı kəndləri olub buralar. Mədəniyyət evində hər gün hind filmləri, şənbə və bazar günləri diskotekalar, yaxşı əməkhaqqı və iş yerləri. Amma sonra hər şey məhv oldu.

– Oğlum, burada elə üzümlüklər, nar bağları olub, bilirsən? Hələ də qalır həmin bağlar. Sadəcə, ətrafını kol-kos basıb. Təmizləmək lazımdır. Adam yoxdur axı eləsin bunları. Düzdür, deyilənə görə, ada yavaş-yavaş yox olub gedir. O gün kim idi, dedi ki, hər il azı 30 metr yoxa çıxır. Amma deyirlər də. Bu adaya insan ayığı dəysə, onu cənnətə çevirmək olar.

Adada hələ də içinə girib yaşamalı 23 ev qalıb. Hamısı da səliqəli vəziyyətdə. Hərdən balıqçılar gəlib qalırlar burada. Bir də Vitali.

Balıqçılarla işimiz yox, bəs görəsən, bizim “Robinzon”un günü necə başlayır, necə bitir? Hə, bu barədə danışacağıq. Hələliksə, bir məqama baş çəkək, qayıdacağıq bu söhbətə.

***

Şərti adını Kurkosa qoyduğumuz bu ada əslində iki kənddən ibarətdir. Jarski və Kurkosa. Jarski Kurkosadan bir qədər böyükdür. Adanın ümumi sahəsi 43 kvadrat kilometr təşkil edir. Uzunluğu 11,8 eni isə 4 kilometrə yaxındır. Yeri gəlmişkən, Qızılağac qoruğunun bir hissəsi də vaxtıyla adadan əvvəlki yarımadanın ərazisinə düşür.

Bu əmin Qızılağac qoruğudur ki, hələ 1976-cı ildə sovetlər dönəmində YUNESKO-nun siyahısına “Su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında” Konvensiyanın su bataqlıq regionunun biri kimi daxil edilib. Qızılağac və Kiçik Qızılağac körfəzləri və onların sahil zolaqlarını əhatə edir. Bura Avropada su quşlarının qışladığı əsas yerlərdəndir. Sahil zonasında göl və bataqlıqlar var. Azərbaycan müstəqilliyini elan etdikdən sonra həmin Konvensiyaya qoşulub və qoruq 2001-ci ildə yenidən Beynəlxalq Əhəmiyyətli Sulu Bataqlıq Yerləri Siyahısına daxil edilib.

***

Hə, Vitalidən danışırdıq axı yuxarıda. Raci deyir ki, onun burada təmtəkcə gününü necə keçirdiyini bilmək istəyirsinizsə, ən yaxşısı özüylə görüşün.

– Bircə onu bilirəm ki, adam həmişə fəxrlə deyir: “Mən nə başımın, nə də ürəyimin harada olduğunu bilmirəm”. Çünki nə başı ağrıyır bu yaşında, nə də ürəyi sancıb. Özü də eynəksiz gəzir. Nə işığı var, nə interneti, nə də televizoru, ya telefonu. Amma adam haradan desən, səninlə danışır. Deyəsən, yaxşı kitabxanası da olmalıdır. Nə deyim, ən yaxşısı özüylə görüşün. Daha maraqlı olar.

***

Dediyi kimi də edirik. Və inanılmaz! 21-ci əsrin 17-ci ilinin 4-cü ayında tənha bir adada tənha yaşayan bir insanın sadəcə bir günündən bəhs edəcəyik sizlərə.\lent.az\

Səbuhi Məmmədli 

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə