Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda yüzə yaxın ailə çadırda gecələyir
Bakıda yüzə yaxın ailə çadırda gecələyir
13 Aprel 2017 / 12:24 / Baxış sayı: 900
Font1 Font2 Font3 Font4
Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı bina uçmaq təhlükəsi qarşısındadır
“Energetika” pansionatı adlanan bina artıq Fövqəladə Hallar Nazirliyinin nəzarəti altındadır. Bina sakinlərinin böyük hissəsi təxliyə edilib. Məcburi köçkünlərdən yaşamaq üçün başqa yeri olmayanlara binanın həyətində 70-yə yaxın çadır qurulub.
Ötən gün hadisə yerində musavat.com saytının əməkdaşı da olub. Hazırda burada ümumilikdə 150 ailə yaşayır. Onların hamısı qaçqın və məcburi köçkünlərdir. İllərdir həyatları təhlükə altında yaşayan bu sakinlərin səsini bu günə qədər heç kim eşitməyib. Dəfələrlə “Burada uçqun ola bilər. Ölə bilərik, bizə kömək edin” desələr də, yardım əlini uzadan tapılmayıb.
4 gün öncə isə bəhs etdiyimiz binadakı evlərdən birinin tavanı tamamı ilə uçub. Xoşbəxtlikdən zərər çəkən olmayıb. Hadisə sonrası bir yerə yığışaraq şikayət etmək üçün aidiyyəti orqanların qapısına yollanan sakinlərə gecə ilə kömək edilib. Belə ki, hadisə yerində FHN-nin əməkdaşları gələrək, binanın yaxınlığında çadır qurublar. Bir müddət sonra sakinlərlə görüşə Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov da gəlib. Hazırda sakinlərin böyük hissəsi qurulan çadırlarda gecələyirlər.
Uçqun baş verən binaya qalxdıq. Hələ də məcbur olduqları üçün burada yaşayanlar var. Kanalizasiya, nəmişlik və ölmüş siçovul iyindən burada dayanmaq belə çətindir. Amma sakinlər illərdir bu şəraitdə yaşayırlar. Təbii ki, buna yaşamaq demək olarsa…
Bu illər ərzində onlar nə su, nə də qaz üzü görməyiblər. İçmək və məişətdə istifadə etmək üçün lazım olan suyu sakinlər daima öz pulları ilə alıblar. Bəziləri əllərində vedrələrlə evlərinə su daşıyıblar. Əgər durum dəyişməsə elə bu formada da davam edəcək.
Hazırda sakinlər nəm torpaq üzərində, çadırlarda yaşayırlar. Dəniz kənarı onsuz da yetərincə küləkli və soyuq olur. Bu durumda sakinlər üçün vəziyyət heç də ürəkaçan olmayacaq. Bəzi ailələr bu səbəbdən çadırlara köçməkdən imtina ediblər. Bəziləri isə heç olmasa bir az da olsa soyuqdan qorunmaq üçün yerlərə xalça, taxta, kağız qutu, rezin parça sərirlər.
Çəkiliş anında bunun dəfələrlə şahidi olduq. Balaca uşaqlardan tutmuş yaşlı insanlara qədər hər kəs nəmli torpağa ayaq basmamaq üçün çadırlarına yerə sərməyə nəsə daşıyırdı.
Balaca uşaqlar üçün isə bu əyləncədir. Onların hələ ki heç nədən xəbərləri yoxdur. Elə bu fotoda gördüyünüz Həsən kimi… Kameranın obyektivinə gülür, fotosu çəkildiyi üçün sevinclidir. Həsən qaçqın ailəsində, bu, siçovullarla dolu yataqxanada dünyaya göz açıb. Yaxşı şərait, bahalı oyuncaqlar, dərsə getmək üçün xüsusi avtomobil, brend geyimlər görməyib. Amma üzü gülür. Onun daimi belə gülməsi üçün artıq normal şəraitdə yaşamalıdır.
“Uçan divarların arasında, qorxa-qorxa yaşamaq üçün vuruşuruq”
 
Torpaq üzərində olan çadırlar sakinləri narahat edir. Onların sözlərinə görə, sadəcə 1 gecə çadırda gecələyənlərin artıq bellərində ağrılar əmələ gəlib: “Binanın vəziyyəti göz önündədir. Hər gün bir yeri uçulur. Ömrünü çoxdan başa vurub. 2 metrə yaxın yerinə altına girib. Orada yaşamaq ölümə açıq dəvətdir. Çadır qurdular, buraya köçdük. Bizə deyirlər ki, 2 ay gözləyin, sizi köçürəcəyik. Bu çadırda gözləyək? Qaçqınıq deyə insan sayılmırıq? Nəm torpağın üstündə nə qədər yaşamaq olar? 25 ilin qaçqınına çadır rəva biliblər. Bu binada yaşayanlar arasında şəhid ailəsi də var, Qarabağ qazisi də, əlili də… Bizə heç olmasa kirayədə qalmaq üçün belə yardım etmirlər. Biz burada 25 ildir nəmişlikdə, uçan divarların arasında, daxmada yaşamaq üçün vuruşuruq. FHN-nin əməkdaşları gəldilər, çadır qurdular. Gecə-gündüz nəzarət edirlər. Polis, həkim də ayrılıb.
 Amma “Qaçqınkom”dan (Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi) bir nəfər belə gəlib, bizim halımızı soruşmayıb. Niyə? Əgər 25 il belə yaşayacağımızı bilsəydik, heç gəlməzdik. Elə erməni bizi torpağımızda öldürərdi”.
Bina sakinlərindən biri olan S.Qurbanova illərdir ki, qızı ilə bərbad evdə yaşayır: “Evim ikiotaqlı idi. Birini FHN əməkdaşları bağladılar ki, orada yaşamaq olmaz, həyat üçün təhlükəlidir. Birotaqlı evdə illərdir ki, qızımla yaşayıram. İçəridə olan qoxunu yəqin siz də hiss edirsiniz. Hələ bu, ən az qoxudur. Hava küləkli olanda kanalizasiya suyu evə dolur. Digər otaqda siçovullar ölüb. Onların iyindən evdə oturmaq olmur. Yağışın suyu otağa dolmasın deyə otağın tavanına selofan bağlamışam. Hər yerə müraciət etmişik, fayda vermir”.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sakinlərin iddiasına cavan verib.
Komitədən musavat.com saytına bildirdilər ki, hadisə baş vermiş ərazidə hər gün şöbə müdirləri sakinlərin vəziyyəti ilə maraqlanırlar: “Komitə sədri Əli Həsənov həmin binada 2 dəfə olub. Sakinlərin problemləri ilə maraqlanıb. Hadisə sonrası isə komitə sədrinin müavini, həmçinin şöbə müdirləri əraziyə baş çəkiblər. Hər gün hadisə yerində şöbə müdirlərimiz var. Sakinlərin “Bizimlə “Qaçqınkom”dan heç kim maraqlanmır” ifadəsi düz deyil”.
 
 
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə