Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Polisin sayı hər 100 min nəfərə 100 nəfər olmalıdır”
“Polisin sayı hər 100 min nəfərə 100 nəfər olmalıdır”
29 Aprel 2013 / 18:07 / Baxış sayı: 466
Font1 Font2 Font3 Font4

Daxili İşlər Nazirliyi isə polisin sayı barədə beynəlxalq hesabatlara münasibət bildirmir

“Azadlıq” qəzetinin beynəlxalq hesabatlara istinadən yazdığına görə, Azərbaycan polisin sayına görə, dünyada qabaqcıl yerlərdən birini tutur. Belə ki, hər 100 min adamın keşiyində Azərbaycanda 456 polis əməkdaşı durur. MDB və Şərqi Avropa məkanında ən çox polis Belarusdadır – orada hər 100 min əhaliyə 1442 milis düşür. İkinci Rusiya – 976, üçüncü isə Qazaxıstandır – 713. Ən az polis isə Estoniya və Moldovadadır. Bu ölkələrdə hər 100 min nəfərə müvafiq olaraq 328 və 385 polis düşür.

Digər Avropa ölkələrinə gəldikdə, İtaliyada hər 100 min nəfərə 552, Türkiyədə 484, Kiprdə 668, Fransada 369, Almaniyada 301, İspaniyada 494, Portuqaliyada 485, Makedoniyada 484, Maltada 459, Yunanıstanda 452, Xorvatiyada 446, Bolqarıstanda 442, Şimali İrlandiyada 411, Çexiyada 405, Sloveniya 386, Latviyada 370, Belçikada 356, İrlandiyada 342, Macarıstanda 335, Şotlandiyada 329, Litvada 327, Lüksemburqda 321, Avstriyada 320, Polşada 264, Slovakiyada 260, İngiltərə və Uelsdə 257, Lixtenşteyndə 234, Rumıniyada 233, Niderlandda 216, İsveçrədə 214, İslandiyada 204, İsveçdə 199, Danimarkada 196, Norveçdə 158, Finlandiyada isə 154 polis düşür.

ABŞ 100 min nəfərə düşən polislərin sayına görə bir çox ölkələrdən geri qalır. Dünyanın ən qüdrətli ölkəsində 100 min nəfərə cəmi 233 polis, digər Şimali Amerika ölkəsi Kanadada isə 195 polis qoruyur. İsraildə bu göstərici 330 polisdir. Polislərin sayının çox olduğu ölkələrdən biri Bruneydi. Bu ölkədə 100 min nəfərə 1074 asayiş keşikçisi düşür.
Latın Amerikası ölkələrindən Argentinada bu göstərici 558, Meksikada 366, Braziliyada 282, Çilidə 195 polisdir. 100 min nəfərin payına ən az sayda polisin düşdüyü ölkə isə Haitidi. Bu ölkədə göstərici cəmi 63 polisdir.

Asiya ölkələrinə gəldikdə, Honkonqda 100 min nəfərə 393, Malayziyada 354, Tailandda 337, Sinqapurda 239, Pakistanda 207, İndoneziyada 197, Yaponiyada 197, Cənubi Koreyada 195, Hindistanda 130, Çində 120 polis düşür.

Afrika ölkələrində Zimbabvedə 401, CAR-da 306 polis 100 min nəfərin asayişini qoruyur.
Avstraliyada bu göstərici 238 polisdir. Bu ölkələrin əksəriyyəti 100 min nəfərə düşən polislərin sayına görə Azərbaycandan geri qalır.

Dünyada orta göstərici 100 min nəfərə 300 polis olsa da, BMT-nin tövsiyəsi 200 polisdir.
Elmi-Praktik Hüquq Mərkəzinin eksperti, sabiq polis rəisi Mahmud Hacıyev isə Moderator.az-a açıqlamasında Azərbaycanda polislərin sayının beynəlxalq hesabatlarda göstərildiyindən də çox olduğunu dedi: “Azərbaycan həmişə bəyan edir ki, hüquqi-demokratik dövlətdir. Əgər Azərbaycan hüquqi-demokratik dövlətdirsə və Avropa Şurasının üzvüdürsə o halda ölkədə bu qədər polisin olması dəhşətdir. Heç kimə sirr deyil ki, Azərbaycanda polis rejimi var. Ona görə də Azərbaycanda polis sistemi siyasiləşib və siyasi tapşırıqları yerinə yetirir. Bu baxımdan polis artıq hüquq-mühafizə orqanı kimi öz fəaliyyət çərçivəsindən çıxıb. Yəni cinayətkarlığa qarşı tam mübarizə apara bilmir, ictimai asayişin qorunmasını tam təmin edə bilmir”.

Ekspert bildirdi ki, polisin sayı hər bir ölkənin coğrafi ərazisinə və əhalisinin sayına uyğun olaraq müəyyənləşdirilməlidir: “Əgər ABŞ-ı, Rusiyanı, Almaniyanı, Fransanı misal çəkiriksə, həmin ölkələrin ərazisi də böyükdür, əhalisinin sayı da çoxdur. Azərbaycanın isə eni ilə uzunu 500 kilometrdir. 20 faiz ərazimiz də işğal altındadır. Bu o deməkdir ki, 7 rayonun şəxsi polis heyəti yoxdur. İşğal olunmuş ərazilərdə polis fəaliyyət göstərmir. Bunu da çıxanda minimal rəqəm olmalıdır. Əgər ABŞ kimi böyük bir dövlətdə hər 100 min nəfərə 223 polis düşürsə, Azərbaycan Amerika da deyil, Almaniya da, İspaniya da deyil. 3 milyon vətəndaşımız isə ölkəni tərk edib. Üstəlik ölkədə baş vermiş cinayətlərin, bağlı qalmış cinayətlərin, açılmış cinayətlərin sayı nəzərə alınır, nə qədər qayda-qanun pozulduğu barədə təhlillər aparılır. Baş vermiş xuliqanlıq hallarının, inzibati xətaların nə qədər pozulması öyrənilir və bunun əsasında da polisin sayı müəyyən edilir. Bu nöqteyi-nəzərdən götürəndə Azərbaycanda maksimum polisin sayı hər 100 min nəfərə görə 100 nəfər olmalıdır”.

Qeyd edək ki, Azərbaycanın Daxili İşlər Nazirliyi polis işçilərinin konkret sayı barədə rəsmi məlumat vermir. Beynəlxalq hesabatlarda göstərilən rəqəmlərin nə dərəcədə reallığı əks etdirməsinə gəlincə, bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə sual ünvanlasaq da konkret cavab ala bilmədik.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə