Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Anar Məmmədxanovun vəfatından 6 il ötdü – FOTOLAR
Anar Məmmədxanovun vəfatından 6 il ötdü – FOTOLAR
23 Aprel 2017 / 13:42 / Baxış sayı: 528
Font1 Font2 Font3 Font4
Bu gün “Bakılı oğlanlar” Şən və Hazırcavablar Komandasının əfsanəvi kapitanı və ictimai xadim Anar Məmmədxanovun ölümünün 6 ili tamam olur. O, 1970-ci il iyulun 20-də Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub. Avrasiya Radio və Televiziya Akademiyasının üzvü seçilib. 1991-ci ildən isə Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, “Bakılı oğlanlar” komandasının kapitanı olub.
Anar Məmmədxanov birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. O, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü, Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi fəaliyyət göstərib. Həmçinin Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarında yer alıb.
Eyni zamanda Avropa İttifaqı − Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvü olan Anar Məmmədxanov 2011-ci ilin 23 aprel tarixində qəflətən ürəktutmasından vəfat edib. Rus və ingilis dillərini mükəmməl bilən Anar Məmmədxanovun 3 övladı var.
Onun haqqında xatirələrini bölüşən bacısı – filologiya elmləri doktoru Nahidə Məmmədxanova deyir: “Anar deyirdi, “mən Azərbaycana “Oskar”ı gətirəcəm”. Və biz bilirdik ki, Anar dedisə, deməli, həqiqətən də gətirəcək. Çünki qarşısına hansı məqsədi qoyurdusa, ona mütləq nail olurdu. Amma əfsus… O, tək evimizdən yox, elimizdən getdi. Anar Azərbaycan üçün hələ çox şeylər edəcəkdi”.
Anar Məmmədxanovun həyat yoldaşı İradə xanımla münasibəti isə sözlə ifadə edilə bilməyəcək formada nümunəvi olub. Hazırda iş adamı kimi fəaliyyətini davam etdirən İradə Məmmədxanova Lent.az-ın əməkdaşı ilə həyat yoldaşı barədə xatirələrini bölüşərkən belə bir hadisəni xatırlamışdı: “Bir neçə il əvvəl idi. Moskvada bir məclisdə idik. Həmin məclisdə Yakuboviç, Araz Ağalarov, Rusiya prezidenti Boris Yeltsinin şəxsi mühafizə xidmətinin rəisi Korjakov, Rüstəm İbrahimbəyov, Aleksandr Abdulov, Yuli Qusman və başqa məşhur şəxslər iştirak edirdi. Çox yaxşı, unudulmayacaq məclis idi. Hamı tost deyirdi. Axırda dedim olar mən də bir badə qaldırım? Sözə başlayanda heç kim başa düşmədi mən kimin haqqında danışıram. Hərə öz ünvanına qəbul elədi. Anar da başa düşmədi ki, söhbət onun özündən gedir. Çünki mən onun üzünə qarşı belə sözlər demirdim. Dedim “mən bu badəni bir nəfərin sağlığına qaldırmaq istəyirəm. Bu adamın böyük ürəyi var. Hər birimizə qarşı mehribandı. Ağıllıdı. Bu badəni həyat yoldaşımın sağlığına qaldırıram. Düşünürəm ki, ancaq o bütün bu keyfiyyətlərə uyğundu”.
Ölümündən sonra Anar Məmmədxanov haqqında xeyli kitab dərc edilib. Onlardan biri də Moskvada çap edilən “Özünə sadiqlik” və “Heç nə üçün peşman deyiləm” nəşridir. “Anar, hər şeyə görə çox sağ ol…” adı altında keçirilən tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri, dünya şöhrətli musiqiçi Polad Bülbüloğlu deyib: “Anarın sayəsində gör nə qədər adam Bakını sevib. Anarın yanına, Azərbaycana gələnlərin hamısı bu ölkəyə vurulub. O, öz Vətəninin qeyri-rəsmi səfiri idi”.
Səfir qeyd edib ki, Anar Məmmədxanovun iki kitabda toplanmış fəlsəfi fikirləri, yığcam, qeyri-adi müsahibələri və esseləri onun xarakterini əks etdirir: “Axı dinlənilmək üçün insanların səni dinləmək istəməsi lazımdır. Cəmiyyətdə elə bir mövqe tutmalısan ki, səni eşitsinlər. Anar belə bir mövqe tutmuşdu”.
Qeyd edək ki, Anar Məmmədxanov İkinci Fəxri Xiyabanda dəfn edilib.
Allah rəhmət eləsin!
 
arxiv.bizimxeber.az
Mənbə: lent.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə