Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Sovetski”dəki tənha “göydələn” də söküləcək – FOTOLAR
“Sovetski”dəki tənha “göydələn” də söküləcək – FOTOLAR
26 Aprel 2017 / 9:56 / Baxış sayı: 722
Font1 Font2 Font3 Font4
Bakının “Sovetski” ərazisində, Ç.Mustafayev və Z.Adıgözəlov küçələrinin tinindəki 15-16 mərtəbəli “göydələn” də söküləcək. Hazırda binanın yarıtərk edilmiş və yarıuçuq mənzərəsi uzaqdan da diqqəti cəlb edir.
Əraziyə baş çəkərkən həmin binadan bəzi əşyaların çıxarıldığına da şahid olduq. Yük daşıyan fəhlələr də binadan köç başladığını və binanın söküləcəyini bildirdilər. Bunu həmin binanın mühafizəsinə məsul şəxs də təsdiqlədi.
Sözügedən binanın sökülməsi hələ ilin əvvəlində gündəmə gəlmiş, 1-2 ay davam edən müzakirələrdən sonra binanın saxlanılmasına qərar verilmişdi. Buna baxmayaraq, sonda söküntu qaçılmaz olub.
Yeri gəlmişkən, “Sovetski”nin ləğv edilməsi səbəblərindən biri kimi, ərazidəki sıxlıq göstərilsə də, amma vaxtilə şəhər rəhbərliyinin bu “darısqal və narahat” məhəllələrdə “göydələn” tikintisinə niyə icazə verdiyi anlaşılmır. İş burasındadır ki, hələlik söküntü aparılmayan küçələrdə də bir neçə “göydələn” var.
Haqqında bəhs etdiyimiz binanın söküləcəyi əslində, gözlənilən idi. Çünki “göydələn”in yerləşdiyi yer artıq ətrafda geniş avtomobil yollarının salınması nəticəsində əlverişsiz hala düşüb.
Bu, həmin binadır ki, yaxınlığında son günlər medianın mövzusu olan “Hacı Cavad” məscidi (Ç.Mustafayev küçəsi 20) yerləşir və bu məscidin binası da eyni durumla üzləşib.
Söküntü ərazisində üç “su fontanı”ndan biri isə artıq köçürülüb. Rəsmi adı “Şollar su kəmərinin suyayma qülləsi” olan və XIX əsrin sonuna aid edilən bu abidənin də yerində avtomobil yolu çəkilib.
Sakinlərin sözlərinə görə, A.Şaiq küçəsi 211-də yerləşmiş bu “su fontanı” ortadan iki hissəyə bölünərək Abşeronun açıq səma altındakı muzeylərindən birinə aparılıb. Öncə inşaatçılar onu bütöv şəkildə götürməyə cəhd ediblər, amma alınmayıb.
S.Əsgərova 21 və S.Rəhimov 20 ünvanlarındakı “su fontanları” isə hələlik qalır.
Xatırladaq ki, bu “fontanlar” 1950-ci illərədək əhalinin içməli su mənbələri olub. İctimaiyyətin fikrincə, bu tikililər bərpa edilsə, həm köhnə Bakının atributları kimi qalar, həm də ərazidə planlaşdırılan parklara töhfə olardı.
Ərazidə diqqətimizi çəkən obyektlərdən biri də A.Şaiq küçəsi 156-da divar üzərindəki rəsm oldu. Gözlərindən yaş axan iki uşaq və ev rəsmi bizimçün gözlənilməz idi.
Öncə, evlərindən bir gün məcburən köçürüləcək məhəllə uşaqlarının öz hisslərini divarlara rəsmlərlə həkk etdiyini düşündük. Daha yaxından baxanda isə boyanın axması nəticəsində belə bir mənzərənin yarandığını öyrəndik. Təsadüf olsa da, amma yerinə düşmüşdü…
Küçədə digər maraqlı obyekt isə elə söküntü ucbatından gövdəsinədək budanan qocaman ağacın bu yaz aylarında yenidən cücərməsi idi. Bu da düşündürücüdür: elə bil ağaclar da sakinlər kimi öz tarixi yurdunda yaşamaq, ayaqda qalmaq üçün sonadək mücadilə verir.
arxiv.bizimxeber.az 
Mənbə: ann.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə