Belə “mesaj” verən Dövlət Yol Polisi əməkdaşlarından biri də “X Tağım YPX inspektoru polis baş serjantı Səfərov Arif Qulam oğlu“dur (seçmə IXP 957587 nömrəli QƏRARdan edilmişdir). Nə edib bu polis baş serjantı Səfərov Arif Qulam oğlu?

Hadisə vaqe olur 25 aprel 2017-ci il 08:50 radələrində Bakı-Astara magistral şosse yolunun Salyan ərazisində yerləşən DYP-yə məxsus stasionar postda. Həmin bu polis baş serjantı Səfərov Arif Qulam oğlu vətəndaş Vüqar Mystafayevin idarə etdiyi 90KZ198 nömrəli “Volksvagen Passat” markalı avtomobili həmin stasionar postda “sənədlərin yoxlanması” səbəbi ilə saxlayır. Sənədlərin qaydasında olduğunu görən polis baş serjantı Səfərov Arif Qulam oğlu sürücüyə “yolun qadağan edilmiş sol zolağı ilə hərəkət edirdiniz” iradını bildirir.

Təbii ki, Bakı-Astara magistral yolunda, əgər arxadan gələn maşının hərəkətinə mane olmursansa, qadağan edilmiş zolağın olmadığını, üstəlik daima yolun sağ çiyni (zolağı) ilə hərəkətdə olan, yəni heç bir qayda pozmadığına tam əmin olan sürücü, qayda pozuntusunun rəsmi görüntüsünü görmək istəyir və rəsmi görüntüyə baxmaq üçün stasionar posta təşrif buyurur.

Stasionar postda isə sürücüyə, həmin posta heç bir aidiyyatı olmayan “maşının cəriməsi var, niyə ödəmirsən?” sualı verilir (?). Sürücünün “bunun sizə aidiyyatı yoxdur, pulum olanda ödəyərəm, deyin görüm, məni niyə saxlamısınız?” sualına, analoqu olmayan cavab verilir: 10 (on) manat hörmət elə, get, yoxsa sənə protokol yazacağıq”.

Təbii ki, sürücü rüşvət vermək istəmir və üstəlik də ona, nəyi bəhanə gətirib protokol yazılacağının marağı güc gəlir və o, “rüşvət verə bilmərəm, protokol yazın” deyir və… hadisənin kulminasiya nöqtəsi: sürücüyə qarşı “Yol hərəkəti haqqında” Azərbaycan Respyblikasının Qanununun 52-ci (dayanma-durma qaydalarını pozma) maddəsi ilə Qərar qəbul edilir və protokol yazılır.

Görünəni odur ki, polis baş serjantı Səfərov Arif Qulam oğlu, çox guman ki, həmin postda illərdir oturuşmuş “saxlamışıqsa, ziyan vurmalıyıq” prinsipinə “sadiqlik” göstərərək, üstəlik “Yol hərəkəti haqqında” Azərbaycan Respyblikasının Qanunundan anlayışı belə olmaya-olmaya, sürücüyə 52-ci maddəni tətbiq edir. Anlayışı olsa idi, bilərdi ki, həmin Qanunun 52-ci maddəsi, Qanunda IX fəsil göstərilsə də, üst-üstə ON fəsildən ibarətdir (IV fəsildən əlavə ayrıca IV.I fəsli də var), IV fəslin 11 (on bir), VI fəslin isə 6 (altı) bəndi var, amma nədənsə polis baş serjantı Səfərov Arif Qulam oğlu sürücünün konkret harada, hansı ərazidə və bu maddənin hansı fəsli və bəndi ilə “qayda pozduğunu müəyyən etdiyi” barədə öz Qərarında susur.

Protokol ilə tanış olarkən ilk olaraq belə bir sual meydana mıxır: Yəni sürücü bu maddənin bütün fəsil və bəndlərini pozub? Az-çox həmin Qanun ilə tanış olan istənilən şəxs bilir ki, həmin maddədə ancaq və ancaq “dayanma və durma” qaydaları haqqında tövsilat verilir. Əcaba, sürücü həmin stasionarın yanında həmin maddənin hansı bəndinə uyğun olaraq “dayanma durma qaydasını” pozub?

Ümumiyyətlə həmin stasionar postun yanında 5-10 dəqiqə dayanmaq kifayət edər ki, həmin postdakı özbaşınalıq və anarxiyanın ağlagəlməz maştabları ilə tanış olasan.

Ümüdvar olmaq istərdim ki, DYP rəhbərliyi həmin postdakı özbaşınalığı aradan qaldırmaq üçün müvafiq addımlar atacaq.

arxiv.bizimxeber.az