Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Heydər Əliyev israr etdi ki,…” – TANINMIŞ FOTOQRAFDAN İLGİNC AÇIQLAMALAR
“Heydər Əliyev israr etdi ki,…” – TANINMIŞ FOTOQRAFDAN İLGİNC AÇIQLAMALAR
28 Aprel 2017 / 16:40 / Baxış sayı: 1802
Font1 Font2 Font3 Font4

Barmağını uzaqdakı şəklə tuşlayır: “Heydər Əliyev “Politbüro”ya gedəndə ondan A4 ölçüsündə şəklini istəyirlər. İndiki AzərTAC-ın o vaxtkı rəhbəri Yefim Qurviçdən fotoqraf istəyir, o da erməni fotoqrafı göndərir. Heydər Əliyev hirslənir ki, orda bir azərbaycanlı tapa bilmədiniz?! Köməkçisi zəng edir Qurviçə ki, azərbaycanlı göndər! O da deyir, tək Yaşar Xəlilovdu, o da rayondadı. Sonra Heydər Əliyev özü zəng edir Qurviçə ki, dərhal azərbaycanlı fotoqraf göndərsin. Qurviç də zəng edir, Nəriman Həsənzadəyə ki, səndə Rasim adında oğlan var, onu təcili Heydər Əliyevin yanına göndərmək lazımdı. Getdim. Bax, bu, həmin o şəkildi”.

 

 

 

Müsahibimiz Azərbaycanın tanınmış və təcrübəli fotoqraflarından olan Rasim Sadıqovdur. O. həm də AzPRESS.az xəbər saytının təsisçi və baş redaktorudur.

 

Rasim Sadıqov 1956-cı ildə dünyaya gəlib. 

 

– Nəslimizdən Novxanıda kimsə qalmayıb. Məhəmməd Əmin Rəsulzadənin qohumlarıyıq. Babam Rəsulzadənin hesabına Stalinlə yaxın olub. Babamgili sürgün edəndə fürsət tapıb Stalinə teleqram vurub ki, “yadına sal, mənəm – Əlibala Sadıqov, hansı ki, səni, Mikoyanı və Rəsulzadəni Şurabadda samanlıqda gizlətmişdim. Ailəmi sürgündən saxla, məni hara istəyirsən göndər”. Babam zəngin olub, qarpız-yemişi qışa saxlamaq üçün Şurabadda ot tayaları varmış. Onları həmin tayalarda gizlədibmiş. Artıq onları maşına mindirib Özbəkistana sürgün etmək istəyəndə Stalindən cavab gəlir və onları maşından düşürüblər. Bir şərtlə ki, Novxanıda yaşaya bilməzlər. Onda babam ailəsini Şurabaddakı boş əraziyə aparıb.

 

Sonradan ailəsi ilə birgə Sumqayıta köçüblər. Atası Sumqayıt Boru-Prokat zavodunda işə başlayıb.

 

– Atam Sosialist Əməyi Qəhrəmanı idi. O vaxt “Sosialist Sumqayıtı” qəzeti vardı. Səkkizinci sinifdə oxuyanda atamdan müsahibə almaq üçün gəlmişdilər. Atamın şəklini çəkəndə fotoya vuruldum. Atama dedim, mənə fotoaparat aldı. İlk fotoaparatım “Zorkiy-4” olub. Ailəmin təzyiqi ilə Neft-Kimya İnstitutunu seçdim. İki ildən sonra oranı atıb, sənədlərimi Tallindəki Kinooperatorluq və Rejissorluq Məktəbinə verdim və qəbul oldum.  Qiyabi təhsil alırdım. Həmin müddətdə Bakıda Yuri Qaqarin adına Pioner və Məktəblilər Sarayına gedib gəlirdim. Vaqif İbrahim adlı gənc şair vardı. Dərnəyə rəhbərlik edirdi. Dedi, sən hərdən dərnəyi də çək, şəkillərini “Göyərçin” jurnalında çap etdirim. İlk dəfə orda jurnalistika ilə məşğul olmağa başladım.

 

4 ildən sonra Tallindəki təhsili yekunlaşdırıb, 1981-ci ildə AzTV-də işə başlayır.

 

– Redaktorum İlyas Tapdıq idi. O vaxt lent baha idi, müxbir danışırdı, arxasında fotolar gedirdi. Rəngli slaydlar hazırlayırdım. O vaxt kimsə rəngli çəkə bilmirdi. Yura Şamilov adlı yəhudi vardı, o mənim slaydlarımı görəndə dəhşətə gəlmişdi ki, mən o rəngləri necə etmişəm. 83-də ordan qovuldum. Nəriman Həsənzadə həmişə mənə deyərdi, qovsaydılar, səni işə götürərdim. Zəng vurdum ki, arzunuz çin oldu, məni işdən qovdular. Dedi, əcəb ediblər, dur gəl!

 

1983-cü ildən 1990-cı ilədək “Ədəbiyyat və İncəsənət” qəzetinin Foto və İllüstrasiya şöbəsinin müdiri işləyir. 1990-cı ildə “Azərbaycan” dövlət qəzeti açılır.

 

– 1-2 ay adı “Həyat” oldu, sonra dəyişib “Azərbaycan” qoydular. Başladım orda işləməyə. 92-də ordan da qovuldum.

 

– Niyə?

 

Əli ilə sağdakı şəkli göstərir.

 

– Heydər Əliyevlə ikinci görüşümüz Naxçıvanda oldu. Bu şəkli onda çəkmişəm. Birinci dəfə onu çəkməyə gedəndə Nəriman müəllim tapşırmışdı ki, gözlərinə baxmayım. Mən də baxmırdım. Kameranı tuşlayırdım, hiss edəndə ki, baxır, çəkirdim. Qəribə gözləri vardı. Sanki gözü ilə insanı oxuyurdu. Sənin gözünə baxanda, sən də onun gözünə baxdınsa, çaşacaqdın. Adam özünü itirirdi. İkinci görüşümüzdə artıq işdən qovulmuşdu. Bakıda ona qarşı kampaniya başlamışdı. Mən də dövlət qəzetinin müxbiri idim. Qəzetin Naxçıvan üzrə bölgə müxbiri Möhsün Möhsünov idi. Mənə zərf verdilər və tapşırdılar, zərfi Möhsünün yanında açım. Zərfdə siyahı vardı. Siyahıda işləyəcəyim mövzular vardı: Filan yerin su problemi var, Hüseyn Cavidin heykəli pis vəziyyətdədi və s. kompromat xarakterli mövzular. Bakıda göstərəcəkdilər ki, Heydər Əliyev Naxçıvanı batırıb. 4 günlük ezamiyyə verib, yolladılar Naxçıvana. “Təbriz” mehmanxanasının ən yuxarı mərtəbəsində mənə əla şəraitli otaq ayrılmışdı. Birinci gün kimsə yanıma gəlmədi. Sadəcə, otağıma yemək gətirdilər. Möhsünə dedim, mənim bir günüm getdi, çatdırmayacam. Artıq zərfi açıb baxmışdıq. Dedi, Heydər Əliyevdən əvvəl kimsə səni qəbul etməyəcək, onun da vaxtı yoxdur. Otur, gözlə! İkinci gün nahardan sonra bir nəfər gəldi ki, Heydər Əliyev səni gözləyir. İcra hakimiyyətində məni qəbul etdi. Salamlaşdıq, mən ona xatırlatdım ki, o vaxt sizin şəklinizi çəkmişdim. Üzü güldü. Soruşdu, məqsədiniz nədi? Nəyi çəkmək istəyirsiniz? Mən ona həmişə “müəllim” deyərdim. İndi də İlham Əliyevə “müəllim” deyirəm. Fatma Abdullazadə həmişə mənə irad tutur ki, ay Rasim, cənab prezident! Müəllim nədi? Əlqərəz, dedim, Heydər müəllim, ağsaqqalsınız, siz nə məsləhət görsəniz, onu da çəkəcəm. Dedi, çox sağ ol, bala, amma mən bilmək istəyirəm, orda sənə hansı göstərişlər verilib? Dedim, Heydər müəllim, siz böyük yol keçmisiniz, təcrübəniz çoxdu, nəyi necə məsləhət gösəniz, mən də o istiqamətdə öz işimi görəcəm. Dedi, mən səni başa düşdüm, hörmətinə görə çox sağ ol! Amma səndə zərf olmalıdı. Möhsün məni satmışdı. Dedim, Heydər müəllim, düzdü, zərf var, amma yenə deyirəm, nə məsləhət bilsəniz, onu da çəkəcəm. Hər halda Naxçıvanı siz Bakıda oturanlardan daha yaxşı tanıyırsınız. Dedi, bala, mən səni yaxşı başa düşdüm, mövqeyini bildim. Sadəcə o zərfə baxmaq istəyirəm, görüm, Bakı mənim haqqımda nə düşünür?!

 

– Verdiz?

 

– Sözsüz! Açdı oxudu: “Hüseyn Cavidin məqbərəsi bərbad gündədir – geniş fororeportaj”. Allah, Allah, bunlar nə fikirləşirlər?! Məgər mən istəmirəm ki, Cavidin məqbərəsi yaxşı olsun?! Sonra oxudu: “Ərik ağacları niyə doğranıb tökülüb – reportaj”. O vaxt qış çox çətin keçmişdi. Camaat soyuqdan qırılmasın deyə məcbur bəzi yerlərdə ərik ağaclarının kəsilməsinə icazə vermişdi. Dedi, sən bunları da çəkəcəksən, mən deyənləri də. Yeni siyahı tutdu. Sonra Allahverdini çağırdı. Tapşırdı ki, apar bunu sərhəd zonasına, çəksin, qoy görsünlər erməni uşaqlarımızı necə qırır? Apar bunu məqbərəni də çəksin. Apar onu kitabxananı da çəksin”. Sonra üzünü Möhsünə tutub: “Onlara de, Bakı bizdən əlini tamam üzüb. Hər iki tərəfdən blokadadayıq”. Çəkib qayıtdım Bakıya. Reportajlarımın ikisini-üçünü verdilər, sərhədyanı bölgələrdən olanı vermədilər. Mən də payladım digər mətbu orqanlara. Məni çağırdılar redaksiyaya ki, “sən harada işlədiyini unutmusan? Bura “Azərbaycan” qəzetidir! Bizdə ixtisarlar başlayıb, sən 2-3 ay öz hesabına dincəl”. Bir həftə sonra iki nəfəri işə götürdüklərinin eşitdim (gülür). Bir qədər keçmişdi ki, yanıma bir nəfər gəldi. İmkanlı adama oxşayırdı. Dedi, Badamdarda torpaq yeri almışam, istəyirəm, onun şəkillərini çəkəsən. Getdik. Boş ərazini elə hey çəkirəm. Azərbaycanda hakimiyyət dəyişirdi, mənim arxivim onları narahat edirdi: “Ayə, mənim Rasimdə Sürət Hüseynovla çəkdirdiyim şəklim var axı”. Birdən ağlıma gəldi ki, bəlkə onlar göndərib?! Yəqin işimi elə burdaca bitirəcəklər. Şəkil çəkə-çəkə ətrafa baxıram, görüm nəsə olsa, hara qaça bilərəm? Ucsuz-bucaqsız boş ərazidə odu, sürücüsüdü, bir də mənəm. Ətrafda bizdən başqa ins-cins yoxdu. 3-4 kadr daha çəkib dayandım. Dedi, niyə dayandın? Çək da. Dedim, nəyi çəkim? Dedi, “buludları çək, ayə, bax, bu qarışqaları çək. Gör, iki balaca qarışqa özündən böyük çöpü necə aparır?” Fikirləşirəm, ya bu dəlidi, ya da mənə nəsə edəcək, vaxt qazanır. Bir neçə kadr çəkdim, sonra məni qaytardılar ofisə. Cibindən bir topa pul çıxarıb, uzatdı mənə: “Bu pula nə qədər düşür, şəkil çıxartdırarsan”. Dedim, bu pula iki “KAMAZ” şəkil çıxartmaq olar. “Nə çıxarda bilirsən, çıxart”, deyib getdi. Bir az çox pul xərclənsin deyə, şəkilləri böyük ölçülü çıxartdım, yenə də xeyli pul qaldı. Bir qədər sonra şəkillərin dalınca gəldi. Pulun qalığını da kağız zərfə qoymuşdum. Əliylə zərfi yoxlayıb, soruşdu, bu nədi? Dedim, pulun qalığı. Əsəbiləşdi: “Sən neynisən? Bir ay nə yemisən” Götür bu pulu xərclə! Hələ səninlə çox işlərim olacaq”. Mən də pulun qalığına özümə bağ sahəsi aldım. Amma onu bir daha görmədim.

 

Onun otağındakı hər şəklin bir-birindən maraqlı tarixçəsi var. Əlini bir şəkildən götürüb, digərinə uzadır və danışır.

 

– 8 il Qarabağ üzrə bölgə müxbiri işləmişəm. Bu şəkillərə diqqətlə baxın. İndiki Azərbaycan Silahlı Qüvvələri Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıxovun cavanlığıdır. Bu şəkillər o an çəkilib ki, Surət Hüseynov Xankəndinin bir addımlığında dayanıb, Əbülfəz Elçibəyə xəbər göndərmişdi ki, Xankəndinin 11 kilometrliyindəyəm, girirəm Xankəndinə, sən də efirə çıxıb məni ölkənin prezidenti elan edəcəksən. Özün də gedəcəksən istefaya. Ya da mən geri çəkiləcəm! Əbülfəz də ona izah edir ki, bəs məni xalq seçib. Sən Xankəndinə girəndən sonra onsuz da xalqın qəhrəmanı olacaqsan. Ondan sonra təkrar seçkilər olar, xalq təbii ki, səni özünə prezident seçəcək. Birdən-birə istefaya getsəm, başqa cür yozulacaq axı! Bu halda Surət Xankəndinə girmədi, geri çəkildi. Bura Tərtərin icra hakimiyyətinin həyətidir. Mən qərargahda oturub, gizli kamera qurmuşdum. Kameranın qabağına 45 dərəcə bucaq altında güzgü qoyub, elə çəkirdim. Yoxsa, ştabı çəkməyə icazə yox idi. Birinci şəkildə, Nəcməddin Sadıxov mərkəzdən zəng gözləyir. Görürsünüz, necə qəmli oturub. İkinci şəkildə, zəng gəlir, adyutant zəngin dalınca gedir. Üçüncü şəkildə adyutanta baxın, sınıb – ikiqat olub. Sadıxova xəbər verir ki, Sürət geri çəkildi.

 

Dördüncü şəkli axtarır.

 

– Baxın, burda Nəcməddin Sadıxov başını aşağı salıb, ağlayır. Müharibəni faktiki olaraq Surətə görə uduzduq.

 

 

 

Otağında minlərlə şəkil var. Hamısını özü çəkib. 3 şəkildən başqa.

 

– Biri İrəvan bəylərinin rəsmidir, şəkildə cəmi 2 erməni var. Qalan hamısı azərbaycanlılardır. Digəri Qaçaq Nəbinin şəklidir. Erməni qəzetindən götürülüb. Şəklin altında yazılmışdı ki, Qaçaq Nəbinin başını gətirənə 1 milyon pul mükafatı veriləcək. Hər iki şəkli Süleyman Rüstəm hədiyyə edib. Üçüncü şəkil Məhəmməd Əmin Rəsulzadənin şəklidir. Nənəmə hədiyyə göndərmişdi, boğçasından çıxıb.

 

Üzbəüz divara baxır. 

 

– Bura baxın. Bu da İlham Əliyevin fotosessiyasındandı. Hamı deyir, çox qaraqabaqdır. Əslində isə çox sadə insandı.

 

 

 

Sayı-hesabı bilinməyən şəkillər arasında tanımışlar, məşhur müğənnilər, yazıçılar, aktyorlar var. Amma bir şəkil daha çox diqqəti cəlb edir. Şəkildə uşaq hərbçinin əlindəki silahı oynadır. Onun haqda soruşuruq. 

 

– Həsən Sarıyevdi. Papravənddə batalyon komandiri idi. Sonralar Ağdamın icra başçısı oldu. Yanındakı uşaq oğludur. Gördüm avtomatı oynadır. Dedim, Həsən müəllim, dəyməyin, qoyun, bir az da oynasın, çəkim. Şəklin adını “Atalardan qalan miras” qoymuşam. Yəni atalar silahı oğullarına miras qoyub getdilər ki, Qarabağ müharibəsini biz həll edə bilmədik, sizə qaldı. İndi bu uşaq böyük kişidi.

 

 

 

O yandan Səttar Bəhlulzadə “boylanır”.

 

– Hamısını özüm çəkmişəm. Çəkiliş vaxtı məndən başqa daha bir nəfər də vardı. Onun kadrları mənimkindən azdı. 2-3 dənə olar. Səttarı İncəsənət Muzeyində çəkmişdim. Hardasa, 50-60 kadrım var. Pencəyinə fikir verin, cırıqdı.

 

 

Bir şəkildə dünya gözəli Məltəm Haqarar gülür, digərində Ayaz Mütəllibov ağlayır.

 

– İstefaya gedəndə çəkmişəm. Bu biri şəklə baxın, Rəhim Qazıyevdi.

 

– O da ağlayır?

 

– Yox, həyətdə mitinqlər gedirdi. Dəqiqəbaşı “istefa” qışqırırdılar. Zaldan ora əlaqə yoxuydu. Mobil telefon da yoxuydu. Bunu da güzgü ilə çəkmişəm. Sən demə, bayırda AZTV-nin PTS-i dayanıb. Cəbhəçilər də içində. Rəhim Qazıyev burdan onlara deyirmiş ki, “istefa” qışqırın, onlar da qışqırırmışlar. Ayaz da içəridə dəli olurdu ki, başa düşə bilmirəm, ağzımdan söz indicə çıxdı, artıq bayırda “istefa” qışqırırlar. Bunu onlara kim çatdırır?

 

İsgəndər Həmidovun qurdla şəklinin üstündə dayanırıq.

 

– Yanındakı qurd mumiyadı. Rövşən Cavadov əsəbiləşib, onu avtomatla parça-parça etdi.

 

 

 

– Niyə?

 

– Cavadov hücuma hazırlaşırdı. İsgəndər Həmidov vaxtından əvvəl televiziyada elan etmişdi. Ermənilər də tədbir görmüşdü, hücumda “OMON”lardan 2-3 nəfər həlak olmuşdu. Otaqda mən və Gündüz Tahirli oturub İsgəndəri gözləyirdik. Bir də gördük, Rövşən Cavadov əlində avtomatla soxuldu içəri. Soruşdu, hardadı o? Sonra acığını mumiyadan çıxdı.

 

“Bu şəkil çox maralı şəkildi” deyib, Heydər Əliyevlə Surət Hüseynovun yanaşı şəklini göstərir.

 

– Onların arxasında dayananların hamısı Surətin cangüdənləridir. Heydər Əliyev burda təkdi. Surət Bakıya gələndə Heydər Əliyev ona təklif edir ki, gəl səni baş nazir elan edək. Onda jurnalistlər üçün mətbuat konfransı oldu. Bu şəkli də orda çəkmişəm. Surət şərt qoymuşdu ki, sənin cangüdənlərin mətbuat konfransında olmamalıdır, hamısı mənimkilər olmalıdır. Gəncə qiyamın iştirakçılarından biri də bu idi.

 

 

 

Heydər Əliyevin arxasında dayanan şəxsi göstərir.

 

– Bunu həbs etdilər, məhkəmədə məhz bu şəkli göstərib dedi ki, bu mən idim: “O vaxt biz Heydər Əliyevi öldürməli idik. Əlimdə silah da vardı. Sürətin işarəsini gözləyirdim. İşarə vermədi. Amma mən gərək gözləməzdim, Heydər Əliyevi oradaca vuraydım. İndi siz məni mühakimə edə bilməzdiniz”. Bu, onun məhkəmədəki son sözləri idi. Məni də şahid kimi çağırmışdılar.

 

Rasim bəyin kiçik otağında Azərbaycanın ən yeni tarixi yatır. Söhbət zamanı sadəcə 5-10 şəklin tarixçəsini öyrənə bildik. Bütün tarixi öyrənmək üçün həftələr, bəlkə aylar lazımdı.

 arxiv.bizimxeber.az

 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə