Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Vəzifəli şəxslərə şantaj: İntihar edən MTN polkovniki öz qardaşından son olaraq, nə istəmişdi?
Vəzifəli şəxslərə şantaj: İntihar edən MTN polkovniki öz qardaşından son olaraq, nə istəmişdi?
30 Aprel 2017 / 14:04 / Baxış sayı: 756
Font1 Font2 Font3 Font4

MTN zabitinin intiharının yeni təfərrüatları məlum olub. Hazırda həbsdə olan MTN generalı Elçin Quliyevin cinayət işi üzrə istintaq materiallarından aydın olur ki, mərhum MTN zabiti Malik Mustafayevin intihar etmə səbəbi qardaşına və özünə qarşı edilən təzyiqlər olub. Elə bu təzyiqləri də ona öz iş yoldaşları edib.

Musavat.com-un əldə etdiyi məlumata görə, ləğv edilmiş MTN-nin Situasiya Mərkəzinin rəis müavini vəzifəsində işləmiş Malik Mustafayevin intihar etməsi və onun qardaşına təzyiqlər edilməsi ilə bağlı həbsdə olan MTN-nin Antiterror Mərkəzinin rəisi olmuş general-mayor Elçin Quliyev istintaq zamanı dindirilib.

Əvvəlcə qeyd edək ki, Malik Mustafayev 2014-cü ildə işdən çıxarıldıqdan bir müddət sonra intihar etmişdi. Onun qardaşı Mətləb Mustafayev qanunsuz silah saxlamaqda təqsirli bilinərək həbs edilmişdi. O, Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah daşıma) maddəsi ilə təqsirli bilinərək 2 il müdətinə azadlıqdan məhrum edilmişdi. MTN ləğv edildikdən sonra 2016-cı ilin sonlarında azadlığa buraxılmışdı.

Həbsdə olan MTN generalı Elçin Quliyev barəsində açılmış cinayət işi materiallarından aydın olur ki, intihar edən MTN polkovniki Mustafayev nümunəvi xidmətlərinə görə dəfələrlə həvəsləndirmə qaydasında mükafatlandırılıb, dövlət təltiflərinə layiq görülüb.

İstintaq materiallaında qeyd edilir ki, general Elçin Quliyev Malik Mustafayevi 6 sentyabr 2014-cü ildə xidməti otağına çağıraraq 4 saata yaxın onunla söhbət edib. Elçin Quliyev Mətləb Mustafayevə qardaşının əməllərindən şikayət edib. General bildirib ki, qardaşı Mətləb Mustafayev əvvəllər işlədiyi Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri üzrə 2 saylı ərazi şöbəsinin baş məsləhətçisi vəzifəsindən azad edildikdən sonra müxtəlif dövlət orqanlarına və kütləvi informasiya vasitələrinə şikayət məktubları ünvanlayaraq müxtəlif vəzifəli şəxslər haqda şikayətlər edir.

Malik Mustafayev isə qardaşının şikayət ərizəsi yazmasından xəbərsiz olduğunu deyib. Bundan sonra Elçin Quliyev Malik Mustafayevə təklif edib ki, qardaşı Mətləb Mustafayev dövlət orqanlarında yüksək vəzifə tutan və sahibkarlıqla məşğul olan ayrı-ayrı şəxslərin xidməti və sosial mövqelərinə uyğun olmayan fəaliyyətlə məşğul olmaları, konkter cinayət əməlləri törətmələrinə dair həqiqətə uyğun olmayan məlumat versin.

Bundan əlavə Elçin Quliyev şikayət ərizəsi, araşdırma materialı, siqnal işi olmadığı halda işçisi İlqar Əliyev (həbsxanada intihar edib) vasitəsi ilə Mətləb Mustafayevin özünü də MTN-ə çağırtdırıb. Elçin Quliyev iki qardaşa təzyiqlərini davam etdirərək Mətləb Mustafayevin izahat yazmasını tələb edib və əks halda onlara psixi təsir göstərəcəyini, qardaşı Malik Mustafayevi də xidmətdən xaric etdirəcəyini deyib.

İstintaqın gəldiyi nəticə belədir ki, Elçin Quliyev hər iki qardaşı cinayətkar adlandırıb, ləyaqətlərini alçaldıb. 13 sentyabr 2014-cü ildə isə polkovnik Malik Mustafayev xidməti vəzifəsindən azad edilib.

Bundan sonra Elçin Quliyev İlqar Əliyevlə birlikdə Malik Mustafayevi yenidən xidməti otağına çağırıb. Malik Mustafayevə qardaşı Mətləbin evindən silah tapıldığını və müəyyən şərtlə ona kömək edə biləcəklərini deyiblər. Bunun müqabilində Mətləb Mustafayev videoçəkilişlər aparmaqla yüksək vəzifəli şəxslər barədə yanlış ifadələr verməli, istintaqın sonrakı mərhələsi, məhkəmə baxışı zamanı bu qərəzli məlumatları təsdiq etməyə razı olmalı idi. Bundan imtina edəcəyi təqdirdə Malik Mustafayevi və qohumlarını həbs edəcəklərini bildiriblər.

Həmin vaxt Elçin Quliyev Malik Mustafayevin qardaşı Mətləblə İlqar Əliyevin xidməti otağında görüşməsini təşkil edib. Malik Mustafayev həmin görüşə qolu qandallı gətirilən Mətləb Mustafayevə özünün də işdən çıxarıldığını bildirib və qardaşından tələb olunan şərtlərlə razılaşmağı xahiş edib. Mətləb Mustafayev isə heç kimə böhtan atmayacağını deyib və təklifi rədd edib.

Elçin Quliyev və İlqar Əliyevin təhqirlərinə məruz qalmasından bezən Malik Mustafayev həmin il noyabrın 3-də yaşadığı Xətai rayonu, H.Aslanov qəsəbəsi, 8-ci dairəvi küçəsi 22 nömrəli qarajın dəmir dirəyindən özünü asıb. Elçin Quliyev və İlqar Əliyev bu əməlləri ilə Malik Mustafayevi özünüöldürmə həddinə çatdırıb.

Bu epizod üzrə təqsirləndirilən şəxs qismində Elçin Quliyev dindirilərkən bildirib ki, Malik Mustafayevi MTN-nin Yevlax rayon şöbəsinin rəisi olan vaxtlardan, onun qardaşı Mətləb Mustafayevi isə həbs olunandan sonra tanıyıb: “Malik Mustafayevin sonuncu xidməti vəzifəsi MTN-nin Situasiya Mərkəzinin rəis müavini olub. Dəqiq tarixi xatırlamadığım vaxtda bir dəfə Mətləb Mustafayevlə söhbət etmişəm. Qardaşının MTN-də hörmətli şəxs olmasını deyərək, mənzilində aşkar olunmuş silahla bağlı məlumat əldə etməyə çalışdım. Bildiyimə görə, Malik Mustafayev də Mətləblə bu barədə söhbət etsə də, o, silahı haradan alması barədə məlumat verməyib. Mətləb Mustafayevlə söhbətimiz zamanı vəkil iştirak etməyib”.

Elçin Quliyevin sözlərinə görə, Mətləb Mustafayevdə silah olması, onun İranda yaşayan Rza, Hüseyn adlı şəxslər və qeyriləri ilə əlaqəsi olması barədə 10 sentyabr 2014-cü ildə MTN-nin istintaq idarəsinə məktubla məlumat verib: “Təxminən bir həftədən sonra yenidən əməliyyat məlumatı əsasında Mətləb Mustafayevin qohumlarında silah olması barədə istintaq idarəsinə məlumat vermişəm. Lakin Mətləb Mustafayevin qohumlarının evindəki axtarışlar zamanı silah aşkar olunmayıb. Mətləb Mustafayevin mənzilində axtarış zamanı İlqar Əliyev və əməkdaşlarımızın orada iştirak etməsini təmin etmişəm. Mətləb Mustafayev isə MTN-nin istintaq təcridxanasında saxlanılan zaman ola bilərdi ki, antiterror mərkəzinin əməkdaşları ilə söhbət etsin. Mətləb Mustafayevlə əsas işi tapşırığım əsasında İlqar Əliyev qurub”.

Elçin Quliyev ifadəsində Malik və Mətləb Mustafayev qardaşlarını qəbul etməsini, onların görüşməsini inkar etməyib.

Maraqlıdır ki, general biri həbsə düşən, biri isə intihar edən qardaşları qəbul etsə də onlarla ünsiyyətin mövzusunu dəqiq xatırlamadığını deyib: “Mətləb Mustafayev həbs ediləndən sonra onunla görüşmüşəm, silahı haradan əldə etməsi ilə bağlı söhbətimiz olub. Mətləb Mustafayevdən evində aşkar olunmuş silahı haradan əldə etməsi ilə maraqlandım. Həmin söhbət zamanı onunla istintaqla bağlı deyil, əməliyyatla bağlı söhbət etdiyim üçün vəkilinin iştirakını təmin etməmişəm”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə