“Bizimxeber” xəbər verir ki, ötən gün Sputnik Azərbaycan-ın əməkdaşı hadisə yerində olub, sakinlərlə görüşmüşdü. Sakinlərin sözlərinə görə, ərazidə bina Rifah Plaza şirkəti tərəfindən tikilir. Şirkət ötən ilin dekabrından ərazidə söküntü işlərinə başlayıb. Sakinlərdən Sədaqət Hüseynovanın sözlərinə görə, onlara heç bir kompensasiya təklif edilməyib:

“Mən bu vəziyyətdə güclə uşaq saxlayıram. Ötən ilin dekabrında gətirib bura polis tökdülər. Biz polis idarəsinə zəng vurduq, dedilər xəbərimiz yoxdur. Sonra bəzi sakinləri qorxudaraq razılıq aldılar. Bəzisi vəzifəsinə, bəzisi işinə görə geri çəkilməli oldu. Fevral ayında gəlib qazımızı kəsdilər. Ətrafda yaşayanlar inandı ki, dövlət layihəsidir, razılaşdılar. Bu şəxslərin heç bir sənədi yoxdur. Gəlib bizim evlərimizə sahib çıxdılar”.

Digər sakin Dilavər Osmanovanın sözlərinə görə, ərazidə 27 ildir ki, yaşayır: “Yanvar ayında evimin ətrafını sökməyə başladılar. Deyirlər, evləriniz qəzalıdır. Bizim evlərimiz qəzalı olmayıb. Bu evdən iki qız köçürmüşəm, heç bir şikayətim olmayıb. Gəlib qonşunun suyunu kəsdilər, bütün gecəni su doldu zirzəmiyə evim bərbad vəziyyətə düşdü. Bizə deyirlər ki, 4 aydır sizi kim eşidib ki, indi eşitsinlər. Deyirik ki, Mehriban xanıma şikayət edəcəyik, deyirlər elə bu saat o sizi eşitdi. Odun yandırırıq şəhərin mərkəzində”. Sakinlər bildirir ki, onlara kompensasiya təklif edilmir, sadəcə kirayə üçün pul təklif edilir: “Deyirik ki, niyə bizi evimizdən edirsiniz. Deyirlər ki, torpaqlarınızı qoyub gəlməyəydiniz. Biz Qərbi Azərbaycanlıyıq və öz torpaqlarımızı öz xoşumuzla qoyub gəlməmişik. Bizi təhqir edirlər”.

Əvvəllər ərazidə 16 ailə yaşayırmış, hazırda burada 9 ailə yaşayır. Bu gün isə şikayətçi Sədaqət Hüseynovanın evinə daxil olaraq əşyalarını çölə atıb, evi dağıtmağa başlayıblar.

Biz hadisə yerinə çatanda evin əşyaları çölə töklümüşdü. Sakinlər ağlayır, qışqırır, şirkətin nümayəndələri ilə mübahisə edirdilər. Ərazinin MİS müdiri, şirkətin əməkdaşları, polis nümayəndələri sadəcə kənardan dayanıb evin sökülməsinə baxırdılar. Qeyd edək ki, şirkətin nümayəndələrindən biri əməkdaşımızın iş görməsinə mane olaraq, ətrafdakılara kameranı alıb sındırmağı tapşırıb.

Sputnik Azərbaycanın əməkdaşı jurnalistin işinə mane olduğu üçün 102 xidmətinə müraciət edib.

arxiv.bizimxeber.az