Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Kitabsız yaşamaq; kar, kor, dilsiz yaşamaqdır
Kitabsız yaşamaq; kar, kor, dilsiz yaşamaqdır
01 May 2017 / 18:25 / Baxış sayı: 338
Font1 Font2 Font3 Font4

Mütaliəsi zəif, kitaba uzaq olan insan dünyanın ən yoxsul varlığı sayılır. Məhşur Roma yazıçısı Senesa deyib ki, “Kitabsız yaşamaq; kar, kor, dilsiz yaşamaqdır”.

Həqiqətən də kitab insan həyatında, onun formalaşmasında böyük rola malikdir. May ayının 10-da paytaxtımızda sahəsinə və imkanlarına görə ən böyük məkan, “Azərkitab” Kitab Təbliğatı Mərkəzi oxucuların istifadəsinə veriləcəkdir.

Çoxsaylı KİV nümayyəndələrinin və ictimayyətin maraqlarını nəzərə alaraq bu layihənin müəllifi Sabir Həsənovun mətbuat üçün açıqlamasını oxucuların diqqətinə çatdırırıq.

– Sabir müəllim, kitab mərkəzi açmaq ideyası sizin çoxdankı arzunuz olub, yoxsa bu sadəcə biznes planınızın bir hissəsidir?

– İlk öncə qeyd edim ki, “Azərkitab” kitab birliyi ilk dəfə olaraq 1924- cü ildə fəaliyyətə başlayıb və 2000 – ci ildə bu müəssisənin fəaliyyətinə bir ticarət qurumu olaraq xitam verilib. Bilirik ki, bu gün ölkədə kitab mağazaların sayı kifayət qədər deyildır, nəşr edilən kitabların sayı çox azdır. Ölkəmizdə oxu qabiliyyəti olan insanların sayı beş milyona çatmasına baxmayaraq təssüf ki, Azərbaycanda elə rayon vardır ki, orada bir dənə də olsun kitab mağazası yoxdur. Məhz bu səbəblərə görə, insanlarımıza, xüsusən də gənclərimizə kitab sevgisini aşılamaq üçün kitab mərkəzini yaratmağı qərara aldım. “Azərkitab” Kitab Təbliğatı Mərkəzi dörd mərtəbədən ibarətdir. Burada oxucularımız hər sahədən kitablar əldə edə bilərlər. Eyni zamanda mərkəzdə onların istirahəti üçün Book–cafe fəaliyyət göstərəcək. Mağazamızın 1-ci mərtəbəsində ziyalılar evi, 2–ci və 3-cü mərtəbəsi kitab satışı üçün nəzərdə tutulub. 4–cü mərtəbəsində isə qalereya və konfrans zalı yerləşir ki, burada oxucuların yazarlarla, şairlərlə görüşləri keçiriləcəkdir.

Kitab evinin açılışını 10 may tarixinə salmaqla Ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə hörmətimizi ifadə etmişik. Bildiyimiz kimi ulu öndər kitab nəşri, kitab çapı işinin inkişaf etməsinə böyük önəm verirdi.

– “Azərkitab”ın fəaliyyəti zamanı nəşriyyatlarla işinizi necə qurmağı planlaşdırırsınız?

Bildiyimiz kimi ölkəmizdə nəşriyyatların böyük bir qismi, yalnız müəllif sifarişi əsasında fəaliyyət göstərir. Kitab bazarını, oxucu tələbatını nəzərə alaraq kitab tərtib edib ictehsal edən nəşriyyatların sayı birincilərə nisbətən azdır. Biz fəaliyyətimiz zamanı çalışacağıq ki, müəllif kitabları ilə bərabər, oxucu tələbatına uyğun olan kitabların hazırlanmasını və çap edilməsini nəşriyyatlara sifariş edək. Hazırda bununla bağlı partnyor nəşriyyatlarımızın bir qismini müəyyən etmişik.

Bir sözlə oxucu tələbatına cavab verə biləcək bütün nəşriyyatlarla əməkdaşlıq etmək niyyətindəyik.

– Kitab Mərkəzində hansı sahələrə üstünlük veriləcəkdir?

– Ümumiyyətlə “Azərkitab” ixtisaslaşmış kitab mağazası olacaq. Burada oxucular dünya ədəbiyyatını, tərcümələri çox asanlıqla əldə edə bilərlər. Hal-hazırda Azərbaycanda tibb ədəbiyyatı, elmi, hüquqi, texniki ədəbiyyatların tərcüməsi olduqca bərbad vəziyyətdədir.

Ümumiyyətlə Azərbaycanın özündə belə kitabların nəşri, satışı zəif inkişaf edir. Bizim məqsədlərimizdən biri də dünya ədəbiyyatının Azərbaycana gəlişini təmin etməkdir. Çalışacağıq

bu sahənin inkişaf etdirilməsinə xidmət edək. Oxucular belə kitabları da məhz bizim mərkəzdən əldə edə bilərlər.

– Gələcəkdə mərkəzinizə oxucuları cəlb etmək məqsədi ilə hər hansı kampaniyalar düşünürsünüz?

– Çalışırıq ki, orta məktəblərlə, ali məktəb rəhbərləri ilə əlaqə saxlayaq. Orada təhsil alan şagirdlərin, tələbələrin bizim kitab evi ilə tanışlıq üçün onların ekskursiyalarını təşkil edək. Bunun üçün hətta biz avtobuslar da təşkil etmişik. Bundan əlavə biz aztəminatlı ailələri, məcburi köçkün və şahid ailələrini də unutmamışıq. Belə ailələrin təhsil alan uşaqlarını dərs vəsaitləri, dərsliklərlə təmin etməyi düşünürük.

– Hansı nəşriyyat evləri ilə əməkdaşlıq edəcəksiniz, yeni tərcümələr düşünülürmü?

– Tərcümə mərkəzi ilə görüşlərimiz olub və bir sıra layihələr həyata keçirməyi düşünürük. Bir çox nəşriyyat evləri ilə danışıqlar aparılıb. “Təhsil”, “Yazıçı” “Nərgiz” “Qanun” və digər nəşriyyatlarla əməkdaşlıq etməyi düşünürük.

Bundan başqa mərkəzimizin nəzdində qalereya da fəaliyyət göstərir ki, biz burada gənc istedadların rəsmlərinin, əl işlərinin sərgisini keçirəcəyik, bu əsərlərin satışını həyata keçirə bilərik. Bu xidmətimizin məqsədi gənc istedadları üzə çıxarmaq və onlara kömək etməkdir.

– Gənc yazarlarla işinizi necə qurmağı düşünürsünüz?

Biz artıq gənclərlə işimizi qurmuşuq və bunu davam etdiririk. Azərbaycanda fəaliyyət göstərən bir neçə gənclər təşkilatlarının nümayyəndələri ilə görüşlər keçirmişik. 10-a yaxın kitab təqdimatı və bir neçə gənc rəssamların sərgisini keçirmişik.

Gənc yazarlarımızı tanıtmaq, yaddaşlardan silinmiş adət-ənənələrimizi xatırlatmaq, mütaliəni, maariflənməni artırmaq, yaşlı nəsil yazarlarla gənc nəsil oxucular arasında olan əlaqəni bərpa etmək bizim öndə olan məqsədlərimizdən biridir.

Özünüz də bilirsiniz ki, Qarabağla və ya digər hadisələrlə bağlı başımıza gələn hadisələri vaxtında dünyaya çatdıra bilmirik. Bir Azərbaycanlı olaraq bizim ən böyük vəzifəmiz ondan ibarətdir ki, mənfur ermənilər tərəfindən xalqımızın başına açılan oyunları dünya ictimaiyyətinə çatdıraq. Məhz biz də çalışırıq ki bu mövzuda kitablar nəşr edək və Qarabağ həqiqətlərini bütün dünyaya tanıdaq. Eyni zamanda fondumuz olacaq ki, biz aztəminatlı ailələrə kitab, məktəb ləvazimatları ilə yardım edək. Mən özümü Azərkitabın mənəvi varisi hesab edirəm və bunun üçün öhdəmə düşənləri layiqincə yerinə yetirəcəm.

– Balaca oxucularımız üçün hansı şərait yaradılıb, orta məktəb şagirdləri burada özlərinə lazım olan dərslikləri, testləri əldə edə biəcəklərmi?

– Mərkəzin ikinci mərtəbəsində “Uşaq aləmi” zalı var. Mərkəzin bu guşəsində uşaqlar sanki nağıllar aləminə səyahət edəcəklər. Burada uşaqların nağıllardan tanıdıqları personajlara rast

gəlmək olar. Bununla yanaşı burada canlı ünsiyyət də olacaq. Yəni “Piri baba”nın müşaiəti ilə həftədə bir neçə dəfə nağıl günləri təşkil olunacaq. Bununla yanaşı uşaqlara animasiya filmləri də göstəriləcək.

Bu güşənin yaradılmasında məqsəd uşaqlarda hələ uşaq vaxtından ədəbiyyata, milli dəyərlərimizə, qəhrəmanlarımıza qarşı sevgi və maraq oyaatmaqdır.

– Mərkəzdə olarkən açılışla bağlı qızğın iş getdiyinin şahidi olduq. Açılışa kimləri dəvət etmisiniz?

– Biz yazılı olaraq cənab Prezidentimiz İlham Əliyevə, Heydər Əliyev Fondunun rəhbəri, birinci vitse-prezident xanım Mehriban Əliyevaya, Mədəniyyət və Turizm nazirinə, Təhsil nazirinə, Universitet rəhbərlərinə, yazarlara, o cümlədən gənc yazarlara dəvətnamə göndərmişik.

Lakin hesab edirəm ki, Azərkitab bütün xalqımızın müraciət etdiyi məkan olacaqdır. Ona görə də fürsətdən istifadə edib bütün oxu aləmi nümayyəndələrini 10 may tarixində “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin açılışına dəvət edirəm.

– Fəaliyyətdə olan digər kitab satışı mərkəzləri ilə rəqabət aparmağa hazırsınızmı.

Hazırda ölkəmizdə müasir sdandartlara cavab verən iki-üz kitab satışı mərkəzi vardır ki, bunlar da yalnız paytaxtda yerləşir. Bu isə paytaxt əhalisinin sayını nəzərə alsaq çox azdır. Deməli, bizə insanlarımızın oxu mədəniyyətinin artırılması üçün rəqabət deyil, əməkdaşlıq etmək lazımdır. Zaman bu gün biz kitabçıların üzərinə böyük məsuliyyət qoymuşdur. Insanlarımızın savadlı olması, kitaba olan marağının artırılması və s.

Bu müqəddəs işdə bütün həmkarlarıma uğurlar arzulayıram və onları əməkdaşlığa dəvət edirəm.

-Biz də sizə işlərinizdə uğurlar arzulayırıq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə