Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bəs onda, Mahmudov niyə general oldu?
  • 04 May 2017 / 11:34 / Baxış sayı: 3604

Əli Həsənov: “…intellekti və mənəvi aləmi belə bir orqanın generalı olmağa yaramırdı”

“Bilməyib, bir səhv edib” deyə bir fraza var. Bu fikri adətən uşaqların etdiyi səhvləri ort-basdır etmək üçün deyirik. Hansısa bir xırda səhvi təkrarlamamaq üçün bəzən danlayır, “bir də belə etmə” deyirik.

Bəzən isə “bu yaşda adam bu səhvi etməz” deyib bağışlamırıq, çəkib kənara qoyur, bu adamla münasibəti azaldırıq. Bütün bunlar hansısa bir dostun, qonşunun və ya ailə daxili kiçik bir problemin lap balaca hissələridir, yəni məişət xarakterlidir. Özü-özlüyündə həll olur və ya olmur. Sonucda o qədər də ciddi təsiri hiss olunmur.

Amma elə məsələlər var ki, buna müqəddərat, millətin heysiyyəti, insanların təminatı deyirlər. Dövlət və onun prezidenti hər bir vətəndaşın qarantıdır. Hər bir vətəndaşın yaşadığı dövlətdə rahat olması üçün ilk öncə dövlət başçısı çalışır, daha sonra onun etimad göstərdiyi adamlar tapşırılan işi icra edir. Bunun üçün bu adamlara xüsusi statuslar verilir, yüksək əmək haqqı ayrılır, mənzil təminatı həll olunur və ailə üzvləri rahat yaşayır. Ki, sözügedən vəzifəli şəxsin bütün diqqəti ona tapşırılan işin icrasına yönəlsin. Bu adamlar seçilmiş, təhsilli, yüksək idarəçilik bacarığı və ən əsası dövlətə, millətə, milli mentalitetə sıx bağlılığı olanlardır.

“Bunu yazsam görəsən məni nə gözləyir?”

Bəzən nəyisə yazmaq, şərh etmək istədikdə əl saxlayıb içindən “bunu yazsam görəsən məni nə gözləyir” kimi sual, narahtlıq hissləri keçir. Bu məndə əsla qorxu deyil, sadəcə yazdıqlarımın nə qədər təsirli olduğunu ilk öncə özümün dərkim, daha sonra isə dövlətə və cəmiyyətə bununla nə verəcəyimin hesabatıdır. Jurnalistika heç də “reket” mətbuatdan və ya hansısa məmurun maliyyələşdirdiyi saytlardan ibarət deyil. Əgər bu gün Azərbaycan jurnalistikası effektsiz bir heçnədirsə deməli biz jurnalistlər çox zəifik.

Jurnalistika heç qorxaraq yazmamaq da deyil. Jurnalistika bir peşədir. Şükürlər olsun ki, Azərbaycan prezidenti Azərbaycan Jurnalistikasına böyük diqqət göstərir. İndi o diqqətdən hansı jurnalistlər yararlanır yoxsa yox, bu artıq başqa mövzunun yazısıdır. Amma gərək yazasan, özü də zamanında yazasan, deyəsən. Adamı düz sözə görə asmırlar zatən. Əgər o sözün dövlətin, millətin üçün bir faydası varsa qorxmadan demək lazımdır. Gərəkirsə mübarizə aparmaq, ölmək lazımdır.

2015-ci ilin oktyabr ayında Azərbaycanda çox ciddi hadisə baş verdi. Gözlənilmədən Milli Təhlükəsizlik naziri, general Eldar Mahmudov vəzifədən uzaqlaşdırıldı. Cəmi bir gün sonra bəlli oldu ki, Eldar Mahmudov və dövlətin təhlükəsizliyi ilə məşğul olmalı komandasının demək olar ki, hamısı quldurluqla məşğul imiş. Bir neçə general həbs edildi, özünü öldürən də oldu.

Bütün bunların fonunda ölkənin keçmiş “baş çekisti” Eldar Mahmudov ciddi cəzalandırılmadı və hələ də azadlıqdadır. İstədiyini yeyir, istədiyini görür, yasından, toyundan qalmır. Təbii, keçmiş MTN şefinin nədən hələ də azadlıqda olduğunu biz bilmirik. Heç müzakirə də etmirik. Amma, bəzi suallar yaranır və bu suallara kimsə aydınlıq gətirməlidir. Əgər sirr deyilsə və bu sualların cavabı dövləti təhlükəyə atmırsa.

Açıq etiraf etmək lazımdı ki, Eldar Mahmudov nazir olduğu dönəmdə əksər məmurlar ondan çəkinirdi. Və bu gün bəlli olur ki, əksər nazirləri, deputatları, icra başçılarını, böyük biznesmenləri, iş adamlarını, mətbuatı öz təsir dairəsinə sala bilibmiş. Bəlli olur ki, Eldar Mahmudovun adı gəldikdə əksəriyyət ayaq üstə dayanırmış, təzim edirmiş. Onun 5-ci adamının bir zəngi bəs edirmiş ki, hansısa problem həll olunsun. Bir sözlə, MTN şefi olaraq Eldar Mahmudov bu xofu, qorxunu yarada bilibmiş.

Etiraf edək ki, Azərbaycanda çox az sayda məmur onun bir sözünü iki edə bilməzdi. Kim MTN-ə çağırılsaydı quzu kimi gedirdi. Və bu xof hələ də hiss olunur. Hələ də əksər məmurlar onun adını belə çəkməyə ehtiyyat edir. Və onun əməllərinin, saysız cinayətlərinin, dövlətin təhlükəsizlik sisteminə vurduğu böyük zərbənin açıq şəkildə müzakirəsi aparlmır. Heç bir telekanalda onun əməlləri ilə bağlı heç bir araşdırma, ciddi qınaq müzakirəsinin şahidi olmadıq.

Ötən gün Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Heydər Əliyev-dövlət təhlükəsizlik orqanlarının ilk Azərbaycanlı generalı” mövzusunda keçirilən ümumrespublika konfransında çıxış etdi.

Hörmətli Əli Həsənov Eldar Mahmudovun adını çəkməsə də söhbətin ondan getdiyi çılpaqlığı ilə bəllidir. Əli Həsənovun nitqindən bir hissəni təqdim edək:

“Bir neçə il bundan qabaq, dövlət təhlükəsizlik orqanlarının sıralarında olan bəzi “generallar” ümummili liderin gözəl ənənəsini və məfkurəsini yaşatmaq, davam etdirmək əvəzinə, öz naqis əməlləri ilə Azərbaycan milli təhlükəsizlik orqanlarının imicinə xüsusi hazırlanmış anti-Azərbaycan qüvvələrin vura bilməyəcəyi ağır zərbə vurdu. Bilirsinizmi bu niyə belə oldu?! Çünki belələrinin qəlbində ümummilli lider Heydər Əliyevə xas olan nə əsl peşəkarlıq, nə əsl ziyalılıq var idi, nə də ki, onların intellekti və mənəvi aləmi belə bir orqanın generalı olmağa yaramırdı. Heydər Əliyev SSRİ təhlükəsizlik orqanlarının elitasının zirvəsinə yüksələn bir general idi və tam şəkildə millətinə, xalqına və dövlətinə bağlı idi. Amma Azərbaycan təhlükəsizlik sistemini gözdən salan bəzi təhlükəsizlik orqanlarının keçmiş əməkdaşları ziyalı ailəsində dünyaya gəlsələr də, nə peşəkar kadra çevrilə bildilər, nə də milli ziyalıların sırasına qoşula bildilər”.

Əli müəllimin dedikləri ilə tamamilə razılaşmaq olar və bunu bütün ölkə vətəndaşları bilir. Hamımız başa düşdük ki, Eldar Mahmudov Azərbaycana onun təhlükəsizlik sisteminə böyük zərbə vurub, insanların təhlükəsizliyini sual altına alıb. Eldar Mahmudov Azərbaycan Milli Təhlükəsizlik sisteminə böyük zərbə vurdu, əməlləri ilə bütün sistemi gözdən salmağa çalışdı.

Geç də olsa vəzifədən uzaqlaşdırıldı. İndi Dövlət Təhlükəsizlik Xidməti Azərbaycanın keşiyindədir və əmin əllərdədir. Amma burda bəzi suallar var ki, qismən cavab axtaraq. Görəsən, Eldar Mahmudov bu əməllərinə nazir təyin olunandan neçə il sonra start verib? İlk beş ili qoyaq kənara. Yerdə qalan 5 il demək olar ki, quldurluqla məşgul olublar. Mətbuatda özlərinə böyük şəbəkə yaradıblar, nəzarət ediblər və yararlanıblar.

Onun əməllərindən niyə kimsə xəbər tutmayıb? Əgər xəbər tutublarsa nədən prezident məlumatlandırılmayıb? Prezident İlham Əliyevin etimadını qazanmış keçmiş nazir Əli Abbasov açıq etiraf etdi ki, Eldar Mahmudovdan qorxurdum. Eldar Mahmudov o qədərmi qorxulu idisə nədən prezident İlham Əliyevə bu barədə məlumat verməyiblər? Metropolitenin rəisi Tağı Əhmədov açıq şəkildə bildirdi ki, ondan 3 milyon alıblar. Harda idi bu 3 milyon Tağı Əhmədovda? Nədən bu sualı ona vermədilər?

Və yaxud Eldar Mahmudov demək olar ki, bütün sahələrə barmaq uzatmışdı və heç bir nazir ona gözün üstə qaşın var demirdi. Hamımız dövləti, vətəni, milli ideologiyanı sevdiyimizi ağız dolusu ilə danışırıq. Bütün tədbirlərdə dövlətdən, dövlətçilikdən, Heydər Əliyev dəyərlərindən, onun quruculuğundan yorulmadan danışırıq. Amma unuduruq ki, dövlətin gələcəyini sual altına qoyan insanların əməllərinin ifşa olunması üçün vaxtında atılmayan hər bir addıma görə cavab veririk. Təsəvvür edək ki, hansısa bir jurnalist və ya sıradan bir adam hansısa bir məkanda terror olacağını bilir, amma qorxub açıqlamır. Bir gün sonra isə 100-lərlə insan dünyasını dəyişir. Buna hansı ad qoymaq olar? Eldar Mahmudov əməllərini bilib gizlədənlərlə terrorçu arasında nə fərq var?

Terrorçu hansısa partayışı ilə 20 nəfəri öldürür. Məmurun və özü də Dövlətin Təhlükəsizliyini sual altına qoyan adamın əməllərini bilib gizlədənlər isə bütün dövləti, millətin həyatını sual altına qoyur. Gəlin etiraf edək ki, Eldar Mahmudovun bu iyrənc əməllərini illərlə bilib gizlədənlər olub. Özü də bu adamlar prezidentin etimadını qazanmış, dövlət və millət sevgisini gözə soxan adamlar olub. Elə biri Əli Abbasov. Yaxud bu millətin pulu ilə milyonçu olan iş adamları və sairə.

Əli Həsənov öz çıxışında deyir: “Belələrinin qəlbində ümummilli lider Heydər Əliyevə xas olan nə əsl peşəkarlıq, nə əsl ziyalılıq var idi, nə də ki, onların intellekti və mənəvi aləmi belə bir orqanın generalı olmağa yaramırdı. Heydər Əliyev SSRİ təhlükəsizlik orqanlarının elitasının zirvəsinə yüksələn bir general idi və tam şəkildə millətinə, xalqına və dövlətinə bağlı idi”.

Bəli, Heydər Əliyev SSRİ təhlükəsizlik orqanlarının elitasının zirvəsinə yüksələn bir general idi və tam şəkildə millətinə, xalqına və dövlətinə bağlı idi. Bəs Eldar Mahmudov kim idi?

O niyə GENERAL olmalı idi? Hansı üstünlüklərinə görə? Nədən bir “general”ın xain fəaliyyəti 10 il davam etməli idi, ali mükafatlar almalı idi? Bunu niyə görmədik? Gördüksə niyə prezidentə məlumat verə bilmədik? Nə baş verdi ki, demədik? Əli Abbasov kimi hamı qorxdumu? Yaxud niyə qorxduq? Hərdən özümüzü də günahlandıraq…

Bu sualların cavabları olmalıdır. Söhbət bu məlumatlara sahib olan sıradan bir adamdan, biznesmendən getmir. Söhbət Administrasiyada oturub, dövlətin idarəolunmasında yaxından iştirak edən, hər gün prezidentlə üz-üzə gələn və  araşdırmaq imkanları olduqca yüksək olan adamlardan gedir.

Odur ki, gəlin yalançı pafoslu dövlət sevgisini kənara qoyaq, dövlətin, millətin gələcəyi üçün çalışan Prezident İlham Əliyevə kömək edək, məlumatlandıraq. Nəyisə prezidentdən gizlətməklə böyük uğurlar qazanmaq mümkün deyil.

Ədil Hüseynli

Şərh yazmağa icazə verilməyib..

Yuxarı Geri Ana Səhifə