Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bolqarıstandakı səfirimiz Heydər Əliyevdən danışdı
Bolqarıstandakı səfirimiz Heydər Əliyevdən danışdı
10 May 2017 / 13:28 / Baxış sayı: 106
Font1 Font2 Font3 Font4

Səfir Nərgiz Qurbanova Bolqarıstanın Sviştov şəhərində yerləşən Dimitr Apostolov Tsenov adına İqtisadiyyat Akademiyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş mühazirə ilə çıxış edib.

Səfir Nərgiz Qurbanova Dimitr Apostolov Tsenov adına İqtisadiyyat Akademiyasının rektoru İvan Marçevskinin dəvəti əsasında Bolqarıstanın Sviştov şəhərinə səfər edib. Səfər çərçivəsində səfir İ.Marçevski, Sviştov şəhərinin meri Qenço Qençev, Sviştov şəhərinin Bələdiyyə Şurasının sədri Kristian Kirilov ilə görüşlər keçirib və Bolqarıstanın üçüncü ən böyük universiteti olan Apostolov Tsenov adına İqtisadiyyat Akademiyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş mühazirə ilə çıxış edib. Mühazirə çərçivəsində həmçinin Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində Bakı Slavyan Universitetinin (BSU) Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyevin kəlamları” kitabının təqdimatı keçirilib. Görüşlərdə ölkələrimiz arasında əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

İ.Marçevski ilə görüşdə N.Qurbanova ölkələrimiz arasında uğurlu inkişaf edən əlaqələrdən söz açaraq cari ilin ikitərəfli münasibətlərdə əlamətdar olduğunu vurğulayıb. Belə ki, cari ildə Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünün qeyd edildiyini əlavə edib.

İki ölkə arasında siyasi, iqtisadi, mədəni əlaqələrlə yanaşı, təhsil sahəsində də əlaqələrin inkişaf etməsindən məmnunluğunu bildirib. Ötən il 29-30 sentyabr tarixində Bakıda keçirilmiş Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 4-cü iclasında digər məsələlərlə yanaşı, təhsil sahəsində əməkdaşlıq imkanlarının müzakirə olunduğunu xatırlayıb. N.Qurbanova tərəflərin ali təhsil müəssisələri arasında bilik və təcrübə mübadiləsi, eləcə də tələbə və müəllim mübadiləsi sahəsində əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu qeyd edib.

İ.Marçevski rəhbərlik etdiyi ali təhsil ocağının tarixi və fəaliyyəti barədə məlumat verərək bildirib ki, Dimitr Apostolov Tsenov adına İqtisadiyyat Akademiyasının əsası 1936-cı ildə qoyulub. Rektor ötən il 80 illiyi qeyd olunan təhsil müəssisəsinin Misir, Mərakeş, Rusiya, Rumıniya, Ukrayna, Braziliya, Cənubi Koreya, Vyetnam və digər ölkələrin ali təhsil müəssisələri ilə əlaqələr qurduğunu bildirib. İ.Marçevski Akadamiyanın Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə əməkdaşlıq haqqında saziş imzaladığını, cari ildə ADAU ilə birgə Avropa İttifaqının (Aİ) Erasmus proqramı çərçivəsində mübadilə proqramına müraciət edildiyini söyləyib.

Rektor Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıqda, rəhbərlik etdiyi Akademiyaya azərbaycanlı tələbələrin cəlb edilməsində maraqlı olduğunu ifadə edib.

Əməkdaşlıq imkanlarından söz açan səfir 2014-cü ildə Aİ və Azərbaycan arasında imzalanan Azərbaycanın Aİ proqramlarında və agentliklərində iştirakına dair Protokolun ötən il iyul ayında Avropa Parlamenti tərəfindən ratifikasiya olunaraq qüvvəyə mindiyini diqqətə çatdırıb. Protokolun Azərbaycanın 20-ə yaxın Aİ proqramında iştirakına imkan yaratdığını vurğulayan səfir Azərbaycan və Bolqarıstan universitetləri arasında bu çərçivədə əməkdaşlığın genişləndirilməsinin ikitərəfli münasibətlərə töhfə verəcəyini bildirib.

Daha sonra səfir Dimitr Apostolov Tsenov adına İqtisadiyyat Akademiyasının tələbə və akademik heyəti qarşısında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş mühazirə ilə çıxış edib.

Səfir müsəlman şərqində ilk dünyəvi, demokratik dövlətin 1918-ci ildə Azərbaycanda yaradıldığını söyləyib. XX əsrin sonunda Azərbaycanın ikinci dəfə müstəqillik bayrağını qaldırdığını bildirən səfir 18 oktyabr 1991-ci il tarixində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunması haqqında konstitusiya qanunu qəbul olunduğunu bildirib.

Müstəqilliyimizin ilk illərində Azərbaycanın çətin iqtisadi vəziyyət, vətəndaş müharibəsi ilə üzləşmişdiyini qeyd edən N.Qurbanova bu vəziyyətin Ermənistanın Azərbaycana qarşı təcavüzü, Azərbaycan ərazilərinin 20 faizinin işğalı və bir milyondan çox insan öz doğma yurdlarından didərgin düşməsi ilə daha da ağırlaşdığını diqqətə çatdırıb. Ölkənin belə çətin vəziyyətdə güclü bir rəhbərə ehtiyacı duyduğunu və bu baxımdan 1993-cü il Azərbaycan xalqının tarixində dönüş ili olduğunu əlavə edib. O davam edib ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan tarixində inkişaf və sabitlik dövrü başladı, onun hakimiyyətdə olduğu illər ərzində Azərbaycan bütün istiqamətlər üzrə çox böyük uğurlara imza atdı. Belə ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkənin gələcək inkişafının istiqamətlərini müəyyən edən strateji qərarlar qəbul edildi. Azərbaycanın bazar iqtisadiyyatına malik müasir demokratik ölkəyə transformasiyası yolunda geniş siyasi və iqtisadi islahatlar həyata keçirildi.

Səfir hazırda ümummilli lider Heydər Əliyevin siyasi kursunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. O əlavə edib ki, ölkədə həyata keçirilən uğurlu daxili və xarici siyasət Azərbaycanı Cənubi Qafqazın lider ölkəsinə çevirib. Son illər ölkənin sosial-iqtisadi və mədəni inkişafını əks etdirən rəqəmlər də bunun əyani təsdiqidir. Təkcə bir məqamı qeyd etmək kifayətdir ki, Cənubi Qafqazda iqtisadiyyatın 80 faizi Azərbaycanın payına düşür.

Səfir nəhəng nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın regionda bütün tranzit layihələrin əvəzolunmaz iştirakçısı olduğunu vurğulayıb. N.Qurbanova ölkəmizin “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin vacib iştirakçısı olduğunu, ölkə daxilində, eləcə də regionda müasir infrastrukturun yaradılmasında əldə etdiyi nailiyyətlər barədə məlumat verib.

Azərbaycanın trans-regional layihələrdə uğurlu inkişafında bəhs edən səfir ildə 1 mln sərnişin və 20 mln ton yük daşımaq həcmi olan Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisinin yekunlaşmaq üzrə olduğunu qeyd edib. O əlavə edib ki, Bakı-Tbilisi-Qars layihəsi yekunlaşdıqdan sonra Çinlə Avropa arasında olan yükdaşımaların müddəti 40 gündən 12 günə qədər qısaldılacaq. Beynəlxalq dəniz ticarət limanı və logistika mərkəzi olan Ələt limanından söz açan N.Qurbanova limanın yükdaşıma qabiliyyətinin 25 milyon ton yük və 1 milyon TEU konteyner olacağını əlavə edib.

Bundan əlavə, səfir Azərbaycanın müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq və qarşılıqlı anlaşma şəraitində yaşadığı ölkə kimi tanınması, ölkəmizdə multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsi barədə məlumat verib. O, 2008-ci ildə əsası qoyulan və nüfuzlu beynəlxalq təşkilatları birləşdirən nadir qlobal platforma olan “Bakı prosesi”nin mədəniyyətlərarası dialoq sahəsində müxtəlif istiqamətlər üzrə Avropa Şurası (AŞ) ölkələri arasında, eləcə də AŞ ilə qonşu bölgələr arasında əməkdaşlığı ehtiva etdiyini diqqətə çatdırıb.

N.Qurbanova Azərbaycanda tolerantlıq mühitinin hər zaman ən yüksək səviyyədə olduğu üçün ölkəmizdə multikulturalizm, millətlər və dinlər arasında olan münasibətlərə, dialoqa həsr edilmiş beynəlxalq səviyyəli bir çox tədbirlər keçirildiyini vurğulayıb. O əlavə edib ki, 2011-ci ildən başlayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə hər iki ildən bir Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bolqarıstanın hər zaman bu forumlarda yüksək səviyyədə iştirakından söz açan səfir 2017-ci il 5-6 may tarixində keçirilmiş IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Bolqarıstanın vitse-prezidenti İliyana Yotovanın iştirakından məmnunluğunu ifadə edib.

Çıxışında səfir Azərbaycan və Bolqarıstan arasında əməkdaşlığın bütün sahələrdə – siyasi, iqtisadi, mədəni və s. sahələrdə uğurla inkişafından söz açıb. İntensiv qarşılıqlı səfərlərin ölkələrimiz arasında yaxın münasibətlərin yaxşı göstəricisi olduğunu bildirən səfir 2015-ci il 3-5 mart tarixində Azərbaycan Respublikası Prezidentinin Bolqarıstana rəsmi səfəri imzalanan “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamə ilə münasibətlərin yeni müstəviyə qalxdığını söyləyib. Energetika sahəsində səfir yaxın illərdə Azərbaycandan Bolqarıstana ildə 1 milyard kubmetr qazın nəql olunacağını, bu rəqəmin Bolqarıstanın qaz istehlakının üçdə birini təşkil edəcəyini bildirib.

Heydər Əliyev Fondunun dəstəyi ilə Bolqarıstanın Veliko Tırnovo şəhərində “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpa olunmasının ikitərəfli mədəni əlaqələrə yeni töhfə verdiyini vurğulayan səfir bu layihənin Heydər Əliyev Fondunun Cənub-Şərqi Avropada mədəniyyət sahəsində ən böyük sərmayəsi olduğunu diqqətə çatdırıb.

Qoruğun 22 sentyabr 2016-cı il tarixində baş tutan açılış mərasimində tarixdə ilk dəfə Azərbaycan-Bolqarıstan birgə poçt markası dövriyyəyə buraxıldığını əlavə edib.

Səfir BSU-da fəaliyyət göstərən Bolqar Dili və Mədəniyyəti Mərkəzi, universitetdə bolqarşünaslıq ixtisasının tədris edilməsi, bu ixtisas üzrə 50 tələbənin təhsil alması barədə məlumat verib. Səfir həmçinin 2013-cü ildən Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində BSU-nun Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyətə başladığı barədə məlumat verərək bu Mərkəzlərin ölkələrimiz arasında mədəni əlaqələrin genişlənməsinə töhfə verdiyini söyləyib.

N.Qurbanova BSU-nun müəllim heyəti tərəfindən bolqar dilinə tərcümə edilmiş və Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin müdiri Sofiya Şıqayeva-Mitreskanın redaktorluğu ilə BSU tərəfindən çap olunmuş “Heydər Əliyevin kəlamları” kitabı barədə tədbir iştirakçılarına məlumat verib.

Mühazirənin sonunda N.Qurbanova universitetin tələbə və müəllim heyətinin ölkəmizin iqtisadi inkişafı, beynəlxalq əməkdaşlığı, enerji siyasəti barədə suallarını cavablandırıb və iştirakçılara “Heydər Əliyevin kəlamları” kitabları hədiyyə olunub.

Səfir N.Qurbanovanın Sviştov şəhərinə səfəri Bolqarıstan KİV-lərində geniş işıqlandırılıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə