Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

MTN polkovniki məhkəmədə: “O pullar qeyri-qanuni işlərlə əldə olunub”
MTN polkovniki məhkəmədə: “O pullar qeyri-qanuni işlərlə əldə olunub”
17 May 2017 / 18:12 / Baxış sayı: 622
Font1 Font2 Font3 Font4

Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə,  Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçən prosesdə şahid qismində Elyar Abdullayev dindirilib.

O, ifadəsində qeyd edib ki, 1993-cü ildən zərərçəkmiş Vidadi Əzizov ilə dostluqları var və Vidadinin MTN tərəfindən saxlanılmasından xəbəri olmayıb: “2012-ci ildən Vidadinin restoranı vardı, mən də orda administrator işləyirdim. Vidadi restoranda olanda fikir vermişəm ki, ona zənglər gəlirdi və Vidadi əsəbləşirdi. Ondan zəng edənin kim olduğu soruşanda dedi, MTN polkovnikidi. Vidadiyə Mirəziz Əsgərovun üç dəfə zəng etməsinin şahidi olmuşam. Deyirdi ki, işlə, bizə də gətir. Bunu mənə Vidadi telefonda danışandan sonra deyib. Vidadinin dediyinə görə, ondan 100 min manat istəyiblər. Vidadinin pul verməsinin şahidi olmamışam. Onu bilmişəm ki, Mirəziz Vidadiyə dəfələrlə zəng edib”.

Şahid bildirib ki, Vidadi Əzizov yükdaşıma ilə də məşğul olub, amma həmin yüklərin nədən ibarət olduğunu bilmir.

Şahidin ifadəsinə arayış verən sabiq MTN polkovniki Mirəziz Əsgərov bildirib ki, Vidadi Əzizov ilə 5 dəfə telefon danışığının olması istintaqla müəyyən edilib: “Həmin zənglərdən 4-nü Vidadi mənə edib, bir dəfə də mən ona zəng etmişəm. Amma şahid burada deyir ki, guya mən Vidadiyə dəfələrlə zəng etmişəm. Yalan danışmamaq üçün iltizama imza edib, məsuliyyət daşıyır”.

Hakim deyib ki, şahidlərin məhkəmədə verdikləri ifadələrinə yekunda qiymət veriləcək.

Sonra Mirəziz Əsgərov bildirib ki, məhkəmədə Vidadi Əzizovun yaxınları ziddiyyətli ifadələr verirlər: “Vidadi Əzizovun ətrafında əks-kəşfiyyat kompleks əməliyyat-axtarış tədbirləri keçirilib. Bütün əməliyyatlar sənədləşdirilib. İndi burada ziddiyyətli ifadələr verirlər. Məntiqə, ardıcıllığa uyğun olmayan ifadələrlə şəxsi ittiham etmək olmaz”.

Digər şahid Tərlan Abdullayev bildirib ki, Vidadi Əzizovla əsgərlikdə bir yerdə olublar: “Vidadi ilə münasibət saxlamışdıq. Bir gün o, ev almaq istədiyinin dedi. Getdik, bir-iki yerə baxdıq. Sonra Vidadi “Montin”də ev alırdı. Lakin evin behini versə də, sonradan pul problemi ilə bağlı pulun tamamını verə bilmədi. Üstündən bir müddət keçdi. Vidadi mənlə görüşəndə dedi ki, bazarı var. Lakin ona şərik lazımdı. Mən də onu taxta alveri ilə məşğul olan Nəsimi Cavadovla görüşdürdüm. Bundan sonra onların arasında taxta alış-verişi olub”.

Tərlan Abdullayev qeyd edib ki, 2012-c ildə Vidadiyə xaricdən 1 milyon manata yaxın pul gəlməli idi: “Amma həmin pulu gətirə bilmirdi. Sonradan pul gəldi. Həmin pulu götürəndə banka mən də getməli idim. Amma işimlə bağlı gedə bilmədim. Sonradan eşitdim ki, pulu götürəndə MTN əməkdaşları tərəfindən saxlanılıb. Vidadi MTN-dən çıxandan sonra evin pulunu mənə verdi”.

Şahid qismində ifadə verən taxta alveri ilə məşğul olan Nəsimi Cavadov bildirib ki,  Vidadi ona xaricdə 1 milyon manata yaxın pulu olduğunu, həmin pulu gətirə bilmədiyini deyib: “Vidadi deyirdi ki, həmin pulu bank yolu ilə gətirmək mümkün deyil. O, pulu Azərbaycana bankdan kənar gətirmək istəyirdi. Pulu Azərbaycana gətirməyə Namiq adlı adam olduğunu dedim. Sonra onları tanış etdim. Xaricdə pul hazır olandan sonra Vidadi məlumat verdi. Mən də Namiqə dedim. Pulu Namiq Bakıya gətizdirdi. Sonra Miri adlı bank işçisi vasitəsi ilə pulları bankda yoxlatdıq. Pulun 360 min manatını bankda saxladıq. Qalan pulu Vidadi ilə birlikdə götürürək çıxdıq. Bu zaman MTN əməkdaşları bizi saxladı. Bizi MTN-də 5-6 saat saxladılar. Bizə qarşı hər hansı təzyiq olmayıb”.

Vidadi Əzizov isə deyib ki, bank vasitəsi ilə həmin məbləğdə pulun ölkəyə gətirilməsi mümkün deyildi: “Bir milyon manat öz pulum idi. Həmin pulu hissə-hissə gətirə bilməzdim. Çünki həmin pulu mənə bir dəfəyə gəlirdi”.

Təqsirləndirilən polkovnik Mirəziz Əzgərov isə Vidadi Əzizovun yalan danışdığını deyib: “Həmin pulları Vidadi sahibkarlıq fəaliyyəti ilə əldə etməyib. Əgər sahibkarlıqla məşğul olubsa, vergi ödəməli idi. Həmin vergi sənədləri tələb olunsun. Bu pullar qeyri-qanuni işlərlə əldə olunub. Həmin dövrdə İrana qarşı beynəlxalq sanksiyalar var idi. İrandan pullar çıxarmaq mümkün deyildi. Buna görə də həmin pullar əvvəlcə Dubaya, sonra isə başqa ölkəyə keçirilib. Bu pullar da xüsusi xidmət orqanlarının pulları olub”.

Daha sonra hakim bildirib ki, iş üzrə dəvət olunan şahidlər MTN-in əməkdaşları olub. Həmin şahidlərin məxfi işlərlə bağlı ifadə verəcəyini deyən hakim prosesin bu hissəsinin qapalı keçirilməsini təklif edib.

Bundan sonra proses qapalı keçirilib. Qapalı prosesdə MTN zabiti Aydın Manafov və digərləri ifadə verib.

Qeyd edək, ittihama görə Mirəziz Əsgərov Vidadi Əzizovu İran və digər dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandıraraq həbs edib. Ondan hədə-qorxu yolu 500 min manat alınıb. Bundan sonra Vidadi Əzizov sərbəst buraxılıb. Daha sonra Əsgərov Əzizovun sahibkarlıq fəaliyyətinə mane olmamaq üçün 100 min dollar tələb, amma son nəticədə 40 min manat alıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə