Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İnsanı kor edən xəstəliklər
İnsanı kor edən xəstəliklər
21 May 2017 / 14:01 / Baxış sayı: 672
Font1 Font2 Font3 Font4

Parazitlər yalnız insanın bağırsaqlarında və toxumalarında deyil, ən həssas orqan olan gözlərdə də lokalizasiya olunur. Lakin bu xəstəliklərin yaranma səbəblərini araşdırdıqda məlum olur ki, gözdə xəstəliklərin yaranmasına rəvac verən parazitlər heç də bütün hallarda birbaşa gözlə bağlı problemlərdən qaynaqlanmır. İnsanın bağırsağında, qaraciyərində və s. orqanlarında olan parazitlər sonda gözdə də görmə qabiliyyətinin itməsi ilə nəticələnən təhükəli xəstəliklərin yaranmasına səbəb olur.

Tibb üzrə fəlsəfə doktoru, həkim Yazgül Abdiyeva Trend-ə bildirib ki, parazitlər mübadilə proseslərini pozma və immun sistemini zəiflətmədən əlavə, iltihab proseslərini də inkişaf etdirir. Parazitlərin artması ətraf toxumalarına təzyiq edən kistaların əmələ gəlməsinə səbəb olur. Bu da görmə üzvünün funksiyasının pozulmasına, həmçinin korluğa gətirib çıxarır.

Parazitlərin ən çox yaratdığı göz xəstəlikləri barədə danışan Y.Abdiyeva bildirib ki, opistorxoz göz xəstəliyi “opistorxis” paraziti tərəfindən törədilən xəstəlikdir. Bu parazit gözə qaraciyərdən miqrasiya edir: “Xəstəlik kəskinləşmə olmadan davam edir, gözün buynuz qişasının və göz qapaqlarının ikincili iltihablaşması zamanı bitişmələr əmələ gəlir, görmə qabiliyyətinin itməsi təhlükəsi yaranır. Bu xəstəlik zamanı adətən hər iki göz zədələnir”.

Y.Abdiyeva bildirib ki, opistorxoz göz xəstəliyinin simptomları görmə sinirinin nevrit və keratiti, gözün damarlı qişasının zədələnməsidir. Bu simptomlar sonda qansızmalara səbəb ola bilər.

Bağırsaqdan qaraciyərə, əzələlərə, sümüklərə, ağciyərlərə və gözlərə keçən təhlükəli parazit

Həkim qeyd edib ki, gözlərin exinokokk zədələnməsinə səbəb olan exinokokk paraziti ikin olaraq bağırsaqlarda lokalizasiya olunur. Lakin exinokokk daha sonra qanla qaraciyərə, əzələlərə, sümüklərə, ağciyərlərə və gözlərə daxil olur. Xəstəliyin gedişi boyunca daxilində parazit olan kista həcmcə böyüyür, gözü xaricə doğru itələyir və ekzoftalm yaradır. Bu zaman insan gözlərini çətinliklə qırpa və bağlaya bilir. Göz qapaqlarında dəri nazikləşir və ödemləşir. Gözlərini tam qırpa bilməməsi səbəbindən selikli qişa quruyur, bu isə konyunktivitə gətirib çıxarır və nəticədə buynuz qişanın tam zədələnməsi baş verir: “Xəstədə gözlərdə ikiləşmə hissi, həmçinin yad cisim hissiyyatı yaranır. Helmintlər göz yaşı vəzilərində lokalizasiya olduqda daima göz yaşı axması baş verir”.

Ağcaqanadın gözə vurdğu zərbə

Y.Abdiyeva qeyd edib ki, dirofilyarioz göz xəstəliyinin törədicisi dəri altında hərəkət edir:
“Adətən ağcaqanad dişləməsindən sonra orqanizmdə – dəri altında bir fərd yaşayır. Orada bir aya qədər qalır, sonra gözə miqrasiya edir. Bu xəstəlik zamanı helmint bədəndə gün ərzində 15 sm sürətlə hərəkət edir. Sürfənin dərialtı miqrasiyası zamanı dəridə sızanaq formasında sərtləşmə qeyd edilir. Onun görmə orqanı nahiyəsinə daxil olması zamanı göz qapaqlarının selikli qişasında ağrılı düyün əmələ gəlir. Göz qapaqları qızarır, ödemləşir, gözləri bağlamaq mümkün olmur, gözlərə işıq şüası birbaşa düşdükdə kəskin ağrı hissiyyatı yaranır. Ən böyük təhlükə parazit göz almasına daxil olduqda yaranır. Çünki bu zaman görmə qabiliyyətinin itməsi təhlükəsi baş verir”.

Y.Abdiyeva qeyd edib ki, oftalmomioz göz xəstəliyi bəzi həşərat növlərinin sürfələri tərəfindən törədilən xəstəlikdir. Bu xəstəlik zamanı göz daxili və xarici oftalmomioz olur ki, onlardan da xarici oftalmomioz ən geniş yayılmış göz xəstəliyi hesab edilir. Bu zaman dəri altına daxil olan sürfələr inkişaf edərək iltihabın və dəri altında düyünlərin yaranmasına səbəb olur: “Bu xəstəlik zamanı xəstə dəri altında sürfələrin hərəkət etməsini hiss edir. Bəzən bunu kənardan da görmək olur. Dəridə uzun, əyri xəttlər yaranır. Sürfələrin konyunktival kisəyə daxil olması zamanı larval konyunktivit yaranır. Sürfələrin gözün selikli qişasının altına daxil olması zamanı konyunktival larval qranulyoma başlayır”.

Xəstəni kor edən zaman üzə çıxan “gizli” xəstəlik

Həkim əlavə edib ki, gözdaxili oftalmomiaz zamanı sürfələrin çox hissəsi toxumadan selikli qişa altına daxil olur. Belə parazitlər toxumalarda yetişənə kimi qala bilirlər: “Daşıyıcılar gəmiricilər, milçəklər, ev mal-qarası ola bilər. Bir yerə toplanmasından asılı olaraq, ön və ya arxa daxili oftalmomiaz ayırd edilir. Ön daxili oftalmomiaz parazitin qan damarları və ya görmə siniri ilə gözün xarici qişasından gözün ön kamerasına daxil olaraq inkişaf edir. Xəstəlik ağır formada davam edir, xəstədə görmə qabiliyyətinin kəskin pisləşməsi müşahidə edilir, bəzən isə o, tamamilə kor olur.
Arxa daxili oftalmomiaz halında xəstəlik müxtəlif cür davam edir. Bəzən simptomlar ümumiyyətlə olmur və xəstəlik yalnız xəstə görmə qabiliyyətini itirdikdə aşkarlanır. Bəzən klinik baxışın köməyi ilə torlu qişanın qopmasını, görmə sinirinin nevritini və görmə orqanının digər pozulmalarını aşkar etmək olar. Bu xəstəliyin müalicəsi zamanı yalnız cərrahi müdaxilə məsləhətdir”.

Həkim tövsiyə edir ki, belə xəstəliklərin yaranmasının qarşısı almaqdan ötrü insanlar bəzi profilaktik tədbirlərə əməl etməli – ilk növbədə gigiyenik qaydalara tam riayət etməli, ət məhsullarını tam bişmiş formada yeməli, göyərtini zəif duzlu suda təkrar yumalı, uşaqlar isə torpaqla oynadıqdan sonra onların əlləri və dırnaqları sabunla təmiz yuyulmalı, meyvə və tərəvəzlər təmiz yuyulmalıdır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə