Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Abbas Abbasov Dərbənddədir
Abbas Abbasov Dərbənddədir
02 May 2013 / 20:42 / Baxış sayı: 56
Font1 Font2 Font3 Font4

Baş nazirin keçmiş I müavini Rusiya hökumətinin rəsmiləri ilə birgə Dağıstana səfər edib, səfər rəsmən biznes məqsədləri daşısa da Bakıda şübhələri artıracaq; Eldar Namazov da Rusiyaya gedib; YAP-dan “Kreml bizi sıxır” mesajları var

Baş nazirin keçmiş I müavini, “Milyarderlər ittifaqı” adını alan Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqına qoşulandan sonra Bakıda arzuolunmaz fiqura çevrilən Abbas Abbasov Dərbənddədir. Rusiya mətbuatının xəbərinə görə, A.Abbasov Rusiyanın sənaye və ticarət nazirinin müavini Georgi Kalamanov, Rusiyanın “Patero Development” şirkətinin prezidenti, İsrail-Rusiya Biznes Şurasının həmsədri Teymuraz Xixinaşvili və digər rəsmilərlə birgə Dağıstana səfər edib.

Mahaçqalada Dağıstan rəhbəri, “Milyarderlər ittifaqı”nın üzvü Ramazan Abdulatipovla görüşən heyət daha sonra əsasən azərbaycanlıların yaşadığı Dərbəndə gedib. Onları Dağıstan hökumətinin rəhbərləri müşayiət edib. Dərbəndin mərkəzindəki “Narın qala”da onları Dərbənd rayonunun rəhbəri Qurban Qurbanov, şəhər meri İmam Yarəliyev qarşılayıb.
G.Kalamanov səfər barədə məlumat verərkən deyib ki, məqsəd prezident Vladimir Putinin tapşırığı ilə Dağıstanda və Şimali Qafqazın digər regionlarında yüngül sənayenin, kənd təsərrüfatının inkişafına dair layihələri müzakirə etməkdir. Heyət R.Abdulatipovla danışıqlarda Türkiyə və İsrail biznes çevrələrinin regionda kənd təsərrüfatının inkişafına investisiya yatırmasına dair məsələləri müzakirə edib.

A.Abbasov deyib ki, hazırda Dağıstanın inkişafının əsas istiqaməti kənd təsərrüfatıdır. Belə məlum olur ki, A.Abbasov İsraildən olan biznes ortaqları ilə birgə Dağıstanda kənd təsərrüfatına yatırımlar qoymaq barədə müzakirələr aparır.

A.Abbasovun Dağıstana səfəri zahirən biznes məqsədi daşısa da belə görünür ki, Bakıda “Milyarderlər ittifaqı” və Kremlin Azərbaycan hakimiyyətinə qarşı mümkün planları barədə şübhələri artıracaq. Digər maraqlı məlumat budur ki, “Milyarderlər ittifaqı”nın üzvlərindən biri, Rüstəm İbrahimbəyovla sıx təmasda olan EL hərəkatının lideri Eldar Namazov da Rusiyaya gedib. Onun Moskvada R.İbrahimbəyovla görüşəcəyi və Azərbaycanda Milli Şuranın yaradılmasına dair məsələləri müzakirə edəcəyi bildirilir. Lakin digər mənbəyə görə, E.Namazovun da Moskvaya Dağıstan üzərindən getdiyi, orada A.Abbasovla görüşə biləcəyi istisna deyil.

A.Abbasov son günlər Rusiyadakı azərbaycanlı diaspor lideri kimi fəallığını artırıb. Moskvada Rusiya və Azərbaycandan olan azərbaycanlı gənclər təşkilatlarının təmsilçiləri ilə görüşərək vacib məqamların əks olunduğu nitqlə çıxış edib. O, gəncləri ölkənin gələcəyi naminə birləşməyə çağırıb, Qarabağ məsələsinin güc yolu ilə yox, dialoq yolu ilə həllinə nail olmağın vacibliyindən danışıb. Bildirib ki, hakimiyyət iddiasında deyil.

Bakıda isə hakimiyyətin son günlər Rusiyaya münasibətdə xeyli ehtiyatlı və yumşaq ritorikaya keçdiyi müşahidə olunurdu. Çıxışlarda deyilirdi ki, Rusiya Azərbaycanın strateji tərəfdaşı və dostu olaraq qalır, iki ölkə arasında münasibətlər yüksək səviyyədədir. Ancaq bu ritorikanın fonunda YAP-dan “Kreml bizi sıxır” məzmunlu yeni çıxışlar da edilir. Hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov aprelin 30-u Milli Məclisdə yazıçı, kino xadimi R.İbrahimbəyovun son çıxışlarına cavab olaraq deyib: “Təbii ki, bunlar İbrahimbəyovun fikirləri deyil, onu ortaya atan qüvvələr var. Bunların hamısı bizim üçün aydındır. İndi hərəsi bir tərəfdən yavaş-yavaş meydana çıxır. Neçə ildir xidmət etdikləri xüsusi xidmət orqanları bunları atıb ortaya və əvvəlki fəaliyyətlərini davam etdirirlər. İbrahimbəyov Rusiyanın adamıdır, o, Rusiyaya işləyir”.

R.İbrahimbəyovun Azərbaycan hakimiyyətinə qarşı sərt mövqe tutmasının Rusiya xüsusi xidmət orqanlarının göstərişi ilə baş verdiyini iddia edən S.Novruzov bildirib: “Amma bunlar Azərbaycan üçün təhlükə deyil. Onlar ölkəmizdə heç nə edə bilməz və eləmək qabiliyyətinə də malik deyillər. Sadəcə, bu gün müəyyən məsələlərlə bağlı Azərbaycana təzyiq göstərməyə cəhd göstərirlər. Azərbaycan ümumxalq, dövlət maraqlarını, mənafeyini nəzərə alaraq həmin layihələrdə iştirak etmir. Prezident İlham Əliyev də dəfələrlə deyib ki, bu layihələrə qoşulmayacağıq. Bura Gömrük İttifaqı, MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İttifaqı daxildir. Ona görə də bizə təzyiq etməyə, ara qatmağa çalışırlar. Amma belə təzyiqlər heç bir nəticə verməyəcək. Axıradək dayanacağıq”.

S.Novruzov YAP-ın ən çox danışan siması hesab edilir, ancaq onu hakimiyyətin kursunun əleyhinə danışacaq qədər sərbəst adam saymaq olmaz. Deməli, onun dedikləri hakimiyyətdə Rusiya ilə bağlı narahatlıqların davam etdiyini təsdiqləyir. Digər tərəfdən, S.Novruzovun “Rusiyanı adamı” olmaqda ittiham etdiyi R.İbrahimbəyov son müsahibəsində demişdi ki, Bakının Kremllə münasibətlərinin korlandığı haqda deyilənlər ictimaiyyətdə çaşqınlıq yaratmaq üçün uydurulub. Əslində münasibətlər çox yaxşıdır, Rusiyaya Azərbaycandakı hakimiyyət sərf edir, hər iki-üç aydan bir Bakıdan gedən hakimiyyət emissarları Moskvada çamadanlarla pul paylayırlar. Belə görünür ki, Rusiya mövzusunda intriqalar tezliklə səngiməyəcək.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə