Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Şərq bazarı”nda “yarpaq tökümü” yaşanır – REPORTAJ, FOTOLAR
“Şərq bazarı”nda “yarpaq tökümü” yaşanır – REPORTAJ, FOTOLAR
25 May 2017 / 16:37 / Baxış sayı: 704
Font1 Font2 Font3 Font4

Müştərisiz qalan “Şərq bazarı”nın satıcıları da buranı tərk edirlər…

Paytaxt ərazisində iri ticarət mərkəzlərinin tikilməsi nisbətən aşağı təbəqənin alış-veriş etdikləri ticarət obyektlərinin sözün həqiqi mənasında bazarını öldürüb. Üstəlik son dövrlər manatın dollara nisbətdə ucuzlaşması, ölkədə yaranan iqtisadi durum da bu məkanların vəziyyətinə təsirsiz ötüşməyib.

Bu xüsusda Nərimanov rayonu ərazisində yerləşən “Şərq bazarı”nın da adını çəkmək olar. Ətrafındakı bütün köhnə tikililər plana düşsə də hələ ki, “Şərq bazarı”nın sökülməsi gündəmdə deyil. Bu barədə bazarın satıcılarından məlumat aldıq.

Satıcılar musavat.com-a bildirdilər ki, bir ay ərzində bazarın yenidən təmir olunması gözlənilir. Lakin söküntü ilə bağlı hələ ki, satıcılara heç bir xəbərdarlıq edilməyib.

Onlar qeyd etdilər ki, artıq söküntü ilə bağlı xəbərlərə öyrəşiblər: “Ancaq buranın həqiqətən də təmirə ehtiyacı var. Bina tarixi binadır və getdikcə nəmişlikdən, istidən, soyuqdan yararsız vəziyyətə düşür. Yaxşı olar ki, təmir edən zaman bazarın havalandırma sisteminə də fikir versinlər. Çünki yay aylarında burada istidən nəfəs almaq mümkün olmur. Bu, onsuz da zəif olan müştərilərimizə də təsir edir. Camaat yayda bura girmək istəmirlər. Söküntüyə gəlincə isə illərdir bazarın söküləcəyi ilə bağlı məlumatlar dolaşsa da, bu sadəcə şayiə olaraq qalır. Biz öz işimizin başındayıq. Kim istəyirsə, yer götürüb, al-verini edir. İstəməyən də mağazanı bağlayır, gedir”.

Doğrudan da vəziyyət elə satıcıların söylədiyi kimidir. İşləmək istəməyən, mağazanı bağlayır, gedir və görünən odur ki, son zamanlar gedənlərin sayı heç də az deyil. Bazarın arxa hissəsində yerləşən əksər mağazalar artıq fəaliyyət göstərmir. Bu hissəyə baxdıqda bazar sanki xarabalığı xatırladır. Qapısı bağlı mağazaların içərisindəki dağınıq vəziyyətdə olan manekenlər, karton qutulardan anlamaq olur ki, sahibləri buranı yeni tərk ediblər.

Öyrəndik ki, həqiqətən də ticarət zəif olduğu üçün satıcılar son zamanlar bazardan getmək qərarını veriblər. Hazırda bazarın əsasən ön hissəsinə yaxın mağazaları fəaliyyətdədir ki, bura da demək olar ki, müştərisiz qalıb. Piştaxtaların arası ilə gəzdiyimiz zaman heç bir müştəriyə rast gəlmədik. Satıcılar isə mövcud vəziyyətlə çoxdan barışmış kimi görünürdülər. Belə ki, onların da əksəriyyəti telefonu ilə oynayır, və ya çölə çıxaraq hava alırdılar. Addım başı mağazaların üzərinə yazılmış “endirim” sözünə rast gəlsək də bazarda 5 ildən çoxdur ki, alış-veriş yox səviyyəsindədir.

Satıcılardan götürdükləri yerin icarə haqqı barəsində də məlumat aldıq. Öyrəndik ki, burada icarə haqqı illərdir ki, dəyişməz olaraq qalır. Belə ki, burada yerin ölçüsünə görə icarə haqqı müxtəlifdir. Məsələn, kiçik piştaxta götürmək üçün 100 manat icarə haqqı ödəməlisən. Mağazaların isə icarə qiymətləri onların ərazisinə görə 200-300 manat arasında dəyişir.

Geyimlərə gəlincə isə məsələn, burada 10 manata şalvar, 5 manata isə köynək tapmaq mümkündür. Əgər bir qədər rəsmi geyim almağı düşünürsünüzsə, 50-110 manata kostyumların satıldığı mağazaya müraciət edə bilərsiniz…

Onu da qeyd edək ki, “Şərq bazarı” kimi qeyd olunan bina özünün memarlıq üslubuna görə 2001-ci ildən Nazirlər Kabinetinin qərarı ilə tarixi abidələr siyahısına salınıb. Buranın bərpa və yenidənqurma məsələlərinə görə Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafi və Bərpasi üzrə Dövlət Xidmətinə müraciət olunmalıdır.

Bina 1982-ci ildə memarlar – U.V.Revazov və P.İ.Yarinovsk layihəsi əsasında tikilib. Bina iki mərhələdə tikilib və burada hər bir detal Şərq üslubunda quraşdırılıb. Lakin buna baxmayaraq, tarixi abidə olduğu bildirilən binanın çox baxımsız vəziyyətdir. Kənardan baxanda sellofanlarla bürünmüş piştaxtaların əhatəsində olan bu bina kənardan baxanda heç bir abidəni xatırlatmır.

Bəlkə də buna görədir ki, beynəlxalq yarışlar ərəfəsində şəhərə axın edən turistlərdən bir nəfər də, bu tarixi bazara üz tutmur. Bu faktı satıcılar da təsdiqlədilər…\musavat.com\

arxiv.bizimxeber.az 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə