arxiv.bizimxeber.az “Report”a istinadla  xəbər verir ki, BBF-in layihələr üzrə meneceri Rəşad Məmmədov şirkətin fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verib, eləcə də Azərbaycanda turizmin inkişaf istiqamətlərinin müəyyən olunması, regionlarda turizm üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiyanın təkmilləşdirilməsi üzrə fikir mübadiləsi aparıb. Qeyd olunub ki, BBF-in ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində xüsusi diqqət ayırdığı sahələrdən biri də xidmət turizmi sahəsidir.

Görüşdə “Baku Business Factory”nin turizm üzrə startup layihəsi olan “OBANATUR” şirkətinin İctimaiyyətlə əlaqələr üzrə meneceri İlyas Fərhadlı fəaliyyətləri haqqında məlumat verib və şirkətin təcrübəsini bölüşüb. Xarici ekspertlərlə biznesin inkişafı üzrə məsləhətlərin verilməsi, gələcəkdə səyahət şirkətləri ilə əməkdaşlıq və partnyorluqların genişləndirilməsi barədə müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycanın Gənc Sahibkarlar Şəbəkəsi tərəfindən İtaliyanın kənd turizmi və aqroturizm təcrübəsini öyrənmək üçün “East INVEST 2” proqramı çərçivəsində layihə icra olunur. Avropa Ticarət və Sənaye Palataları Assosiasiyası və Milan Ticarət Palatasının Sənaye, Sənətkarlıq və Kənd-təsərrüfatı üzrə qurumu (Formaper) layihənin əsas partnyorlarıdır. Avropa Ticarət və Sənaye Palataları Assosiasiyası “EAST INVEST 2” proqramını icra etmək üçün Avropa Komissiyası (AK) ilə ENPI /2014/347-097 saylı müqavilə imzalanıb. Bu proqramın əsas məqsədi Avropa İttifaqının üzv ölkələri ilə Şərq Tərəfdaşlığı ölkələri, o cümlədən Azərbaycan arasında ticarət dövriyyəsini və investisiyanı artırmaq üçün özəl sektorun rəqabət qabiliyyətinin və əlverişli iqtisadi mühitin inkişaf etdirilməsinə dəstək verməkdir. Bu məqsədə nail olmaq üçün proqram çərçivəsində Azərbaycanda regionların turizm potensialının inkişafı üzrə layihənin icra olunması seçilib.

Azərbaycan regionlarının turizm potensialını inkişaf etdirmək üçün müxtəlif qiymətləndirmə kriteriyaları üzrə Şəki-Zaqatala iqtisadi regionuna daxil olan rayonlar seçilib. Layihə çərçivəsində Oğuz, Şəki, Qax, Zaqatala, Balakən üzrə seçilmiş sahibkarlara İtaliyada müxtəlif mövzularda təlimlər keçirilib, İtaliyanın Toskani (Tuscany) bölgəsində kənd turizmi və aqroturizm üzrə fəaliyyət göstərən sahibkarların təcrübəsi öyrənilib. Milan Ticarət Palatasının turizm sektoru üzrə ekspertləri Sandro Angiolini və Gilberto Zangari layihədə iştirak edən sahibkarların təsərrüfatlarını dəyərləndirmək və biznes konsultasiyaların aparılması üçün Azərbaycana səfər ediblər.