Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycandan Kiprə -RƏSMİ ETİRAZ
Azərbaycandan  Kiprə -RƏSMİ ETİRAZ
31 May 2017 / 10:02 / Baxış sayı: 730
Font1 Font2 Font3 Font4

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Kiprin xarici işlər naziri İoannis Kasoulidesin Ermənistanın müdafiə naziri ilə görüşü zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində Azərbaycanın Dağlıq Qarabağ regionu ilə əlaqədar səsləndirdiyi fikirləri şərh edib.

H. Hacıyev APA-ya bildirib ki, Kiprin xarici işlər naziri tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar səsləndirilən fikirlər Kiprin beynəlxalq hüquq, Helsinki Yekun Aktı və digər beynəlxalq sənədlərlə üzərinə götürdüyü öhdəlikləri ilə bilavasitə ziddiyyət təşkil edir, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğal siyasətinin təşviq edilməsinə xidmət göstərir: “Onun bu fikirləri ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin danışıqlar yolu ilə həlli prosesinə və regionda davamlı sülhün təmin olunması səylərinə zərər vurur”.

H. Hacıyev qeyd edib ki, bu fikirlər Kiprin üzvlüyünü daşıdığı Avropa İttifaqı, ATƏT və Avropa Şurasının münaqişə ilə bağlı beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyi ilə bir araya sığmır.

“Avropa İttifaqının 2016-cı il Qlobal Strategiyasında deyilir: “Dövlətlərin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı və münaqişələrin sülh yolu ilə həll edilməsi Avropanın təhlükəsizliyinin əsas elementləridir. Bu prinsiplər Avropa İttifaqı daxilində və onun sərhədlərindən kənarda olan bütün dövlətlərə şamil olunur”.

Həmçinin, bu kimi ziddiyyətli açıqlaması ilə Kiprin xarici işlər naziri özü-özünü inkar edir. Xatırlatmaq istərdik ki, bu ilin 26 yanvar tarixində Avropa Şurasının Nazirlər Komitəsinin sədri qismində ATƏT-in Daimi Şurasında çıxışı zamanı o, Kiprin ərazi bütövlüyü, suverenlik və dövlətlərin siyasi müstəqilliyi prinsiplərini qəti şəkildə dəstəklədiyini bildirmişdi.

Onu da qeyd etmək lazımdır ki, Şimali Kipr türklərin əsrlər boyu köklü xalq kimi yaşadığı ərazidir və onların da öz müqəddəratını təyin etmək hüququ vardır.

Şəffaflıq təmin edilmədiyinə görə Kiprlə Ermənistan arasındakı hərbi əməkdaşlıq barəsində də müəyyən suallar və şübhələr var. Ümid edirik ki, Avropa İttifaqı və ATƏT-in münaqişənin hərbi aspektləri ilə bağlı müvafiq mövqeləri çərçivəsində məsələ nəzərdən keçiriləcək”, – deyə XİN sözçüsü vurğulayıb.

arxiv.bizimxeber.az 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə