Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Bütləri on dörd əsr əvvəl sındırmışıq…”
“Bütləri on dörd  əsr  əvvəl  sındırmışıq…”
10 May 2013 / 12:46 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4

“Başqa bir dövlətin reallaşdırmağa çalışdığı antimilli siyasi layihədə iştirakımız qətiyyən mümkün deyil”

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin müsahibəsi

– Seçkilərə bir neçə ay qaldığı bir ərəfədə Azərbaycanın beynəlxalq və daxili vəziyyətini necə səciyyələndirmək olar?
– Ümumiyyətlə, mənim fikrimcə, Cənubi Qafqaz hazırda öz yaxın tarixinin ən məsuliyyətli dövrünə qədəm qoyub. Azərbaycanın yerləşdiyi siyasi coğrafiyada əsaslı dəyişikliklərin baş verəcəyi qənaətindəyəm. Suriya məsələsinin yekunlaşması bu prosesləri bir qədər də sürətləndirəcək. Bundan başqa, Türkiyədə cərəyan edən məlum gəlişmələr, Türkiyə hökumətinin PKK militanlarının ölkədən çıxarılması qərarının qəbuluna nail olması daha dərinə gedəcək islahatların qaranquşudur. Baş verən proseslərdən çıxış edərək deyə bilərəm ki, bu proseslər yaxın gələcəkdə bölgədə yeni dövlətin meydana çıxmasına yol açır. Hazırda Cənubi Qafqazın hansı qlobal gücün yanında olacağı məsələsinə də böyük ehtimalla məhz bu dönəmdə aydınlıq gələcək. Azərbaycana birbaşa təsir edəcək digər proseslərin də başlamaq ehtimalı olduqca yüksəkdir. Hazırda baş verəcəyi gözlənilən müəyyən hadisələri konkretləşdirmək istəmirəm. Azərbaycan, dövlət olaraq, çox həlledici, məsuliyyətli bir dövrə qədəm qoyub. Düşünürəm ki, Azərbaycan bu mərhələdən həm çox qüdrətli dövlət kimi, eyni zamanda, nə qədər  arzuedilməz olsa da, həm də müstəmləkə kimi çıxa bilər. Bu iki variantdan hansının üstünlük qazanması isə ölkə siyasilərinin – istər hakimiyyət, istərsə də müxalifətin qəbul edəcəyi ciddi siyasi qərarlardan birbaşa asılı olacaq. O baxımdan hesab edirəm ki, gözlənilən prezident seçkiləri yaxın dövr, o cümlədən seçkilərdən sonrakı bir neçə illik dönəm üçün müstəsna əhəmiyyət kəsb edir.

– Bu dönəmdə hakimiyyətin və müxalifətin üzərinə düşən vəzifələrdən söz açdınız. Həmin vəzifələr konkret nədən ibarətdir?
– İlk növbədə, hakimiyyətlə müxalifət arasında mövcud olan rəqabət və qarşıdurma iç məsələlərdən kənara çıxmamalıdır. Mövcud siyasi qüvvələr ölkənin taleyi ilə bağlı xarici təhlükəyə qarşı eyni mövqedən çıxış etmək qabiliyyətini göstərməlidirlər. Bu, mənim siyasətçi və vətəndaş kimi hər zaman dəyişməz olan prinsipimdir. Məsələn, Qarabağ məsələsində, Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsində siyasi qüvvələr necə fərqli mövqe tuta bilərlər? Onu da deməliyəm ki, bu gün ölkənin siyasi qüvvələri arasında ümummilli məsələlərdə belə vahid mövqenin olmamasının məsuliyyəti ilk növbədə hakimiyyətin üzərindədir. Hakimiyyət Qarabağ probleminin həlli məsələsini öz üzərinə götürüb – sanki bu problem yalnız ona aiddir.  Təbii ki, bu, tamamilə səhv yanaşmadır. Qarabağ məsələsi kimi digər xarici təhlükələrə qarşı ölkənin siyasi güclərinin vahid mövqedən çıxış etmələri inkaredilməz zərurətdir. Necə ki, bu gün Azərbaycanın öz müstəqilliyini itirmək təhlükəsi artıq danışıq mövzusuna çevrilib, o halda ölkənin siyasi qüvvələrinin ən azı belə mühüm məsələlərdə bir arada olmaları mütləqdir. Amma təəssüf olsun ki, bu həmrəyliyi hələ də görə bilmirik. Artıq yeddi-səkkiz aya yaxındır ki, şimal qonşumuz olan Rusiya Federasiyası Avrasiya İttifaqı adlı yeni bir layihə ortaya atıb. Əslində, bu, yeni layihə adlandırılmaya da bilər… Xatırladım ki, Putin hakimiyyətinin atdığı ilk addımlardan biri keçmiş SSRİ-nin himnini Rusiyanın dövlət himni kimi bərpa etmək oldu. Bu addım əlbəttə ki, Putin hakimiyyətinin uzaqmənzilli siyasi niyyətlərinin bir elementi idi. Biz bu gün həmin niyyətin Avrasiya İttifaqı formasında ortaya çıxmasının şahidi oluruq. Çox təəssüf olsun ki, Avrasiya İttifaqı layihəsi Azərbaycanın siyasi qüvvələri tərəfindən sanki ciddiyə alınmır. Bu yanaşmanın arxasında həm maddi maraqlar, həm də hakimiyyətdən qisas almaq, o cümlədən, bu hakimiyyəti nəyin bahasına olursa-olsun dəyişmək  niyyəti də dayana bilər. Arxasında hansı niyyətin dayanmasından asılı olmayaraq, bu susqunluğa heç cür bəraət qazandırmaq olmaz. Bu ölkə ilə bağlı vacib məqamlardan biri də bundan ibarətdir ki, hazırda təqribən 3 milyona yaxın azərbaycanlı öz ailəsini Rusiyada çalışıb-qazandığı pulla dolandırır. Bir sözlə, Rusiya bizim böyük imkanlara malik qonşumuzdur. Biz partiya olaraq, həmin qonşuluq münasibətinin müsbət məcrada inkişaf etdirilməsinin tərəfdarıyıq. Lakin bu, Azərbaycanın müstəqilliyinə xələl gətirən bir hal almamalıdır. Bu münasibətlər Azərbaycanın müstəqilliyinə müdaxilə mərhələsinə gəldikdə, ölkənin siyasi qüvvələri səssiz qalmamalıdırlar. Sizin də müşahidə etdiyiniz kimi, indiki dönəmdə bu çərçivədə bir neçə çox qabarıq hadisə baş verib. Səhv etmirəmsə, ötən ilin noyabrında Rusiyanın buradakı diplomatları Azərbaycanın nisbətən qeyri-dayanıqlı bölgələrində separatçılıq meyllərinin gücləndirildiyi tədbirlərdə iştirak etmişdilər. Ondan sonra Qəbələ RLS ətrafında baş verənlər, Rusiyada fəaliyyət göstərən böyük maddi imkanlara malik Azərbaycan əsilli insanların “Milyarderlər ittifaqı” kimi tanınan qurumda  təşkilatlandırılmaları, o qurumun bəzi üzvlərinin Azərbaycanla bağlı bəyanatları, o cümlədən, Azərbaycan hakimiyyətinə qarşı sərt ittihamlar səsləndirmələri, o qurumun üzvü olan Ramazan Abdulatipovun Dağısatana rəhbər gətirilməsi, Abbas Abbasov kimi Azərbaycan hakimiyyətinin daxili reallıqlarını gözəl bilən bir şəxsin bu prosesə cəlb olunması, keçmiş DTK-nın sədri Vaqif Hüseynovun da o sıraya qoşulması, o qurumda keçirilmiş görüşlərdə Azərbaycana yönəlik səsləndirilən fikirləri bu qəbildən olan hadisələrə aid etmək olar. Düzdür, Azərbaycan hakimiyyəti təxminən iki həftəyə yaxındır ki, bu məsələlərə münasibət bildirməyə başlayıb, həmin proseslərin Azərbaycan üçün təhlükəli həddə çatdığına dair bəyanatlar səsləndirilməkdədir. Bu, artıq qeyd etdiyim təhlükənin hakim komanda tərəfindən etiraf olunması ilə yanaşı, bizim də bu mövqedə tək olmadığımızı göstərir.  Eyni zamanda, son iki-üç gün ərzində Azərbaycan mediasının nüfuzlu qələm sahibləri də artıq öz yazılarında Avrasiya İttifaqı, “Milyarderlər klubu” və ümumiyyətlə, Rusiyadan gələn təhlükəyə diqqət yetirmələri bizim hələ bir neçə ay əvvəl başlatdığımız siyasi xəttin doğruluğunu birbaşa təsdiqləyir. Biz Azərbaycanın yenidən müstəmləkə boyunduruğuna düşməməsi yolunu sona qədər davam etdirəcəyik. Bu yolda bizimlə bir olanları özümüzə müttəfiq, əleyhimizə çıxanları isə rəqib, ya da ola bilər düşmən də hesab edək.

– Amma “Milyarderlər ittifaqı”nın üzvləri Azərbaycana qarşı hər hansı məkrli niyyətlərinin olmadığını, Rusiyadakı Azərbaycan diasporasının fəaliyyətinin gücləndirilməsinə çalışdıqlarını bəyan ediblər. Həm də onların əksəriyyəti Rusiyanın vətəndaşlarıdır. O şəxslərin Rusiyada bir təşkilat yaradıb, qeyri-siyasi fəaliyyət göstərmələri Azərbaycan dövlətçiliyi üçün hansı təhlükə vəd edə bilər ki..? Sizə elə gəlmirmi ki, belə bəyanatlar verməklə, onların vətəndaş hüquqlarını məhdudlaşdırırsınız?
–  Siz də xüsusi qeyd etdiniz ki, həmin şəxslər Azərbaycan vətəndaşları deyillər və bu baxımdan, mən onların vətəndaş hüquqlarını məhdudlaşdıra bilmərəm. Burada müəyyən məsələləri ayırd eləmək lazımdır. Həmin insanlar külli miqdarda vəsait sahibləridirlər. Onların malik olduqları vəsaitlər on, yaxud da on bir rəqəmli ədədlə ifadə olunur…

– …Üzr istəyirəm, lakin onların maddi imkan sahibi olmaları qəbahət sayılmamalıdır… İş qurublar, fəaliyyət göstərirlər və müntəzəm olaraq, gəlir deklorasiyalarını açıqlayırlar…
–  Mən bu rəqəmi onların biznes fəaliyyətlərinə şübhə salmaq məqsədi ilə açıqlamadım. Sadəcə olaraq, istənilən ölkədə, xüsusilə də, keçmiş sosialist düşərgəsi ölkələrində o miqdarda vəsait sahibi olan insanların hansısa formada hakimiyyətlərdən mütləq asılılğı var. Vladimir Putinin idarəçilik üslubuna diqqət yetirsək, onun iradəsindən kənarda qalmağa çalışan oliqarxlarla davranış metodlarını yada salsaq, mənzərə aydınlaşar. Hər halda, Qusinskinin, bu yaxınlarda cəsədi tapılmış Berezovskinin aqibəti gözümüzün qabağındadır… “Milyarderlər ittifaqı”nda təmsil olunan zəngin insanlar Putinlə anlaşmış milyarderlərdir. Hətta mən onları sadəcə, milyarder deyil, oliqarx hesab edirəm… Azərbaycandakı prezident seçkiləri ilində həmin şəxslərin birdən-birə təşkilatlandırılmaları bizim diqqətimizdən kənarda qala bilməz. Onların Azərbaycanda siyasi layihə həyata keçirən Rüstəm İbrahimbəyovla, Azərbaycan prezidenti ilə görüşə can atan, ölkə gündəmini diqqətində saxlayan Abbas Abbasovla bir yerdə olmaları diqqətdən kənar buraxılacaq məsələlər deyil. Əgər o şəxslər “Milyarderlər ittifaqı”na cəlb edilməsəydilər, Rusiyanın Avrasiya İttifaqı adlı layihəsi ortaya atılmasaydı və bu iriçaplı iş adamlarının bir araya gətirilməsi imkanı yalnız Kremlin əlində olmasaydı, təbii ki, mən də onların təşkilatlanmasında hansısa böyük təhlükənin olduğunu deməzdim. Siz də üst-üstə düşən  bu hadisələrin ardıcıllığına nəzər salın: mənim əvvəldə sadaladığım hadisələr, üstəgəl Avrasiya İttifaqı layihəsinin qabardılması, “Milyarderlər ittifaqı”nın yaradılması, Rüstəm İbrahimbəyovun Azərbaycanda Milli Şura adlı layihənin icrasına başlaması və Abbas Abbasovun Azərbaycanın siyasi gündəmini bu qədər diqqətdə saxlaması bölüşdüyüm qənaətə çox ciddi əsaslar verir. Xüsusilə, “Milyarderlər ittifaqı” yaradılmasaydı, orada təmsil olunan insanların da adları belə məsələlərdə hallanmazdı. Amma təəssüf olsun ki, o şəxslər Azərbaycandakı siyasi prosesləri nəzarətdə saxlamağa çalışırlar, Ukraynada Yuşşenkonun Yanukoviçlə, Gürcüstanda isə Saakaşvilinin İvanişvili ilə əvəz edilməsinin şahidi olmasaydıq, şəxsən mən onların fəallaşmasından əsla narahat olmazdım. Bu narahatlığımı ABŞ Dövlət Departamentinin Bakıya gəlmiş nümayəndə heyəti ilə görüşdə də ifadə etmişdim. O zaman amerikalı diplomat mənə sual verdi ki, Rusiyanın Azərbaycana, konkret desək, prezident seçkilərinə müdaxilə texnologiyasını necə görürsünüz? Cavab vermişdim ki, yaxın zamanlarda Rusiyanın Azərbaycanla bağlı siyasi niyyətinin həyata keçirilməsi üçün həmin ölkənin buradakı siyasi forpostu funksiyasını daşıyacaq bir qurumun yaradılmasının şahidi olacağıq. Qətiyyən o  fikirdə deyiləm ki, “Milyarderlər ittifaqı”ndakı Rusiya vətəndaşı olan şəxslərdən kimsə Azərbaycanda prezident seçkilərində namizəd olacaq. Amma bu niyyəti həyata keçirmək istəyən bir siyasi mərkəzin formalaşdırılması ehtimalı qalmaqdadır. Mən “Milyarderlər ittifaqı”nı bu məqsədin həyata keçirilməsi prosesinin maliyyə təminatçısı olaraq, görürəm. Mən bir qədər əvvəl maliyyə məsələsinin altını ona görə cızdım ki, istənilən böyük layihənin həyata keçirilməsi miqyasına uyğun olaraq da böyük pullar tələb edir. Müqayisə üçün xatırladım ki, Gürcüstanda baş vermiş hakimiyyət dəyişikliyi milyard yarım dollara başa gəldi. Yəni Bidzina İvanişvili hakimiyyət iddiasını ortaya qoyduqdan sonra haradasa iki il müssətində bütün bu işlərə milyard yarım dollar xərcləmişdi. Amma Azərbaycan Gürcüstanla müqayisədə daha varlı, eyni zamanda, strateji əhəmiyyəti də daha böyük bir ölkə olduğundan, burada həmin məbləğin bir neçə misli qədər vəsaitin dövriyyəyə buraxılması tələb olunur. Lakin bizim seçkilərə cəmi bir neçə ay qaldığı üçün həmin məbləğin də əhəmiyyətli dərəcədə azaldığını söyləmək olar. Bu qədər vəsait isə “Milyarderlər ittifaqı”nda birləşmiş şəxslərdə ola bilər. Eyni zamanda, mən “Milyarderlər ittifaqı”nı heç də siyasi mərkəz hesab etmirəm. Deyə bilərəm ki, həmin qurumun iki qanadı mövcudur – siyasi və maliyyə qanadları. Bu üzdən “Milyarderlər ittifaqı” həm siyasi layihə həyata keçirən, həm də o siyasi projeni maliyyələşdirən bir mərkəz kimi nəzərdən keçirilməlidir. Rüstəm İbrahimbəyovun “Milyarderlər ittifaqı”nın üzvü qismində Milli Şura ideyasını irəli sürməsi bu layihənin məhz Moskvadan qaynaqlandığını açıq formada göstərir. Ona görə də biz başqa bir dövlətdə hazırlanmış siyasi planın Azərbaycanda reallaşdırılması cəhdlərinə qarşı bu formada açıq mübarizə aparırıq. Bu günlərdə Bakıda səfərdə olan Gürcüstan Prezidenti də bəyanatında bölgə üçün Şimal təhlükəsindən danışmışdı. Belə ciddi şəxsin mövqeyi bizim siyasi narahatlıqlarımızın əsaslı olduğunu təsdiq edir.

-Sizin bu narahatlığınızı anlayışla qarşılayırıq. Amma maraqlıdır ki, hakimiyyət nümayəndələri bu məsələlərlə bağlı mövqe bildirməyiblər. Sizcə, bu məsələdə hakimiyyət daha çox narahat olmalı deyilmi? Başqa sözlə, siyasi opponentlərinizin yerinə siz niyə narahat olursunuz?
– Bayaq da qeyd etdim ki, son iki həftə ərzində YAP rəhbərliyindəki şəxslər bu məsələ barəsində açıq və kəskin fikirlər  bildiriblər. Konkretləşdirsək,  Əli Əhmədov,Siyavuş Novruzov və Mübariz Qurbanlı bu məsələyə dair birmənalı bəyanatlar veriblər. Bu, məsələnin bir tərəfi. İkinci tərəfi isə budur ki, dövlətçilik məsələsində bizim üçün iqtidar-müxalifət bölgüsü mövcud deyil. Hesab etmirəm ki, sizin sualda vurğuladığınız kimi, dövlət müstəqilliyi və suverenliyi yalnız hakimiyyətə məxsus məsələdir. Bu, Azərbaycan hakimiyyətinin öz iqtidarını qoruyub-qorumamaq məsələsi deyil. Bu, Azərbaycanın bağımsızlığının itirilməsi, yaxud da, Rusiyanın müəyyən layihələrinə cəlb edilməklə müstəqilliyinin kəskin məhdudlaşdırılması təhlükəsinin yer aldığı bir məsələdir. Burada isə iqtidar-müxalifət yox, dövlətçilik, vətəndaşlıq mövqeyi əsas olmalıdır ki, biz də ondan çıxış edirik. Bizim partiya olaraq da məqsədimiz hakimiyyətə gəlməkdən çox, müstəqilliyini böyük əziyyət və qurbanlar hesabına bərpa etdiyimiz dövlətin möhkəmləndirilməsi və dayaqlarının gücləndirilməsidir. Bir müddət əvvəl bu təhlükəyə qarşı tək dayanmış olsaq da, hazırda iqtidar partiyası da, tanınmış yazarlar da bu məsələdə bizimlə eyni mövqe tutmaqdadırlar. Cəmiyyət bu barədə daha dolğun məlumatlandırıldıqca, tərəfdarıarımızın sayı da artacaq.

– Azərbaycanın müstəqilliyi üçün müəyyən təhlükənin yarandığını desəniz də hakimiyyətin sərgilədiyi mövqe buna adekvat deyil. Yəni ölkə üçün belə bir təhlükə inkaredilməz  hal alıbsa, hakimiyyət siyasi dialoqun yaranmasına niyə təşəbbüs göstərmir?
–  Sizə təəccüblü görünsə də, mən hakimiyyətin davranışındakı bu ehtiyatlılığı anlayıram və bölüşürəm. Səbəbini izah edim. Azərbaycan hakimiyyəti özünün iyirmi illik dövrünün ən çətin mərhələsini yaşayır. O qədər də güclü olmayan, cəmiyyətdə etibarlı dayaqları olmayan bir hakimiyyət qarşıdan gələn seçkilər ərəfəsində bir neçə çox mühüm məsələni həll etməlidir. Əvvəla, İlham Əliyev ciddi psixoloji baryerə çevrilmiş üçüncü prezidentlik müddəti məsələsində məsuliyyəti öz üzərinə götürməlidir.  Açıq deyim ki, mənim müşahidələrimə əsasən, İlham Əliyev belə bir qərarın qəbulunda tərəddüd edir. Fikrimcə, o da anlayır ki, üçüncü dəfə prezident olmamaq mümkün olsaydı, durum bu qədər mürəkkəbləşməsəydi, ən əsası, hakimiyyətin başqa bir şəxsə ötürülməsi rahatlılqla mümkün olsaydı, bu seçkilərdə namizədliyini irəli sürməzdi. Ümumiyyətlə, üçüncü prezidentlik müddəti bütövlükdə Azərbaycan hakimiyyəti üçün olduqca böyük problemdir. Hakimiyyət seçkiyə qısa müddət qaldığı bir dönəmdə bu məsələni həll etməlidir. İkinci böyük problem Rusiyanın Azərbaycan hakimiyyətinə münasibətinin kəskin dəyişməsidir. Üçüncü problem isə digər böyük dövlətlərin bu seçkilərdə Azərbaycandan almaq istədikləri güzəştlərdir. Hesab edirəm ki, hakimiyyət bu məsələlərdə bizim partiya qədər sərbəst deyil. Bu yerdə xüsusi vurğulayaraq onu da deməliyəm ki, Rusiya Azərbaycanın daxili siyasi proseslərinə təsir imkanı olan birinci dövlətdir. Bu baxımdan, hakimiyyətin Rusiya ilə ehtiyatlı davranışını başa düşürəm və hətta müəyyən mənada buna haqq da qazandırıram. Əgər bu hakimiyyət Rusiyanın istədiklərini yerinə yetirmiş olsaydı, yəni Rusiyanın irəli sürdüyü Kollektiv Təhlükəsizlik Müqaviləsi, Gömrük Sazişi və Avrasiya İttifaqı layihəsinə razılıq versəydi, bu gün Moskvanın belə əks münasibəti ilə üzləşməzdi. Mənə maraqlı deyil – hər hansı bir səbəbdən – ola bilər, şəxsi hakimiyyətlərini və ya iqtisadi hegemonluqlarını qorumaq, yaxud da digər səbəblərdən  – amma fakt budur ki, hakimiyyət dövlət müstəqilliyi məsələsində Rusiyaya güzəştə getmir. O səbəbdən də, bu məsələdə hakimiyyətlə, hakim partiya ilə mövqelərimiz üs-üstə düşür. Digər tərəfdən, Rusiya kimi bir dövlətin təzyiqləri ilə üzləşmiş bu hakimiyyətin müşahidə etdiyimiz davranışlarını tam başa düşürəm.  Hakimiyyətdə olsaydıq, bəlkə biz də məhz o cür davranardıq. Bizim hakimiyyətdən və digər siyasi qüvvələrdən istədiyimiz budur ki, Azərbaycanın dövlət müstəqilliyi məsələsində güzəştə getmək olmaz. Əslində, Rusiyanın Azərbaycan hakimiyyətinə təzyiqləri daha öncədən – Kollektiv Təhlükəsizlik və Gömrük Sazişinə qoşulmaqdan imtina mövqeyindən sonra başlayıb. Hakimiyyətin Avrasiya İttifaqına qoşulmaqdan imtinası, hətta bu layihədə yer almayacağını yumşaq diplomatik, amma birmənalı tərzdə Rusiyaya anlatmasından sonra bu təzyiqlər daha da güclənib. Bu, mütləq qeyd olunmalıdır. Ona görə də, bizim bu məsələyə yanaşmamızı bölüşən qüvvələrlə vahid mövqedən çıxış edirik. Bu mövqenin əksinə çıxış edən istənilən siyasi qüvvə bizim avtomatik rəqibimizə çevriləcək.

– “Milyarderlər ittifaqı”nın Azərbaycanda həyata keçirməyə başladığı siyasi layihədən danışdınız. Hazırda həmin layihənin icrasının gedişatı və mümkün nəticəsini necə görürsünüz?
– Mənə görə, Milli Şuranın Azərbaycan üzrə icraçı direktoru Eldar Namazovdur. Bir neçə gün əvvəl mətbuatda Rüstəm İbrahimbəyovun Azərbaycanda Milli Şura adlı qurumun yaradılması prosesində iştirak edən Eldar Namazova və digər iki partiyanın sədrlərinə ünvanlanmış təkəbbürlü və hədələyici mesajı yetərincə təəccüblə qarşılandı. Çünki mənim yaxından tanıdığım həmin iki iyasətçi adətən, kiməsə onlarla belə davranmağa imkan vermirdilər. Bu, birinci dəfə idi ki, Rüstəm bəy belə bir imkanı özündə tapdı və onun ultimativ mesajına qarşı tərəfdən heç bir cavab verilmədi. Hər kəs gördü ki, Rüstəm bəy bəhs etdiyimiz mesajında Milli Şura yaradıcılarından sanki hesab tələb etdi və onların qarşısına  prosesi yekunlaşdırmaq üçün göstəriş formasında möhlət də qoydu. Bu, onun göstəricisidir ki, Rüstəm bəy Milli Şuranın yaradılması məsələsində hegemon mövqedədir və prosesin ləngiməsindən narahatdır. Onun narahatlığı bununla bağlı ola bilər ki, ola bilsin, Rüstəm bəyin də hesabat verəcəyi başqa instansiya mövcuddur. Açıq müşahidə olunur ki, bu insanlarda həmin yubanma ilə əlaqədar çox ciddi təşviş var. Yəqin, onların da bu layihənin icrasına dair öncədən hazırlanmış təqvim planı var və qrafikdən kənara çıxılması o çevrənin artıq ictimailəşmiş narahatlığını üzə çıxarıb. Bu, onlara aid məsələdir. Milli Şura haqqında mənim mövqeyim belədir ki, bu, ölkədə hər hansı ciddi dəyişikliyə təkan verəcək bir layihə olmayacaq. Milli Şuranı başqa cür təqdim etsək, deməliyik ki, o prosesdə tərəflər İctimai Palata ilə Eldar Namazovla məhdudlaşır. İctimai Palata mövcud olduğu üç il ərzində nəyə nail olubsa, Milli Şuranın əldə edəcəyi nəticə də ondan artıq olmayacaq. Çünki İctimai Palata + Eldar Namazov formulu uzaqbaşı suisidə bərabər ola bilər. Qısacası, bu gəlişmədə heç bir ciddi perspektiv görmürəm. Milli Şura ətrafında nə qədər ajiotaj yaratmağa çalışsalar da, onu ümummilli layihə kimi təqdim etsələr də, onu nə qədər cəlbedici mücadilə epitetləri ilə bəzəsələr də, bu, birmənalı olaraq, Rusiyanın Azərbaycanda hakimiyyət dəyişikliyi layihəsidir. Həmin prosesin iştirakçıları məhz Rusiyanın layihəsində yer aldıqlarını unutmamalıdırlar.

– Bir məqama toxunmaq istəyirəm, sizin və VİP rəhbərliyindəki şəxslərin Milli Şura haqqındda birmənalı tənqidinizə baxmayaraq, Eldar Namazov ötən həftə verdiyi müsahibələrin birində Milli Şura danışıqlarında VİP-in də iştirak etdiyini deyib. Ziddiyyət yarandığı üçün soruşuram, doğrudanmı o müzakirələrdə siz də iştirak etmisiniz?
– Əsla. Həmin müzakirələrdə heç vaxt iştirak etməmişik və  təklif olsaydı belə, başqa bir dövlətin reallaşdırmağa çalışdığı antimilli siyasi layihədə iştirakımız qətiyyən mümkün deyil. Bu, istər Rusiyaya, istərsə də digər dövlətlərə aiddir. VİP millətçi partiyadır, mövqeyimiz, fəaliyyətimiz, proseslərə yanaşmamız yalnız  ümummilli əsaslara söykənir.

– Bir məqam da maraqlıdır, sizin Milli Şura haqqında səsləndirdiyiniz fikirlərə yalnız “El” hərəkatının rəhbərliyi cavab versə də, AXCP və Müsavatdan hər hansı reaksiya olmadı…
– Ola bilər ki, bu, həmin partiyalarda Milli Şura məsələsində yüzfaizli qərarlılığın olmaması ilə bağlıdır. Bizim Milli Şuranın Rusiyanın layihəsi olmasına dair davamlı çıxışlarımızdan sonra İsa Qəmbər də bu məsələyə toxunaraq, özü, partiyası üçün mövcud olan “qırmızı xətt”dən danışdı. Sözlərindən belə çıxdı ki, Azərbaycanın milli maraqları onun üçün “qırmızı xətdir” və onun tapdalanmasına, keçilməsinə səbəb olan layihələrdə iştirakı mümkün deyil. Bildiyim qədər, AXCP də bu günlərdə Milli Şura haqqında qərar verməlidir. Məncə, onların bu səssizliyi Milli Şurada təmsilşiliklə bağlı tam qətiləşmiş mövqelərinin olmamasından irəli gəlir.

– İctimai Palatada vahid namizəd məsələsinin səthi müzakirəsi də AXCP və Müsavat üzvləri arasında ciddi gərginlik yaradır. Yəni əsasən, iki partiyanın təmsil  olunduğu İctimai Palatada vahid namizədi müəyyənləşdirmək mümkün olmursa, bunu bir qədər də geniştərkibli Milli Şurada həyata keçirmək real görünürmü?
– Açığı, Milli Şura məsələsində dominant fiqur kimi çıxış edən Rüstəm İbrahimbəyov onlara münasibətdə belə amirliklə davranırsa, görünür əmindir ki, Milli Şura çərçivəsində vahid namizədi müəyyənləşdirə biləcək.

– Hesab edirsiniz ki, AXCP ilə Müsavat buna razılıq verəcək?
– Bunu indidən qəti surətdə proqnozlaşdırmaq çətindir.  Çox təəssüf ki, burada sanki nəyin bahasına olursa, olsun yanaşması var. Yəni əsas məqsədin “nəyin bahasına olursa, olsun, təki bu hakimiyyət dəyişsin, sonra nə olacaqsa, fərq etməz”, düşüncəsinin hakim kəsildiyi görünür. Xatırlayıram ki, İP təmsilçilərindən biri 2011-ci ildə Avropa İttifaqı nümayəndə heyətinin tərkibində Azərbaycana gəlmiş Polşa parlamenti sədrinin müxalifətlə görüşündə çox təkidlə inandırmağa çalışırdı ki, bu il Azərbaycanda mütləq inqilab olacaq. Mən indi ərəb inqilablarının baş verdiyi ölkələri göz önünə gətirəndə sevinirəm ki, o müxalifətçinin gözünü yumub arzuladığı həmin inqilab Azərbaycanda baş verməyib. Yenə də təəssüflə bildirirəm ki, həmin hikkəli mövqedən nəinki imtina olunmayıb, hətta bir qədər də irəli gedilib. Qəbuledilməz haldır ki, nəticə nə olacaqsa olsun, pulu kim verirsə versin, layihəni kim hazırlayıbsa hazırlasın, təki bu hakimiyyət dəyişsin deyən o adamlar dövləti düşünmədən belə məsuliyyətsiz qərarlar verirlər. Əlbəttə ki, bu, çox təhlükəli, artıq dediyim kimi, antimilli mövqedir.

– Belə çıxır ki, bu ifadə yerinə düşürsə, həmin qüvvələr tam uduşsuz bir oyuna giriblər?
– Mən belə deməzdim. Onların yanaşması budur ki, əgər layihənin siyasi məqsədlərinə nail olunsa, bu, əladır. Yox əgər siyasi məqsəd baş tutmayacaqsa, o halda, iqtisadi divident də onlar üçün məqbul nəticə sayılacaq.

– Bu gedişlə müxalifət düşərgəsinin prezident seçkilərinə hansı namizədlər kontingenti ilə qatılacağını düşünürsünüz?
– Mövcud şəraitdə bu haqda konkret fikir səsləndirmək çətindir. Bilirsiniz ki, müxalifətdən artıq xeyli sayda insan öz iddiasını bəyan edib. O cümlədən, bizim partiyanın Məclisi də prezident seçkilərində öz namizədi ilə iştirak haqqında qərar qəbul edərək, mənim namizədliyimi rəsmən irəli sürüb. Dediyim kimi, müxalifət düşərgəsinə aid bir çox şəxs artıq iddiasını ortaya qoyub. Amma onların hər birini  eyni yanaşma ilə qiymətləndirmək doğru olmazdı. Çünki onların arasında ciddi siyasətçilərlə yanaşı, seçkilərə siyasi macəra kimi  baxanlar da var. Hər halda, seçkilərin müddəti yaxınlaşdıqca, namizədlər də tam dəqiqləşəcək. Bizə gəldikdə isə bu, həm Vətəndaş və İnkişaf Partiyasının, həm də mənim prezident seçkilərində iştirakla bağlı ilk qərarıdır. Biz bütün hallarda bu seçkilərdə iştirak etməyə hazırlaşırıq. Bu seçkilərdə geniş təbliğat kampaniyası apararaq  cəmiyyətlə birbaşa təmas qurmaq, təşkilati potensialımızı sınaqdan keçirmək və əlbəttə ki, mümkün səviyyədə nəticə qazanmaq niyyətindəyik.

– Hazırda çox qətiləşmiş bir mövqe var ki, müxalifətin uğur qazanması vahid namizədin müəyyənləşməsində, müxalifətin geniş koalisiya qurmasından keçir. Amma sizin partiya mövcud olan bütün birliklərdən kənardadır. Bu, sizin taktiki seçiminizdir, toxsa başqa səbəb var?
– Biz hər zaman siyasi oyunların əleyhinə olmuşuq və bu gün də o mövqedəyik. Son olaraq, 2010-cu il seçkiləri şəxsən bizə ən açıq formada göstərdi ki, Azərbaycanda mövcud seçki qanunvericiliyi ilə,bütün səviyyəli seçki komissiyalarının hakimiyyətin nəzarətində olduğu bir şəraitdə seçkiləri udmaq mümkün deyil. Biz həmin seçkilərdən dərhal sonra o vaxtkı müttəfiqimizlə birlikdə əsas  müxalifət təşkilatlarına bir araya gəlmək təklifi ilə rəsmi müraciət etdik. İlkin mərhələ üçün 2008-ci ilin sonlarında yaradılmış Qarabağ və Respublika Uğrunda Hərəkatın bərpa olunmasını təklif etdik. O zaman bu istiqamətdə müəyyən görüşlər keçirildi və müzakirələr aparıldı. Lakin təəssüflər olsun ki, danışıqlarda Hərəkatın bərpasına yönəlik razılaşma əldə olunmadı. Belə olduqda, yeni təkliflə çıxış edərək, son parlament seçkilərində partiya olaraq iştirak edən və öz imkanlarını göstərməyi bacaran səkkiz müxalifət partiyasının birliyinin yaradılması təşəbbüsünü rəsmən irəli sürdük. Burada bir haşiyə çıxım, hələ 2011-ci ilin ilk aylarında bizdə hasil olmuş qəti qənaət bundan ibarət idi ki, məhz o dönəmdə müxalifətin geniş və dayanıqlı koalisiyası yaradılmasa, hakimiyyətin bir namizədinə qarşı müxalifət bir namizədlə çıxmasa, narazı elektoratın parçalanmasının qarşısı alınmasa, müxalifətdəki hər hansı partiya və ya birliyin prezident seçkilərində uğur qazanması haqqında danışmaq yersiz olacaq. Mən iki əl əvvəl səsləndirdiyim bu fikrin üstündə qalıram. Təəssüf ki, seçkilərin rəsmi startına cəmi bir neçə ay qalsa da, müxalifət olaraq bu şərtləri hələ də təmin edə bilməmişik. Ancaq müxalifətdəki bəzi adamlar nədənsə, belə hesab edirlər ki, onlar başqalarından daha çox bilirlər. Lakin özlərini çoxbilmiş kimi göstərmələrinə baxmayaraq, unudurlar ki, Azərbaycan müxalifətinin son iyirmi ildə üzləşdiyi bütün məğlubiyyətlərin, uğursuzluqların səbəbkarları məhz onlardır. Biz də həmin çoxbilmişlərin mövqeyini bölüşmürük. Biz əminik ki, doğru hesab etdiyimiz yolla gedirik. Müxalifət indiyə kimi tam şəkildə təşkilatlana bilmədisə, o zaman görüntü xatirinə yaradılan birliklərə qoşulmağı mənasız hesab edirik. Əgər böyük və ümumi uğur yoxdursa, o halda partiyanın maraqlarına uyğun qərar qəbul etmək məcburiyyətindəyik. Yəni heç bir koalisiyaya qoşulmamağımız ümumi qələbə üçün münbit zəminin hazırlanması cəhdlərinin baş tutmaması ilə bağlıdır. Başqa səbəb yoxdur.

– Siz bu ərəfədə cəmiyyətdə daha çox etimad qazanmaq və divident əldə etmək üçün hakimiyyəti tənqid etməli olduğunuz halda, daha çox müxalifəti hədəfə götürürsünüz. Sizcə, “müxalifətin müxalifəti” olmaq nə dərəcədə uğurlu taktikadır?
–  Biz heç bir halda, sizin ifadə ilə desək, müxalifətin müxalifəti yox, mövcud situasiyanın müxalifətiyik. Hazırda baş verən hadisələrə situativ qiymət verərək, bu situasiyanı yetişdirənlərə münasibətimizi ifadə edirik. Əgər Avrasiya İttifaqı layihəsi YAP tərəfindən həyata keçirilsəydi, təbii ki, bütün tənqidlərimiz də hakim partiyaya yönələcəkdi. Bizim üçün fərq etməz – hansı qüvvələr antimilli mövqedən çıxış edəcəklərsə, onlar mütləq bizim hədəfimizdə olacaqlar. Bu gün bizim müxalifət düşərgəsini daha çox tənqid etməyimizin səbəbi onunla bağlıdır ki, biz məlum uğursuzluqların içərisində müxalifətin buraxdığı taktiki səhvlərin müntəzəm təkrarlandığını görürük. Yəni Azərbaycan cəmiyyətinin üzləşdiyi  uğursuzluqların davamlı xarakter almasının kökündə hakimiyyətlə yanaşı, müxalifətin tənqid etdiyimiz cinahının, o cinahın bəzi “boss”larının səhv siyasəti və yanlış qərarları da dayanır. Hesab edirəm ki, Azərbaycan müxalifəti gerçək formada islah olunmasa və düzgün təşkilatlanmasa, bunun davamı kimi düzgün qərarlar qəbul etməsə, ölkədə hər hansı proses dəyişikliyi olmayacaq. Yəni mən müxalifətin özünün müsbət mənada dəyişməsinin tərəfdarıyam. Hakimiyyətin ən böyük səhvlərindən biri ölkədə normal seçkilərin keçirilməsinə, bununla da, kimin kim olmasının müəyyənləşməsinə imkan verməməsidir. Hakimiyyət bununla həm də müxalifətin və cəmiyyətin narazı kəsiminin ağır vəziyyətə düşməsinin səbəbkarı olan bu ətalətli, yanlış qərarlar qəbul etmək vərdişinə malik müxalifətin mövcudluğunu stimullaşdırır. Başqa cür ifadə etsək, hakimiyyət məhz müxalifət kimi o qüvvələrin ortada olmasında maraqlıdır. Bu da səbəbsiz deyil. Hakimiyyət Azərbaycanda siyasi münasibətlərin düşmənçilik zəminində davam etməsində maraqlıdır. Eyni zamanda, müxalifətin 1992-93-cü illərdəki bədheybət obrazda qalmasının tərəfdarıdır. Fikir verin, necə onların hamısını İctimai Palatada bir yerə yığıblar, oradakı qüvvələrin mətbu orqanlarına hökumətdən ardıcıl maddi dəstək verirlər… Bu məsələlərin kökünə baxıb aydınlaşdırmaq lazımdır ki, nəyə görə hakimiyyət müxalifətin həmin qanadını bu formada stimullaşdırır? Mən əminəm ki, hakimiyyət xalqın 1992-93-cü illər iqtidarından narazılığının keçmədiyinin fərqindədir və bu gün də Azərbaycan müxalifətinin məhz o simada qalmasına çalışır. Bununla da müxalifətin obrazını müsbətə doğru dəyişə biləcək yeni qüvvələrin toparlanmasının qarşısını alır. Şübhə etmirəm ki, hakimiyyət Azərbaycan müxalifətinin  o kəsimini nə qədər ayaqda saxlayacaqsa, ölkədə cəmiyyətin siyasi proseslərə etimadı aşağı səviyyədə olacaq. Düşünürəm ki,   Azərbaycan müxalifətinə belə eybəcər obrazı sırıyan qüvvələrə yönəlik tənqidlərimizdə haqlıyıq və bu yanaşmamız dəyişməyəcək. Biz həm bu məğlubiyyətlər memarı olan müxalifətin bəlli kəsiminin, həm də hakimiyyətin qənimiyik.

Hakimiyyətin növbəsi isə seçkilərdə çatacaq. Hakimiyyətin cari fəaliyyətini ardıcıllıqla təqib edərək, münasibətimizi bildirdiyimiz kimi, hakimiyyətin strateji siyasətinin tənqidi bizim seçki platfrormamızda və çıxışlarımızda geniş yer alacaq. Amma seçkiyə qədərki dövrdə müxalifətdəki digər qüvvələrdən fərqimizi cəmiyyətə nümayiş etdirib, mövqeyimizin əsaslı olduğunu göstərəcəyik. Hər kəs bilsin ki, bizim partiya üçün büt anlayışı yoxdur. Biz müsəlmanıq və bütləri on dörd əsr əvvəl sındırıb-dağıtmışıq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə