Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“İlham Əliyev seçilməsə, Mehriban xanım Əliyeva seçiləcək”
“İlham Əliyev seçilməsə, Mehriban xanım Əliyeva seçiləcək”
14 May 2013 / 11:19 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

“Elm, təhsillə məşğulam, tələbələrim var, kitab yazıram, iş adamıyam. İnstitutda iki tədbir oldu, iştirak elədim, Heydər Əliyevin 90 illiyi və Gül bayramı ilə bağlı. Oturmuşdum qabaqda qulaq asırdım, keçmişi xatırlayırdım. Mən keçmişimlə fəxr edirəm. Dünyanı gəzmişəm, gənc yaşımda müdafiə etmişəm, böyük adamlarla oturub-durmuşam. Ona görə də mənim keçmişim indiki həyatımdan daha yaxşıdır”.

Bu fikirlər YAP-ın qurucularından biri, məşhur “91-lər”in üzvü, iqtisad elmləri doktoru, professor Əli Əlirzayevə məxsusdur. Onunla gündəmdə olan məsələlər barədə danışdıq.

– Əli müəllim, Milli Məclisin son iclasındakı çıxışlarda deyildi ki, Heydər Əliyevin vaxtilə çörəyə çatdırdığı adamlar sonra ona xəyanət ediblər, ancaq bu gün də yüksək mövqe sahibidirlər…
– (Sualı yarımçıq kəsir) Yox, Heydər Əliyevə sadiq adamlar heç vaxt dönük çıxmayıb. Heydər Əliyevə sadiq adamlar həmişə olub, indi də var. Hələ o zaman biz bilmirdik ki, o, hakimiyyətə gələcək. Moskvadan qayıdandan sonra Naxçıvana getdi, orda mən iki il onun qulluğunda olmuşam, verdiyi tapşırıqları yerinə yetirmişəm, proqram yazmışam. Özəlləşmə proqramı, sovxoz-kolxozun əmlakının bölüşdürülməsi, torpaq islahatı ilə bağlı proqramlar olub. Ali Məclisin iclasında mən çıxıb müəllif kimi proqramları müdafiə etmişəm. Onda cəbhəçilərlə partiyaçılar arasında mübarizə gedirdi. Mən kompromis variant təklif etdim, hamı dəstəklədi ki, “Əli bəy düz deyir”. Heydər Əliyev 1994-cü ildə özəlləşmə ilə bağlı Prezident Aparatında müşavirə keçirəndə dedi ki, biz bu özəlləşmə təcrübəsini Naxçıvanda həyata keçirtmişik. Bu işin həyata keçirilməsinin başında duranlardan biri də mən idim.

– Söhbət təbii ki, sizdən getmir. Necə ki, Zeynəb Xanlarova, Mehriban Əliyeva, Arif Rəhimzadə parlamentin son iclasında Heydər Əliyevə xəyanət edən, amma bu gün də hakimiyyətdən bəhrələnənlər barədə danışdılar. Yəqin siz də belələrindən məlumatlısınız…
– Bunlar gözümüzün qabağında olub də. 1987-ci ildə Heydər Əliyev Siyasi Bürodan çıxarılandan sonra Mərkəzi Komitənin üzvü kimi qalmışdı. O zaman mənim bir kəndçim vardı – Əli Əliyev – iki dəfə SSRİ Ali Sovetinin deputatı olmuşdu və Sosialist Əməyi Qəhrəmanı idi. O, gedib Heydər Əliyevin yanında dayanmışdı, şəkilləri də var. Onda heç kəs ona yaxınlaşmırdı. Heydər Əliyev Naxçıvana gələndən sonra Nehrəmə gəldi və camaatı yığıb çıxış elədi, ondan sonra deputatlıq məsələsi gəldi. Mən iki min imza yığmışdım. Ancaq Heydər Əliyev namizədliyini verəndə gördüm ki, əhali də onu çox istəyir, sənədlərimi aparıb Heydər Əliyevə verdim və dedim ki, mən öz namizədliyimi verməyəcəyəm. Qayıtdı dedi ki, sən nə yaxşı oğlansan. Ondan sonra bizim tanışlığımız başladı. Heydər Əliyev 1993-cü ilin martında Bakıya gəldi, Maşınqayırma İnstitutunda çıxış etdi, onun ətrafında 53 nəfər adam vardı. Kim bilirdi ki, Heydər Əliyev hakimiyyətə gələcək. İndi deyirlər ki, Naxçıvanda filankəslər Heydər Əliyevin silahdaşı idi. Onlar da gözləmə mövqeyində idilər. Çünki vəzifədəydilər, Vəzirov, Mütəllibov, sonra da Cəbhə hakimiyyəti ilə işləmişdilər. Söz düşəndə Heydər Əliyev haqqında deyirdilər ki, qoymur bizi işləməyə. Belə şeylər var idi. Mərkəzi Bürodan çıxarılandan sonra Heydər Əliyevin əleyhinə nə qədər yazılar yazıldı. Onları anonim, yaxud erməni adı ilə yazırdılar.

– Bu gün Prezident Aparatında Heydər Əliyevə xəyanət etmiş kim var ki, xüsusilə vurğulanır?
– Mən onu deyə bilmərəm. Kim bu sözü deyibsə, arxasında da dayansın. Mən ömrümdə ara qarışdırmamışam, hər zaman obyektiv olmuşam.

– Sirus Təbrizli də bugünlərdə sərt açıqlamalar verdi. Onun dedikləri ilə bağlı fikriniz nədir, söylədiklərinə haqq qazandırırsınızmı?
– Sirus Təbrizlini mən yaxşı tanıyıram, doğrudan da hörmətim var. O, Naxçıvanda da YAP-ın yaranmasında fəal idi. Birgə gedib-gəlirdik, iclaslarda danışırdıq, hər zaman səmimi idik. Naxçıvandakı ağır hadisələrdə o gəldi, oktyabr hadisələrində iştirak etdi, bütün mitinqləri aparırdı, çıxış edirdi. Mən də vaxt kafedra müdiri idim, bir neçə dəfə də mənim yanıma gəlmişdi, birgə çay içib söhbət etmişik. Yəni doğrudan da ağır günlərdə Heydər Əliyevin yanında görmüşəm və hesab edirəm ki, “91-lər”dən biri kimi xidməti çox olub. Şəxsiyyət kimi mənim ona hörmətim var, insan kimi çox istəyirik, ziyalıdır, vətənpərvərdir, xalqı istəyən adamdır. İndi o, nəsə deyirsə, demək, əlində arqumentlər var. Mən özüm hər zaman demişəm və yenə də deyə bilərəm ki, doğrudan da bəzi adamlar Heydər Əliyevə həddən artıq yanan adamların bəziləri kənardadırlar. Ola bilər ki, səhv ediblər. İnsan səhv də edə bilər, cinayət də. Amma şəxsən mən heç bir səhv etməmişəm, təmiz xidmət eləmişəm. Düzdür, mən cəmi bir dəfə deputat seçilmişəm. Ziya Bünyadova Allah rəhmət eləsin, o olmasaydı mən heç deputat olmazdım. Mən o zaman 20-ci adam oldum, baxmayaraq ki, mənim 20-ci olmağım da obyektiv deyildi. İkinci dəfə isə təcrübə qazanmış bir adam kimi Naxçıvandan, öz kəndimizdən namizədliyimi verdim və keçdim də. Özü də elə adamlarla mübarizə aparmışam ki, onlar pul paylayırdılar.

– Sizcə, bu prezident seçkilərində hakimiyyətin namizədi kim olacaq və ya kim olmalıdır?
– Mən hələ qabaqlar da demişəm, indi də deyirəm, hakimiyyət namizədi YAP-ın nümayəndəsi olacaq. Çünki YAP bu saat güclü qüvvədir. Baxmayaraq ki, mən bəzi tədbirlərə dəvət olunmuram, bəzi məsələlərdə məni qısqanırlar, amma obyektiv qiymətləndirmə aparan şəxs kimi hesab edirəm ki, YAP-ın qüvvəsi böyükdür. Mən az qala 25 il olacaq ki, seçkilərə qatılıram. Görmüşəm ki, hakim partiya kimi dəstəkləyirsə, o da seçkidə keçir. Elə 2005-ci ildə mənim özümü də hakim partiya dəstəklədi, hansı ki, namizədliyimi vermək istəmirdim, amma dalında dayanmadılar. Hətta keçməyəndən sonra da narazılığımı YAP-da bildirdim ki, Xətai rayonunda 30 minə qədər YAP-çı, onların da hərəsinin 5 nəfər ailə üzvü var, bu 150 min adam səs versə, mən keçəcəyəm.

– Rüstəm İbrahimbəyov deyib ki, bu seçkidə hakimiyyətə başqa adam gələcək…
– Bəli, başqa adam gələ bilər. Əgər İlham Əliyev seçilməsə, Mehriban xanım Əliyeva seçiləcək. Mən başqa bir namizəd görmürəm, ayrı söhbət ola bilməz. Obyektiv olaraq Azərbaycan mühitini, seçicisini, vəziyyəti qiymətləndirərək deyirəm ki, bugünkü qüvvələr nisbətində, inkişaf səviyyəsində, həyat şəraitində bu nəticə olmalıdır. Başqa cür ola bilməz.

– Ancaq siz vaxtilə vəziyyətə görə dəfələrlə narahatçılığınızı bildirib çağırışlar edibsiniz. Bəs bu gün nə düşünürsünüz?
– Bəli, görürsünüz ki, çıxışlarıma görə məni qabağa çəkmirlər, müəyyən iclaslara çağırmırlar. Mən baxıram Heydər Əliyev haqqında elə adamlar çıxış edir ki, o vaxt Heydər Əliyevin yanına gedə bilmirdi. Mən indi bunu açıb demirəm, amma bir çox adamlar bunları oxuyanda kimi nəzərdə tutduğumu biləcəklər. Mən Heydər Əliyevin yanına gedib-gəlirdim. Onda həmin şəxslər deyirdilər ki, soruşsa o, necə adamdır, deyərsiniz ki, yaxşı adamdır, təriflə bizi. İndi belələri Heydər Əliyevdən danışırlar. 1992-ci ildə, ondan qabaq Heydər Əliyev YAP-ı yaradanda təşəbbüs qrupunda bunların heç biri yox idi. Ancaq Heydər Əliyev Bakıya dönəndən, hakimiyyətə gələndən sonra bunlar da başladılar ki, “biz də Heydər Əliyevçiyik”.

– Bəs iqtisadi vəziyyətlə bağlı nə deyə bilərsiniz?
– Bəli, bu gün problemlər var. Azərbaycan bu cür neft və başqa təbii resurslarının olduğu şəraitdə yenə də bu problemlərin içindədir. Bir çoxları deyir ki, İlham Əliyev yaxşıdır, onun ətrafı pisdir. Mən də deyirəm ki, İlham Əliyevin ətrafında elə adamlar var ki, vallah-billah, həmin adamlar o vəzifəni tutmamalıdırlar. Mütləq belə adamlar aradan getməlidir. İş görməkdən başqa həm də xalqın mənafeyini güdən, maraqlarını qoruyan adamlar iş başında olmalıdır. Ona görə də kadr siyasəti həmişə aktual məsələdir. İndi bunu demək o demək deyil ki, sən müxalifətçisən, yaxud kimisə istəmirsən. Həmişə çalışmaq lazımdır ki, nə olursa-olsun ölkədə dövlətçilik möhkəm olsun, Azərbaycan xalqı rifah içində yaşasın, sosial ədalət təmin olunsun, heç kəs heç kəsdən inciməsin. Kasıb da olmalıdır, varlı da, orta təbəqə də. Amma bunların minimum yaşayış səviyyəsi təmin olunmalıdır. Kasıb o demək deyil ki, acından ölməlidir, onun da müəyyən yaşayış səviyyəsi olmalıdır. Kasıb bilməlidir ki, o, səmərəli fəaliyyət göstərmədiyi, az işlədiyi üçün kasıbdır. Bu şəraiti yaratmaq lazımdır. Aydın məsələdir ki, bu şəraitdə toxum tez cücərəcək. Biz iqtisadi sosializm dövründə yaşamış adamıq. Sovet dövrünün orası yaxşı idi ki, təhsilə, səhiyyəyə açıq meydan verirdi, kasıb balası da gedib Moskva şəhərində akademiklə oturub-dururdu.

– Mərhum Heydər Əliyev bu gün sağ olsaydı, ad günündə xaricdən Bakıya 250 ton gülün gətirilməsinə, belə təmtəraqlı yubiley keçirilməsinə izn verərdimi? Ümumiyyətlə, iqtisadçı alim olaraq Gül bayramına münasibətiniz necədir?
– Heydər Əliyev sovet dövründə yaşamış, o əziyyətlərə dözmüş bir adam idi. O, müharibə dövründə manatın necə qazanıldığını bilirdi. Ona görə də, əlbəttə, çox pul xərcləmirdi. Heç xərcləməmişdi də. Çalışırdı ki, bu, gələcəyə saxlansın. İstənilən təsərrüfat rəhbəri, ölkə başçısı, yaxud ailə başçısı yığcam olmalıdır, pulları əbəs yerə xərcləməməlidir. Gərək insan pulu xərcləyəndə uda. Mən bir iqtisadçı kimi heç kimdən çəkinmədən deyirəm, o güllərə xərclənən pulların əvəzinə yaxşı olardı ki, gülçülük sovxozları yaradılsın, biz xaricdən gül almayaq. O zaman bütün şəhəri, küçələrimizi güllə bəzəyək. Amma bunun sifarişçisi, müəssisəsi, ayrı-ayrı sahibkarlar olmalıdır ki, mən gül yetişdirib filan yerləri bəzəyəcəyəm. Gülçülük müəssisələri yaradılsa, yeni iş yerləri də açılar, xaricə gül satarıq. Başqa bir tərəfdən yaxşı olardı ki, həmin o vəsaitləri yetimlər üçün istifadə edək. Bəzən televizorda da eşidirik ki, filankəs humanitar yardım göstərib. Ən böyük humanitar köməyi dövlət eləməlidir. Yaxud biz bir bina tikə bilərik ki, həmin yetim uşaqlar 18 yaşından sonra küçəyə atılmasın, mənzillə təmin olunsun. Konkret hesablamasam da, bilirəm ki, söhbət az vəsaitdən getmir… (musavat.com)

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə