Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Gerçəkçi siyasət və gerçək din
Gerçəkçi siyasət və gerçək din
29 May 2013 / 11:01 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4

Millət vəkili Fazil Mustafa siyasət və dinlə bağlı maraqlı fikirlər səsləndirib. arxiv.bizimxeber.az deputatın fikirlərini oxuculara olduğu kimi təqdim edir:

“Onsuz da başı pozulmuş toplumumuz əsrlərdir mərsiyələrlə, başyarmalarla, daşa-torpağa üzünü sürtməklə, mövhumatla, cəhalətlə, öz məzhəbinin əlahiddəliyi xəstəliyinə tutulmuş durumda İslamdan uzaq bir həyat yaşayırdı. Bir tərəfdən də bu cəhaləti pisləməklə yanaşı, özləri də hamını kafir elan eləməyə hazır, xoşgörü anlayışını itirmiş, gözə çarpan formada geyimlə, saqqalla, qapqara çadralarla cəmiyyəti qorxu içində saxlamağa qərarlı bir qaraguruh İslamı təqdim və təbliğ etməyə başladı. Çəmiyyətimiz qaldı bu iki aşırı, barışmaz, başqasının dəyərlərinə sayğısız yanaşan dinçi zehniyyət sahiblərinin arasında. Nəticəsi də budur ki, Allah yolunda şəhid olmaq istəyən öz itirdiyi Vətən torpağını qorumaq əvəzinə, gedib Kəlbəcərdə, Zəngilanda, Ağdamda ermənilərə qarşı diversiya törətmək, lazım gələrsə Mübariz kimi, on-on beş erməni işğalçısını öldürərək şəhid olmaq yerinə, məchul bir cihad çağırışı ilə Suriyaya yollanır və kimsəsiz bir ananı, gənc bir qadını, körpə bir cocuğu həyatın amansız təlatümlərinin içinə buraxır. Hər kəsin şəhid olma haqqı var, ancaq O anadan, qadından, uşaqdan hallallıq almaq lazım deyilmi?”

Hər şey bu ifadələrlə başladı. Gözlədiyim kimi də oldu. İslamı zahirən yaşayan kimsələr mahiyyətə baxmadan yenə də geyim-keçimə, saqqala reaksiya verdilər. Biri də əsaslandıra bilmədi ki, Suriyada cihadı kim və niyə elan edib? Əsaslandıra da bilməyəcəklər. Mən bildiyim qədərincə Suriyada ABŞ diktator Əsədə savaş elan edib, Türkiyə siyasət gərəyi ABŞ istəyi üzrə bu prosesə qoşulub, üstəlik də İsraillə də barışıb ki, birlikdə fəaliyyət göstərə bilsinlər, Əsadı da Rusiya və İran Hizbullahı qorumağa qərar verib. Əfqanıstan nümunəsində olduğundan da biabırçı bir vəziyyət yaranıb. O zaman heç olmasa, ABŞ Talibanı ruslara qarşı kullanırdı. İndi isə ABŞ-ın Əsada qarşı başlatdığı savaşı bizim cahil dinçilər cihad adı ilə şəkilləndirib, oraya sadəlövh həmvətənlərimizi mənasız savaşa göndərirlər. Uşaqlarını, ailələrini başsız qoyub, Azərbaycan uğrunda deyil, Suriya uğrunda təcrübəsiz əsgərlər olaraq həlak olurlar. Buna bəraət qazandırmaq istəyənlər isə mövzudan yayınmaq üçün dərhal paltar və saqqal heysiyyatını önə çəkməyə çalışırlar. İslam heysiyyatı zədələnəndə rahatsız olmayanlar gör bir hansı detalın üzərində durmaqla mahiyyətdən yayınırlar.

Bir siyasət adamı olaraq bəzən qeyri-populyar mövqelər ortaya qoyanda düşündüyüm yalnız bir şey var: cəmiyyətimizi movcud həyatımızın reallıqları çərçivəsində düşüncəyə dəvət etmək, yanlışlıqları ağılla çözərək düzəltmək, yalançı vətənsevərlikdən, dinçilikdə uzaq olmaq, dini siyasi qərarlara alət etməmək, mənəvi aşınmamıza dəstək verən tarixi və müasir hansı təzahürlər varsa, onları zərərsizləşdirmək.
İllərdir aldığım iradlarda eyni mühakimə tərzini görəndə, tamamilə fərqli yaşam tərzi olan həmvətənlərimin eyni düzxətli düşüncəsini heyrətlə qarşılayıram. Baxın, mənim yüzlərlə siyasi arenada tanıdığım adamlar var, özünü şiə və ya sünni cərəyanlarına aid edən dindar dostlarım var, sənət və elm dünyasında yer alan, yaşam tərzlərimiz tam fərqli olan insanlar var. Kiminsə nə geyinməsi, saqqalını necə saxlaması, neçə dəfə və ya neçə saat ibadət etməsi, Həccə, Kərbəlaya neçə dəfə getməsi, Meydanda neçə dəfə “Azadlıq!” qışqırması və ya xalq hərəkatını balkondan seyr etməsi həqiqətən də mənim maraq mövzum deyil. Münasibət qurduğum insanda axtardığım öncə səmimiyyətdir və ona da vermək istədiyim məhz səmimiyyətdir.

Siyasətdə yaşadıqlarımız indi də başqa sahələrdə qarşımıza çıxır. Siyasətdə iyirmi il üslubu, hərəkət trayektoriyasını dəyişmədən, reallıqları doğru təhlil edib hakimiyyət uğrunda mübarizəni yeni keyfiyyətə gətirməyən zehniyyətə qarşı çıxdığında aldığın cavablar, qarşılaşdığın hücumlar ənənəvi olaraq bu sözlərlə başlayır: Bəy, biz sizə inanmışdıq, siz niyə dəyişdiniz? Yəni nə qədər ki, bizim ürəyimizdən keçənləri söyləyirsən, biz səni qəbul edirik. Eyni sualı indi də aşırı dinçilərdən eşidirəm. Sorğulayan yoxdur ki, bəlkə sizin ürəyinizdən keçənlər irreal və yanlışdırlar? Siyasətdə məndən umacağınız budur ki, sizi iyirmi il də mən aldadıb küçənin bu başından o başına yüyütməklə zamanınızı faydasız yerə xərcləyim? Əgər görürəmsə ki, siyasətin real oynandığı meydançalar dəyişib, insanlar, sosial təbəqələr xaraktercə dəyişib, siyasəti onlara uyğunlaşdırmaq əvəzində onlardan uzaqlaşmaq yolunu tutursunuz, sizləri yalandan təsdiqləyimmi? Biz deyirik ki, bu cəmiyyətin böyük əksəriyyəti təlatümsüz dəyişiklik istəyir, yeni torpaq itkisi olmadan yuxarıdan addım-addım gerçəkləşdirilən islahatlar arzulayır, fəqət tələb etmir, deyirlər ki, xeyr, bu xalq gecə də yatıb, gündüz də durub demokratiya istəyir, mübarizə aparır. Halbuki, bu qədər narazı insanın olduğu iddia edilən cəmiyyətlərdə hesabla gərək sizlərin hər çağırışına meydanlar dolub-daşsın. Ancaq iyirmi ildir bunu edə bilməyən siyasətçilər indi hamısı gözünü Rusiyaya tərəf tutmuşlar ki, görən burada “Rus kaşası” bişiriləcəkmi? Rusiyanın təzyiqi ilə burada hakimiyyət dəyişikliyi baş verəcəkmi? Əslində illərdir xalqın iradəsinə arxalandığını söyləyənlər Rusiyanın iradəsinə faktik olaraq tabe olmuş vəziyyətdədirlər. İqtidarın isə islahat aparma niyyəti olmadığından ölkə əslində mənasız bir qarşıdurmaya yönləndirilməkdədir. Durub bunları söyləyəndə düşündüyümüz bir şey var ki, Azərbaycanı qarşıdurma, xaos girdabına sürükləmədən mədəni demokratik ölkəyə çevirmək şansını itirməyək. Yoxsa kiminsə məni söyməsi və ya tərif etməsi qətiyyən bir məna ifadə etməməkdə.
Dini məsələlərə də yanaşmamız buna bənzərdir. Beynində tutduğunu dəyişəcək qədər zəkaya sahib olmayan aşırı dinçilərlə mübahisə aparmaq xatirinə bunları yazmıram. Əslində quyuya su tökməklə su olmaz desələr də, hər halda suyun töküləsi təyinat yeri quyu olduğuna görə bizlər də suyu məhz quyuya tökməyə məhkumuq. Onsuz da biz dini dəyərləri müdafiə edəndə, insanların inanclarına görə təqib olunmasına qarşı çıxanda, hicablı qızların məktəbdən qovulmasının yanlış olduğuna diqqət çəkəndə əsas məqsədimiz bu olur ki, dövlət heç bir halda dinlə savaşa girməsin, dövlət dinə sahib çıxsın. Dindarları da xoşgörüyə, tolerantlığa dəvət edəndə də dinin dövlətlə savaşa girməsinə qarşı olduğumuzu göstərmək istəyirik. Din anlayışımızda bizim qırmızı xətt olaraq gördüyümüz məqamlarda gerçəkləri söyləməkdən də qətiyyən çəkinmirik. Nə zaman ki, bir azərbaycanlını müəyyən xarici şəbəkələrin pulu və təşkilatçılığı ilə Suriyada yalançı cihad adı altında ölməyə göndərirlərsə, burada dini düşüncə sistemimizin sorğulanmasına ehtiyac yaranmırmı? İslam dinini terror şəbəkəsinə dönüşdürənlər az sonra Suriya fəlakətini mütləq bu ölkəyə daşıyacaqlar. Uzun illərdir ki, Dini Qurumlar üzrə Dövlət Komitəsi vecsiz bir quruma çevrildiyindən təbii ki, maarifçilikdən, teleməkanda sağlam dini proqramlardan, dini icmalarla polemikalar açmağın vacibliyindən söz etməyəcəyəm. Ancaq bir siyasət sahəsində fəaliyyəti olan vətəndaş kimi, bu təhlükəni görürəm və bunun önlənməsini təxirəsalmaz iş hesab edirəm.
Biz başqasının siyasi və ya dini baxışlarını, geyimini, saqqalını, davranışlarını xüsusi olaraq təftiş etmək və lüzumsuz mübahisələrə qoşulmaq düçüncəsində deyilik. Biz Azərbaycanda siyasətdə də, dini görüşlərdə də öz düşüncə sistemimizin daha faydalı və doğru olduğu iddiasındayıq və bunu ifadə etməklə məşğuluq. Azərbaycanda heç bir vətəndaş İslamı terror, təhlükə, zorakılıq mənbəyi kimi, dini kimi görməməlidir. Azərbaycanda heç bir dindarın da haqqı yoxdur ki, İslamı terror, təhlükə, zorakılıq mənbəyi, dini kimi göstərsin.

İndi İslama kimin sağlam yanaşdığını və kimin İslamı doğru yaşadığını təyin edin.

Əlbəttə, hər şeyin doğrusunu Allah bilir.”

arxiv.bizimxeber.az



Gerçəkçi siyasət və gerçək din yazısına 2 şərh yazıldı




Yuxarı Geri Ana səhifə