Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Milli Şura ilə Rusiyaya itaətkarlığı qəbul edirlər”
“Milli Şura ilə Rusiyaya itaətkarlığı qəbul edirlər”
30 May 2013 / 15:43 / Baxış sayı: 8
Font1 Font2 Font3 Font4

“Şimal qonşumuz Azərbaycanda qiyamdan çox vətəndaş müharibəsi, qardaş qırğını salmağa hazırlaşır

Son vaxtlar dünyanın aparıcı mətbu orqanlarında Azərbaycanda ciddi siyasi dəyişikliklərin olacağı və iqtisadi layihələrlə bağlı ölkəmizi ələ almaq uğrunda qızğın mübarizənin getməsi haqda ard-arda yazılar dərc olunmaqdadır. Belə yazılardan biri Almaniyanın məşhur “Focus” siyasi jurnalında da dərc olundu. Yazıda deyilir: “Bakının parlaq fasadları arxasında enerji resursları uğrunda iştisadi müharibə gedir. Məsələ qoyulub ki, onlar Avropaya çatacaqmı. Çatacaqsa, hansı yolla? Əsas rollardan birini Moskva oynayır: Putin Avropanı qax məngənəsinə sıxmaq və Rusiyadan asılı vəziyyətə salmaq istəyir”. Məqalədə bildirilir ki, Rusiya alternativ marşrutlarının yaradılmasının qarşısını almağa çalışır və bunun üçün bütün kartları ortaya qoyub: “Məlumatlı mənbələr deyir ki, Moskva qiyam təşkil etmək və İlham Əliyevin devirmək istəyir. Federal Təhlükəsizlik Xidməti əvvəlcə xaricdə fəaliyyət göstərən, sonra isə Bakıda hakimiyyətə gələcək müxalifət şəbəkəsinin yaradılması üzərində işləyir”.

 

Bundan başqa, Kreml Cənubi Qafqaz marşrutunu təhlükəli etmək üçün bölgədə münaqişələri, o cümlədən, Dağlıq Qarabağ münaqişəsini qızışdırmağa çalışır.

 

Bu və digər məsələləri Bizimxəbər.az-a şərh edən siyasi şərhçi Qabil Hüseynli Azərbaycana qarşı ciddi siyasi oyunların getdiyini söylədi. Politoluqun müsahibəsini təqdim edirik:

 

– Rusiyanın Azərbaycanda qiyam hazırlaması nə dərəcədə ciddi görünən bir məsələdir?
– Bunlar hamıya bəlli faktlardır. Rusiyanı öz mətbuatı da bu barədə eyhamlar vurur. İngilis mətbuatı da bir dəfə bu barədə xəbərdarlıqlar edərək müəyyən analiz xarakterli yazı dərc etdirmişdi. Rusiya doğrudan da Azərbaycandakı enerji ehtiyatları və bütövlükdə ölkəmizin geostrateji vəziyyəti uğrunda qızğın mübarizəyə girişib. Bu mübarizənin səviyyəsini də hər gün bir az artırır. Bütün dostluq çağırışlarına və yaxın qonşuluq münasibətləri ilə bağlı xoş sözlərə baxmayaraq aydın görünür ki, şimal qonşumuz Azərbaycanda da müəyyən qüvvələr daxil olmaqla ölkəmizdə qiyamdan çox vətəndaş müharibəsi, qardaş qırğını salmağa hazırlaşır.

 

– Kremlin ölkəmizdə qiyam törətmək üçün kifayət qədər potensialı varmı?
– Rusiya Azərbaycanada hər hansı bir qiyamın törədə biləcək sırf yerli əhəmiyyətli potensiala malik deyil. Amma, indiki halda ruslar erməniləri üsdümüzə sözün həqiqi mənasında qısqırda bilərlər. Rusiya elektoral bazası olmayan müxalifəti müəyyən qeyri-konstitusion hərəkətlərə vadar edə bilər. Bu istiqamətdə də artıq müəyyən işlər görülür. Ancaq bir şey aydındır ki, Azərbaycan da 1993-cü ildəki, 4 iyun qiyamı zamanındakı Azərbaycan deyil. Azərbaycanın güclü ordusu var. Daxili asayiş qüvvələri yüksək inkişaf etmiş səviyyədədir. Mən belə hesab edirəm ki, ölkəmiz özünü müdafiə edə biləcək səviyyədədir. Həmçinin, Azərbaycanın yeni-yeni dostları və beynəlxalq səviyyədə onu müdafiə edən qüvvələr əmələ gəlir.

 

– Rusiyanın belə gizli planı varsa, bəs Qərb niyə susur?
– Bu günlərdə ölkəmizdə ABŞ-Azərbaycan Forumu keçirildi. Bu forumda Azərbaycanın müdafiəsi ilə bağlı çox sərrast fikirlərin səsləndirilməsinin də şahidi olduq. Qərbin bir çox dairələrində də həmin fikilər səsləndirilir və açıqca Rusiyaya bildirirlər ki, bura dünya meşə qanunları ilə idarə edilmir, beynəlxalq hüquq normaları var. O normaları aşan dövlətlər beynəlxalq ictimaiyyətin, beynəlxalq qurumların kəskin reaksiyası ilə üz-üzə qalacaqlar. Bu mənada Qərbin də susduğunu demək olmaz.

 

– Demək olarmı ki, Rusiyada yaşayan azərbaycanlıları da bu işə cəlb edirlər?
– Əlbəttə haqlısız. Mənə ən çox təəssüf doğuran odur ki, Rusiyada olan bir sıra şəxslər ciddi təsir altına düşüblər. Bunlardan birinin həyat yoldaşı rusdur, digərininki erməni, başqa birinin əsli nəcabətində çox ciddi qarmaqarışıqlıqlar var. Belə insanlar ətrafına müəyyən qəbildən olan insanları toplayaraq Azərbayacana qarşı təşkil edilən antiazərbaycan təbliğatında fəal rol oynayırlar. Onlardan hətta birisi-Abbas Abbasov Azərbaycanı hədələyəcək tərzdə ifadələr səsləndirməkdədir. Bu mənada dünənə qədər özünü Heydər Əliyev məktəbinin yetişdirməsi hesab edən və ömrünün axırına qədər Heydər Əliyevçi qalacağını bildirən bu şəxs rusların verdiyi vədlərdən eyhamlanaraq “artıq bizim qarşımızda heç kəs dayana bilməz və onlar gedəcəklər” kimi sözlər işlədir.

 

– Azərbaycanın daxilində bu məsləyə açıq dəstək hiss olunurmu?
– Bəli olunub və olunur da. Təəssüf doğuran haldır ki, dünənə qədər Qərb dəyərlərini özünün proqram və nizamnamələrində əks etdirən bəzi müxalif siyasi qüvvələr də Milli Şura adı altında Rusiyaya itaətkarlığı qəbul edərək, bu ölkənin xidməti altında olduğu şübhə doğurmayan Rüstəm İbrahimbəyovun çağırışları və müəyyən maddi vəsaitinin təsirindən Milli Şura deyilən bir birliyə qoşulublar. Bu birliyin dirijor çubuğu da Rüstəm İbrahimbəyovun və deməli, Rusiyanın əlindədir. Çox qəribədir ki, bir andaca özlərinin dəyərlərindən, proqram müddəalarından və söykəndikləri siyasi irsdən imtina edən bu şəxslər və kiçik partiyalar Rusiyanın yenidən Azərbaycana gəlişini təmin edən addımlar atmağa hazırlaşırlar. Düzdür, hər halda bunun ölkədə necə qarşılanacağı tam bəlli deyil. Bunun ölkə konstitusiyasına uyğun olub, olmaması məsələləri yəqin ki, ciddi surətdə araşdırılacaq. Amma məsələ burasındadır ki, bu adamlar yaxın tarixin dərslərindən ibrət götürməyiblər. Hər dəfə bu cür hadisələrin ölkəyə necə baha başa gəldiyini düşmən Ermənistanın belə məqamlardan necə yararlandığını bu adamlar unudublar. Bir sözlə Almaniya jurnalında yazılanlar həqiqətə yaxındır. Amma onlar bircə şeyi qeyd etməlidilər ki, Azərbaycan dövləti də yatmayıb və hazırlanan bütün təxribatları bilir. Bu planlara qarşı dövlət lazımi tədbirləri görərək dünya ictimaiyyətini də bu istiqamətdə bilgiləndirir. Artıq Azərbaycan özünə kifayət qədər dost toplayıb. Onların köməyi ilə də inşallah bu cür avantüralar dəf ediləcək.

Tural
arxiv.bizimxeber.az



“Milli Şura ilə Rusiyaya itaətkarlığı qəbul edirlər” yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə