Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Azərbaycan hökumətinə xəyanət edə bilmərəm”
“Azərbaycan hökumətinə xəyanət edə bilmərəm”
30 May 2013 / 16:05 / Baxış sayı: 18
Font1 Font2 Font3 Font4

Abbas Abbasov namizəd olmayacağını açıqladı

“Bizim qarşımıza qoyduğumuz məqsəd Rusiyadakı azərbaycanlıların birliyidir. Rusiyada yaşayan azərbaycanlıları bir-birinə qarşı qoymaq yox, onların həmrəy olmasına kömək etmək lazımdır”. Bu fikirləri APA-ya müsahibəsində Rusiya Azərbaycan Təşkilatları İttifaqının və “AzərRos” Federal Milli-Mədəni Muxtariyyətinin Ağsaqqallar Şurasının sədri Abbas Abbasov bildirib.

O, Rusiyanın burada yaşayan azərbaycanlılar üçün ikinci vətən olduğunu söyləyib: “Bizim hamımızın vətəni Azərbaycandır. Amma indi Rusiyada yaşayırıq. Burada təkcə Rusiya vətəndaşları olan azərbaycanlılar olmur, bura çörək dalınca gələn çoxlu sayda həmyerlilərimiz var. Onlar əmək mühacirləridir. Burada qazandıqları çörəyi Azərbaycana, oradakı yaxınlarına göndərirlər. Bizim də məqsədimiz odur ki, həmin həmvətənlərimizin qarşılaşdıqları problemlərin həllində onlara kömək edək. Nə isə problemləri varsa, onlara yardımcı olaq. Mən “AzərRos” Federal Milli-Mədəni Muxtariyyətinin Ağsaqqallar Şurasının sədri kimi həmvətənlərimə xidmət edirəm. İstəyim budur ki, buradakı təşkilatlar birləşsin, bir yumruq kimi olaq. Amma təəssüflər olsun ki, bizim haqqımızda yaranan söz-söhbətlər, dedi-qodular buna imkan vermir. Bizim gördüyümüz iş ictimai işdir. Amma müəyyən qüvvələr bu məsələni siyasiləşdirir. Ona görə də, bu birlik hələ də alınmır. Birləşməyimizi istəməyən qüvvələr nə isə sensasiya və qarşıdurma yaratmağa can atırlar. İstəyirlər ki, Azərbaycan hökuməti ilə mənim aramı vursunlar. Mən Azərbaycan hökumətinə 15 il xidmət eləmişəm. Özü də bir vəzifədə, Azərbaycan Respublikasının baş nazirinin birinci müavini vəzifəsində. Mənim ayrı vəzifəm olmayıb. Mən Azərbaycan hökumətinə və xalqına xəyanət edə bilmərəm. İstəsəm də, bunu edə bilmərəm. İstəyirəm ki, Azərbaycanda siyasi sabitlik olsun. 1990-cı illərin əvvəllərindəki xaosu və qanlı-qadalı günləri görmüşəm. İstəmirəm ki, bunlar bir daha təkrarlansın. Ancaq bəzi qüvvələr əksinə, öz çirkin niyyətlərinə uyğun olaraq mənimlə Azərbaycan hakimiyyəti arasında qarşıdurma yaratmaq istəyirlər. Mən heç bir sensasiyalı addıma gedən adam deyiləm”.

Abbas Abbasov keçirdikləri tədbirlərə hamını dəvət etdiklərini söyləyib: “Ümumrusiya Azərbaycan Konqresini, səfirliyimizi tədbirlərimizdə görmək istəyirik. Bunu Azərbaycanın dövlətçiliyi naminə edirik. Amma bu iş qarşılıqlı olmalıdır. Çünki bu qurumların heç biri tədbirlərimizə gəlmir. Başqa millətlərin nümayəndələri bizə baxaraq gülür. Bizim aramızda olan soyuqluqla maraqlanırlar. Axı belə olmaz! Biz hamımız bir vətənin övladlarıyıq. Mənim artıq 64 yaşım var. Onlardan özümə qarşı hörmət gözləyirəm. Burada rəhbərlik etdiyim, Rusiyada dövlət qeydiyyatından keçmiş iki təşkilat var. Bu təşkilatlardan imtina etmək mümkün deyil. Abbas Abbasovu sevməmək olar. Amma bu təşkilatlara hörmət etməmək olmaz! Mən bir təşkilat rəhbəri olaraq onların bütün tədbirlərinə gedirəm. Getməyə də bilmərəm. Amma onlar bizim tədbirlərə qatılmırlar. Niyə həmin təşkilatları çağırıb bizim tədbirlərə qatılmamaqlarının səbəbini soruşmurlar?”

A. Abbasov deyib ki, Azərbaycan mətbuatında haqqında yazılan yazıları və şərhləri oxuyur: “Bunlar hamısı çirkin əməlin məhsuldur. Bu yazılanlara heç nağıl da demək olmaz. İstəyirlər ki, məni hakimiyyətlə qarşı-qarşıya qoysunlar. Hörmətli prezidentimiz İlham Əliyevlə görüşümüz, səmimi söhbətimiz olub. Bir-birimizi anlamışıq. Məndən Azərbaycan hakimiyyətinə, dövlətinə və xalqına düşmən olmaz”.

O deyib ki, prezidentlə münasibətlərində gərginliyin yaranması ilə bağlı yazılanlar mətbuatın uydurmasıdır: “Bu yazıların arxasında kimlərin dayandığını da bilirəm. Mənim prezidentlə normal və işgüzar münasibətim var. Bu yaxınlarda da hörmətli prezidentimiz İlham Əliyevlə telefon danışığım olub. Əfsuslar olsun ki, bu yazıların qarşısını ala bilmirəm”.

Abbas Abbasov Azərbaycanda qarşıdan gələn prezident seçkiləri ilə bağlı da danışıb: “Azərbaycanda keçiriləcək prezident seçkilərində namizədliyimi irəli sürməyəcəyəm. Bir daha qeyd etmək istəyirəm ki,  mən, siyasətlə məşğul olmuram və olmaq fikrim də yoxdur. Gördüyüm iş ictimai işdir. Cənab prezident özünün xeyir-duası ilə “AzərRos” Milli-Mədəni Federal Muxtariyyətinə rəhbərlik edirəm. Mən bu işi prezidentin xeyir-duası ilə öz üzərimə götürdüm. İndi gecə-gündüz var gücümlə işləyirəm. Hər gün Rusiyanın bir vilayətində oluram. Mətbuatın haqqımda yazdıqları, guya Abbas Abbasov prezident seçkilərinə hazırlaşır, namizədliyini verəcək və s. bu kimi yazıları uydurma məlumatlardan başqa bir şey deyil. İstəyirəm ki, Azərbaycan dövləti, hakimiyyəti və xalqı da bilsin ki, mən burada siyasətlə məşğul olmuram. Artıq bu söz-söhbətlərdən yorulmuşam. Bizim ümumi bir düşmənimiz var. Onlara qarşı mübarizə aparmaq lazımdır. Bu düşmən gözümüzün qabağındadır. Biz birləşməsək, bu torpaqları kim alacaq?”

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə