Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Kəmaləddin Heydərovun pulunu kimlər mənimsəyir…
Kəmaləddin Heydərovun pulunu kimlər mənimsəyir…
13 İyun 2013 / 18:06 / Baxış sayı: 504
Font1 Font2 Font3 Font4

Yaxud “Qəbələ” futbol klubunu “Bermud üçbucağı”na salanlar

Büdcəsinə görə Azərbaycanın ən varlı futbol klublarından biri də Qəbələnin eyniadlı komandasıdır. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun prezidenti olduğu “Qəbələ” klubu həm də infrastrukturunun səviyyəsinə görə digər klublardan fərqlənir.

Qəbələdə müasir standartlara cavab verən təbii örtüklü bir neçə stadion var. Klub üçün əla baza, uşaq akademiyası da yaradılıb. Avropada təhsil almış Tale Heydərov “Qəbələ”nin Avropa standartlarına uyğunlaşdırılması üçün xeyli zəhmət və vəsait sərf edib. Amma “Qəbələ” bu illər ərzində nəinki Azərbaycan çempionu ola, hətta heç gümüş və bürünc medallara da sahib çıxa bilməyib. Komanda Azərbaycan kuboku uğrundakı yarışlarda da daim uğursuzluqla üzləşib. Hər mövsümün əvvəlində qarşısına çempionluq hədəfi qoyan “Qəbələ” sonda heç avrokuboklara da vəsiqə əldə edə bilmir.

Yaxşı, bəs olduqca sanballı büdcəyə, əla infrastruktura malik “Qəbələ”də nə çatmır ki, komanda dalbadal uğursuzluğa düçar olur?

Bu sualın cavabı sadədir: Tale Heydərov komanda üçün Avropa standartlarına uyğun şərait yaratsa da klubun idarəçiləri heç Azərbaycan standartlarına da uyğun gəlmirlər. Elə ona görə də bu klubun ətrafında daim xoşagəlməz söz-söhbətlər yayılır.

toni aams“Qəbələ”ni komandanın vitse-prezidenti Fariz Nəcəfov demək olar ki, təkbaşına idarə edir. Bütün problemlər də keçmiş karateçinin komandanın mənafeyinə yox, məhz öz maraqlarına uyğun idarəetmə metoduna üstünlük verməsindən qaynaqlanır.

Ünlü ingilis mütəxəssis Toni Adamsdan əvvəl “Qəbələ”nin baş məşqçisi yerli mütəxəssis Ramiz Məmmədov idi. Transfer məsələlərində böyük fırıldaqlara yol verdiyi iddia olunan Ramiz Məmmədov futbolçuların çoxsaylı və davamlı şikayətlərindən sonra klubdan uzaqlaşdırıldı. O zaman mətbuata danışan futbolçular açıq mətnlə bildirirdilər ki, Ramiz Məmmədov onların müqavilə şərtlərinə uyğun olaraq aldıqları pulun müəyyən hissəsini mənimsəyirmiş.

Ramiz Məmmədov “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfovun yaxın qohumudur. Mətbuatda yayılan belə xoşagəlməz söz-söhbətdən sonra Nəcəfov da qohumunu qoruya bilmədi.

Tale Heydərov bu dəfə İngiltərə “Arsenal”ının keçmiş ulduzu Toni Adamsı “Qəbələ”yə baş məşqçi gətirdi. “Qəbələ”də ideal infrastrukturun qurulması da məhz Adamsın gəlişindən sonra başladı. Amma Toni Adams müəyyən müddətdən sonra ailə vəziyyəti ilə əlaqədar Qəbələdəki işindən ayrılmalı oldu. Bundan sonra komandaya bir müddət türkiyəli çalışdırıcı Fatih Kavlak başçılıq etdi. Ancaq hər kəs bilirdi ki, Kavlak klubda müvəqqətidir və Fariz Nəcəfov yaxın qohumu Ramiz Məmmədovu yenidən komandanın baş məşqçisi postuna gətirmək istəyir.

Fariz Nəcəfov bu istəyinə nail oldu da. Ramiz Məmmədov yenidən baş məşqçi postuna gətiriləndən sonra “Qəbələ” ətrafındakı ənənəvi xoşagəlməz söz-söhbət yenidən qızışdı. Mətbuatda yazılanlara inansaq, Fariz Nəcəfov-Ramiz Məmmədov-Zaur Əzizov üçlüyü transferlər zamanı “ümumi qazan”dan külli miqarda pul mənimsəyir. Onlar komandanın transfer çalışmalarına tamamilə nəzarət edir, yalnız özlərinin istəyi ilə kluba futbolçu götürürdülər.

taleh heyderovRamiz Məmmədovun növbəti dönüşündən sonra “Qəbələ” ətrafındakı ən qalmaqallı və müəmmalı olay “Bakı” ilə oyunda yaşandı. “Qəbələ”nin öz meydançasında “Bakı”nı qəbul etdiyi gün (2 dekabr, 2012-ci il) paytaxt klubunun prezidenti Hafiz Məmmədovun ad günü idi. Çox maraqlıdır ki, “Bakı” həmin gün “Qəbələ”yə elə Qəbələdə də 2:0 hesabı ilə qalib gəldi, “zolaqlılar”ın futbolçuları isə meydanda prezidentlərinə ünvanlanan təbrik baneri açdılar.

Xatırladaq ki, “Hafka” ləqəbli iş adamı Hafiz Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun sağ əli hesab edilir. Hafiz Məmmədovun ad gününü Qəbələdə – “Qəbələ” üzərindəki qələbədən sonra təntənli surətdə qeyd etməsi böyük əks-səda doğurdu. Mətbuatın yazdığına görə, “Bakı” rəhbərliyi ilə yaxın münasibətləri olan Ramiz Məmmədov komandanın bilərəkdən uduzmasını təmin edib.

Kəmaləddin Heydərovun necə deyərlər, çörəyini yeyən birisinin belə hərəkəti futbol ictimaiyyətini təəccübləndirdi. Bundan sonra Fariz Nəcəfov da yaxın qohumunu “Qəbələ”də saxlaya bilmədi. Tale Heydərov Ramiz Məmmədovu növbəti dəfə qovdu və yenə də xaricdə məşqçi axtarmaq qərarı verdi.

Amma Fariz Nəcəfov-Zaur Əzizov cütlüyü hələ də klubda idi və fəaliyyətini davam etdirirdi. Tale Heydərovun ünlü rusiyalı məşqçi Yuri Syominlə danışıqlar apardığı bir vaxtda bu cütlük də Bakı “İnter”indən qovulan Səbuhi Səfiyarlını komandada yüksək posta gətirdi. Səbuhi Səfiyarlı futbol ictimaiyyəti arasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin adamı sayılır. Səfiyarlı “İnter”dən qalmaqalla ayrılmışdı. “Bankirlər”in gürcü baş məşqçisi Kaxaber Tsxadadze onu oyun satmaqda ittiham etmişdi. Əvvəllər menecerliklə məşğul olan Səbuhi Səfiyarlı bir çox futbolçuların “İnter”ə transfer edilməsinə nail olmuşdu. Tsxadadze iddia edirdi ki, Səbuhi Səfiyarlı Ramin Musayevin göstərişi ilə bəzi oyunlarda futbolçulara var qüvvələri ilə oynamamaq göstərişi verib.

Bunları əbəs yerə xatırlamadıq. Səbuhi Səfiyarlı “İnter”dən qovularkən futbol ictimaiyyəti onun işsiz qalmayacağını proqnozlaşdırırdı. Belə də oldu. Səfiyarlı gözlənilmədən “Qəbələ”də peyda oldu. Onun “Qəbələ”yə gəlişi zamanı Tale Heydərov Yuri Syominlə danışıq aparır, ona hər cür şərait yaradacağı, istədiyi futbolçuları alacağı vədini verirdi. Qəbələyə gəlib klubun infrastrukturu ilə tanış olan Syomin fikirləşmək üçün vaxt istədi və ölkəsinə getdi.

qebele futbolDüşünmək olardı ki, məhz yeni baş məşqçinin təyinatından sonra “Qəbələ”də transfer çalışmaları başlayacaq, klub rəhbərliyi qarşısına yüksək hədəflər qoyacağı baş məşqçinin istədiyi futbolçuları transfer edəcək.

Ancaq bu gözləntilər özünü doğrultmadı. “Qəbələ”nin transfer çalışmaları Səbuhi Səfiyarlının gəlişindən sonra başladı. Fariz Nəcəfovun dəstəsi tələm-tələsik Vladimir Levin və Nizami Hacıyevin transferini reallaşdırdı. Məsələnin maraqlı tərəfi odur ki, transfer olunan hər iki futbolçu Səbuhi Səfiyarlının qovulduğu “İnter”də çıxış edirdi.

Bu yerdə Tsxadadzenin Səfiyarlıya qarşı irəli sürdüyü ittiham yada düşür. Görünür, Fariz Nəcəfov yeni gələcək baş məşqçiyə də “sürpriz” hazırlayıb, öz qohumu Ramiz Məmmədovu növbəti dəfə “Qəbələ”yə gətirmək üçün əməli fəaliyyətə başlayıb.

Dediyimiz kimi, “Qəbələ”nin sanballı büdcəsi, ideal infrastrukturu var. Amma orada idarəçilik yoxdur. Heydərovun ayırdığı vəsait “Bermud üçbucağı”nda yoxa çıxır. Əvvəllər bu üçbucağı Fariz Nəcəfov-Ramiz Məmmədov-Zaur Əzizov üçlüyü formalaşdırırdı. İndi “Bermud üçbucağı”nda Ramiz Məmmədovu Səbuhi Səfiyarlı əvəz edib.

Son söz yerinə yalnız bunu demək olar: Tale Heydərov əvvəlcə komandanı sağlam düşüncəli idarəçilərə tapşırmalı, sonra Avropada məşqçi axtarmalıdır. Əks təqdirdə “Bermud üçbucağı” “Qəbələ”ni yerli-dibli udacaq…

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə