Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Hər gün güclənən Azərbaycan ordusu – FOTOLAR
Hər gün güclənən Azərbaycan ordusu – FOTOLAR
15 İyun 2013 / 14:50 / Baxış sayı: 2518
Font1 Font2 Font3 Font4

Azərbaycan xalqı həmişə sülhün, əmin-amanlığın qədir-qiymətini bilib, qonşuları ilə mehriban, isti münasibətlərə üstünlük verib. Biz davakar olmamışıq, döyüşkən  olmuşuq. Hücüm etməmişik, ancaq müdafiəni də unutmamışıq. Lakin son dərəcə əlverişli coğrafi mövqeyi, zəngin təbii ehtiyatları olan bu məmləkətin qapısından düşmən əskik olmayıb. Ona görə də bir əlimizdə duz-çörək olubsa, o biri ilə isə sivri qılıncın qəbzəsindən yapışmışıq.

Bu gün rejim adlandırdığımız 70 illik sovet üsul-idarəsinin müsbət sayıla biləcək mirası içərisində Vətənə intəhasız məhəbbət, beynəlmiləl tərbiyə, vətənpərvərlik, əsgəri borc kimi məziyyətləri xüsusilə fərqləndirmək olardı. İkinci Dünya müharibəsi Azərbaycan əsgərinin misilsiz şücaət və solmaz rəşadətinə şahid oldu. Respublika əhalisindən səfərbər olunmuş 600 minədək döyüşçü cəbhədə qəhrəmanlıqla vuruşaraq Azərbaycan oğlunun hansı yüksək mənəvi, fiziki keyfiyyətlərə və vətənpərvərlik hisslərinə malik olduğunu sübut etdi. Onlardan 300 mini geriyə qayıtmadı. O vaxt əsas heyəti azərbaycanlılardan ibarət olan dörd milli diviziya yaradılmışdı. Əfsuslar olsun ki, müharibədən sonra mərkəzi hakimiyyətin göstərişi ilə həmin hərbi birləşmələr ləğv edildi. Çünki milli ruhun, cəngavərlik ənənələrinin, şəxsi nümunənin yüksək olduğu milli diviziyalar Kremlin sahiblərinə qorxu və xof təlqin edirdi. Rusiya, Ukrayna və Belarusiya istisna olmaqla, milli respublikalarda hərb sənətinin, milli hərbi kadrların və onları yetişdirəcək müvafiq təhsil müəssisələrinin yaradılmasına qısqanc və ikili münasibət sonralar da özünü göstərdi.

Belə bir dövrdə – milli fərdilik nümunəsinin mücərrəd sovet ailəsi konsepsiyası kontekstində əridilməsinə cəhdlərin məqsədyönlü siyasət şəkli aldığı ötən əsrin 70-ci illərinin əvvəllərində Azərbaycanın rəhbəri Heydər Əliyevin Cəmşid Naxçıvanski adına hərbi liseyin əsasını qoyması öz ideyasına və miqyaslarına görə inqilabi səciyyə daşıyırdı. Belə ki, milli ruhlu hərbi kadrların yetişdirilməsi, bu  prosesin zəruri vəsilələrini təşkil edən təhsil bazası və tədris korpusunun yaradılması heç vaxt mərkəzi hakimiyyətin “velikorus” millətçiliyi və strateji maraqlarının çərçivəsinə daxil olmamışdı. Ancaq Heydər Əliyevin tarixi xidməti və heç nə ilə müqayisəyə gəlməyəcək tarixi nailiyyəti ondan ibarət oldu ki, böyük bir sovet imperiyasının, onun ideoloji maşınının qurub keşiyində durduğu stereotipi yerindən tərpətməyə müvəffəq oldu, şəxsi münasibəti, nüfuzu, əlaqələri, nəhayət, iradəsi və qətiyyəti sayəsində respublikada milli hərbi kadr hazırlığı üçün baza rolunu oynaya biləcək ilk hərbi məktəbin təməlini qoya bildi.

Əlbəttə, acınacaqlı fakt idi ki, Zığda yerləşən və əhəmiyyətinə görə SSRİ məkanında ikinci yeri tutan Ali Hərbi Dənizçilik Məktəbində hətta xarici ölkələrdən gəlmiş 150-200 əcnəbi vətəndaş təhsil aldığı halda, azərbaycanlılar yox səviyyəsində idilər. Ali Ümumqoşun Komandirləri Məktəbində vur-tut 20-yə yaxın azərbaycanlı müdavim vardı. Professor-müəllim heyətinin milli tərkibi isə ümumiyyətlə, bizim xeyrimizə deyildi.

1989-1993-cü illər Azərbaycan tarixinə ən mənhus dövr kimi daxil olmuşdur. Həmin illərdə dövlətçilik təcrübəsi və ənənələri, iqtisadiyyat və idarəetmə, ordu quruculuğu, aqrar sahə, mənəvi sfera və digər fəaliyyət sahələrində əldə edilmiş nailiyyətlərin hamısı iflasa uğradı, xaos və anarxiya vəziyyətində olan ölkə Ermənistanın başladığı şərəfsiz müharibədə torpaqlarının 20 faizini itirdi. Şübhəsiz, bu  faciələrin konkret baiskarları, xəyanətlərin konkret ünvanları vardı. Məhz Heydər Əliyevin sərkərdə səriştəsi, siyasi müdrikliyi və fitri idarəetmə istedadı sayəsində 1993-cü ilin ikinci yarısından etibarən son dərəcə mürəkkəb bir vəziyyətdə olan Azərbaycanda Milli Ordu quruculuğu, Silahlı Qüvvələrin təşkili prosesi yeni vüsət almağa başladı.

1994-cü ilin mayında ulu öndərin sayəsində əldə edilmiş atəşkəs rejimini bu günədək sabitqədəm saxlayan amillərdən biri də elə məhz son illər Azərbaycanın getdikcə artan müdafiə qüdrətidir.

2003-cü ildə xalqın mütləq əksəriyyətinin istəyi ilə Prezident seçilmiş cənab İlham Əliyev işğal altında olan torpaqlarımızın beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə, sülh yolu ilə azad edilməsi xəttini Azərbaycan xarici siyasətinin əsas prioritetlərindən biri, Azərbaycan dövlətinin birmənalı mövqeyi olaraq bəyan etmişdir: “Biz danışıqlar prosesində öz prinsipial mövqeyimizdən bir addım geri atmamışıq. Bir neçə il bundan əvvəl nəyi demişiksə, bu gün də həmin mövqeyin üstündə dayanırıq. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıbdır və olmayacaqdır.  Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. İşğalçı qüvvələr işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır, Azərbaycan vətəndaşları oraya qayıtmalıdırlar”.

Belə bir sülhpərvər siyasətə rəğmən dövlət başçısı hər il müdafiə xərclərinin artırılmasına, Silahlı Qüvvələrin müasir cəbbəxana və modern texnika ilə təchiz edilməsinə xüsusi diqqət yetirir. Çünki söhbət müstəqil dövlətin ərazi bütövlüyünün bərpasından, yurd-yuvasından didərgin düşən Azərbaycan vətəndaşının öz doğma torpaqlarında yaşamaq istəyi kimi təbii hüquqlarının təmin olunmasından gedir.

Sirr deyil ki, Azərbaycan bu gün regionun aparıcı siyasi-iqtisadi nüfuz və güc sahibi olmaqla yanaşı, hərbi müstəvidə də əsas söz sahibidir. Tək silahlanma sahəsində deyil, mənəvi-psixoloji hazırlıq cəhətdən də fərqlənən ordumuz erməni işğalına məruz qalmış əraziləri qısa müddət ərzində qaytarmaq gücünə qadirdir. Belə bir reallıq nəinki rəsmi Yerevan, eləcə də münaqişəyə bu və ya digər dərəcədə dəxli olan beynəlxalq güclər tərəfindən də etiraf olunmaqdadır. Hamı dərk edir və separatçılıq əhval-ruhiyyəsi gözlərini örtmüş zavallı Ermənistanın da dərk etməsinə çalışır ki, problemin hərbi yolla həlli variantı bu ölkəni fəlakətlərin girdabına sürükləyəcək, onun sonunun başlanğıcına çevriləcəkdir.

Ölkəmizdə ordu quruculuğu prosesində əldə edilən nailiyyətlər fonunda indi erməniləri qorxudan əsas məsələ Azərbaycanın işğal edilmiş ərazilərini azad etmək üçün hərbi əməliyyatlara başlaya biləcəyini və bu zaman Azərbaycan ordusunun qarşısında tab gətirməyəcəklərini yaxşı başa düşmələridir. Azərbaycan isə beynəlxalq hüquq normaları əsasında ərazilərini işğaldan azad etmək üçün hərbi əməliyyatlara başlamaq hüququna malik olduğunu dəfələrlə bəyan edib.

Respublikanın malik olduğu iqtisadi qüdrət, müdafiə potensialı, beynəlxalq siyasi dəstək,  eləcə də güclü insan resursları hər hansı bir müharibə perspektivinin işğalçı Ermənistan rejimi üçün fiasko ilə nəticələnəcəyini ortaya qoyur. Müharibəni silahla edirlər. Faktdır ki, Silahlı Qüvvələrin maddi-texniki təchizatı ölkənin iqtisadi inkişaf dinamikası ilə paralel şəkildə yüksələn xətt üzrə inkişaf edir. Müharibəni Vətən yolunda canını fəda etməyə hazır olan əsgərlərlə edirlər. Azərbaycan torpağı Mübariz İbrahimov kimi çox qəhrəmanlar yetirməyə qadirdir.

Diqqətəlayiq faktdır ki, Milli Ordu quruculuğu, Silahlı Qüvvələrin modernləşməsi prosesləri beynəlxalq təcrübəyə istinad və inteqrasiya çətiri altında aparılır. Azərbaycan  ordusu NATO standartlarına keçidi, döyüş qabiliyyətinin qabaqcıl təcrübəyə müvafiq olaraq yüksəldilməsi sahəsində də mühüm uğurlara imza atıb. Kursant və zabit heyətinin dünyanın ən qabaqcıl hərbi təhsil müəssisələrində hərb sənətinin sirlərinə yiyələnməsi ordumuzun peşəkarlıq səviyyəsinin yüksəlməsində öz töhfəsini verməkdədir. Ölkənin müdafiə sənayesinin istehsalı olan və xaricdən idxal olunan müasir silah-sursat və hərbi texnika hesabına Azərbaycan Ordusunun maddi-texniki bazası daim güclənməkdədir.

Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: “Bizim hərbi xərclərimiz son 5-6 il ərzində 10 dəfədən çox artıb. Orduya ayrılan vəsait 10 dəfədən çox artıb. Hərbi hazırlıq yüksək səviyyədədir. Orduda və bütün Silahlı Qüvvələrdə ruh yüksəkliyi vardır. Son illər ərzində çoxlu texnika, silah-sursat alınmışdır. Bu proses davam edir və bu bizim təbii haqqımızdır.

Silahlı Qüvvələrin texniki təchizatı baxımından bu gün ölkəmiz Ermənistanı bütün parametrlərdə çox üstələyir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, iki il əvvəl ordunun istifadəsinə 1 milyard ABŞ dollarından artıq silah və texnika verilmişdir. Bu isə Emənistanın ümumi hərbi xərclərindən üç dəfə çoxdur. Verilən məlumatlara görə, son illər təcavüzkar erməni ordusu müasir hərbi texnika ilə təmin edilməyib. Orduda ruh düşkünlüyü və qənimətçilik əhval-ruhiyyəsi hökm sürür. Ermənistan silahlı qüvvələrinə tabe olan motoatıcı, əlahiddə rabitə, mühəndis-istehkam, radio-texniki alaylarında, artilleriya və təlim motoatıcı briqadalarında, artilleriya və əlahiddə özüyeriyən divizionlarda, çoxsaylı hərbi hissələrdə xidmət rəisləri və hərbi hissə komandirləri tərəfindən ərzaq, əşya, yanacaq-sürtgü materiallarını, avtomobil və döyüş texnikalarının ehtiyat hissələrinin satılması halları davam edir.

Azərbaycan ordusu isə bu gün ən müasir standartalara cavab verən texnika ilə təmin edilməkdədir. Ötən illər ərzində ordunun ehtiyacları üçün pilotsuz uçuş təyyarələri, radio-kəşfiyyat və radio-elektron mübarizə, gecə-gündüz uzaqməsafəli müşahidə, o cümlədən qoşun və xüsusi təyinatlı bölmələrdə kəşfiyyatçıların fərdi gecəgörmə vasitələri, əlahiddə kəşfiyyat taborları üçün xeyli yeni və müasir texnika alınıb. Eləcə də Silahlı Qüvvələrin artilleriya hissə və bölmələrinin peşəkar şəxsi heyəti müasir silah və texnika, avtomatlaşdırılmış idarəetmə sistemləri, o cümlədən müasir yaylım atəşli reaktiv sistemlərlə komplektləşdirilib. Bu isə yaxın və uzaq məsafələrdə yerləşən düşmən hədəflərinin böyük bir ərazidə məhv edilməsinə imkan verir. Daha sonra  istismarda olan silahlar müasir tipli optik gündüz və gecəgörmə nişangahları, müşahidə cihazları ilə kompleksləşdirilib. Zirehli texnika üzərində modernləşdirmə işlərinin aparılması, atəşin və döyüşün müasir tipli idarəetmə sistemlərinin quraşdırılması işlərinin başa çatdırılması nəticəsində isə maksimal uzaqlıqda yerləşən düşmən hədəflərinin hava şəraitindən asılı olmayaraq, gecə və gündüz məhv edilməsi imkanı əldə edilib. Ümumiyyətlə, artıq heç kimə sirr deyil ki, yeni silah sistemlərinin alınması və quraşdırılması sayəsində Silahlı Qüvvələrimiz Ermənistanın bütün ərazisində yerləşən hədəfləri məhv etməyə qadirdir.

Daha bir maraqlı məqam ondan ibarətdir ki, hazırda Azərbaycan Ordusunun ixtiyarında elə silah növləri, hərbi texnikalar, aviasiya parkı mövcuddur ki, Ermənistanın yaxın gələcəkdə analoji texnikaya yiyələnmək ehtimalı belə görünmür. Bu fakt işğalçı dövlətin özü tərəfindən də etiraf olunur. Azərbaycan təkcə son 5 ildə MDB məkanının ən böyük silah istehsalçılarından olan Ukraynadan 39 helikopter almışdır. Azərbaycanın müasir pilotsuz uçuş aparatı olduğu halda Ermənistanda belə cihazlar yalnız hərbi dərsliklərdə mövcuddur. 1989-cu ildə sovet ordusunun istifadəsinə verilən və kifayət qədər güclü artilleriya silahı sayılan “Smerç” tipli raket qurğuları barəsində də eyni sözləri söyləmək mümkündür. Daha bir vacib məqam ondan ibarətdir ki, Azərbaycan həm də Hərbi Dəniz Qüvvələrinə malikdir. Bu, ölkəmizin Silahlı Qüvvələrinin Ermənistan ordusu qarşısında üstünlüyünü bir daha artırır.

Bütün bunların fonunda Azərbaycan əsgərinin yüksək mənəvi hazırlığı, döyüş ruhu, zəbt olunmuş ərazilərdən düşməni hər an geriyə atmaq üçün qisas hissi ilə alışıb yanması işğalçı Ermənistanı getdikcə daha çox qorxudur. Ermənilər artıq  yaxşı bilirlər ki,  bu gün Ermənistan ilə Azərbaycan arasında həm hərbi, həm iqtisadi, həm də bütün başqa sahələrdə fərq çox böyükdür. Azərbaycanın Silahlı Qüvvələri durmadan inkişaf etdiyi halda Ermənistanda bunun tam əksi müşahidə olunur.

Başqa sözlə, Azərbaycan öz ordusunu durmadan gücləndirdiyi halda, Ermənistanda bu proses tamamilə əks istiqamətdə cərəyan etməkdədir. Bu səbəbdən Ermənistanda işğal edilmiş Azərbaycan ərazilərini müharibə olmadan azad etməyin zəruriliyini bəyan edənlərin sayı artmaqdadır. Əks halda, istər Dağlıq Qarabağ, istərsə də onun ətrafında yerləşən və işğal altında saxlanan ərazilərdə cəmləşmiş Ermənistan silahlı qüvvələrinin Azərbaycan ordusu tərəfindən qısa zaman ərzində qovulub çıxarılacağı həm dünyaya, həm də ermənilərə yaxşı məlum olan reallıqdır.

arxiv.bizimxeber.az

 

herbi texnika21 herbi texnika6 herbi texnika5 herbi texnika3 herbi texnika1 Herbi kechid Paytaxtda herbi yurush herbi

 

parad5 parad4 parad6 parad3 parad2 parad 1



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə