Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əmanət
Əmanət
25 İyun 2013 / 14:08 / Baxış sayı: 28
Font1 Font2 Font3 Font4

Zəminə Əliyeva

Keçmiş tələbə, bu günsə qaçqın yataqxanasındakı birotaqlı – hərçənd beş nəfərlik ailənin yeməyini, yatmağını, qonaq qəbul eləməyini, hələ üstəlik yuyunmalarını belə dörd divarın arasına sığdırmasına görə malikanələrin gözünü çıxaran – mənzilinin qapısının aramsız döyülməsindən ürəyi bərk sancdı. Qapıya çatanacan başında yüz fikir dolaşdı. Bu fikirlərin içində bir az əndişəli, bir az qəzəbli sir-sifətlə qapının dəstəyini özünə çəkmişdi ki, qarşısında açılan mənzərənin dəhşətindən səndərliyib yerə yıxıldı. Köhnə tabutun bir ucundan yapışmış kişinin sözləri 15 il əvvəl səhər-axşam eşitməyə alışdıqları “Alazan” raketlərinin bağırçatladan səsi kimi qulaqlarında uğuldadı.

– Əmanətinə yiyə dur! Artıq bura qədər…

Tabutun başına yığılmış qonşu qadınlar, uşaqlar sual dolu nəzərlərini bir-birinə diksələr də, nə baş verdiyini sormağa kimsə cürət etmirdi. O isə döşəməyə, sakinlərin çimdiyi suyun rütubətindən bezib yerindən qabaran parketlərə baxa-baxa nə edəcəyini kəsdirməyə çalışırdı. Rəngini itirmiş, nimdaşlanmağa başlayan xalçanın ipləri tabutun taxtasına ilişmişdi. Anasının meyidi yenidən bu xalçanın üzərində idi. Bu xalça təkcə anasının mirası deyildi, həm də o yerlərin – odun-alovun, güllənin içərisindən çıxarıb, gətirdikləri yeganə nişanəsiydi. Hər kəs canını götürüb, qaçanda anası dirənib durmuşdu, bu xalçanı götürmək üçün. “Ay arvad, sudan, çaydan keçəcəksən e… Camaat heç uşağını keçırə bilmir, sən də xalça hayındasan”, deyib nə qədər dil tökmüşdülər, arvad razılaşmamışdı. “Ay oğul, bəs mən öləndə meyidimi nəyə bükəcəklər, evim olmayacaq, dilim-ağzım qurusun, bəlkə heç torpağımı da bir də görə bilməyəcəm, barı meyidimsə quru yerdə qalmasın…”

Beləliklə, xalça bu keçmiş tələbə -bu günsə qaçqın yataqxanasına qədər gəlib çıxmışdı və düz 5 il əvvəl anası elə bu otağın ortasına sərilmiş bu xalçanın üzərində can verərkən oğlundan tək bir şey istəmişdi. “Oğlum, məni burda torpağa əmanət qoy. Havaxt dədə-baba torpağımıza dönsəniz, onda məni kəndimizdə basdırarsınız”.

O, anasını Bakı qəbirstanlığında rəhmətliyin vəsiyyət elədiyi kimi basdırmağa qərar verdi. Amma bu qərarı ilə də məşəqqətlərdən keçib, gün-güzəran qurduğu bu şəhərdə daha bir həqiqəti dərk etmiş oldu ki, burada ölmək də yaşamaq qədər müşküldür. Qədrini bilib sahib çıxılmayan torpağın bir ovucuna qarışmaq burada elə-belə deyildi. Pulla satılırdı. Özü də o qədər pula ki, o, alatorandan şər qarışana qədər qışın şaxtasına, yayın qızmar istisinə tab gətirərək, canını dişinə tutaraq qazanırdı, ancaq ailənin dolanacağına güc-bəla ilə yetişirdi. Şəhərin zənginliyində kasıb süfrə arxasında köks ötürməyin nə olduğunu ancaq talelərinə düşən qaçqınlıq, köçkünlük paylarını qaşıqlayanlar daha yaxşı anlayar.

O, kəfənpulu barədə eşitsə də, qəbir yerinin də pullu olduğunu indi bilirdi. Son illər camaatın zəhmətkeş qarışqalar kimi şəhərə darışmasından burada ayaq qoymağa boş torpaq qalmamışdı. İnsanların həyat mübarizəsi qəbristanlıq ərazilərini də yavaş-yavaş daraldırdı. Dirilərin əlindən ölülərə torpaq düşmürdü. Torpağa sahiblik haqqının dirilərdən çox ölülərə məxsus olması həqiqəti indi heç kimin vecinə deyildi.

Beləcə, o, anasını dəfn etmək üçün qəbristanlıqda o zaman çox dolaşdı, çox yalvarıb- yaxardı, münasib qiymətə qəbir yeri tapa bilməyəcəyini anladıqda gücü göz yaşlarına çatdı. Bu zaman az qala qeybdən gələn səs kimi imdada çatan bu sözləri eşitdi. “- Bura bax, qədeş mən sənə kömək edə bilərəm, müsəlmançılıqdır, indi ananın meyidi yerdə qalmayacaq ki. Bax, bu qəbrin yanındakı ərazi var a, onu sənə verə bilərəm. Borcunu da hissə-hissə ödəyərsən”…

Beləcə, bu gün 5 il tamam olurdu. Aradan bu qədər il keçsə də, nə torpaq qaytarılmışdı, nə də borc. İndi bilmirdi, nə etsin. Nə çöldə nümayiş olunan tanklar, silahlar, zirehli texnika onun dərdini məğlub etməyə qadir idi, nə də xarici işlər nazirinin televizordan çətinliklə başa düşülən çıxışı köməyinə çatırdı. Bu illər ərzində qulaqları “Praqa danışıqları”, “Madrid prinsipləri”, daha sonra “yenilənmiş Madrid prinsipləri” kimi səhərdən axşama qədər bar-bağırılan Qarabağ probleminin bu çözülmə səs-küylərindən yağır olmuş, elə bu get-gəldə həmsədrlərin yırtdıqları ayaqqabılarının sayı da itib-batmışdı. Daha danışıqlara ümidini tamam üzmüşdü. Jurnalistin efirdən Elmar müəllimin “Danışıqların məntiqi qalmayıb. Biz hələ ki staqnasiya mərhələsindəyik“ – sözlərini əzilib-büzülə çatdırmasından az qalmışdı bağrı çatlasın.

Anasının tabutunu çiyninə alıb pilləkənləri enərkən, yataqxanadakı hər qapıdan eynilə belə bir tabutun çıxmasından anladı ki, əmanəti çatdırılmayan tək o deyilmiş. Tabut ordusunun önündə üzü Qarabağa tərəf irəliləməyə başlamışdı ki, arvadının səsinə yuxudan oyandı: “Əmanətləri qaytarırlar, indicə televizorda dedilər…”

Arvadının söylədiklərindən, ona tərəf uzatdığı kitabçalardan bir şey anlamasa da, sevincək bayıra qaçdı. “Belə hara gedirsən, kitabçaları götürmədin axı” arvadının arxadan qışqırdığı sualın cavabı içindən asılı qaldı: “Əmanəti qaytarmağa, kitabça isə lazım deyil, mən kitablarda yazılanları nəhayət, anladım. Axı biz hamımız Qafqaz balalarıyıq”.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə