Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ələkrəm Hümmətovun həyat yoldaşı: “Azərbaycanın birliyinin tərəfdarıyam”
Ələkrəm Hümmətovun həyat yoldaşı: “Azərbaycanın birliyinin tərəfdarıyam”
02 Oktyabr 2013 / 10:37 / Baxış sayı: 116
Font1 Font2 Font3 Font4
Südabə Rəsulova: “Hələ də ağlıma sığışdıra bilmirəm ki, o, Ermənistana niyə gedib”

Ələkram Hümmətovun xanımı Südabə Rəsulovanın “Yeni Müsavat”a müsahibəsi

Onu da vurğulayaq ki, düz 14 ildən sonra ilk dəfədir ki, Südabə xanım Azərbaycan mətbuatına müsahibə verir.

Müsahibimiz söhbətə uzaqdan başladı.
– İnana bilməzsiniz ki, hansı çətinliklərdən keçib getdim. Hərdən başıma gələnləri xatırlayanda indi də tüklərim ürpəşir. Mən bu zülmlərə necə sinə gərdim, necə oldu ki, əyilmədim. Elə bil mənə qarşı zorakılıq gücləndikcə Allah mənə daha çox əzm və iradə verirdi. Ora-bura qaçırdım. Ərim – uşaqlarımın atası ölümlə üz-üzə idi. Hər an aradan götürə bilərdilər. Ona görə də onun etibarlı yerdə saxlanılmasını təmin etməli idim, yeməyini, paltarını düşünməli idim. Uşaqlarımız arada qalmışdı. Onlara da həqarətlə baxanlar vardı. Hətta uşaqlarımı döyüblər də. Özümü də axtarırdılar. Lap başımı itirmişdim. Mən həyat yoldaşımı satmalı idimmi? Mən inanmıram ki, hansısa bir azərbaycanlı qadın öz həyat yoldaşını sata. Ələkrəm tutulan günü axşam saat 12-də qapımıza əliavtomatlılar tökülmüşdü. Tez oğlumu yuxudan oyatdım. Dedim ki, get nənə çağırır. Özüm isə qonşunun həyətindən keçərək qaçıb getdim. Məndən sonra əsgərlər evi alt-üst etmişdilər. Hər gün həmin evə gəlib mənə görə axtarış edirdilər. Axırda həmin evi müsadirə etdilər. Sonra həkim qardaşımı tutdular. Dedilər ki, Ələkrəm xəstə olanda onu müalicə etmisən. 1995-ci ildə oğlum Ramalın 15 yaşı vardı. Nənəsini sorğu-sual edəndə birisi məni küçə söyüşləri ilə söyüb. Oğlum buna dözməyib və ona hücum edib. Aparıb polis idarəsində döymüşdülər. Qoluna siqaret basıb söndürmüşdülər ki, ananın yerini deməlisən. Qolunda yanıq yerinin izi hələ də qalıb.
– Yəni Ələkrəm Hümmətovun yerini sonunda tapa bildilər. Kim onu ələ verdi? Müxtəlif adlar hallanır…
– Faiq Mirzəyev. Bakıda polis rəisi işləmişdi. Onun xanımı Aida Ələkrəmin yerini bilirdi. Onu iddiası ilə mənə cinayət işi açıldı. 222-ci və 57-ci maddə ilə cinayət işi açılıb.
– Bəllidir ki, həyat yoldaşınız oğlunuzu da Ermənistana aparıb. Bəziləri deyir ki, Ələkrəm onu aldadaraq özü ilə aparıb, bəziləri isə oğlunuzun öz istəyi ilə getdiyini deyir. 
– Oğlum Avropada böyüyüb. Qafqazda baş verənlərdən o qədər də xəbərdar deyillər. Uşaq atasını çox istəyir. Onun sözünü yerə salmaz. Biz tərəfdə böyük-kiçik söhbəti güclüdür. Atası deyib, o, da gedib.
– Sizin hansı etnik kökənə sahib olmağınızla bağlı fərqli fikirlər var. Bəzi yerdə talış, bəzi yerlərdə isə türk kimi təqdim olunursuz.
– Mən talış, türk kimi ayrımları qəbil etmirəm. Millətçilik mənim üçün qəbul olunmazdır. Mən cənub bölgəsində doğulmuşam. Etnik mənsubiyyətim haqqında dəqiq bir şey deyə bilmərəm. Mən heç talış dilini də bilmirəm. Rus məktəbində oxumuşam. Atam Masallının Mahmudavar kəndindən olub. Atam heç bizə deməyib ki, biz talışıq, yoxsa türkük. Əslində bunun elə bir fərqi də yoxdur. Əsas odur ki, insan olasan.
– Siz Azərbaycanın bütövlüyünün tərəfdarısınız, yoxsa “Talış Muğam Respublikası” qurulması arzusu ilə yaşayırsınız?
– Azərbaycanın birliyinin tərəfdarıyam. İstəyirəm ki, vətənimdə demokratiya olsun. Azərbaycanda demokratiya olduqdan sonra bütün məsələlər ağılla-başla öz həllini tapar. Hakimiyyət xalqın əlində olmalıdır. Avropada niyə problem yoxdur? Çünki demokratik yolla işləri yoluna qoyurlar.
– Ələkrəm Hümmətov deyir ki, Azərbaycanda talışların problemləri var. Sizcə, bizdə talışların hansı problemi mövcuddur və necə həll olunmalıdır?
– Azərbaycanda təkcə talışların problemi yoxdur ki. Bütün xalq problem içindədir. Həbsə atılan təkcə talışlardımı? Xeyr, yüzlərlə azərbaycanlı demokratiyaya görə həbsdədir. Mən arzu edirəm ki, siyasi baxışlara görə həbslər olmasın.
– Ələkrəm Hümmətovun Ermənistana səfərinə münasibətiniz necədir?
– Düzü, Ələkrəmin Ermənistana getmək fikrində olduğunu bilməmişəm. Bizim evdə bu mövzuda söhbət olmayıb. Nəyə görə Ermənistana gedilməliydi ki? Mən bu səfəri heç vaxt lazım bilməmişəm. Ermənistan elə bir ölkədir ki, özünün köməyə ehtiyacı var. İndiyə qədər də ağlıma sığışdıra bilmirəm ki, o, nəyə görə Ermənistana gedib.
– Azərbaycana getmək istərdinizmi?
– 3-4 il öncə anam xəstə idi. Azərbaycan hökumətinə müraciət etdim ki, mənə icazə verin gəlim, bir 10 gün vətənimdə qalım. Anamla görüşüm. Yazıq anam ölə də bilmirdi. O, məni görməmiş ölmək istəmirdi… Respublika Prokurorluğundan rədd cavabı gəldi. Dedilər ki, siz öncə törətdiyiniz cinayətlərə görə məhkəmə qarşısında dayanmalısınız. Hollandiya hökuməti isə dedi ki, biz sizin Azərbaycana təhlükəsiz gedib-gəlişinizi təmin edə bilmərik. Nəsə, anam adım dilində bu dünyadan köçüb getdi. İnanın ki, mənim də, balalarımın da ən böyük arzusu Azərbaycana getməkdir. Balalarım vətənə videodan, kinodan baxırlar. Balalarım da Azərbaycanı bir bütöv görmək istəyir. Böyük oğlum deyir ki, Azərbaycanda demokratiya olsa, həmən ora köçərəm. Buralarda qalmaram. Özüm də ki, 17 ildir bütün qohum-əqrəbama həsrətəm. Bəlli səbəblərdən onlar da Hollandiyaya gəlməyə cəsarət etmirlər.
– Südabə xanım, evdə hansı dildə danışırsınız…
– Azərbaycan dilində. Uşaqlar işdə holland dilində danışırlar, evdə isə hamımız öz dilimizdən istifadə edirik. Uşaqlarım Azərbaycan dilini çox yaxşı bilirlər. Baxmayaraq ki, universitet təhsilini yabançı dildə alıblar.
– Başınıza gələnləri qələmə almısızmı?
– Hamısını yazmışam, kitab holland dilinə də tərcümə olunub. Amma kitabı çap etdirə bilməmişəm. Maddi çətinliklər imkan verməyib.
– Avropada hər hansı siyasi fəaliyyətiniz varmı?
– Bizim Avropada gördüyümüz işlər nəticəsində Azərbaycanda minə yaxın adam həbsdən azad olundu. O vaxt Strasburqla ciddi əlaqələr qurmuşduq. İngiliscə yazışırdıq. Azərbaycandakı hüquq müdafiəçiləri ilə birgə çalışırdıq. İş o yerə çatmışdı ki, Heydər Əliyev gileylənmişdi ki, Ələkrəm Hümmətovun xanımı bizi rahat işləməyə qoymur, Avropa təşkilatlarını üstümüzə qaldırıb. İndi bu kimi işlərdən uzağam. Dövlət idarəsində çalışıram.
– Azərbaycanda ən çox nə üçün darıxırsız? 
– Anamgilin həyətində bir ağac vardı. Həmişə ona dırmaşardım. Atamın həyəti üçün darıxıram. Uşaq vaxtı gəzdiyim küçələri bircə-bircə gəzmək istəyirəm. Azərbaycanın o qədər gözəl yerləri var ki. İstəyirəm ki, balalarımla o yerləri gəzim, onlar da o gözəllikləri görsün. Hollandiya çox gözəldir. Bu ölkə bizim ailə üçün çox şey edib. Amma mənim nəzərimdə bura həbsxana kimi bir şeydir. Elə bil, bülbülü qəfəsə salmısan. Qürbət görməyənlər məni çətin anlasınlar… (Söhbətin bu yerində Südabə xanım göz yaşların saxlaya bilmir. Səsinin titrəyişi qürbət yanğısına qarışır sanki…)
– Adətən mühacirlərin evlərində Azərbaycan bayrağı asılır…
– Ələkrəmin otağında böyük bir bayrağımız var. İnanın mənə ki, o, Azərbaycanı həqiqətən də sevir. Mən inana bilmərəm ki, o, Azərbaycanın bütövlüyün istəməsin.
– Avropada feminizm güclüdür. Siz necə, Azərbaycan qadınının ictimai-siyasi müstəvidə aktiv olmasını istərdinizmi? 
– Qadınlar siyasətə gəlsə, özləri ilə demokratiya və inkişaf gətirərlər. Çünki bizim qadınlar kompomisə meyllidir, insanlarla dil tapa bilirlər. Ən ağır durumda belə ailələrini qoruyurlar. İradə sahibidirlər. Ən başlıcası isə vətənpərvərdilər. Çox istərdim ki, qadınlar həmişə cəmiyyətin ön sırasında olmağa can atsınlar.
– Cənub bölgəsindən olan xanımlar əla ləvəngi bişirir? Siz necə?
– Mənim bişirdiyim ləvənginin dadına Hollandiyada çoxları baxıb, azərbaycanlılar da, əcnəbilər də. Çox da bəyəniblər. İnşallah, biz tərəflərə gəlsəniz, sizi də qonaq edərik. Sizi də, ailənizi də Hollandiyaya dəvət edirəm. Gəlin, gəlişinizə çox şad olarıq…
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə