Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Bu bəyanat seçkilərin azad və demokratik xarakterinə kölgə salmaq cəhdidir”
“Bu bəyanat seçkilərin azad və demokratik xarakterinə kölgə salmaq cəhdidir”
03 Oktyabr 2013 / 18:17 / Baxış sayı: 52
Font1 Font2 Font3 Font4

“Ketrin Eştonun və Ştefan Fülenin fikirləri qeyri-obyektiv, birtərəfli və Azərbaycandakı seçki prosesinin real vəziyyətini təhrif edən qərəzli məlumatlar əsasında formalaşıb”.

arxiv.bizimxeber.az-ın məlumatına görə, bunu “AzərTAc” dövlət agentliyinə müsahibəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Avropa Birliyinin (AB) rəsmi şəxslərinin bəyanatına münasibət bildirərkən deyib.

Şöbə müdiri bildirib ki, AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketrin Eşton və Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Fülenin Azərbaycanda hansısa son hadisələrin seçkiqabağı vəziyyətə, insan hüquq və azadlıqlarının durumuna və ümumilikdə siyasi şəraitə təsirinin narahatlıq doğurduğu barədə bəyanatını təəccüb və təəssüflə qarşılayırlar: “Hesab edirik ki, onların fikirləri qeyri-obyektiv, birtərəfli və Azərbaycandakı seçki prosesinin real vəziyyətini təhrif edən qərəzli məlumatlar əsasında formalaşıb.

Tam məsuliyyətlə bildiririk ki, Azərbaycanda seçki kampaniyası mövcud qanunvericilik və beynəlxalq təcrübəyə uyğun keçirilir. Seçki prosesinin bütün mərhələlərində prezidentliyə namizədliyini irəli sürmüş şəxslərin öz fəaliyyətini ölkə qanunvericiliyi çərçivəsində həyata keçirməsi üçün zəruri şərait yaradılıb. Namizədlər istər Bakı, istərsə də regionlarda öz seçiciləri ilə görüşlərini sakit, hər hansı qanun pozuntusuna yol vermədən təşkil edir, onlara ayrılmış təşviqat imkanlarından bərabər şəkildə yararlanırlar. Ümumilikdə, seçki prosesinin təhlükəsizliyi dövlət orqanları tərəfindən lazımi şəkildə təmin olunur.

Son günlərdə qanunvericiliyin tələblərini pozduqlarına görə ayrı-ayrı şəxslərin müvafiq qaydada məsuliyyətə cəlb olunmasının seçki prosesi ilə hər hansı əlaqəsi yoxdur. Buna görə də hüquq pozuntusu hallarının aradan qaldırılması ilə bağlı tədbirlərin bilavasitə seçki prosesi ilə əlaqələndirilməsini qeyri-obyektiv və qərəzli yanaşma hesab edirik.

Onu da xatırlatmaq istərdik ki, Ştefan Füle bundan əvvəl də Azərbaycanla bağlı reallığı əks etdirməyən bəyanatlar verib. Düşünürük ki, seçki dövründə guya Azərbaycanda vətəndaş cəmiyyəti fəallarına, media nümayəndələrinə təzyiq göstərilməsi ilə bağlı iddialar ümumilikdə seçkilərin azad və demokratik xarakterinə kölgə salmaq cəhdidir.

Azərbaycan hökuməti bundan sonra da prezident seçkisi kampaniyasının ölkə qanunvericiliyinə və beynəlxalq təcrübəyə uyğun davam etdirilməsi üçün üzərinə düşən vəzifələri yerinə yetirəcək. Ümid edirik ki, Avropa Birliyi rəsmilərinin seçki ilə bağlı növbəti fikir və bəyanatları daha balanslı və gerçəkliyə uyğun olacaq”.

Qeyd edək ki, K. Eşton və Ş. Füle Azərbaycandakı vəziyyətə dair birgə bəyanatla çıxış edərək, Azərbaycanda seçkiqabağı dövrə, ümumi siyasi duruma, insan hüquq və azadlıqlarına təsir göstərən bəzi hadisələrdən narahatlıqlarını bildiriblər.

“Seçkiqabağı dinc mühiti və seçkilərə yaxşı texniki hazırlığı qeyd etməklə yanaşı, Avropa Birliyi bir sıra müxalifət fəallarına, vətəndaş cəmiyyətinə, müstəqil KİV-ə qarşı davam edən təzyiqləri, hədə-qorxuları, şübhəli ittihamlarla saxlanılmaları və həbsləri, beynəlxalq standartlara və ittiham olunanların hüquqlarına hörmət göstərilmədən çıxarılan məhkəmə qərarlarını narahatlıqla qeyd edir. AB Azərbaycan hakimiyyətindən ölkənin bu sahədəki öhdəliklərinə uyğun olaraq sürətli, şəffaf və ədalətli araşdırmaların, hüquqi prosedurların aparılmasının təmin olunmasını gözləyir. Bu, 9 oktyabrda azad və ədalətli prezident seçkilərinin keçirilməsi üçün əlverişli şərait yaradılması baxımından xüsusən vacibdir. Əsl fikir plüralizminin (o cümlədən seçki prosesi çərçivəsində) qorunması çox önəmlidir”, – deyə bəyanatda vurğulanır.

K. Eşton bildirib ki, AB Azərbaycandakı ayrı-ayrı halları və insan haqları sahəsində vəziyyəti izləməyə davam edəcək və öz öhdəliklərini yerinə yetirməsi prosesində ölkəyə dəstək verməyə hazırdır.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə