Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rəsul Quliyevin qardaşı İlham Əliyevi dəstəklədi
Rəsul Quliyevin qardaşı İlham Əliyevi dəstəklədi
07 Oktyabr 2013 / 10:52 / Baxış sayı: 34
Font1 Font2 Font3 Font4
Eks-spiker Rəsul Quliyevin qardaşı Telman Quliyev “Bakı-xəbər” qəzetində “Mən İlham Əliyevi niyə Azərbaycan xalqının ən uğurlu seçimi sayıram?” başlıqlı yazı dərc etdirərək hazırkı dövlət başçısını dəstəklədiyini ifadə edib. Aşağıda həmin yazını olduğu kimi təqdim edirik.
***
 Azərbaycanda oktyabrın 9-da keçiriləcək prezident seçkisini bu gün dünya böyük maraqla izləməkdədir. Dünyanın ən ünlü siyasətçiləri, analitiklər və beyin mərkəzləri irimiqyaslı təhlillər aparır, bir-birindən olduqca fərqli proqnozlar verirlər. Kütləvi informasiya vasitələri isə seçkiyə hazırlıq və onun keçirilmə şəraiti ilə əlaqədar müxtəlif məlumatlar yaymaqdadır.
Bu yöndə aparılan bütün müşahidələr göstərir ki, dünya miqyasında Azərbaycan haqqında fikirlər müsbət istiqamətdə çox dəyişmişdir. Çoxsaylı mülahizə və təhlillər də göstərir ki, bu proseslərin ciddi əsasları vardır. Hər şey ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdışı ilə başladı. Məhz həmin dövrdə Azərbaycanda müstəqil dövlət quruculuğunun konseptual əsasları hazırlandı və qətiyyətlə onların həyata keçilməsinə başlandı. Çox ziddiyyətli proseslərlə xarakterizə olunan keçən əsrin 90-cı illərində ümmumilli liderin rəhbərliyi ilə demokratik dövlət quruculuğu istiqamətində böyük işlər görüldü.
Artıq XXI əsrin əvvəllərində, 2000-ci ildə aydın idi ki, Azərbaycan Cənubi Qafqazda ən uğurlu dövlət quruculuğu modelinə malik ölkədir. Heydər Əliyev istər daxili, istərsə də xarici siyasətdəki bütün incə məqamları da nəzərə alaraq, Azərbaycanda güclü demokratik dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına imkan verən optimal kurs yarada bilmişdi. Bu proses 2003-cü ildən başlayaraq özünün yeni mərhələsinə qədəm qoydu.
2003-2013-cü illəri əhatə edən dövrdə Azərbaycanda həyata keçirilən siyasət – XXI əsrin ilk onilliyi göstərdi ki, Cənubi Qafqazda dövlət kimi ən böyük şansa Azərbaycan nail olmuşdur. Çünki Azərbaycanda dövlət quruculuğu 1993-cü ildən bu yana yalnız maraqlara uyğun olaraq aparılmışdır.
Bu gün ölkədə bir milyondan artıq iş yeri açılıb, yoxsulluğun səviyyəsi minimuma enib. Bu o deməkdir ki, artıq Azərbaycanda orta təbəqə formalaşır. Prezident İlham Əliyev söz vermişdi ki, ölkədə bir dənə də olsun çadır şəhərciyi qalmayacaq. Budur, bütün çadır şəhərcikləri ləğv edilərək, yeni-yeni qəsəbələr salınıb. Prezident İlham Əliyevin yürütdüyü uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycan çox sürətlə inkişaf edir. Bölgələrdə açılan yeni müəssisələr hesabına ölkədə ÜDM dəfələrlə artıb. Bütün bu uğurlar məhz Azərbaycan xalqının namizədi, Prezident İlham Əliyevin fəaliyyətinin nəticələridir.
Son 10 ildə Azərbaycanın iqtisadiyyatı 3 dəfə artaraq, hazırda müasir infrastruktur və çoxşaxəliliyi ilə səciyyələnir. Dövlət büdcəsi 2003-cü ildə, 1,5 mlrd. dollar həcmində idisə, 2013-cü ildə bu rəqəm 25 mlrd. dollara çatdırıldı. Bu isə təxminən 19 dəfə artım deməkdir. Həmin dövrdə 1 mln-dan artıq yeni iş yerləri açılaraq, işsizlik səviyyəsi 5,1 faizə salındı, bütövlükdə iqtisadiyyatımıza 140 mlrd. dollar həcmində sərmayə qoyuldu və ölkənin strateji valyuta ehtiyatları 46 mlrd. dolları ötdü. Bu isə ÜDM-in 70 faizi təşkil edir, siyasi və iqtisadi sabitliyə zəmin yaradır. İqtisadiyyatın 83 faizi özəl sektor tərəfindən təmin edilir.
Dövlət hazırda neft hasilatını sabit saxlamaqla, ölkənin iqtisadi artımını əsasən qeyri-neft sektorunun hesabına həyata keçirir. Hətta dünyadakı maliyyə böhranının başladığı 2009-cu ildə Azərəbaycan iqtisadiyyatında 9 faiz artım olmuşdur. Keçən il Azərbaycanda neft hasilatı müəyyən səbəblərdən aşağı düşsə də, ümumi daxili məhsulun 2,2 faizlik artımı müşahidə olunmuş, qeyri-neft sektoru isə təxminən 10 faiz yüksəlmişdir. Son 8 ildə qeyri-neft sektoru 2 dəfə artmışdır, 10 ildə isə, 2,7 dəfə. Vacib məqamlardan biri də odur ki, digər dövlətlər iqtisadi tənəzzül ilə, böhran vəziyyəti ilə bağlı yüksək məbləğdə borclar götürmək məcburiyyəti qarşısında qaldığı zaman Azərbaycanın dövlət borcu ÜDM-in cəmi 7-8 faizi təşkil edir və bu, dünyada ən aşağı göstəricilərdəndir.
Azərbaycan Prezidenti Cənubi Qafqazda ardıcıl siyasət həyata keçirən və bu zaman regionun maraqlarını praqmatik şəkildə nəzərə almağı bacaran yeni dövlət başçısıdır. Buna görədir ki, xarici analitik və ekspertlər təhlükəsizlik sisteminin yaradılmasında həmişə Azərbaycanın fəaliyyətini xüsusi vurğulayır, 2004-2008-ci və 2009-2013-cü illər üçün qəbul edilmiş regionların sosial-iqtisadi inkişafına və 2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramlarını xüsusilə qeyd edirlər. Heç şübhəsiz ki, bu kimi proqramların reallaşdırılması balanslaşdırılmış xarici siyasət kursu olmadan mümkün deyildi. Əsasını ulu öndər Heydər Əliyevin müəyyən etdiyi bu xətti cənab İlham Əliyev uğurla davam etdirmişdir. Xarici siyasətin prioritetləri birmənalı nəzərə alınmış və meydana çıxan geosiyasi yeniliklər diqqətə alınaraq təkmilləşdirilmişdir. Bunun sayəsində Azərbaycan keçən müddətdə dövlət və milli maraqlarını təmin edə bilmişdir. Diplomatik sahədə əldə edilən uğurları işğalçı dövləti küncə sıxışdırmağa imkan yaratmışdır. İndi bütün beynəlxalq təşkilatların sənədlərində Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi təqdim olunur. 2003-2013-cü illərdə bütün istiqamətlərdə diplomatik fəallıq xeyli artmış, Ermənistanın mövqeyi zəiflədilmişdir. Azərbaycan siyasi-diplomatik müstəvidə haqlı olduğunu sübuta yetirmişdir.
Aktiv siyasi-diplomatik fəalimyyət nəticəsində Azərbaycan BMT TŞ-nin üzvü seçilmişdir. Prezident İlham Əliyev tariximizdə ilk olaraq Azərbaycanın dövlət başçısı kimi Təhlükəsizlik Şurasının iclasına sədrlik etmişdir. Bundan əlavə, Bakıda siyasətə, mədəniyyətlər və dinlərarası münasibətlərə aid bir neçə nüfuzlu beynəlxalq tədbir keçirilmişdir.
Bütün bunların fonunda qarşıdan gələn prezident seçkisində İlham Əliyevin mütləq üstünlüklə qalib gələcəyi haqda xarici tədqiqat mərkəzlərinin proqnozlar verməsi başadüşüləndir. Aparılan seçki təbliğatı kampaniyasından da bunu aydın görmək mümkündür. Cənab İlham Əliyevdən fərqli olaraq, digər namizədlər heç bir real fəaliyyət proqramı ortaya qoya bilmirlər. Müxalifəti təmsil edən namizədlər öz çıxışları ilə sübut edirlər ki, Prezident İlham Əliyev bir siyasətçi kimi bütün müsbət keyfiyyətlərdə onlardan dəfələrlə üstündür.
Davamlı inkişafa yönələn makroiqtisadi siyasətin başında, iqtisadi artımla yanaşı, sosial maraqların pariteti durur. Əhalinin sosial müdafiəsinə və təminatına çəkilən xərclər 9 dəfə çoxalmışdır, gəlirləri 6,9 dəfə, əməkhaqları 6,3 dəfə, pensiyalar 8,6 dəfə yüksəlmişdir. Dövlət başçısının dediyi kimi, “Mühüm dövlət proqramlarının və genişmiqyaslı layihələrin həyata keçirilməsi nəticəsində şəhər, kənd və qəsəbələrin siması dəyişmiş və müasirləşmiş, əhalinin rifahı yüksəlmişdir. Regional inkişaf proqramlarını reallaşdırmaqla biz paytaxtla bölgələr arasında inkişaf fərqini aradan qaldırmağa müvəffəq olduq. Azərbaycanda sosial sahədə ciddi irəliləyiş əldə etmişik. Son 10 ildə müasir tələblərə uyğun 2500-dən artıq məktəb, yüzlərlə səhiyyə müəssisəsi, idman kompleksləri və çoxsaylı sosial təyinatlı digər obyektlər tikilmiş və istifadəyə verilmişdir. Ölkədə əməkhaqlarını, sosial müavinətləri mütəmadi olaraq artırırıq və artırmaqda davam edəcəyik. Eyni zamanda, 2012-ci ildə Azərbaycanda sovet dövründən qalmış əmanətlərə görə kompensasiyaların verilməsinə başlanmışdır. Qeyd edilməlidir ki, bütün postsovet məkanında yalnız Azərbaycanda bu vəsaitlər qısa zamanda və ən yüksək əmsalla ödənilir”.
Xalqımız əmindir ki, Prezident, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə tezliklə torpaqlarımız erməni işğalçılarından təmizlənəcək. Bu işdə xalqımız dövlət başçısına hər zaman dəstək verib və oktyabrın 9-da bu dəstəyi bir daha nümayiş etdirəcək. Mən inanıram ki, müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyev siyasətinin davam etməsi, ölkəmizin daha da inkişaf etməsi üçün xalqımız növbəti dəfə də Prezident İlham Əliyevə səs verəcək. Bu vacib məsələ bu gün bizim, hər bir Azərbaycan vətəndaşının bilavasitə vətəndaşlıq borcudur”.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə