Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Washington Post”: “Milli Şura seçkidən sonra yaşamayacaq”
“Washington Post”: “Milli Şura seçkidən sonra yaşamayacaq”
07 Oktyabr 2013 / 12:58 / Baxış sayı: 32
Font1 Font2 Font3 Font4

ABŞ-ın və dünyanın ən nüfuzlu nəşrlərindən olan “The Washington Post” Azərbaycandakı seçkilərlə bağlı geniş məqalə ilə çıxış edib. Məqalənin müəllifləri ABŞ-ın Yakobs Universitetinin (Jacobs University Bremen) siyasi elmlər üzrə professoru Fərid Quliyev və Vaşinqton Universitetinin (University of Washington) Kommunikasiyalar Departamentinin Azərbaycan araşdırmaları qrupunun rəhbəri  Keyt Pirsdir.

arxiv.bizimxeber.az-ın məlumatına görə, “Neftlə zəngin dövlətdə seçki yarışının problemləri: Azərbaycanın seçkiqabağı hesabatı” başlıqlı məqalədə deyilir ki, 9 oktyabr seçkiləri dərin apatiya və qorxu hisslərinin qarışığı şəraitində keçəcək.

“İlin əvvəllərində ölkənin bəzi regionlarında yerli məmurların korrupsiya və özbaşınalıqlarından boğaza yığılanların qiyamının baş qaldırmasına və paytaxt Bakıda müxalifətin icazəsiz mitinqlərinin keçirilməsinə baxmayaraq bütün bunlar genişlənən etiraz hərəkatına çevrilmədi” – deyə qəzet yazır.

Məqalədə deyilir ki, əksər ekspertlər indiki seçkilərin nəticələrinin prezident İlham Əliyevin xeyrinə artıq müəyyyən olunduğu qənaətindədir. Qəzet Azərbaycanın neft gəlirləri sayəsində ötən 10 ildə sərvətlərini xeyli artırdığı, hər il hökumətin neft ixracından 15-20 milyard dollar gəlir əldə etdiyini vurğulayır. Bildirilir ki, neft dollarlarının axını isə hökumətin bu pulları qısa müddət ərzində sağa-sola xərcləməsinə stimul yaradıb.

Müəlliflər hakimiyyətin kifayət qədər güclü olduğunu, böyük maliyyə və inzibati resursları əlində cəmləşdirdiyini, müxalifətin isə zəiflədiyini yazırlar: “Azərbaycan müxalifəti bir çox çətinliklərlə üzləşir. Onların demək olar ki, heç bir resursları yoxdur və hüdudsuz maliyyə resurslarına malik hakimiyyətlə üz-üzədirlər”.

Lakin müəlliflər əlavə edir ki, müxalifət partiyalarının bütün günahları resursların qeyri-bərabər olması amilinin üzərinə atması da problemi həll etmir. Müxalifət partiyalarının da daxilində çoxsaylı ziddiyyətlər var və onların qabiliyyəti yetərli deyil.

Qəzet xatırladır ki, 2008-ci il prezident seçkiləri seçkidən daha çox İlham Əliyevin hakimiyyətdə qalmasını daha bir müddət uzadan plebisitə (rəy sorğusuna) bənzəyirdi. Həmin seçkilərdə Əliyev 88,7 faiz səs yığdı. İki əsas müxalifət partiyası isə şərtlərin qeyri-bərabər olduğunu əsas gətirib seçkiləri boykot etdi.

“İndiki seçkilərdə də şərtlər əvvəlki kimi qalır, ancaq proses 2008-ci ilə nisbətən daha qızğın keçir” – deyə məqalədə bildirilir.

Qəzet bu seçkini əvvəlki seçkilərdən fərqləndirən səbəblərdən biri kimi müxalif qrupların birləşərək Milli Şura yaratmasını və nəhayət, öz aralarında vahid namizəd müəyyən edə bilmələrini göstərir. Yazıda xatırladılır ki, indiki prezidentə qarşı 9 namizəd mübarizə aparır. Lakin onlardan ancaq ikisi – Ümid Partiyasının namizədi İqbal Ağzadə və Milli Şuranın namizədi Cəmil Həsənli müxalif mövqedən çıxış edib.

İqbal Ağazadə çıxışlarını ümumi tezislər və dəyişiklik çağırışları əsasında qursa da Cəmil Həsənli birbaşa hakimiyyəti və onun rəhbərliyini hədəf alıb.

Qəzet yazır ki, Cəmil Həsənlinin öz proqramını təqdim etmək əvəzinə mövcud hakimiyyətin korrupsiya əməllərini tənqid etməsində yeni heç nə yoxdur. Bu taktika artıq müxalifət tərəfə meyl etmiş bir çox seçiciləri mobilizasiya etməyə imkan verərdi. Lakin mövcud hakimiyyətlə bu cür mübarizə qeyri-effektivdir və faktiki olaraq indiki hakimiyyətin ürəyindən olan məsələdir. Çünki bu taktika hakimiyyətə imkan verir ki, müxalifəti nə dərəcədə parçalanmış, ziddiyyətlər içində olan və heç bir proqrama malik olmayan qüvvə kimi təqdim edə bilsin.

Məqalədə 2009-cu ildə siyasi səhnəyə çıxan və lideri hazırda həbsdə olan ReAl hərəkatından da bəhs edilir. Bildirilir ki, bu hərəkat ənənəvi müxalifət partiyalarının bir çox zəif cəhətlərindən istifadə etməyə çalışırdı. Hərəkat siyasi dəyişikliklərin ideoloji və proqram əsaslarını hazırlamağa diqqəti yönəldib. Əsasən qərbmeylli gənc siyasətçilərdən ibarət bu hərəkat ölkədə parlament idarəçiliyinin yaradılmasını və digər fundamental dəyişiklikləri təklif edir.

Qəzet yazır ki, Əliyev bu seçkilərdə kapmaniya aparmaqdan imtina etdi. Hakim YAP-ın təmsilçiləri bildirirlər ki, prezidentin buna ehtiyacı yoxdur. Məqalədə İlham Əliyevin böyük fərqlə qalib gələcəyinin şübhə doğurmadığını yazır. Ancaq bildirilir ki, Əliyevə 95 faiz səs yazılması ağ olardı və təhlükəli sayılardı. Ona görə də nəticənin hardasa 80 faizdən çox olacağını gözləmək lazımdır. 80 faizdən az səs toplamaq isə Əliyevin sanki 2008-ci il seçkilərinə nisbətən populyarlığını itirdiyini göstərə bilərdi.

Məqalədə daha sonra deyilir ki, ölkədə baş verən dinamik dəyişikliyə əsasən narazı elektorat daha çox iqtisadi baxımdan zəif inkişaf etmiş regionlarda cəmləşib. Bakıdakı siyasi elita, əsasən ənənəvi müxalifət partiyaları isə öz fəaliyyətlərini şəhər ərazilərində qurmağa meylli olublar.

“Müxalifət partiyaları əvvəlki səhvlərindən nəticə çıxarıb vahid koalisiyada birləşsələr və vahid namizəd müəyyən etsələr də onlar seçkilərə qədər olan vaxtdan kütlələrlə işləmək, öz partiya proqramlarını insanlara çatdırmaq üçün istifadə edə bilməyiblər. Bu partiyalar hələ də gəncləri liderliyə irəli çəkmirlər və hələ də daxili ziddiyyətlərdən əziyyət çəkirlər” – deyə qəzet yazıb.

Məqalədə daha sonra deyilir: “Birləşmiş müxalifətin Milli Şurası çox güman ki, bu seçkilərdən sonra yaşamayacaq. Həmçinin ənənəvi müxalifət partiyalarının gələcəyi də şübhəlidir, lakin gözləməyin ki, onlar siyasi səhnədən tam yoxa çıxacaqlar. Bu partiyaların liderləri on illərdir partiyalarının başındadır və onların adları tanınır. Lakin yorğunluq da özünü göstərir və ReAl kimi yeni meydana çıxan hərəkatlar bundan istifadə etməyə çalışır”.

Qəzet ReAl hərəkatının 2015-ci il parlament seçkilərinə kökləndiyini yazır. Lakin bildirilir ki, formalaşmış təşkilati qüvvəyə malik olmadan ReAl bu qısa müddət ərzində güclü siyasi oyunçuya çevrilə bilməz.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə