Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Milli Şura seçkilərlə bağlı ilkin rəyini açıqladı
Milli Şura seçkilərlə bağlı ilkin rəyini açıqladı
10 Oktyabr 2013 / 12:20 / Baxış sayı: 12
Font1 Font2 Font3 Font4

Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin Seçki Qərargahı 09 oktyabr 2013-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə bağlı ilkin rəy hazırlayıb.

arxiv.bizimxeber.az həmin rəyi təqdim edir:

Demokratik Qüvvələrin Milli Şurasının Seçki Qərargahı hesab edir ki, 09 oktyabr 2013-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin seçkiləri qeyri-demokratik şəraitdə keçirilib, azad və ədalətli seçkilərin keçirilməsi üçün demokratik qanunvericilik bazası olmayıb, bərabərhüquqlu təbliğat imkanları təmin edilməyib, seçki kampaniyası dövründə və seçki günü saysız-hesabsız saxtakarlıqlara və qanun pozuntularına yol verilib.

Seçkilər azad və ədalətli olmayıb, seçkilərin nəticələri xalqın azad iradəsini ifadə etməyib.

09 oktyabr 2013-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin seçkiləri son illərdə ölkəmizdə keçirilən (prezident, parlament, bələdiyyə, referendum) seçkilərdə olduğu kimi, BMT, Avropa Şurası, ATƏT və digər nüfuzlu qurumların müəyyən etdiyi beynəlxalq standartlara, bu qurumlar qarşısında götürülən öhdəliklərə cavab verməyib.

Seçkilərin azad və ədalətli keçirilməsinə nail olmaq məqsədilə ATƏT, Avropa Birliyi, Avropa Şurası, AŞ PA-nın Venesiya Komissiyasının və digər nüfuzlu beynəlxalq qurumların Azərbaycan hökumətinə dəfələrlə etdiyi tövsiyələr nəzərə alınmayıb.

İlham Əliyevin beynəlxalq hüquq normalarına və qanunlara zidd olaraq üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürməsi seçkilərin legitimliyini əvvəlcədən şübhə altına düşməsinə səbəb olub.

Azərbaycanda fəaliyyət göstərən ictimai və siyasi təşkilatların, bütövlükdə Azərbaycan cəmiyyətinin, eyni zamanda, beynəlxalq qurumların ölkəmizdə demokratik hüquq və azadlıqların təmin edilməsi üçün siyasi islahatların həyata keçirilməsi istiqamətindəki bütün səylərinə baxmayaraq, demokratik seçkilərin keçirilməsi və ölkədə demokratik islahatlara başlanması imkanı növbəti dəfə itirilib.

SEÇKİQABAĞI MÜHİT

Azərbaycan hakimiyyəti ölkədə təkpartiyalı siyasi sistem yaratmaq istiqamətində fəaliyyətini prezident seçkiləri ərəfəsində də davam etdirib. Son parlament seçkilərinin nəticələrinin saxtalaşdırılması hesabına parlamentə buraxılmayan aparıcı müxalifət partiyalarının sərbəst fəaliyyətinə prezident seçkiləri ərəfəsində də maneçilik törədib, AXCP, Müsavat Partiyası,  “EL” Hərəkatı, KXCP və başqa siyasi təşkilatların, hətta öz yerli strukturları ilə toplantılarına belə zorakı müdaxilə halları artıb. Azərbaycan Xalq Cəbhəsi Partiyası 2005-ci idən yerləşdiyi qərargahdan zorakı yolla çıxarılıb və 8 ildir ki,  qərargahsız fəaliyyət göstərməyə məcbur edilib, “El” Hərakatı isə yerləşdiyi ofisdən zorakı yolla çıxarılıb. Azərbaycan Xalq Cəbhəsinin 2013-cü il ərzində keçirdiyi 28 müşavirədədn 7- yerli hakimiyyət orqanlarının zorakı müdaxiləsi ilə dağıdılıb. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimliyə 2006-cı ildən heç bir hüqiqi əsas olmadan pasport verilməkdən imtina olunub və bu yolla onun ölkədən çıxışı əngəllənir.

Bilavasitə seçki kampaniyası ərəfəsində “El” Hərəkatının liderlərinə qarşı istintaq hərəkətləri həyata keçirilib. “El” Hərəkatının liderləri onlara qarşı irəli sürülən uydurma ittihamlarla əlaqədar dəfələrlə Ağır Cinayətlərə Dair İstintaq İdarəsində dindirilib.

Vətəndaşların sərbəst toplaşmaq hüququ, demək olar ki, ləğv edilib. Müxalifət partiyalarının, ictimai təşkilatların yürüşlər, mitinqlər, piketlər keçirmək üçün yerli icra hakimiyyəti strukturlarına müraciətləri ciddi əsas göstərilmədən və ya müvafiq icra hakimiyyəti strukturunun belə tədbirin keçirilməsini məqsədəuyğun saymadığını bildirilməklə, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna zidd olaraq rədd edilib. Mitinqlərin keçirilməsi üçün Bakı şəhərinin gediş-gəlişin çətin olduğu ucqar bir ərazisində uyğunsuz yer ayrılıb, yürüşlərin, piketlərin keçirilməsinə isə ümumiyyətlə icazə verilməyib.

Müstəqil mətbuat təzyiq və təqiblərlə üzləşib. “Azadlıq” və “Yeni Müsavat” qəzetləri hakimiyyti tənqid edən mövqeyinə görə siyasi sifarişli məhkəmə hökmü ilə cərimələnib. “Azadlıq” qəzeti 62 min manat cərimələnib və bu məbləğ məcburi qaydada ödənilir. Buna görə də qəzet  çox ağır maliyyə çətinliklərinə məruz qalıb. Bundan əlavə, qəzetin satışından gələn 46 min manat gəlir dövlətə məxsus “Qasid” firması tərəfindən  məqsədli şəkildə verilmədiyi üçün qəzetin nəşrində ciddi maliyyə çətinliklər yaranıb. Maliyyə çətinlikləri yaşayan “Yeni Müsavat” qəzeti məhkəmələr tərəfindən prezident İlham Əliyevin əmisi Cəlal Əliyevin iddiası əsasında 1500 manat, FHN naziri Kəmaləddin Heydərovun iddiası əsasında 50 min manat, Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun iddiası əsasında 5000 manat cərimələnib. Qəzet hazırda həmin cərimələri məcburi qaydada ödəyir. Bəzi populyar müstəqil qəzetlər hakimiyyət strukturlarının təzyiqi altında bağlanıb, hakimiyyətin fəaliyyəti barədə tənqidi yazılar yazan jurnalisrlər müxtəlif bəhanələrlə həbs ediliblər. Tanınmış jurnalistlər – Əvəz Zeynallı, Hilal Məmmədov,  Sərdar Əlibəyli və başqaları hələ də həbsdədir.

Azərbaycanda fəaliyyət göstərən siyasi və ictimai təşkilatların, eyni zamanda, beynəlxalq qurumların ardıcıl və uzunmüddətli səylərinə baxmayaraq, ölkədə siyasi məhbus problemi həll edilməyib.

Ölkədə siyasi məhbusların sayı rekord həddə çatıb. Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu, Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqov, AXCP sədrinin qohumu Elnur Seyidov və partiyanın Ali Məclisinin üzvü hüquq müdafiəçisi Pərviz Həşimli və partiyanın fəal üzvləri, REAL Vətəndaş Hərəkatının lideri, prezidentliyə namizədliyini irəli sürmüş İlqar Məmmədov,  inanclı kəsimin aparıcı şəxsləri, son dövrlərdə xüsusi siyasi fəallığı ilə seçilən NİDA Vətəndaş Hərəkatının, demək olar ki, bütün rəhbərliyi hazırda həbsdədir.

Azərbaycan siyasi məhbusların sayına görə dünyada öncül yerlərdən birini tutur.

Ölkədə fəaliyyət göstərən televiziya kanalları Azərbaycan haklimiyyətinin təbliğatı, müxalifətə qarşı isə əks-təbliğat fəaliyyəti ilə məşğuldur. Azərbaycan ictimaiyyətinin və Avropa Şurasının tələbləri ilə yaradılmış İctimai Televiziya ölkədə siyasi plüralizmi təmin etmək əvəzinə, faktiki olaraq, ölkədə mövcud olan digər televiziya kanalları kimi iqtidarın təbliğatı və kommersiya fəaliyyəti ilə məşğuldur.

SEÇKİ QANUNU

Seçki qanunvericiliyində demokratik islahatların aparılması ilə bağlı irəli sürülən təkliflər, o cümlədən Avropa Şurası Venesiya Komissiyasının tövsiyələri əsasən yerinə yetirilməyib. Seçki komissiyalarının formalaşması, seçkilərin və səsvermənin təşkili, səslərin sayılması prinsipinin, şikayətlərə baxılması prosedurunun təkmilləşdirilməsi həyata keçirilməyib, seçki komissiyalarındakı vəzifələrin və müşahidənin təşkili ilə bağlı olan qüsurlar yerli siyasi və ictimai təşkilatların, o cümlədən beynəlxalq qurumların təkidlərinə baxmayaraq aradan qaldırılmayıb. Bunun nəticəsində MSK-a da daxil olmaqla, bütün seçki komissiyaları faktiki olaraq  həlledici səs çoxluğu ilə hakimiyyətin nəzarəti altında olaraq qalıb.

Seçki kampaniyası ərəfəsində Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklər ölkənin aparıcı siyasi qüvvələri və bir sıra beynəlxalq təşkilatlar tərəfindən neqativ dəyişikliklər kimi dəyərləndirilib. Belə ki, seçki kampaniyası dövrü əvvəlcə 120 gündən 75 günədək, təbliğat kampaniyası dövrü isə 60 gündən 28 günə endirilib, sonra isə seçki kampaniyası dövrü 75 gündən 60 günə, təşviqat kampaniyası dövrü isə 28 gündən 21 günə endirilib. Prezidentliyə namizədlərin televiziya vasitəsilə təkbaşına birbaşa çıxışlarının ləğv edilməsi, təşviqat materiallarının yayılmasının məhdudlaşdırılması, namizədlərin qeydə alınmasının qarantiyası olan seçki depozitinin qoyulması qaydasının qanundan çıxarılması, namizədlərin seçki kampaniyasının dövlət büdcəsindən maliyyələşdirilməsinin ləğv edilməsi və digər dəyişikliklər hakimiyyət namizədinin alternativi olan namizədlərin təbliğat imkanlarını ciddi surətdə məhdudlaşmasına səbəb olub.

SEÇİCİ SİYAHILARI

9 oktyabr 2013-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçici siyahıları ciddi qüsurlarla tərtib edilib.

Hakimiyyətin seçkiləri saxtalaşdırmaq səylərini ölkədəki seçicilərin sayı ilə bağlı MSK ilə Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərdəki fərq də təsdiq edir. MSK-nın məlumatına görə, hazırda ölkədə 4,9 milyon seçici, AR Dövlət Statistika Komitəsinin məlumatına görə isə – 6,4 milyon seçici var. Rəsmi məlumatlara əsasən, seçici siyahılarına Azərbaycanı uzun müddətə tərk edən 10 minlərlə Azərbaycan vətəndaşlarının da adları daxil edilib, bu da seçkilərin nəticələrinin saxtalaşdırılması üçün geniş imkanlar yaradır.

TƏŞVİQAT KAMPANİYASI

Bərabər hüquqlu təbliğat imkanları prinsipi kobud surətdə pozulmuşdur.

Seçkiqabağı kampaniyanın 60 günədək azaldılması təşviqat kampaniyasının isə 21 günə endirilməsi  səsvermə hüququ olan seçicilərlə təmaslar, təbliğat və təşviqat işinin vaxt çərçivəsini ciddi şəkildə məhdudlaşmasına və seçki prosesinə marağın azalmasına səbəb olub.

Prezidentliyə namizədlərin təşviqat kampaniyası rekord qısa müddətdə və hökumətin KİV üzərində total nəzarəti şəraitində keçib, bu isə müxalifət namizədinin təşviqat kampaniyasını tam şəkildə həyata keçirmək imkanlarını məhdudlaşdırıb.

Namizədlərin seçki kampaniyasının dövlət büdcəsindən maliyyələşdirilməsinin ləğv edilməsi ölkədə maliyyə resursları üzərində hakimiyyətin total nəzarəti şəraitində müxalifət namizədinə maliyyə resurslarından istifadə imkanı verməyib. Namizədlərə yalnız bank hesabı vasitəsilə pul köçürülməsi barədə icbari tələb isə müxalif namizədin kampaniyasına  yardım etmək istəyənlərin çoxunu qorxudub. Yardım etmək istəyənlər hakimiyyətin təqibindən çəkiniblər.

Cəmil Həsənlinin televiziya ilə çıxışları üçün yalnız İctimai Televiziyadakı debatlarda 6 dəqiqə vaxt ayrılıb. Onun ümumi çıxış müddəti 54 dəqiqə, faktiki olaraq əsasən iqtidar mövqeyindən çıxış edən opponentlərin vaxtı isə 486 dəqiqə olub. Başqa hallarda İTV və digər telekanallar Cəmil Həsənliyə çıxış üçün vaxt ayırmayıb. İctimai Televiziya Cəmil Həsənliyə reklam və ya ödənişli əsasla vaxt ayırmaqdan da imtina edib. Seçki kampaniyası dövründə televiziya kanallarında və radiolarda seçki mövzusuna ya ümumiyyətlə toxunulmayıb, ya da hakimiyyət namizədinin təbliği, Milli Şuranın namizədinin isə əleyhinə tənqid və təhqir məzmunlu çıxışlar təşkil olunub.

İTV-də təşkil olunmuş debatlarda namizədlərin ən azı 7 nəfəri Milli Şuranın namizədinə hücum və təhqir kampaniyası həyata keçirib. Debatlar həmin namizədlərin seçkilərdə formal iştirakını və faktiki məqsədini göstərib – Mili Şuranın prezidentliyə namizədinə mane olmaq.

Bu dövrdə çap və onlayn KİV-lərin böyük əksəriyyəti prezident İlham Əliyevə dəstək üzrə informasiya kampaniyası aparıb,  Milli Şura namizədinə qarşı isə məqsədyönlü tənqid həyata keçiriblər. KİV-in bu mövqeyi onların hakimiyyətdən iqtisadi və siyasi asılılığı ilə əlaqədardır. Eyni zamanda çap KİV-lərinin tirajı məhduddur. Böhtan və başqa ittihamlar üzrə məhkəmə iddiaları jurnalistlərə sərbəst işləmək və fikrini azad ifadə etmək imkanı vermir. 4 iyun 2013-cü ildə diffamasiyaya görə cinayət məsuliyyəti İnternetə də şamil edilib.

Seçki təşviqatı dövründə İlham Əliyev öz prezident statusundan istifadə edib müxtəlif dövlət obyektləri açaraq, maaş və pensiyaların artırılması barədə sərəncamlar verərək, hər gün televiziyalarda reklam edilib. Prezident statusundan sui-istifadəni o da göstərir ki, əgər 2012-ci ilin iyul-sentyabrında regionların sosial-iqtisadi inkişafı məqsədi ilə 52,4 milyon manatlıq 13 sərəncam verilibsə, 2013-cü ilin eyni aylarında 160,8 milyon manatlıq 68 sərəncam verilib. Bu vəsaitlər əsasən inzibati resursların aktivləşdirilməsinin təşviqi üçün verilib.

Ümumiyyətlə, 7 telekanalın (AzTV, ATV, ANS, İTV, “Lider TV”, Space, Xazar) informasiya proqramalarında prezident İlham Əliyev 11 saat 45 dəqiqə, müxalifətdən olan namizəd Cəmil Həsənli isə cəmi 16 dəqiqə təqdim edilib. Bunu da qeyd edək ki, İ.Əliyev pozitiv, C.Həsənli isə neqativ rakursda təqdim olunub.

Seçki Məcəlləsinin və beynəlxalq hüququn tələblərinə rəğmən administrativ resurs seçki kampaniyasında hakimiyyət namizədinin müdafiəçisi kimi fəal iştirak edib.

İcra Hakimiyyəti strukturları, nazirliklər, polis, ədliyyə orqanları nəinki leqal şəkildə hakimiyyət namizədini təbliğ etmiş, eyni zamanda onun seçki kampaniyasında əsas təşkilati işləri öz üzərinə götürüb.

Demokratik Qüvvələrin Milli Şurasının namizədi Cəmil Həsənlinin təşviqat materiallarının paylanmasına icra strukturlarının nümayəndələri və polis tərəfindən maneçilik törədilib. Cəmil Həsənliyə mənsub olan təşviqat plakatları icra strukturlarının nümayəndələri tərəfindən cırılıb. Təşviqat bukletləri paylayan şəxslər polis tərəfindən dəfələrlə saxlanılıb.

Prezidentliyə namizəd Cəmil Həsənlinin təşviqat kampaniyası dövründə hakimiyyət onun tərəfdarlarına qarşı qorxutma, həbs və zorakılıq tədbirləri həyata keçirib.

Milli Şura namizədinin 22 sentyabr mitinqindən sonra AXCP sədrinin oğlu Türkel Kərimli və daha iki aksiya iştirakçısı həbs edildi.

Bundan əlavə, Demokratik Qüvvələrin Milli Şurasının namizədinin qərargah üzvü Oqtay Gülalıyevin 16 yaşlı oğluna hücum edilib və bədən xəsarətləri yetirilib.

Müsavat Partiyasının Qəbələ rayon təşkilatının özək sədri İmran İsmayılov prezidentliyə namizəd Cəmil Həsənlinin təşviqat materiallarını payladığı üçün 7 sutka müddətinə azadlıqdan məhrum edilib.

AXCP Qəbələ rayon təşkilatınından partiya Ali Məclisinin üzvü  Tehran Musayev Cəmil Həsənlinin təşbliğat materiallarını payladığı üçün 25 sutka müddətinə  həbs olunub.

Müsavat Partiyasının Gəncə rayon təşkilatının sədri Oqtay Zeynalov, həmin partiyanın Sabirabad rayon təşkilatının sədr müavini, prezidentliyə namizəd Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Azər İsmayıl bu rayonda keçiriləcək görüş-mitinq ərəfəsində həbs edilərək, bir gün polis idarəsində saxlanılıblar.

Mingəçevir və Sabirabadda polis və hakimiyyət tərəfindən öyrədilmiş şəxslər Cəmil Həsənlinin seçicilərlə görüşünü işıqlandıran jurnalistlərə qarşı fiziki və mənəvi zorakılıq tətbiq ediblər.

Oktyabrın 5-də bir qrup jurnalist, o cümlədən “Turan” İnformasiya Agentliyindən Etimad Budaqov, “Yeni Müsavat” qəzetindən Röya Rəfiyeva, “Azadlıq” qəzetindən Ramin Deko və Sevinc Vaqifqızı, “Media forum” saytının əməkdaşı Amid Süleymanov, “Bakunews” saytının əməkdaşı İlham Rəsulzadə və başqaları Sabirabadda Cəmil Həsənlinin seçkiqabağı aksiyasını işıqlandırarkən hücuma və fiziki zorakılığa məruz qalıb. Həmin mitinqdə Müsavat Partiyasının üzvləri Mətin Nağıyev və İlqar Şirəli, AXCP üzvü Türkel Əlisoy və başqaları da fiziki zorakılığa məruz qalıb. Hücumlar hüquq mühafizə orqanları əməkdaşlarının yanında baş verib və onlar jurnalistlərin döyülməsinin qarşısını almaq üçün heç bir tədbir görməyiblər. Bəzi jurnalistlər ciddi bədən xəsarəti alıb, onların avadanlıqlarına ziyan dəyib.

Oktyabrın 2-də Baş Prokurorluq Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun reportyoru, seçkiləri intensiv işıqlandıran fəal bloqçu Mehman Hüseynovu qorxutmaq məqsədi ilə iki saat dindirib.

SEÇKİ GÜNÜ

Seçki Məcəlləsinin uyğun olaraq respublika ərazisində 125 seçki dairəsi, 5492 seçki məntəqəsi yaradılıb.

Demokratik Qüvvələrin Milli Şurasına daxil olan təşkilatların  müstəqil olaraq seçki məntəqələrində seçkiləri müşahidə edən çoxsaylı nümayəndələri, eləcə də dairə və məntəqə seçki komissiyalarında prezidentliyə namizəd Cəmil Həsənlini təmsil edən məşvərətçi səs hüquqlu komissiya üzvləri seçki günü seçki məntəqələrində çoxsaylı qanun pozuntuları və saxtakarlıqlara yol verildiyini aşkar edib.

Qanun pozuntuları və saxtakarlıqlar barədə məlumatlar yalnız Cəmil Həsənlini təmsil edən müşahidəçilərdən, məşvərətçi səs hüquqlu komissiya üzvlərindən, onun vəkillərindən və səlahiyyətli nümayəndələrindən deyil,  seçicilərdən və tərəfsiz müşahidəçilərdən də daxil olub, eyni zamanda, Azərbaycan mətbuatında belə faktlar barədə əsaslı məlumatlar, foto və videogörüntülər yayılıb.

Pozuntular bütün ölkədə kütləvi hal alıb və bir qayda olaraq hakim Yeni Azərbaycan Partiyasının namizədi, mövcud prezident İlham Əliyevin xeyrinə, Demokratik Qüvvələrin Milli Şurasının prerzidentliyə namizədi Cəmil Həsənlinin əleyhinə yönəlib.

Səsvermə zamanı ən müxtəlif qanun pozuntularına və saxtakarlıqlara yol verilib:

Səsvermənin ilk saatlarından Cəmil Həsənlini təmsil edən və müstəqil müşahidəçilərə qarşı təzyiqlər edilib. Müşahidəçilər seçki məntəqələrinə buraxılmayıb, bir çox yerlədə onlara sərbəst müşahidə aparmağa imkan verilməyib, bəzi hallarda isə onlar seçki məntəqəsindən zorla çıxarılıblar.

Məşvərətçi səs hüquqlu komissiya üzvlərinə seçki komissiyalarının işində iştirak etməsinə imkan verilməyib. Bəzi müşahidəçilər seçki məntəqələrindən polis tərəfindən çıxarılaraq saxlanılıb. Belə faktlar əksər seçki dairə və seçki məntəqələrində, o cümlədən 120 saylı Cəbrayl-Qubadlı seçki dairəsində, 36 saylı Xətai 4-cü seçki dairəsinin 16-17-18 saylı məntəqələrində,  105 saylı Tovuz seçki dairəsinin əksər məntəqəlarində, 20 saylı Nərimanov ikinci seçki dairəsində, 8 saylı Binəqədi birinci seçki dairəsində, 64 saylı Sabirabad seçki dairəsində, 113 saylı Şəki şəhər seçki dairəsində, 62 saylı Neftçala seçki dairəsində, 123 saylı Kəlbəcər seçki dairəsində qeydə alınıb.

Seçki günü ərzində prezidentliyə namizəd Cəmil Həsənlinin səlahiyyətli nümayəndələri Rövşən Dəmirli, Rüfət Əliyev, Xəqani Əliyev, məşvərətçi səs hüquqlu komissiya üzvləri Şamil Beydulla, Abdulla Mahmudov, müşahidəçilər Elnur Mahmudov, Elvin Xəlilov və başqaları polis tərəfindən saxlanılaraq polis idarəsinə aparılıb.

Seçki bülletenlərinin sayılmasında, onların saxlanılmasında, seçicilərə verilməsində qanunun tələbləri bir qayda olaraq yerinə yetirilməyib. Əksər seçki məntəqələrində seçki bülletenlərinin sayılmasında prezidentliyə namizəd Cəmil Həsənlinin müşahidəçilərinin iştirakı təmin edilməyib. Bir çox seçki məntəqələrində isə seçki bülletenləri ümumiyyətlə sayılmayıb.

Seçki günü inzibati resurslardan kütləvi sui-istifadə hallarına yol verilib, dövlət idarələri öz işçilərinin səsverməyə gətirilməsini və onların İlham Əliyevə səs verməsini təmin etməklə məşğul olublar. Hakimiyyət orqanları tərəfindən  edilmiş təzyiqlər nəticəsində, hətta özəl biznes qurumları da öz işçilərini xüsusi nəzarətlə YAP-ın namizədinə səsverməyə gətirməyə məcbur ediliblər.

Bütün seçki dairələrində “karusel” üsulundan istifadə edilməsi, yəni ayrı-ayrı qrupların eyni və müxtəlif seçki məntəqələrində təkrar-təkrar səsverməsi halları qeydə alınıb.

Belə hallar 8 saylı Binəqədi birinci seçki dairəsinin əksər məntəqələrində, 15 saylı Yasamal birinci seçki dairəsində, 108 Ağıstafa seçki dairəsində, 34 saylı Xətai ikinci seçki dairəsində, 45 saylı Abşeron seçki dairəsinin əksər məntəqələrində, 9 saylı Binəqədi ikinci seçki dairəsində,  50 saylı Qobustan-Xızı dairəsinin əksər məntəqələrində, 10 saylı Binəqədi üçüncü seçki dairəsinin əksər məntəqələrində, 22 saylı Nəsimi ikinci seçki dairəsinin əksər seçki məntəqələrində, ümumiyyətlə, respublika ərazisindəki seçki məntəqələrinin əksəriyyətində qeydə alınıb.

Seçicilərə pul paylanması halları barədə məlumatlar daxil olub.

Hələ seçki başlanmamış seçki məntəqələrinə seçki qutularının içərisində bülletenlərlə məntəqəyə gətirilməsi halları müşahidə edilib.

Seçki komissiya üzvlərinin və kənar şəxslərin seçki qutularına topa halında (çox sayda) seçki bülleteni atdığı hallar qeydə alınıb.

Məntəqələrdə şəxsiyyət vəsiqəsi olmayan vətəndaşların, adları seçki siyahısında olmayanların və qeydiyyatı başqa ərazidə olanların və bir neçə şəxsiyyət vəsiqəsi ilə səsverməyə gələnlərin səs verməsinə imkan yaradılır.

Çoxsaylı seçicilər müxtəlif seçki məntəqələrində qeydiyyatdançıxma vəsiqəsi ilə səs verib. Belə hallar 8 saylı Binəqədi birinci, 17 saylı Yasamal üçüncü, 25 saylı Nizami seçki dairəsinin,  36 saylı Xətai dördüncü, 27 saylı Sabunçu ikinci, 32 saylı Suraxanı üçüncü, 41 saylı Sumqayıt birinci, 57 saylı Kürdəmir, 70 saylı Masallı şəhər və digər seçki dairələrinin seçki məntəqələrində, ümumiyyətlə, respublika ərazisində olan əksər seçki məntəqələrində qeydə alınıb.

Səslərin sayılması zamanı prezidentliyə namizəd Cəmil Həsənli tərəfindən təyin olunmuş məşvərətçi səs hüquqlu komissiya üzvlərinin və müşahidəçilərin əksəriyyətinə səs sayma prosesini müşahidə etmək imkanı verilməyib. Bir çox hallarda məşvərətçi səs hüquqlu komissiya üzvləri və müşahidəçilər seçki məntəqələrindən çıxarılıb.

Seçki məntəqələrində karbonlaşdırılmış seçki protokolları doldurulmayıb və protokolların surəti məşvərətçi səs hüquqlu komissiya üzvlərinə və müşahidəçilərə təqdim edilməyib.

Seçki protokollarının surəti müvafiq elan lövhələrindən asılmayıb.

Bir çox seçki məntəqələrində səslər ümumiyyətlə sayılmayıb.

Seçki protokollarına seçicilərin səslərinə heç bir aidiyyatı olmayan uydurma rəqəmlər daxil edilib.

Cəmil Həsənlinin Seçki Qərargahı seçki günü baş verən qanun pozuntuları və saxtakarlıqlarla bağlı müşahidəçilərin, məşvərətçi səs hüquqlu komissiya üzvlərinin, vəkillərin və səlahiyyətli nümayəndələrin, eləcə də ayrı-ayrı seçicilərin verdiyi məlumatlar əsasında 21 press-reliz yayıb. Bu press-relizlərəd seçki günü baş verən qanun pozuntuları haqqında məlumatlar konkret faktlarla əks olunub.

NƏTİCƏ

09 oktyabr 2013-cü il tarixli Azərbaycan Respublikası Prezidenti seçkiləri azad və ədalətli olmayıb. Bu seçkilərin nəticələri xalqın azad iradəsini əks etdirmir. Belə ki:

– Prezident seçkiləri ərəfəsində ölkədə seçkiqabağı demokratik şərait olmayıb;

– müxalifətdə olan siyasi partiyaların və digər müxalifət təşkilatlarının normal fəaliyyətinə imkan verilməyib;

– ölkədə siyasi rəqabət şəraiti mövcud olmayıb;

– seçki ərəfəsində siyasi məhbusların sayı rekord həddə çatıb;

– vətəndaşların sərbəst toplaşmaq hüququ təmin edilməyib;

– müstəqil KİV-ə qarşı təzyiq və təqiblər davam edib, hakimiyyəti tənqid edən jurnalistlər şərlənərək Cinayət Məcəlləsinin müxtəlif maddələrilə həbs olunub;

– demokratik seçkilərin keçirilməsini təmin edəcək müvafiq qanunvericilik bazası yaradılmayıb;

– seçkilər ərəfəsində seçki qanunverciliyində azad və ədalətli seçkilərin keçirilməsi üçün maneçilik törədəcək əlavə və dəyişikliklər edilib;

– Seçki Məcəlləsinin demokratikləşməsi istiqamətində AŞ PA-nın Venesiya Komissiyasının tövsiyələri nəzərə alınmayıb;

– bütün seçki komissiyalarında hakim partiya nümayəndələri faktiki olaraq həlledici səs çoxluğuna malik olub;

– komissiyadakı vəzifələr iqtidar və iqtidaryönlü partiyaların nümayəndələri arasında bölünüb;

– iddiaçı tərəflərə bərabərhüquqlu təbliğat imkanları yaradılmayıb;

– seçki kampaniyasının müddəti azaldılıb, təbliğat və təşviqat imkanları, hətta əvvəlki seçkilərlə müqayisədə xeyli məhdudlaşdırılıb;

– administrativ resurs hakimiyyət namizədinin seçki kampaniyasına cəlb edilib;

– seçki kampaniyası dövründə ölkədə fəaliyyət göstərən hakimiyyətin nəzarəti altında olan 7 televiziya kanalı daim hakimiyyət namizədinin təbliğatı ilə məşğul olub;

– seçki günü saysız-hesabsız qanun pozuntularına və saxtakarlıqlara yol verilib.

09 oktyabr 2013-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin seçkiləri xalqın azad  iradəsini ifadə etməyib.

Cəmil Həsəınlinin seçki qərargahına daxil olan çoxsaylı məlumatlar, seçki məntəqələrində olan müşahidəçilərin, məşvərətçi səs hüquqlu komissiya üzvlərinin hesablamaları tam əminliklə deməyə əsas verir ki, seçkilərdə iştirak edən seçicilərin sayı saxtakarlıqlar və qanun pozuntuları hesabına dəfələrlə şişirdilib. Əslindəseçkilərdə iştirak edən seçicilərin ümumi sayı 20 faizdən aşağı olub.

Seçicilərə öz istəklərinə uyğun səs vermək üçün imkan yaradılmayıb. Seçicilərin bir qismi seçki məntəqələrinə məcburi şəkildə, işdən azad olunmaq və digər təhdidlərlə gətirilib, onlara iqtidar namizədinə səs verməli olduqları təbliğ olunub.

Seçkilərdə administrativ resursun hüdudsuz iştirakı, qanun pozuntuları və saxtakarlıqlar seçkilərin nəticələrinin müəyyənləşməsində həlledici rol oynayıb.

09 oktyabr 2013-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin seçkiləri xalqın seçki yolu ilə hakimiyyətin dəyişdirilməsinin mümkünlüyünə olan inamını növbəti dəfə doğrultmayıb.

Azərbaycan hakimiyyəti 09 oktyabr 2013-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin seçkilərində xalqın iradəsinə zidd olaraq, hakimiyyətin mənimsənilməsi istiqamətində növbəti addımını ataraq, xalqa qarşı ağır cinayət törədib.

Seçkilərin gedişi və hakimiyyətin həyata keçirdiyi saxtakarlığın strukturu və miqyası barədə Demokratik Qüvvələrin Milli Surasının sərəncamına daxil olan gerçək məlumatlar bəyan etməyə əsas verir ki, 09 oktyabr 2013-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin seçkilərində öz iradəsi ilə iştirak edən seçicilərin əksəriyyəti Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə səs verib. Ciddi qanun pozuntuları, saxtakarlıqlar, hakimiyyət strukturlarının zorakı müdaxiləsi nəticəsində seçkilərin nəticələri iqtidar namizədinin xeyrinə əsaslı surətdə dəyişdirilib.

Demokratik Qüvvələrin Milli Surası 09 oktyabr 2013-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin seçkilərini  azad və ədalətli olmayan, qeyri-demokratik seçkilər hesab edir. Belə seçkilər nəticəsində formalaşacaq icra hakimiyyətinin legitimliyini tanımır.

Demokratik Qüvvələrin Milli Surası 09 oktyabr 2013-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin seçkilərinin nəticələrinin ləğv edilməsini, Azərbaycan xalqının azad iradəsini əks etdirən və beynəlxalq standartlara cavab verən seçkilər vasitəsilə təkrar Prezident seçkilərinin keçirilməsini  tələb edir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə