Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Cəsurlar üçün yeni Kemp-Devid
Cəsurlar üçün yeni Kemp-Devid
11 Oktyabr 2013 / 14:28 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Azərbaycanda seçkilərin son raundunun başa çatması ilə ənənəvi olaraq təkrarlanan iki hərəkəti bir daha gözdən keçirmək zərurəti yaranır: qalib tərəfin aşırı eyforiyası və məğlub tərəfin kor inad uğruna mövqe sərgiləməsi. Bu inad mərhələsinin də iki tanış təzahürü var. Birincisi, seçkinin nəticəsini tanımamaqla, dolayı olaraq hakimiyyətin legitimliyinin tanınmaması barədə bəyanatların səslənməsi, ikincisi isə xalqı etiraza çağırışla bağlı çıxışların sosial şəbəkələrdə yer almasıdır. Dərd burasındadır ki, müxalifətin bir qismi iqtidarın legitimliyini, iqtidarın əksər hissəsi isə, ümumiyyətlə, müxalifətin varlığını, mövcudluğunu tanımır.

Əslində bu dəfə də iddia edildiyi kimi, verilən səsi qoruyacaq xalq meydanda yoxdur. İddia etmirəm ki, bu seçki balına şəkər tozu heç qatılmayıb, bəlkə də əvvəlkilərdən nə qədərsə az qatılıb, ancaq bu nəyi dəyişər ki? Seçkinin həmən ardından demokratik sayılan dünyanın və onların mötəbər təşkilatlarının təbrik və ilımlı mesajları kifayət edər ki, onların Azərbaycanda hakimiyyət dəyişikliyinə indiki şərtlərdə maraqlı olmamasını göstərsin. Bu dəfə isə əlahəzrət xalq deyilən bir məfhum tərəfindən də real dəyişiklik sifarişi verilməmişdi, baxmayaraq ki, hər şey xalqın adından başqa cür tələffüz olunurdu.

Etirazçı ilə qiyamçını və yaxud inqilabçını bir-birindən məfhum olaraq dəqiq fərqləndirmək lazım. Azərbaycanda müxalifət cinahının tamamını etirazçılar təşkil edir. Onlar hansısa hərəkəti başlarkən beyinlərində axşam evə qayıtmağı düşünürlər və bu səbəbdən də epizodik xarakterli, kəsintili tədbirlərə daha isti yanaşırlar. Qubada və İsmayıllıda olduğu kimi, qısa müddətli etiraz dalğası ola bilər, qısa müddətə kiçik bir insidentə görə qiyam baş verə bilər, ancaq sistemli və permanent inqilab edəcək qalıcı bir ideya quruluşları yoxdur! Ona görə də hər dəfə seçkidən sonra xalqa çağırış edib, seçkinin nəticələrini tanımamağa, legitimliyi şübhə altına salmağa doğru istiqamətlənmə siyasi demaqoji addımdan başqa bir şey ifadə etməməkdədir. Xalq dediyiniz böyük axın hansısa bazanın üzərinə toplanan və ondan sonra burada öz təhlükəsizliyini hiss etdikdən sonra irəliləməyi sevən çoxluqdur. Etirazçı baza inqilabçı məhrumiyyətlərinə dözə biləcək xarakteri daşımır və bəlkə də bu səbəbdən Azərbaycan kimi insanların öz taleyinə biganə, Mehdinin gəlişi ilə ədalətin bərpasını təsəvvür edən bir cəmiyyətdə bu bazanın lider kimlikləri ətrafına kütlə çoxluğunu yığa bilmirlər.

Yaxın tarixdə məni hər zaman heyrətləndirən addımlardan biri ötən əsrin 70-ci illərində Misirin qətlə yetirilmiş prezidenti Ənvər Sadatın öz təyyarəsi ilə Tel-Əvivə iznsiz gəlməsi və birbaşa Knessetə gedərək sülh barədə çıxış etməsi olmuşdur. Bu, sonda Kemp-Devid sazişinin imzalanmasına gedən yolu açmış oldu və bölgədə qalıcı sülhün əsasını qoydu. Seçkidən sonra təbii ki, uduzmuş müxalifətə hansısa ümidi ABŞ səfirliyindən tutmuş ATƏT-ə qədər hamısı kiçik bəyanatlarla, rəylərlə verəcəklər. Bunlara kimsə özünü inanmış kimi göstərməsin, 20 ildir Qarabağı qaytarmadıqları kimi, hakimiyyəti də birindən alıb o birinə verən deyillər. Həm də ATƏT-in sərt seçki bəyanatlarında gözə çarpan tək məqsəd demokratiyanın müdafiəsi deyil, sadəcə, Ermənistanla müqayisədə Azərbaycanın zəif mövqedə saxlanmasıdır. Bunu AŞPA-nın son büro iclasında Azərbaycan tərəfinin Sarkisyanın səsləndirdiyi işğalçı hədələrlə dolu son bəyanata etirazına cavab olaraq əksər Avropa ölkələrinin təmsilçilərinin təxminən aşağıdakı məzmunda verdikləri cavab da təsdiqləyə bilər: “Sarkisyan əcəb edir, siz müharibəyə başlasanız, yaxşı edib başqa ərazilərinizi də işğal edəcək”. Ona görə də iqtidar eyforiyadan başını qaldırıb, müxalifət də kor inaddan əl çəkib daxildə real bir uzlaşma yolunu məhz bu seçkidən dərhal sonra tapmalıdır.

Bu dalandan tək bir çıxış yolu var. Qoy Milli Şuranın dəstəklədiyi namizəd iddia etdiyi saxtakarlıqla bağlı bütün iradlarını davam etdirsin, səslərin saxtalaşdırılması iddiasını isbatlamaq üçün hüquqi yollarla mübarizəsini davam etdirsin, çünki bu ona səs verən insanlara ən azı sayğı göstərmək üçün bir ləyaqətli davranışdır. Ancaq ardınca Azərbaycan siyasətində hətta Əbülfəz Elçibəyin də edə bilmədiyi cəsur addımı atmağa başlasın. O addım ki, 1993-cü ildə naşılığımıza görə hakimiyyətdən getdiyimizdən sonra, ardınca dörd il yarım Əbülfəz bəy Kələkidə yaşadıqdan sonra Bakıya dönüşü zamanı atılmadığına görə iqtidarla müxalifət arasında uçurum daha da dərinləşməyə davam etdi. Ehtimal edək ki, Əbülfəz Elçibəy bu sürəcin hansısa məqamında əvvəlcədən xalqa məqsədini bəyan edərək birbaşa təyyarədən enib, gəlirdi Prezident Aparatına Heydər Əliyevin yanına. Məğlubiyyətini etiraf edib, Heydər Əliyevi təbrik edirdi. Əlində real bir islahat proqramı ilə, müxalifət və iqtidar münasibətlərinin hüquqi əsasda tənzimləyən sənədlə Azərbaycanın gələcəyi naminə bu problemi çözərdi. Hətta Heydər Əliyev buna müsbət qarşılıq verməsəydi, bu onun üçün uzlaşma istəməyən bir lider imici yaradardı. Halbuki Heydər Əliyevin hakimiyyətinin ilk dövrlərindən başlayaraq bu uzlaşma simptomları daha çox hiss olunurdu. Bu addımın birbaşa Əbülfəz bəy tərəfindən atılması bəlkə də Azərbaycanda daha demokratik bir siyasi sistemin yaranmasına səbəb ola bilərdi. Bunun əvəzinə mövcud baza və imkanlarla, eləcə də dəyişməyən şüarlarla hakimiyyət uğrunda mübarizənin perspektivsizliyini tərəfdarlara göstərib ruh düşkünlüyü yaratmamaq üçün idealist cinahın enerjisini real olmayan hədəflərlə əslində hədəfdən yayınma yeri olan Bütöv Azərbaycan Birliyinə yönəltdi. Beləcə həmin missiya yarımçıq qaldı. Təqribən 2003-cü ildə də İsa Qəmbər tərəfindən belə bir tarixi şansın qaçırıldığını düşünürəm. Bununla belə, həm Əbülfəz Elçibəy, həm də İsa Qəmbər siyasi liderlərdir və bu kimi addımların uğursuz siyasi nəticələrini də gözə almağa, risk etməyə haqlı olaraq çətinlik çəkərdilər. Çünki səsi beynindən idarə olunmayan bir qələbəlik hər an satqınçılıqda ittiham etməyə hazır vəziyyətə həmişə gözləyir.

İndi isə siyasi situasiya, resurslar xeyli fərqlidir. Professor Cəmil Həsənli bir ziyalı olaraq öz tərəfdarlarına niyyətini açıq bildirərək və seçkisonrası təyin etdiyi mitinqi təxirə salaraq əlində real islahat proqramı, iqtidar-müxalifət dialoqu planı ilə məhz günü sabah birbaşa Prezident Aparatına getməli və prezidentlə görüşməyə cəhd etməlidir. Seçkilərlə bağlı lap narazılıqlarını da bildirib, ikinci yeri qazanmış namizəd olaraq İlham Əliyevi təbrik etməli və iqtidar-müxalifət dialoqunun yol xəritəsini masanın üzərinə qoymalıdır. Deməlidir ki, siz güclüsünüz, öz hakimiyyətinizi qorumağa qadirsiniz, bununla belə, biz də xalqın əhəmiyyətli bir hissəsinin təmsilçiləri olaraq siyasətdə barışmazlığa, qan davasına son qoymağı təklif edirik. Gəlin 2015-ci ilə hamımızın konsensusa gələcəyimiz qaydada parlament seçkiləri keçirək, proporsional sistemi bərpa edək və dünyaya Azərbaycanın demokratik dövlət imicini çatdıraq.

Hə, deyəcəksiniz ki, birdən qəbul etmədi? Əlbəttə, mənim buna heç bir təminat vermə imkanım və gücüm yox, çünki bizdə indiyədək nəinki barışmaz müxalifətlə, hətta parlament müxalifəti ilə də ən yüksək səviyyədə görüşülüb hansı təkliflərə malik olduqlarını soruşan olmayıb. Ancaq indiki şərait bir qədər fərqlidir. Hakimiyyət ən azı ölkənin beynəlxalq imici üçün bu davranışa müsbət yanaşmalı və səviyyəli qarşılıq verməlidir. Qəbul etməzlərsə, yenə də dönüb sizi dəstəkləyən cəmiyyətə deyirsiniz ki, baxın, biz real uzlaşma yolu təklif etdik, hakimiyyət bu yoldan imtina etdi. Hətta prezidentin andiçmə mərasiminə də qatılıb bu ölkədə siyasi mədəniyyətsizliyin indiki xoşagəlməz mənzərəsini dəyişmək üçün fədakarlıq etmək lazımdır.

Anlayıram – çox sayda insanlardan səslər gələcək ki, bu da satqınlıqdır, iqtidarla əməkdaşlığa getməkdir. Məhz lider olmaq istəyən şəxsin xarakteri də buradan başlamalıdır. Həmin qışqırıqlar Cəmil Həsənli 2005-ci ildə AXCP-dən çıxıb Milli Məclisə gələndə, deputat mandatdan imtina etməyəndə də səslənirdi. Sonra nə oldu? Gördülər ki, adam hər zaman ziyalı mövqeyini qoruyub saxladı və yenidən onun obrazında bir təmsilçiyə ehtiyac duydular. İllərdir bu dəstələrdən eyni məsuliyyətsiz ittihamları bizlər dinləmirikmi? Halbuki bu gün sağlam bir siyasi sistemin formalaşması, demokratik oyun qaydalarının, dialoq mühitinin yaranması üçün hər cür fədakarlığa hazır olduğumuzu dəfələrlə səmimi şəkildə ortaya qoymuşuq. Şanlı “Facebook” qəhrəmanlarının və başqa qışqırıqçıların əsas tələbi liderin məhz onların düşündüyü standartlarda düşünməsidir. Zaman göstərir ki, bu cür liderlər kütləvi liderlər ola bilir, ancaq tarixi liderə çevrilə bilmirlər.

Baxın, noyabrın 12-də mitinq olacaq, icazə də verildi, doyunca danışıb ürəklərini boşaldacaqlar. Növbəti mitinq əvvəlkindən də zəif tərtibatda deyək ki, 26 noyabrda olacaq və qışa doğru əsəbi vəziyyətdə olan bu insanların ehtirasları öləziməyə başlayacaq. Taktikada, düşüncədə hansısa dəyişiklik hiss olunmur. Ancaq cəsur bir addımla tərəfdarlarını da sıxıntıya soxmadan, həbsxanalara göndərmədən ölkədə hamının arzuladığı dəyişikliyi yaratmaq mümkündür. Ən azı bu addımla yeni bir siyasi mədəniyyətin təməli qoyula bilər.

Buna əslində cəsur ürək yox, cəsur ağıl lazımdır…



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə