Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“İstefa fikrimdən daşındım” – Sərdar Cəlaloğlu
“İstefa fikrimdən daşındım” – Sərdar Cəlaloğlu
21 Oktyabr 2013 / 10:58 / Baxış sayı: 36
Font1 Font2 Font3 Font4

“Cəmil Həsənli, yoxsa İlham Əliyev birincidir, onun mənə aidiyyatı yoxdur” 

 arxiv.bizimxeber.az ADP sədri Sərdar Cəlaloğlunun “Reytinq” qəzetinə verdiyi müsahibəni təqdim edir: 
– Seçkinin nəticələri göz qabağındadır və əlavə şərhə ehtiyac yoxdur. Müxalifət vaxtında düzgün siyasət apara bilmədi, birləşmədi, sonradan olan birləşmə də sağlam müstəvidə baş vermədi, ona görə də nəticələr belə oldu. Ola bilər ki, seçkilər saxtalaşdırılsın, amma, seçkilərin saxtalaşdırılmasına müqavimət göstərmək, onun qarşısını almaq, insanları seçkiyə gətirmək imkanlarımızı əldən verdik. Müxalifətin yanlış strategiyası, yanlış mübarizə taktikası bu imkanı itirməyimizə səbəb oldu.
– Bu məsələdə özünüzü də suçlu bildiyiniz üçün partiya sədrliyindən istefa vermişdiniz? 
– Mən, 2005-ci il parlament seçkilərindən sonra da istefa vermək istəyirdim. O vaxt Lalə xanım, Əli bəy, İsa bəy mənə təkidlə bildirdilər ki, bu fikrimdən daşınım, bu barədə mətbuata məlumat verməyim. O zaman həmin şəxslərlə müttəfiqlik münasibətlərində olduğumdan, ümumi maraqlar naminə fikrimdən daşındım.
Amma indi tək idim və qərarlarım mənə aiddir. Mən ilkin elan olunan nəticələrə görə belə bir qərar vermişdim. O zaman nə ABŞ Dövlət Departamenti, nə ATƏT, nə də namizədlər seçki ilə bağlı ortaya konkret fikir qoymamışdılar.
Seçkinin ilkin nəticələrinə görə, ən az səsi mən toplamışdım. Ona görə də siyasi mədəniyyətin tələb etdiyi qaydada o addımı atmalıydım. Sonra hökumət Naxçıvandakı bəzi dairələrin nəticələrini açıqladı və məlum oldu ki, nəticələr heç də MSK-nın açıqladığı kimi deyil. Məsələn, əlimizdə olan protokollara görə elə dairə var ki, ikinci, eləsi də var, 3-cü, 4-cü yerdəyəm.
MSK-nın elan etdiyi nəticələrdə məndən öndə olan şəxslərdən bəziləri 15-20 protokolda “sıfır” səs toplayıb. Bunları da nəzərə alıb məğlub olmadığımı, hədəfimizə çatdığımızı düşündüm. Bizim hədəfimiz seçkidə 3-4-cü yeri bölüşdürmək idi. Əlimizdə olan bütün məlumatlar da göstərir ki, biz o hədəfə çatmışıq. Mənim istefa qərarı verməyim bütünlükdə seçkilərin nəticələrini qəbul eləmək demək idi. Ona görə partiya hesab elədi ki, istefamın qəbul olunması yanlışdır, bu, partiyanın əməyinə mənfi qiymət verilməsinə gətirib çıxaracaq. Bu səbəbdən də istefa fikrimdən daşındım.
– ADP-nin İdarə Heyəti seçkinin nəticələrinə qiymət verdi və bəyanatla çıxış elədi. İndi də hakimiyyəti koalision hökumət formalaşdırmağa çağırırsınız… 
– Biz, 2005-ci ildən bəri konstruktiv müxalifət yolu tutmuşuq. Birinci mərhələdə hökumətə siyasi dialoq təklif edirdik. İndi ikinci mərhələdir və koalision hökumətin formalaşması zərurəti yaranıb. Ona görə də belə bir təkliflə çıxış edirik. Çünki siyasi dialoqun məntiqi nəticəsi olaraq, bura gəlib çıxmalıydıq.
Seçkidən sonra ölkədə, həm daxili, həm də beynəlxalq müstəvidə gərginliyin artdığının fərqindəyik. Bunları nəzərə alaraq hesab edirik ki, ölkədə vətəndaş qarşıdurmasının, sabitliyin pozulmasının qarşısının alınması, islahatların həyata keçirilməsi üçün ən düzgün addım koalision hökumətin formalaşdırılmasıdır. Ona görə də belə bir təkliflə çıxış edirik.
– 85 faiz səsçoxluğu ilə qalib olan bir partiya, cəmi 15 faiz səs toplayan (9 namizəd) qüvvələrlə nəyə görə koalisiyaya getməlidir? 
– Əgər məsələyə formal yanaşsaq, sən deyəndir. Amma faktiki yanaşsaq, normal bir təklifdir. Hakimiyyətdə də kifayət qədər ağıllı adamlar var və onlar da başa düşürlər ki, hətta demokratik seçkilərlə 85 faiz səs toplasalar, güclü olsalar belə, azlığa da ölkənin ictimai-siyasi həyatında yer hazırlamalıdırlar. Hətta inansaq ki, bunlar 90 faiz səs toplayıblar, yerdə qalan həmin 10 faizin də dövlət idarəçiliyində təmsilçiliyi təmin olunmalıdır. Çünki demokratiya bunu tələb edir.
– Bəs hakimiyyətin belə bir keçid etmək iradəsini görürsünüzmü? 
– Əgər bunu etməsələr, Azərbaycan növbəti 5 ildə çox ciddi problemlə üzləşəcək. Həm iqtisadi və siyasi sahədə, həm də beynəlxalq müstəvidə iqtidarın xeyrinə olmayan proseslər başlaya bilər. Ona görə də hakimiyyət bunu öncədən görüb, demokratik prinsiplərə söykənərək, bizim təklif etdiyimiz varianta getməlidir.
– Sərdar bəy, budəfəki seçkilərdən sonra müxalifət düşürgəsində fərqli tendensiya müşahidə olundu. Siz sədrlikdən istefa verdiniz, Rəsul Quliyev ACP-dən və Milli Şuradan getmək qərarını açıqladı, İqbal Ağazadənin partiyasından qopmalar oldu. Ümumiyyətlə, müxalif düşərgədə nə baş verir? 
– Seçkidən qabaq yaranan blokların seçki ilə bağlı müəyyən gözləntiləri olur. Seçkidə həmin gözləntilər özünü doğrultmadıqda, yeni gözləntilərini başqa müstəvilərdə axtarmağa məcburdurlar. İstefalar, qopmalar isə siyasət hesabına yaşamaq istəyənlərin əməlidir. Onların mövqeyinin heç bir əhəmiyyəti yoxdur. Siyasət naminə yaşayanlar isə öz mübarizələrini davam etdirirlər.
– Siyasət hesabına yaşayanlara Rəsul Quliyev də aiddir? 
– Biri var, siyasət naminə yaşamaq, biri də siyasət hesabına yaşamaq, ondan dolanışıq kimi istifadə eləmək. Adətən, şəxsi maraqlarını üstün tutan adamlar siyasət hesabına yaşayanlardır. Kimlər ki, siyasət naminə yaşayır, nə qədər ki, öz ideyaları reallaşmayıb, siyasi mübarizəni davam etdirəcək və istefa verməyəcək.
– Artıq demək olar ki, 2013 seçkiləri bitdi və proses arxada qaldı. Sizcə, müxalifət bundan sonra… 
– (Tələsik) Mən deməzdim ki, arxada qaldı. Çünki seçkinin nəticələri bundan sonra Azərbaycanın ictimai-siyasi həyatında və beynəlxalq münasibətlərdə öz təsirini göstərməyə başlayacaq.
Mən bilmirəm, siz niyə deyirsiniz ki, hər şey arxada qaldı? Gördüyünüz kimi, Amerika ilə Azərbaycan arasındakı normal münasibətlər gərginləşib, Rusiyada baş verən son olaylar da müəyyən proseslərin siqnalıdır. Yəni, 2013 seçkilərinin nəticələri başqa “sürpriz”lər ortaya çıxaracaq.
– “Sürpriz” deyərkən, nəyi nəzərdə tutursunuz? 
– Hər nə olsa, Azərbaycan xalqının, döəvlətinin xeyrinə olmayacaq. Yəni, proseslər bizim üçün təhlükəli məcraya yönələ bilər.
– Təkrar prezident seçkilərinin keçirilməsi gündəmə gələ bilərmi? 
– Bu məsələ proseslərin gedişatından asılıdır. İndidən proqnozlaşdıra bilmərəm ki, bu gedişat təkrar prezident seçkilərinin keçirilməsi zərurətini yarada bilər, yoxsa yox. Ancaq bir yolu bilirik ki, bu hadisələrdən qaçmaq üçün hakimiyyət koalisiyaya getməlidir. Bir halda, tərəflər hesab edirlər ki, onların səsləri oğurlanıb, saxtakarlıq edilib, siz deyən 85 faizlə siyasət aparmaq olmaz. Ona görə də reallıqdan çıxış edib, siyasət yürütmək lazımdır.
– Nəticələri kəskin şəkildə qəbul etməyib mövqe bildirən Milli Şura oldu. Siz də başda olmaqla, əksər namizədlər nəticələri tanıdı. 
– Mən etiraf edirəm ki, İlham Əliyevə də, Cəmil Həsənliyə də uduzmuşam. İndi Cəmil Həsənli birincidir, yoxsa İlham Əliyev birincidir, onun mənə aidiyyatı yoxdur. Şəxsən mənim fikrim odur ki, bu seçkilərdə bütün rəqəmlər konyukturaya uğrayıb, amma qalib İlham Əliyevdir. Yəni, səslər süni şəkildə artırıldığına görə faizlər dəyişkən olub.
– Milli Şura seçkinin saxtalaşdırıldığını iddia edir və bu tələblə kütləvi tədbirlərə başlayıb. Bu mübarizə metodunu düzgün sayırsınız? 
– Bu taktikadan bundan əvvəlki dövrlərdə də istifadə olunub, amma çox ciddi nəticələrə nail olunmayıb. Hesab edirəm ki, bu, düzgün taktika deyil.
Görürsünüz ki, biz fərqli yol tutmuşuq, hakimiyyətə koalision hökumətin formalaşdırılması təklifini vermişik. Küçə mübarizəsini yox, seçkilərin nəticələrinin ləğvini yox, əməkdaşlıq təklif edirik. Bu da fərqli bir mövqedir. Düşünürəm ki, bu, indiki mərhələ üçün ən optimal variantdır.
– Bundan əvvəl də siyasi dialoq təklif edirdiniz, amma nəticə əldə edə bilmədiniz… 
– Niyə ki? Nəticə o oldu ki, Azərbaycan cəmiyyəti siyasi dialoqun vacibliyini anladı və qəbul elədi.
– Əsas odur ki, dialoqa gələn olmadı… 
– O heç də… İndi biz düz bir söz demişik, kimsə buna əməl etmirsə, düz bildiyimiz yoldan geri çəkilməliyik? Biz dialoq təklif edirdik, çünki dialoq həmin dönəm üçün vacib idi. Hakimiyyət dialoqa gəlmirsə, bunun günahı bizdə deyil.
– Onu demək istəyirəm ki, dialoq təklifini qəbul eləməyən hakimiyyətə koalision hökumət təklifi vermək başadüşülən deyil… 
– Dialoq təklifi veriləndə vəziyyət başqa idi, indi tamam fərqlidir. Mənə elə gəlir ki, budəfəki seçkilər əvvəlkilərdən fərqli olaraq, daha ciddi beynəlxalq hadisələrin fövqündə baş verib. Ərəb inqilabları, İranla Amerika münasibətləri, Rusiyada baş verənləri nəzərə almadan əvvəlki illərdəki proseslərlə eyniləşdirsəniz, yanlış nəticəyə gəlib çıxacaqsız.
– Təbii ki, ATƏT-in də, ABŞ-ın da seçkilərlə bağlı mövqeyi hakimiyyət üçün ürəkaçan olmadı. Necə düşü-nürsüz, təzyiqlər bu həddə olacaq, yoxsa yüksələn xətt üzrə inkişaf edəcək? 
– Bu, seçkidən sonrakı dövrdə Azərbaycan iqtidarının atdığı addımlardan asılı olacaq. Əgər iqtidar islahatlara başlayacaqsa, bu təzyiqlər artan xətt üzrə olmayacaq. Qərbin məqsədi burda kimin hakimiyyətdə olması yox, ölkədə demokratikləşmə prosesinin getməsidir, əhalinin narazılığını yatırtmaqdır. Yox, əgər islahatlar olmayacaqsa, yəqin ki, təzyiqlər də artan istiqamətdə davam edəcək.
– Bu təzyiqlər nə ilə yekunlaşa bilər? 
– Bizim xeyrimizə bir şey olmayacaq. Təzyiqlər olacaq və Azərbaycan dövlətinin maraqlarında hansısa məqamlardan güzəştə getməklə nəticələnəcək.
– Ərəb ölkələrindəki hadisələrin təkrarlanması necə? 
– O da qaçılmazdır. İnqilabları proqnozlaşdırmaq mümkün deyil. Amma analogiya aparsaq, görərik ki, ha-zırda Azərbaycanda olan proseslər digər ölkələrdə baş verdikdə və islahatlara gedilmədikdə, inqilablar olub. Ona görə də hakimiyyət vəziyyətin ciddiliyini anlayıb lazımi addımlar atmasa, islahatlara getməsə, ölkə təhlükəli vəziyyətlə üzləşəcək.
– Azərbaycan cəmiyyətinin seçkidən sonrakı mövqeyini necə qiymətləndirirsiniz? 
– Hələlik cəmiyyətdə eskalasiya, daxili gərginlik gedir. O gərginlik partlayış həddinə gəldiyi üçün seçkidə də iştirak eləməyib. Bu da çox təhlükəlidir. Əgər xalq seçkiyə gedib öz iradəsini ifadə eləsəydi, vəziyyət indiki qədər kritik olmazdı. Amma seçicinin böyük əksəriyyəti öz daxilində hazırlaşır. Elə inqilablar da hər zaman bu cür cəmiyyətlərdə baş verir.
– Axı, müəyyən kəsim seçkiyə getmişdi? 
– Seçkiyə gələnlər o qədər də böyük qüvvə deyildi. Seçkiyə cəmi 25-30 faiz adam qoşulmuşdu, tutalım, onun 50 faizi müxalifət olsun. O böyük qüvvə deyildi ki, siyasi hadisələri dəyişdirməyə gücü çatsın.
– Sərdar bəy, seçkidən sonra müxalifətin toparlanması prosesi başlanır, hətta super partiyanın yaradılacağı kimi fikirlər də səslənir. Bu barədə nə düşünürsünüz? 
– Mən belə bir ideyanın gerçəkləşəcəyinə inanmıram. Çünki müxalifətin real birliyinin yaranmasına imkan verməyən qüvvələr bundan sonra da belə bir birliyin formalaşmasına şərait yaratmayacaqlar. Ona görə də super partiya, nə bilim böyük partiya kimi ideyaların gerçəkləşməsini gözləmək yersizdir.
– Belə bir təşəbbüs olarsa, ADP hansı mövqeyi nümayiş etdirəcək? 
– Təşəbbüs olarsa, ortaya ciddi bir iş qoyularsa, biz də baxarıq. İndidən nəsə demək çətindir.
Müxalifətin birliyi həmişə lazımdır. Xüsusən də təhlükələr artdıqca, siyasi qüvvələrin birliyinə daha çox ehtiyac yaranır. İndi də Azərbaycan təhlükəli mərhələnin astanasındadır. Bu mənada birlik lazımdır, amma söhbət səmimi birlikdən gedir.
– Bəlkə təşəbbüsü ələ alasınız? 
– Bu məsələdə təşəbbüsü ələ almaq fikrim yoxdur. Ona görə ki, bizim müstəqil hesab elədiyimiz qüvvələrlə müstəqil olmayan qüvvələr bir yerdədir. Gərək, onlar ayrılsınlar ki, görək, milli qüvvələr kimdir. Ondan sonra birlik barədə danışmaq olar. Hələlik müxalifətin hər hansı ittifaq yaratmaq imkanları məhduddur.
/”Reytinq” qəzeti/

 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə