Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Obamanın Əliyevə seçki təbriki gözlənilir
Obamanın Əliyevə seçki təbriki gözlənilir
30 Oktyabr 2013 / 14:46 / Baxış sayı: 6
Font1 Font2 Font3 Font4

Böyük Britaniya baş naziri Devid Kemeron da Azərbaycan prezidentini təbrik etdi, növbə ABŞ prezidentindədir…

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Devid Kameron Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubun “AzərTAc”  tərəfindən yayılan mətnində deyilir: “Hörmətli cənab prezident, yenidən Azərbaycan Respublikasının prezidenti seçilməyiniz münasibətilə sizi təbrik edirəm. Mən Birləşmiş Krallıq ilə Azərbaycan arasında genişlənən güclü ikitərəfli münasibətlərdən məmnunluğumu bildirirəm. Azərbaycanın iqtisadi yüksəlişi böyük təəssürat bağışlayır və şadam ki, Britaniya şirkətləri bu işdə mühüm rol oynayıblar.

“Şahdəniz-2” layihəsinə dair yekun sərmayə qərarı ilə bu istiqamətdə işin davam etdirilməsini səmimiyyətlə arzulayıram. Bu qərar ilin sonunadək qəbul olunarsa, xarici işlər naziri imzalanma mərasimində iştirak etmək üçün Bakıya səfərdən məmnun olardı. Bu, ölkələrimiz arasında münasibətləri daha da möhkəmləndirən önəmli mərhələ olacaq”.

Devid Kemeron həmçinin regional təhlükəsizlik məsələlərində Azərbaycan prezidenti ilə sıx əməkdaşlığa sadiq olduğumu vurğulayır. Azərbaycanın Əfqanıstana verdiyi töhfəyə və Birləşmiş Krallığın hərbi təyyarələrinin ölkənin hava məkanından istifadə etməklə Əfqanıstana uçuşlarına göstərdiyi davamlı dəstəyə görə İlham Əliyevə  minnətdarlıq edir.

“Əminəm ki, prezidentliyinizin yeni dövründə siz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda irəliləyişə nail olacaqsınız. Birləşmiş Krallıq münaqişənin sülh yolu ilə həllinə qəti surətdə sadiqdir. Eyni zamanda ümidvaram ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr Assosiativ Saziş və Strateji Müasirləşmə Tərəfdaşlığı vasitəsilə irəliləməkdə davam edəcək” – deyə Devid Kemeron bildirir.

Məktubda deyilir ki, Birləşmiş Krallıq Azərbaycanın son 20 ildə nail olduğu tərəqqini qeyd edir: “Ölkənizin müasir, inkişaf edən və dünyəvi cəmiyyət quruculuğu istiqamətində uğurları böyük təəssürat bağışlayır. Azərbaycanın dostu kimi, Birləşmiş Krallıq əmindir ki, sosial və iqtisadi inkişafın demokratik və siyasi təkmilləşməyə uyğun aparılması davam edəcək”.

Üçüncü müddətdə prezident səlahiyyətlərinin icrasına başlaması münasibətilə prezident İlham Əliyevə böyük uğurlar arzulayan Devid Kameron ötən il Londonda dövlətimizin başçısı ilə görüşündən məmnun qaldığını bildirib. Britaniyanın baş naziri ümidvar olduğunu bildirib ki, yaxın vaxtlarda Azərbaycan prezidenti ilə yenidən görüşmək fürsəti yaranacaq.

Böyük Britaniya baş nazirinin təbrik məktubunda “Şahdəniz-2”yə dair investisiya müqaviləsinin tezliklə imzalanmasının vacibliyi haqda qeyd təsadüfi deyil. BP-nin başçılıq etdiyi konsorsium yataqdan qaz hasilatına başlamaq üçün 30 milyard dollardan çox investisiya yatırmalıdır. Təbii ki, konsorsium bu qədər irihəcmli investisiyalar yatırmaq üçün sərfəli şərtlərə nail olmaq istəyəcək.

Qeyd edək ki, Devid Kemeron Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olanddan sonra Azərbaycan liderini təbrik edən üçüncü iri Qərb ölkəsi lideridir. Təbriklər seriyasını ABŞ prezidenti Barak Obama tamamlayacaq. Virtualaz.org saytına diplomatik çevrələrdən məlum olub ki, bu təbrik məktubu tezliklə Bakıya göndəriləcək.

Doğrudur, ABŞ Azərbaycandakı prezident seçkilərini kifayət qədər sərt tənqid edib. Dövlət Departamentinin seçkilərə dair bəyanatı isə Bakıda kəskin etirazlar doğurub. Prezident Administrasiyası rəsmi Vaşinqtonun mövqeyinin ikitərəfli əməkdaşlığa zərbə vuracağını bəyan edib.

Bununla belə məlumata görə, ABŞ-dan təbrik mesajı hökmən olacaq. Çünki ikitərəfli diplomatik münasibətlərə malik olan ölkələr arasında bu cür təbriklər qəbul edilmiş normadır. İndiki halda ABŞ prezidentinin belə təbriklə çıxış etməməsi ancaq o halda mümkün ola bilərdi ki, Azərbaycanla ikitərəfli diplomatik münasibətlər kəsilmiş olsun.

Ona görə də Barak Obamanın İlham Əliyevə təbrik məktubunu çox gözləmək lazım gəlməyəcək. Ancaq ehtimal edilir ki, təbrik məktubunda demokratikləşmə və insan haqlarına dair mesajlar da yer alacaq.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə