Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rektor həccə görə professoru işdən qovub
Rektor həccə görə professoru işdən qovub
31 Oktyabr 2013 / 12:23 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Deputat Fazil Mustafa öz facebook profilində “Mazut akademiyası” adlı maraqlı yazı paylaşıb.

arxiv.bizimxeber.az  həmin yazını təqdim edir.

***

Bu yazını ölkənin taleyində az-çox məsuliyyət daşıdığını hiss edən hər kəsin oxuyub düşünməsini istərdim. Ölkə prezidenti, təhsil naziri, Milli Elmlər Akademiyasının prezidenti, ali məktəb rektorları, özünə elm adamı deyən hər kəs oxuyub düşünsün ki, Azərbaycan elm mühitinin dağıdılması, sıradan çıxarılması kimin və ya kimlərin marağına xidmət edir.

Hər xəbəri soyuqqanlı qarşılasam da bu xəbəri qarşıladığım kimi də bu yazını yazıram – əsəbi və hirsli. Ancaq həm də ürək acısı ilə…

Uzun illərdir Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri işləyən AMEA-nın müxbir üzvü, professor Ramiz Qurbanov akademiyanın rektoru, akademik (yəni heç bir sanballı elmi əsərin olmur, ancaq nəyə görəsə Azərbaycanda akademik ola bilirsən) Siyavuş Qarayevə məktub yazır ki, on günlüyə öz hesabıma məzuniyyət verin ki, Həcc ziyarətinə gedim.

Rektor da təqribən bildirir ki, o, nə Allahı, nə Quranı, nə də onun Həccini ciddiyə almır və ona razılıq vermir.

Ardınca yenə də müraciət edir ki, o zaman məni vəzifədən azad edin ki, Həcc ziyarətinə gedim. “Azərbaycanda akademik” cənab Qarayev dərhal onun işdən azad olunması barədə əmr imzalayır. Dəyərli bir alim, beləliklə, Neft Akademiyasından qovulur!!!

Bunu gündəlik Azərbaycan ali məktəblərində baş verən adi hadisə kimi qiymətləndirəcək kimsələri də haqsız saymadan əsas mahiyyətə keçmək istəyirəm. Professor Ramiz Qurbanov 50 ilə yaxın idi bu ali təhsil ocağında çalışırdı. Azərbaycanın say-seçmə mütəxəssislərindən biri hesab olunur. Bu cür kadrların yetişməsi üçün nələr tələb olunduğunu azacıq elmi dünyagörüşü olanlar bilməmiş olmaz. Onun yetişdirdiyi yüzlərlə kadrın ölkəmiz üçün hansı dəyər kəsb etməsini də izah etməyə gərək yox. Bu səviyyədə bir alim artıq Neft Akademiyasında çalışmır. Qocaman və dəyərli bir alimin Həcc ziyarətinə getməsini bəhanə edərək işdən çıxarılmasını mən bir millət vəkili olaraq Siyavuş Qarayevin Azərbaycan elminə qarşı törətdiyi cinayət kimi qiymətləndirirəm. İnsan öz inancına uyğun olaraq Həcc ziyarətinə getmək istəyir – sən Allahı tanımırsansa, başqaları da sənin yolunu izləməlidir? Belə rahatlıqla, məsuliyyətsizliklə bir alimi necə işdən çıxarmaq olar? Rüşvətə görə deyil, işinin öhdəsindən gəlməməyə görə deyil, qeyri-əxlaqi davranışa görə deyil, Həcc ziyarətinə getməyə görə dəyərli bir elm adamını işdən çıxarmağın arxasında yalnız və yalnız Azərbaycan xalqına, onun elminə, ziyalısına amansız nifrət duyğusu dayana bilər.

Onlarla tanıdığım dəyərli alim bu və ya digər bəhanələrlə cənab Qarayev tərəfindən akademiyadan uzaqlaşdırılıb. Bir müddət öncə dəyərli elm adamımız Rafiq Əliyevi də bu cür məsuliyyətsiz formada işdən çıxarmışdı. Onun Ziyalılar Forumundakı fəaliyyətini bəhanə edərək, dünya elm auditoriyasına çıxışı olan az sayda alimlərimizdən biri olmasını da nəzərə almayaraq, həmin Siyavuş Qarayev gözüyumulu əmrini imzalamışdı. O zaman da Milli Məclisdə bu elmi soyqırıma qarşı etirazımı bildirmişdim. Təbii ki, yenə də Milli Məclisdə bu mövzunu gündəmə gətirəcəyəm. O qədər sadəlövh deyiləm ki, bu hadisəyə görə elmi soyqırım həyata keçirən bu rektorun cəzalandırılacağını gözləyim. Bilirəm ki, himayəsi də böyükdür, bu hadisəyə görə bəlkə də mükafat və biznes hədiyyələrinin sayını da artıracaqlar. O qədər sadəlövh deyiləm ki, AMEA-dan da akademik zümrəsinə aid edilən insanlardan hansısa etiraz reaksiyası gözləyim. Akademik Arif Həşimov kimi dəyərli elm adamının bir günün içində AMEA-dan uzaqlaşdırılaraq enerji sektorunda sıradan bir işçiyə çevrilməsini, mərhum akademik Midhət Abbasovun rəhbərlik etdiyi institutun ləğvini, akademik Eldar Salayevin portretinin Akademiya binasından çıxarılmasını necə laqeyd qarşıladıqlarını bildiyimdən, hansısa umacağım da yoxdur. Kimlərsə ötüb keçmiş saylan bu addımlara siyasi məcburiyyət donu geydirərək, haçansa özünə bəraət qazandıra da bilər. Bəs Ramiz Qurbanovun Neft Akademiyasından qovulmasının adı nədir? Burada ki siyasi, ideoloji motivi bəhanə edərək özünü yuxarılara xoş göstərmək yeri yoxdur.

Doğrusu, inanmıram, ancaq ümid edirəm ki, elm, təhsil sektoru ilə əlaqəsi olan səlahiyyət sahibləri bu məsələyə görə az da olsa, rahatsızlıq hiss edəcəklər. İnanıram, həm də ümid edirəm ki, Ramiz Qurbanov kimi bir alimin bu şəkildə, qabadayı üslubda Neft Akademiyasından uzaqlaşdırılmasına cəmiyyətdən kəskin ictimai etiraz səsləri ucalacaqdır. Artıq Azərbaycanda Neft Akademiyası deyilən elm ocağı yoxdur, sadəcə Mazut Akademiyası var! Neftlə Mazutun fərqi Ramiz Qurbanovlarla Siyavuş Qarayevlərin fərqi qədərdir.

Allah səmimi ziyarətinizi qəbul etsin, Ramiz müəllim!



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə