Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

2013-cü ildə Qarabağ siyasətindəki dəyişikliklər
2013-cü ildə Qarabağ siyasətindəki dəyişikliklər
23 Dekabr 2013 / 11:04 / Baxış sayı: 26
Font1 Font2 Font3 Font4

Ekspertə görə, Azərbaycan bu il bütün sahələrdə Ermənistanı üstələyib

Mübariz Əhmədoğlu: “Bəlkə də Azərbaycan özü danışıqlara ciddi əhəmiyyət vermir ki, əlverişli şərait yaranan anda hərbi əməliyyata başlasın”

2013-cü il başa çatmaq üzrədir. Bir həftədən sonra tarixə  çevriləcək 2013-cü il Azərbaycanın ictimai, siyasi həyatında maraqlı və önəmli hadisələrlə zəngin oldu. İşğal altındakı torpaqlarımızı bu il də azad edə bilməməyimiz isə Qarabağsızlığımızın üstünə daha bir il əlavə etdi. Bəs, 2013-cü il Dağlıq Qarabağ məsələsində proseslər Azərbaycanın yoxsa, Ermənistanın xeyrinə işlədi?

Bu barədə fikirlərini bizimlə bölüşən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirdi ki, baxmayaraq ki, bu il də Qarabağ münaqişəsinin praktiki tənzimlənməsinə şərait yaradan sənəd əldə olunmadı, amma diplomatiya, iqtisadiyyat və hərbi sferada Azərbaycanın 2013-cü ildə hədsiz dərəcədə uğurları var. Azərbaycanın il ərzində istər siyasi, diplomatik, istər iqtisadi, istər hərbi sahədə uğurları o səviyyədədir ki, onu Ermənistanla müqayisə etməyə ehtiyac qalmır. Ermənistan 2013-cü ili bütün sahələrdə sürətli geriləmə ilə başa vurur. Azərbaycan isə böyük irəliləyişlərlə ilini yekunlaşdırır. Azərbaycanın inkişafının ölçüsü artıq dünya miqyasındadır: “Bu vəziyyət Dağlıq Qarabağ məsələsində Azərbaycanın xeyrinə işləyir. Bu proseslər heç də uzaq olmayan zamanda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində praktiki sənədin ortalığa çıxmasına imkan verəcək.

Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına il ərzində sədrlik etdi. Bu, istər-istəməz Azərbaycanın nüfuzunun artması deməkdir. BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə dünyanın elə aktual problemləri ilə məşğul oldu ki, bu da kifayət qədər təcrübənin əldə edilməsinə gətirib çıxardı. Azərbaycan özünü dünyaya təmkinli siyasət aparmağı bacaran bir dövlət kimi təqdim etdi. 2014-cü il ərzində BMT Baş Assambleyasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı sənəd müzakirə olunanda Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzvlüyü və sədrliyi dövründə yığdığı təcrübə öz sözünü deyəcək”.

Politoloqun sözlərinə görə, çox vacib cəhətlərdən biri il ərzində Rusiyanın mövqeyini xeyli dərəcədə dəyişdirməyimizdir: “Rusiyanın il ərzində cəmi bir dəfə mövqeyi ermənipərəst oldu. Ermənistan Gömrük İttifaqına üzv olan ərəfədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyana dedi ki, gedin, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini arxa plana keçirin, əsas diqqətinizi Gömrük İttifaqına üzvlük məsələsinə yönəldin. Noyabrın 18-də Lavrov Nalbəndyana belə göstəriş vermişdi, amma mayın 20-də həmin Lavrov Elmar Məmmdyarovla görüşdə elan eləmişdi ki, ermənilər torpaqlardan çıxmalıdır, Azərbaycan Ermənistana yol açmalıdır ki, ermənilər blokadadan çıxsın.

Bu yaxınlarda-dekabrın 2-də isə Vladimir Putin İrəvana gəldi və orada olarkən Dağlıq Qarabağla bağlı söylədiklərinin heç biri Ermənistanın xeyrinə olmadı. Jurnalistlər Putinə sual verdilər ki, Dağlıq Qarabağda müharibə başlayacağı halda Rusiya hansı addımı atacaq? Ermənilər düşünürdülər ki, Putin Rusiyanın Ermənistanı müdafiə edəcəyini açıq şəkildə ifadə edəcək. Ancaq Putin dedi ki, mən Rusiyanın nə edəcəyini desəm onda ermənilərdə əks-effekt yaradar. Yəni Rusiyanın tutacağı mövqe ermənilərin xoşuna gəlməyə bilər. Bu, çox ciddi mövqe idi”.

M.Əhmədoğlu Dağlıq Qarabağ məsələsində ciddi mövqe dəyişikliyinin İranın timsalında müşahidə edildiyini bildirdi: “Azərbaycanın apardığı siyasət və İranda yeni prezident seçilməsi cənub qonşumuzun Dağlıq Qarabağ məsələsində mövqeyinə Azərbaycanın maraqları baxımından müsbət təsirini göstərdi. İranın indiki prezidenti Həsən Ruhani ermənilərə əvvəlki prezidentin verdiyi dəstəyi vermir. Ruhanin Dağlıq Qarabağ məsələsində mövqeyi sələfinin mövqeyi ilə eyni deyil. İranın dəyişilən mövqeyini hələ də Azərbaycanpərəst hesab etmirəm, amma bu da faktdır ki, İranın Dağlıq Qarabağ məsələsində mövqeyi 2013-cü ildə ermənipərəstlikdən uzaqlaşıb”.

Həmsöhbətimiz onu da dedi ki, Azərbaycan bu il ABŞ-ın da Dağlıq Qarabağ məsələsində mövqeyinə təsir edə bildi: “Diqqət etdinizsə, ABŞ-ın mövqeyində bir ara nəzərəçarpacaq geriçəkilmə oldu. ABŞ Dövlət Departamenti bəyanat yayaraq bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ATƏT konkret, real addımlar atmalıdır. ATƏT-in Minsk qrupunun ABŞ-dan olan yeni həmsədri Uorlikin hərəkətlərində bir az şoumenliyə bənzərlik var. Mən belə düşünürəm ki, yaxınlarda Azərbaycan tərəfi ABŞ-ın dövlət katibi Con Kerri ilə təmasa girib Uorlikin hərəkətlərindəki şoumenliyi də aradan qaldıracaq”.

Azərbaycanın 2013-cü ildə kosmik dövlətə çevrildiyini xatırladan ekspertin fikrincə, bu, təkcə imic, pul qazanmaq deyil. Bu, Azərbaycanın informasiya imkanlarının da bir neçə dəfə artması deməkdir: “Regional uçan peyklər Azərbaycanın üzərindən uçanda bizim kosmik mərkəzin vasitəsilə informasiya mübadiləsinə gedir. Deməli, Azərbaycan kifayət qədər məlumatları ala bilir.  2014-cü ildən özümüzün birbaşa peykimiz çıxacaq. Bu, o deməkdir ki, artıq öz peykimiz vasitəsilə Dağlıq Qarabağda erməni qoşunlarının nə vəziyyətdə olduğunu biləcəyik, bütün hərəkəti, prosesi dərhal öz peykimiz vasitəsilə görəcəyik. Bu, elə-belə məsələ deyil”.

M.Əhmədoğlunun sözlərinə görə, 2013-ü il ərzində Dağlıq Qarabağ məsələsində Azərbaycanın xeyrinə müşahidə olunan proseslərdən biri də Ermənistanda baş verənlərdir: “Tam səmimiyyətlə deyirəm ki, bu gün Ermənistanda nə baş verirsə, buna dolayısı ilə Azərbaycanın təsiri var. Azərbaycan regional layihələrdə Ermənistanın iştirak etməyəcəyini qəti şəkildə bəyan edir. Heç bir ciddi qurum Azərbaycanın razılığı olmadan Ermənistana yardım edə bilmir, Ermənistanı regional layihələrə qoşa bilmir. Ermənistanın bütün regional iqtisadi layihələrdən kənarda qalması daxildəki vəziyyətinə çox ciddi təsirini göstərir. Ermənistanın dövlətçiliyi süquta uğramaq mərhələsindədir. Əhali ölkəni tərk edir. 2013-cü ildə elə gün olub ki, Ermənistanı 8 min nəfər tərk edib. Artıq Ermənistanı təkcə kasıb əhali yox, mütəxəssislər də kütləvi şəkildə tərk edir. Görün bu ölkədə hansı acınacaqlı durumdur ki, artıq internet-kompüter mütəxəssisləri də dərk edirlər. Ermənistan hərbi cəhətdən də tənəzzül yaşayır. Avropa İttifaqına arxa çevirməsi Ermənistanı Avropanın da dəstəyindən məhrum edib”.

Politoloq qeyd etdi ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ətrafında 2013-cü ildə daha iki istiqamətdə proseslər baş verdi: “Biri odur ki, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi Dağlıq Qarabağ müstəvisindən qırağa çıxdı. Azərbaycan prezidenti İlham Əliyev Göyçənin, Zəngəzurun Azərbaycana qaytarılması məsələsini qaldırdı,  İrəvanın tarixi Azərbaycan şəhəri olduğunu bəyan etdi. Azərbaycanın bu fikri artıq beynəlxalq ictimaiyyətdə özünə diqqət yaradıb. Putin avqust ayında Azərbaycana səfər edərkən dedi ki, əgər Azərbaycanla Rusiyanın münasibəti bir az da inkişaf edərsə, Azərbaycanın qarşısında olan tarixi problemlərin də həlli ilə də məşğul olmaq olar. Azərbaycanın da tarixi problemləri bəllidir ki, Rusiyanın yaratdığı problemlərdir.

İkinci istiqamət dünya erməniliyinin 2013-cü ildə tənəzzülünün açıq müşahidə olunmasıdır. Ermənistan həmişə dünya erməniliyinin gücündən istifadə edib. Dünya erməniliyi 2013-cü ildə “erməni soyqırımı”nın tanınması istiqamətində, Dağlıq Qarabağla bağlı beynəlxalq müstəvidə heç bir uğur əldə edə bilmədilər. Hətta bəzi addımları fiaskoya uğradı. Dünya erməniliyi özünün zəifləməsi dövrünü yaşayır. Dağlıq Qarabağı məsələsində Ermənistanın durumunu bu faktor da ağırlaşdırır.  Münaqişənin tənzimlənməsi yubanacaqsa, Ermənistan dövlətçiliyi çökəcək”.

M.Əhmədoğlu vurğuladı ki, qeyd olunanlar və digər bir sıra ciddi proseslər onu deməyə əsas verir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çox vacib bir dövr artıq yaxınlaşır. Ermənistanın, xüsusən də onun rəhbərliyində olanların Dağlıq Qarabağı siyasi yolla danışıqlar vasitəsilə Azərbaycana qaytarması mümkün deyil. Xarici ekspertlər, dünya erməniləri də bəyan edir ki, Ermənistan dövlətçiliyi ölür və bunun səbəbi Dağlıq Qarabağ münaqişəsidir: “Belə bir vəziyyətdə də Ermənistan hakimiyyəti mövqeyini dəyişməyibsə, bu, o deməkdir ki, onlar danışıqlar yolu ilə münaqişənin həllinə imkan verməyəcəklər.

Münaqişənin tənzimlənməsinin yeganə bir dənə variantı müharibədir. Müharibə isə iki formada ola bilər. Ya ermənilər özləri müharibə imitasiyası yaratmaqla-Serj Sərkisyan xalqına desin ki, bu dəfə də müharibəni Azərbaycan uddu-məsələni həll etmək olar. Ya da doğrudan da real bir müharibə başlanmalıdır və Azərbaycan öz torpaqlarını işğaldan azad etməlidir. Mən hesab edirəm ki, Azərbaycan bu reallığı bildiyin üçün danışıqlara o qədər də bel bağlamır, ümid eləmir. Təsadüfi deyil ki, 2013-cü ildə Azərbaycan və Ermənistan prezidentlərinin cəmi bir dəfə görüşü olub. Mən belə düşünürəm ki, danışıqların münaqişənin həllində rolu, təsiri azalır. Belə düşünürəm ki, bəlkə də Azərbaycan özü danışıqlara ciddi əhəmiyyət vermir, müəyyən parametrlər üzrə gözlənilən hadisələri gözləyir ki, əlverişli şərait yaran andaca hərbi əməliyyata başlasın.

Azərbaycanın əsas istiqaməti hərbi variantadır. Azərbaycan ordusu kifayət qədər güclənib, bütün cəhətlərdən torpaqlarımızın işğaldan azad edilməsi üçün döyüşə hazırdır. Azərbaycan hərbi sənayesi sürətlə inkişaf edir. 2013-cü ildə ordunun və hərbi sənayenin inkişafını təsdiqləyən çoxsaylı faktlar göstərmək olar. Azərbaycan ordusunun silah, hərbi texnika arsenalına artıq özümüzün istehsal etdiyimiz pilotsuz təyyarələri daxil edilib. 2013-cü ildə Azərbaycan uğurlu silah ticarətini nəzərdə tutan müqavilələrə də imza atıb. Ölkəmiz İsraildən ən müasir silahlar alır. Çox mümkündür ki, yaxın illərdə ABŞ da Azərbaycana silah satacaq. Rusiyadan isə ən müasir silahlar alınır. Bu, silahlar ancaq Rusiyanın öz ordusundadır və Azərbaycandadır. Azərbaycan orduya ayırdığı büdcəni də artırıb.  Hadisələr müharibə istiqamətinə gətirib çıxaracaqsa, Azərbaycan minimal itki ilə nəinki Dağlıq Qarabağın taleyini həll edəcək, hətta tarixi Azərbaycan əraziləri olan Zəngəzur, Göyçə ilə bağlı da dönüşə nail ola bilər”.(musavat)



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə