Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ziya Məmmədov, DYP rəisi və Abutalıbov “işarələndi”
Ziya Məmmədov, DYP rəisi və Abutalıbov “işarələndi”
24 Dekabr 2013 / 13:12 / Baxış sayı: 506
Font1 Font2 Font3 Font4

Məmurların yarıtmaz fəaliyyətlərinə görə tənqid olunması adi hal və ya təzə hadisə deyil. Müstəqil və ya qismən azad mətbuat bunu tez-tez edir. İqtidar mətbuatında isə belə hadisələr nonsens sayılacaq qədər nadir hallarda olur. O da ola ki, rəsmi dövlət mətbuatında…

Milli Məclisin rəsmi orqanı olan “Azərbaycan” qəzetinin bugünkü sayında isə üç iri məmur birdən hədəfə götürülüb. Baş redaktoru deputat Bəxtiyar Sadıqov olan bu qəzetin sovet təbliğat-təşviqat üslubuna xas quru, darıxdırıcı, qorxaq və boz-rəsmi halı hamının gözü önündədir və bu barədə əlavə nəsə danışmağa lüzum yoxdur.

Bunu da izah eləməyə ehtiyac yoxdur ki, “Azərbaycan” və B.Sadıqov bu tipli nəşrləri kurasiya edən, onlara kurs və həftəlik tezislər verən qeyri-rəsmi “baş redaktor”ların, Prezident Administrasiyası məmurlarının icazəsi olmadan hətta adicə JEK müdirini də tənqid etmək haqqına sahib deyil. Əmr gəlsə, bu və buna bənzər digər rəsmi qəzetlər hətta təqvimi də təhrif eləmək zorunda qalacaq qədər müstəqil, azad deyillər.

Amma “Azərbaycan” qəzetinin 22 dekabr tarixli sayında, dediyimiz kimi, birdən-birə üç iri məmurun ünvanına kəskin tənqidlər var. Hər halda bu məmurlar hakimiyyətin “güzgüsünə” neqativ planda salınıblar. Onların adı rəhbərlik elədikləri sahələrdəki problemlərlə mənfi işarələnib.

Virtualaz.org saytının təhlilçiləri “Azərbaycan” qəzetində dərc olunmuş “Tıxac probleminin həlli niyə “tıxac”a düşüb” başlıqlı məqalədəki bəzi detallara diqqət çəkiblər.

Tıxacları hamının hər gün əziyyət çəkdiyi köhnə problem sayan qəzet sualı birbaşa qoyub: günah kimdədir?

Bu suala cavab axtaran qəzet öncə paytaxtın kommunal təsərrüfatına görə birbaşa məsuliyyət daşıyan Bakı Şəhər İcra Hakimiyyətini (BŞİH) nişan verib: “Bakıda nəqliyyatın hərəkətini iflic edən səbəblərdən biri küçələrin tez-tez təmirə bağlanmasıdır. Biz hələ bəzən təmir işlərinin lüzumsuz aparılmasını və onun da günlərlə yox, aylarla uzanmasını demirik… İnanmırıq ki, Bakının yol təsərrüfatı qurumları təmir üçün hər hansı küçəni bağlayanda yol polisi ilə məsləhətləşsin. Deyə bilmərik, bu, hansının zəifliyi, yaxud məsuliyyətsizliyidir. Bütün hallarda həmin qurumlar əlbir işləməlidir… Yollar təkcə təmir üçün bağlanmır. Su, kanalizasiya, qaz xətlərinin çəkilişi ilə bağlı hətta təmirdən təzə çıxmış yolların qazılıb dağıdılmasının azmı şahidiyik? Görəsən, şəhərin kommunal təsərrüfatlarının yol istismar təşkilatları ilə əlbir işləməyinə nə və ya kim mane olur?! Axı “əvvəl təmir, sonra qazıntı üsulu”nun həm şəhərin yol infrastrukturuna, həm də dövlət büdcəsinə xeyli ziyan vurduğunu başa düşmək xüsusi istedad tələb etmir”.

Qəzet daha sonra Dövlət Yol Polisinin (DYP) fəaliyyətini tənqid edərək tıxaclara səbəb olan başqa bir detala – avtobus dayanacaqlarının “işğalına” toxunur: “Ancaq belə əcaib vəziyyətin yaranmasında adamı təəccübləndirən başqa amildir. Bu da problemin həllində yol polisinin acizliyidir. DYP əməkdaşlarının tıxacların yaranmasında kifayət qədər yüksək “xüsusi çəki”yə malik belə hallara qarşı biganəliyinin heç bir bəraətə sığmaması qənaətinə gəlməkdən savayı əlac qalmır. Axı avtobus dayanacaqlarında minik avtomobillərinin saxlanması təkcə sürücü mədəniyyətsizliyi deyil, həm də yol hərəkəti qaydalarının kobud surətdə pozulmasıdır. Necə olur ki, DYP-nin evakuatorla silahlanmış əməkdaşları bir-iki dəqiqəlik mağazaya və ya aptekə girənin, yaxud xəstəxanaya xəstə gətirənin avtomobillərini yolda hərəkətin intensivliyinə mane olmadığı halda belə bir göz qırpımında xəbərdarlıqsız-filansız götürüb naməlum istiqamətə apara bilirlər, amma taksilərin gecə-gündüz avtobus dayanacaqlarını işğal etmələrinə göz yumurlar?!”

Məqalədə daha sonra Ziya Məmmədovun işi tənqid olunur, ictimai nəqliyyat sahəsindəki problemə toxunulur.

“Bizdə bu sahə üzrə həyata keçirilən tədbirlər hələlik istənilən nəticəni vermir. Kiçik avtobusların iriləri ilə əvəzlənməsi, yeni yolların salınması, çoxsaylı yol ötürücülərinin inşası, hətta nəqliyyatın intellektual idarəedilməsinin tətbiqi (belə demək mümkünsə) şəxsi avtomobil sahiblərini ictimai nəqliyyat sərnişinlərinə çevirə bilmir.

Sürücülərin davranışı isə ayrıca mövzudur. Təkcə şəhərdə ictimai nəqliyyatın iştirakı ilə baş verən qəzalara nəzər salmaq yetər ki, onların sərnişinlərin həyatları ilə risk etdikləri sübut olunsun. Hərəkət cədvəli, marşrut, dayanacaq, vaxt belə sürücülər üçün yalnız kağız üzərində formallıqdır”.

Yazıda ictimai nəqliyyatın fəaliyyətinin təşkili forması da kəskin tənqid olunur: “Bu gün Bakı bəlkə də çox az şəhərlərdəndir ki, burada marşrutlar “sahibkar” adlandırılan ayrı-ayrı adamlara verilib. Halbuki əksər iri şəhərlərdə ictimai nəqliyyatın təşkili və fəaliyyəti yerli özünüidarə orqanlarına həvalə olunur. Bakının rayonlarının, kənd və qəsəbələrinin belə bir idarəetmə orqanı (bələdiyyəsi) olsa da paytaxtınkı yoxdur. Lakin əvəzində ölkənin böyük imkanlara malik Nəqliyyat Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti var və yəqin ki, bələdiyyələrin öhdəsindən gələ bilmədiyi işi nümunəvi təşkil etmək onlar üçün elə də çətin olmazdı. Vəziyyət də göstərir ki, ictimai nəqliyyatı özəlləşdirmək adı ilə ayrı-ayrı sahibkarların ixtiyarına buraxmaq özünü doğrultmur” – deyə “Azərbaycan” qəzetinin tənqidində vurğulanır.



Ziya Məmmədov, DYP rəisi və Abutalıbov “işarələndi” yazısına 1 şərh yazıldı

Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə