Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ramil Usubov HESABAT verdi
Ramil Usubov HESABAT verdi
28 Yanvar 2014 / 16:52 / Baxış sayı: 36
Font1 Font2 Font3 Font4

Yanvarın 28-də Daxili İşlər Nazirliyində 2013-cü ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

İclası açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirib ki, Azərbaycan əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına görə ötən ildə də MDB və Şərqi Avropa məkanında öncül mövqedə olub.

İclasda daxili işlər naziri hesabat məruzəsi ilə çıxış edib. O, deyib ki, hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 22.891 cinayət qeydə alınıb. Onların 91,4 faizini və ya 20.465-ni daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər təşkil edib. Bu cinayətlərin 86 faizi böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 14 faizi ağır və xüsusilə ağır növlər olub.
Cinayətlərin açılması yüksək olmaqla 85,4 faiz təşkil edib. Əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində 896 cinayət “isti izlərlə” açılıb. Eyni zamanda, prokurorluq orqanları ilə birgə, keçmiş illərdən bağlı qalmış 284, o cümlədən 63 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilib.

Təkcə “102” xidmətinə daxil olan məlumatlar üzrə həyata keçirilmiş çevik cavab tədbirləri ilə 7947 hüquqazidd əməlin qarşısı alınıb, habelə 2764 cinayət işi başlanıbr. “Təhlükəsiz şəhər” xidmətinin texniki imkanları ilə 105 cinayət açılıb, 8401 yol-nəqliyyat qəzası, piyadaların vurulması ilə nəticələnən 111 hadisə aşkarlanıb, axtarışda olan 121 avtomobil saxlanılıb. Vahid məlumat-axtarış sistemi vasitəsilə 690 mindən çox sorğu cavablandırılıb, axtarılan 1264 şəxs müəyyən edilib.

Bildirilib ki, törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmini işi də nəzarətdə saxlanılıb. Bu istiqamətdə həyata keçirilən davamlı tədbirlərlə müxtəlif cinayətlər törətmiş 12.361, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 1975 nəfər məhkəmə məsuliyyətinə cəlb edilib. Ötən il təqsirləndirilən şəxslərin axtarışı işinin nəticələri də yaxşılaşmaqla istintaqdan və məhkəmələrdən yayınan 2059 nəfər tutulub. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 72 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 29 şəxsin yeri müəyyən olunub. Bütövlükdə, axtarılan şəxslərin 66,5 faizinin tutulması təmin edilib.

Mütəşəkkil cinayətkarlığa qarşı aparılan mübarizə də ardıcıl xarakter daşıyıb. Həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri ilə 1833, o cümlədən 688 ağır və xüsusilə ağır cinayət törətmiş 2095 nəfəri birləşdirən 760 cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Qanunsuz olaraq odlu silah saxlamağa və daşımağa görə 34 faiz çox, yəni 134 şəxs cinayət məsuliyyətinə cəlb edilib. Dövlətin iqtisadi təhlükəsizliyinin qorunmasına yönəlmiş əməliyyat tədbirləri ilə 25 saxta pul hazırlama və satma cinayəti aşkarlanmışdır. Nəticədə qeyri-leqal dövriyyədən ümumi məbləği 98 min manat olan 2267 ədəd saxta əskinas çıxarılıb.

O da qeyd edilmişdir ki, transmilli mütəşəkkil cinayətlərdən olan narkotraffikə və insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər də məqsədyönlü olub. Narkotiklərlə əlaqədar 2577 cinayət, o cümlədən satışı ilə bağlı 677 fakt aşkarlanıb, 135 nəfərdən ibarət 54 cinayətkar qrup zərərsizləşdirilib.
İnsan alverinə qarşı Milli Fəaliyyət Planı əsasında davam etdirilən əməliyyat tədbirləri ilə 80 cinayət faktı müəyyənləşdirilərək 17 nəfər məsuliyyətə cəlb edilib, habelə bu əməllərin qurbanı olmuş 50 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib.

Bildirilib ki, respublikada dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin sayı 102 min ədəd artaraq 2013-cü ilin sonuna 1.245.677 vahid təşkil edib. Bununla belə, həmin artımın fonunda yol-nəqliyyat hadisələrinin sayı 1,6 faiz və ya 46 fakt, qəzalarda həlak olanların sayı 0,3 faiz, yaxud 4, yaralananların sayı isə 1,6 faiz və yaxud 49 nəfər azalıb.

Yol hərəkətinə nəzarət prosesində hesabat dövründə 2012-ci illə müqayisədə 40 faiz çox və ya 1.429.781 müvafiq inzibati xəta müəyyən edilib. Şüşələrinə pərdə və plyonka çəkilmiş 10.578 avtomobil, avtoxuliqanlığa görə 703 nəfər aşkarlanaraq qanunauyğun tədbirlər görülüb. Xətaların 11,8 faizi (168.197-si) avtomatik rejimdə işləyən foto və videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə müəyyən edilib.

Bütövlükdə, müxtəlif inzibati xətalara görə respublika üzrə 2012-ci illə müqayisədə 29 faiz çox və ya 1.452.461 protokol tərtib olunub, nəticədə 1.347.617 nəfər cərimələnib, 4130 nəfər məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, 41.495 şəxsə xəbərdarlıq edilib.

Ötən il daxili nəzarət qaydasında həyata keçirilən tədbirlərlə vətəndaşlarla kobud rəftara görə 118, əsassız saxlamaya görə 35, əsassız polisə gətirməklə bağlı 28 fakt üzrə 341 əməkdaş barəsində müvafiq tənbeh tədbirləri görülüb. Korrupsiya hüquqpozmaları ilə əlaqədar aşkarlanmış 66 fakt üzrə intizam məsuliyyətinə cəlb olunmuş 106 əməkdaşdan 84-ü xidmətdən xaric edilib, 20-si aşağı vəzifəyə keçirilib, 2-si barədə digər tənbeh növləri tətbiq edilib.

Məruzədə əldə olunmuş uğurlarla bərabər xidməti fəaliyyətdə olan nöqsan və çatışmazlıqları da nəzərə çatdıran nazir Kollegiya iştirakçılarının diqqətini onların hərtərəfli təhlilinə, aradan qaldırılması yollarına, həmçinin qarşıda duran vəzifələrə yönəldib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-Mühafizə Orqanları ilə İş Şöbəsinin müdiri Fuad Ələsgərov çıxış edərək aidiyyatı Dövlət Proqramlarından, Milli Fəaliyyət Planlarından irəli gələn vəzifələrin icrasından danışıb.

Məruzəətrafı müzakirələrdə çıxış edən Naxçıvan MR-in daxili işlər naziri Əhməd Əhmədov, Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi Cavanşir Məmmədov, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasov, Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi Sərvər Mehrəliyev, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Mirqafar Seyidov, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov, Daxili Təhqiqatlar İdarəsinin rəisi Rasim Musayev və başqaları hesabat dövründə görülmüş işlərdən və buraxılmış nöqsanlardan danışaraq, çatışmazlıqların cari ilin birinci rübündə aradan qaldırılması üçün təsirli tədbirlərin görüləcəyini bildiriblər.

İclasa yekun vuran nazir R.Usubov polis əməkdaşlarının və hərbi qulluqçuların xüsusi qayğı ilə əhatə olunduğunu xatırladaraq arxayınlaşmamağı, peşəkarlığı, hər bir əməkdaşın bilik və təcrübəsini daim artırmağı, cinayətkarlığa, o cümlədən şəxsi heyət arasında korrupsiya hüquqpozmalarına qarşı aparılan işin davamlı olmasının zəruriliyini vurğulayıb, bəzi konkret tapşırıq və tövsiyyələrini verib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə