Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dövlət agentliyi Azərbaycan-ABŞ münasibətlərinə dair təhlil yaydı
Dövlət agentliyi Azərbaycan-ABŞ münasibətlərinə dair təhlil yaydı
02 Aprel 2014 / 10:45 / Baxış sayı: 68
Font1 Font2 Font3 Font4

AzərTAc “Azerbaijan Realities” analitik təhlil qrupunun üzvü Ləman Xəlilovanın Azərbaycan-ABŞ münasibətlərinin yaranması və inkişafı ilə bağlı araşdırmasını təqdim edib.Virtualaz.org-un “Mediaforum”a istinadən məlumatına görə, “Azərbaycan-ABŞ münasibətlərinin inkişaf trayektoriyası” adlı təhlildə qeyd olunur ki, Vaşinqtonla münasibətlərin Bakının xarici siyasət strategiyasının prioritetlərindən birinə çevrilməsi bir sıra mühüm amillərə bağlıdır:

– Soyuq müharibənin bitməsi və SSRİ-nin dağılmasından sonra dünyada mövcud olan ikiqütblülüyün aradan qalxması ilə Amerika Birləşmiş Ştatlarının dünyanın hegemon dövləti səviyyəsinə yüksəlməsi;

– ABŞ-ın müasir beynəlxalq münasibətlərdə mühüm rol oynayan Şimali Atlantika Müqaviləsi Təşkilatında tutduğu mövqe;

– Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması sahəsində ATƏT-in Minsk qrupunun həmsədri rolunda çıxış etməsi;

– BMT TŞ-nin 5 daimi üzvündən biri olması;

– Dünyanın siyasi, iqtisadi, hərbi və digər sahələrdə inkişaf etmiş dövlətlərindən biri olması.

Təhlildə bildirilir ki, Amerika Birləşmiş Ştatları da Azərbaycan müstəqillik əldə etdikdən sonra onunla qarşılıqlı münasibətlər yaratmaq və inkişaf etdirməkdə maraqlı olub: “Birincisi, Azərbaycan Respublikası ABŞ-ın maraqlarını və xarici siyasətini müəyyən edən üç regionun – Yaxın Şərq, Avropa və Asiya regionlarının kəsişdiyi mühüm strateji nöqtədə yerləşir.

İkinci əsas səbəb Azərbaycanın malik olduğu zəngin neft və qaz ehtiyatlarıdır ki, 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra ölkə bu ehtiyatlarını Qərb bazarına açmaq və ABŞ şirkətləri ilə iqtisadi əlaqələri inkişaf etdirmək qərarı verib.

Üçüncü əsas səbəb isə Cənubi Qafqaz regionunda müstəqillik qazanmış digər dövlətlərlə müqayisədə Azərbaycan Respublikasının insan hüquq və azadlıqlarına, demokratiya prinsiplərinə daha çox önəm verməsi, bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasında ardıcıl səylər göstərməsi və qərbyönümlü siyasət nümayiş etdirməsidir. Bu da ABŞ-ın Qafqazla bağlı prioritetlərinin həyata keçirilməsinə imkan yaradan əsas amillər sırasındadır”.

Münasibətlərin tarixinə ekskurs edən müəllif yazır ki, Azərbaycan Respublikasının xarici siyasətində ABŞ kimi aparıcı dövlətlə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin ən başlıca səbəblərindən biri Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının geri qaytarılması yolunda özünə mühüm tərəfdaş qazanmaq istəyidir: Lakin hər iki dövlət artıq strateji tərəfdaşlıq səviyyəsinə qədəm qoysa da, Dağlıq Qarabağ probleminin həllində ABŞ-ın mövqeyi birmənalı deyil. Təbii ki, bunun da bir sıra səbəbləri var. Ən başlıca səbəb beynəlxalq münasibətlərdə mühüm amillərdən birinə çevrilən din amilidir ki, Azərbaycanda islam dininin üstünlük təşkil etməsi ABŞ-ı xristian dünyasının təəssübkeşliyini çəkməyə vadar edir.

İkinci əsas səbəb isə Dağlıq Qarabağ münaqişəsinin həllinə hələ ki, ABŞ-ın milli maraqları səviyyəsində baxılmamasıdır. Yəni bu məsələyə sadəcə ümumi maraqlar aspektindən yanaşılır. Üçüncü amil isə bu məsələnin həllinin ABŞ-ın digər dövlətlərlə, xüsusilə də Rusiya Federasiyası ilə münasibətlərinə ciddi təsir edə biləcəyidir. Digər bir problem isə ABŞ-da erməni lobbisinin üstünlük təşkil etdiyi ştatların senatorlarının Konqresdə onların mövqeyini dəstəkləmək məcburiyyətində qalmasıdır. Bu da məsələ ilə bağlı fikir ayrılıqlarına, müvafiq olaraq xarici siyasətdə Azərbaycanla bağlı müxtəlif mövqelərin yaranmasına gətirib çıxarır”.

Təhlildə qeyd olunur ki, 2009-cu ildə ABŞ-da baş verən hakimiyyət dəyişikliyi – respublikaçıların hakimiyyətdən getməsi və demokrat Barak Obamanın hakimiyyətə gəlməsi ABŞ-ın xarici siyasət prioritetlərində müəyyən dəyişikliklərlə nəticələndi: Bu, Azərbaycanla münasibətlərdə də özünü göstərdi. Belə ki, prezident Barak Obama başda olmaqla demokratların siyasətə gətirdikləri yeniliklər Azərbaycan-ABŞ münasibətlərində bir müddət soyuqluq yaranmasına səbəb oldu. Bunun əsas təzahürlərindən biri kimi, ABŞ-ın Azərbaycana təyin etdiyi səfir Metyu Brayzanın geri çağırılmasını göstərmək olar. Hazırda bütün bunlar geridə qalıb və bu gün Barak Obama administrasiyası da Azərbaycanla əlaqələrə önəm verir”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə