Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ABŞ-dan tükürpədici hesabat: Ərdoğanı kimyəvi hücumda ittiham olundu
ABŞ-dan tükürpədici hesabat: Ərdoğanı kimyəvi hücumda ittiham olundu
09 Aprel 2014 / 13:11 / Baxış sayı: 68
Font1 Font2 Font3 Font4

Türkiyədəki bələdiyyə seçkilərində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qalib gəlməsinin  ardınca baş nazir Ərdoğan keçmiş müttəfiqi, vaxtilə onu hakimiyyətə gətirən  Fətullah Gülənə və şəbəkəsinə qarşı “qılıncını sıyırıb”.

Virtualaz.org saytı xatırladır ki, Türkiyə baş naziri Azərbaycan da daxil olmaqla Fətullah Gülənin şəbəkəsinin kökünü bu ilin avqust ayında keçiriləcək prezident seçkilərinə qədər qazımaq üçün hərəkətə keçib.

Fətullah Gülənin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə bağlılığı haqda çox yazılıb və çox faktlar deyilib. Hocanın Pensilvaniyada, MKİ-nin mənzil qərargahının yaxınlığında yerləşən iqamətgahından idarə etdiyi, dünyanın hər yerinə yayılmış fətullahçı şəbəkənin həm də Amerika kəşfiyyatı üçün informasiya mənbəyi rolunu oynadığı barədə güclü iddiaların olduğu da məlumdur.

Və görünür, təsadüfi deyil ki, Ərdoğan Türkiyə seçkilərində qələbəsini bayram etməyə imkan tapmamış Amerika kəşfiyyatı ona qarşı sarsıdıcı hücum həyata keçirib. Məşhur araşdırmaçı-jurnalist Seymur Herş Amerika kəşfiyyat rəsmilərinə istinadən Ərdoğanın ötən ilin avqustunda Suriyada, Dəməşq yaxınlığında azı 1400 adamın ölümünə səbəb olmuş kimyəvi silah hücumunu təşkil etdiyini iddia edən sensasion hesabat yayıb.

Hesabat əsasında digər araşdırmaçı-jurnalist, ötən əsrin 80-ci illərində Amerikanın Livanda girovların azad edilməsinin əvəzində İrana silah satması, habelə əldə edilən vəsaiti Nikaraquada kontrasçılara verdiyi “İran-Contra” əməliyyatının sirlərini açan Robert Parri geniş məqalə hazırlayıb. Robert Parrinin məqaləsi ABŞ-ın Consortiumnews.com internet portalında dərc olunub.

Məqalədə deyilir ki, ötən ilin yayında Suriyadakı kimyəvi silah hücumunun arxasında Türkiyə dayanırdı.

“Bu, prezident Obamanı Suriyaya qarşı hərbi əməliyyatlara başlamağa itələmək məqsədilə Ərdoğanın adamları tərəfindən planlaşdırılan əməliyyat idi” deyə məqalənin sərlövhəsində bildirilir.

Virtualaz.org saytı bu məqalənin tərcüməsini oxuculara çatdırır. 

*** 

Jurnalist Seymur Herş Türkiyə kəşfiyyatının ötən ilin yayında Dəməşq yaxınlığında həyata keçirilən zarin hücumunda əli olduğuna dair informasiya əldə edib.

Bu hücum prezident Obamanı az qala Suriya rejimini devirmək üçün hərbi əməliyyatlara başlamağa sövq etmişdi. Nəticədə “əl-Qaidə”nin qələbəsinin yolu açılmış olardı.

Ötən ilin avqustunda Obama administrasiyası Bəşər Əsədin hökumətinin Dəməşq yaxınlığında zarin qazından istifadə olunmaqla kimyəvi silah hücumunda ittiham olunmasının ardınca Suriyaya hərbi müdaxilənin bir addımlığında idi. Lakin jurnalist Seymur Herşin əldə etdiyi yeni sübutlara görə, bu hücumda Türkiyə kəşfiyyatının və ekstremist-üsyançıların əli var.

S.Herşin son hesabatının əhəmiyyəti böyükdür. Birincisi, o, sübut edir ki, rəsmi Vaşinqtondan qırğılar və neomühafizəkarlar Birləşmiş Ştatları uydurma əsaslarla Yaxın Şərqdə növbəti müharibəyə başlamağa necə məcbur etmək üzrə idilər.

İkincisi, “London kitab icmalı” tərəfindən dərc olunmuş bu hesabat göstərir ki, əksər Amerika KİV-lərinin onların köhnəlmiş neomühafizəkar stereotipləri ilə üst-üstə düşməyən informasiyaya qarşı necə düşməncəsinə münasibət göstərir.

Başqa sözlə, belə görünür ki, rəsmi Vaşinqton və onun mətbuatı İraqda 2003-cü ildə Səddam Hüseynin kütləvi qırğın silahları ehtiyatını “əl-Qaidə”yə verməyə hazırlaşdığı barədə uydurma bəhanədən istifadə olunmaqla başlayan dəhşətli müharibədən müəyyən dərs götürüblər. Əslində heç bir kütləvi qırğın silahı mövcud deyildi və Səddam Hüseynlə “əl-Qaidə” arasında heç bir bağlılıq yox idi.

10 il sonra – 2013-cü ilin avqustunda və sentyabrında Əsədin “qırmızı xətti” keçdiyinə dair yeni hərbi isteriya başladı. O vaxt cəmi bir neçə internet saytı, o cümlədən  bizim Consortiumnews.com saytı Obama administrasiyasının avqustun 21-də həyata keçirilən kimyəvi silah hücumunu Suriya hakimiyyətinin həyata keçirdiyini şübhə altına almışdı.

Lakin öz iddialarını sübut etməkdə təkcə ABŞ yanılmadı. Kimyəvi silah daşıyan raketlərin uçuş trayektoriyasının geniş reklam olunan analizi də iflasa uğradı. Həmin analizdə Suriya ordusunun bazasından Dəməşqin şimal-qərbinə atılan iki raketin trayektoriyası göstərilirdi. Ancaq məlum oldu ki, raketlərdən cəmi biri zarin daşıyıb, üstəlik onların uçuş məsafəsi Suriya hərbi bazası ilə raketlərin düşdüyü nöqtə arasındakı məsafədən üç dəfə azdır. Bu o demək idi ki, zarin daşıyan raketlər üsyançıların nəzarətində olan ərazidən atılmışdı.

Obama administrasiyası tərəfindən müharibəyə başlamaq üçün irəli sürülən əsaslara şübhə etmək üçün başqa səbəblər də var idi. Məsələn, BMT müfəttişlərinin yerli mehmanxanada məskunlaşdığı və cəmi bir neçə gün əvvəl həyata keçirilmiş kimyəvi silah hücumunu araşdırmağa hazırlaşdığı bir vaxtda Əsədin Dəməşq yaxınlığında kimyəvi silahdan istifadəyə əmr verməsinə dair iddialar abusrd idi. Əsəd başa düşməli idi ki, kimyəvi silah hücumu Obama tərəfindən müəyyən edilmiş “qırmızı xətt”in keçilməsi olacaq və ABŞ-ın kütləvi hava zərrbələrinə aparıb çıxaracaq. 

Müharibə planları

Seymur Herş məqaləsində ABŞ-ın Əsədin hərbi potensialını dağıtmaq üçün planlaşdırdığı hava bombardmanları əməliyyatının nə dərəcədə genuş miqyaslı olmasından bəhs edir.

Bu əməliyyat heç cür hərbi uğurlar əldə edə bilməyən üsyançıların qələbəsinin yolunu açmalıydı.

S.Herş yazır: “Ağ Evin təzyiqi altında ABŞ-ın hücum planı “dəhşətli zərbə”yə çevrildi: B-52 bombardmançılarının iki eskadrilyası Suriya yaxınlığındakı aviabazaya göndərildi. Həmçinin “Tomoqavk” raketləri ilə təchiz olunmuş sualtı qayıqlar və gəmilərdən ibarət qruplaşma səfərbər olundu.

Amerika kəşfiyyatının keçmiş əməkdaşı deyir: “Hədəflərin siyahısı hər gün genişlənirdi. Pentaqonda əməliyyatı planlaşdıran adamlar deyirdilər ki, biz təkcə “Tomoqavk”lardan istifadə edə bilmərik. Çünki onların raketlərinin başlıqlarının əksəriyyəti yerin altındadır. Ona görə də iki min funtluq bombalarla təchiz edilmiş B-52 bombardmançılarının iki eskadrilyasını səfərbər etmək qərara alındı.

Daha sonra təyyarələri vurulmiş pilotların xilas edilməsi üçün axtarış-əməliyyat qrupu formalaşdırıldı və hədəfləri seçmək üçün pilotsuz kəşfiyyat təyyarələri səfərbər olundu. Əməliyyatın miqyası nəhəng idi”.

Keçmiç MKİ əməkdaşı davam edir: “Hədəflərin yeni siyahısı Əsədin hərbi potensialının tam məhv edilməsinə yönəlmişdi. Əsas hədəflər elektrik xətləri və stansiyaları, neft-qaz anbarları, bütün silah anbarları və arxa cəbhə təchizat anbarları, komanda-nəzarət məntəqələri, həmçinin kəşfiyyat strukturlarının binaları idi”.

Seymur Herşin yazdığına görə, ABŞ administrasiyasının hərbi planları amerikalı analitiklər və Britaniya kəşfiyyat xidməti tərəfindən sıradan çıxarıldı. Onlar aşkar etdilər ki, zarin qazını Bəşər Əsədin hökuməti istifadə etməyib.

Və belə məlumatlar aşkarlandı ki, Türkiyə xüsusi xidmət orqanları  ola bilsin radikal üsyançılarla zarin qazından “özgə bayrağı altında” istifadə üçün əməkdaşlıq edib.

Baş nazir Rəcəb Tayyib Ərdoğan vətəndaş müharibəsinin başlamasının lap əvvəlindən Suriya müxalifətinin tərəfində idi və “əl-Nusra Cəbhəsi” qruplaşmasının təchizatında həyati əhəmiyyətli xətti təmin edirdi. “Əl-Nusra Cəbhəsi” sünni ekstremistlərdən ibarətdir və “əl-Qaidə” ilə bağlıdır Üsyançılar arasında dominant qüvvədir. Lakin 2012-ci ildən etibarən təriqətlərarası müharibənin gedişi elə dəyişdi ki, Əsədin qüvvələri üstünlüyü ələ almağa başladı.

S.Herşin hesabatında deyilir: “İslamçı radikalların rolunun artması və Amerika silahlarının “əl-Qaidə” terrorçularının əlinə düşməsi qorxusu prezident Obamanı narahat edirdi və o, ABŞ-ın üsyançılara açıq dəstəyini dayandırdı. Bu isə Ərdoğanı bərk məyus etdi, o, Obamanı ABŞ-ın Suriya müxalifətinə dəstəyini genişləndirməsi üçün dilə tuturdu”.

Seymur Herş daha sonra yazır: “2012-ci ilin sonuna doğru Amerika kəşfiyyatının bütün strukturları hesab edirdilər ki, üsyançılar müharibəni uduzurlar. Ərdoğan bərk qəzəblənmişdi və özünü qeyri-müəyyən vəziyyətdə hiss edirdi. Bu, onun pulları idi və ABŞ-n kənara çəkilməsini satqınlıq kimi qiymətləndirirdi” – deyə keçmiş kəşfiyyat rəsmisi bildirir”.

“Qırmızı xətt” narahat edir

Obamanın Bəşər Əsədin “qırmızı xətti” keçməsinə imkan verilməyəcinə dair verdiyi vədə siyasi həssaslığını nəzərə alan Türkiyə hökuməti və Suriya üsyançıları kimyəvi silahı prezidenti bu vədini yerinə yetirməyə məcbur edəcək alət kimi görürdülər.

S.Herş bunları yazır və əlavə edir: “2013-cü ilin yazında Amerika kəşfiyyatına məlum oldu ki, Türkiyə hökuməti özünün Milli İstihbarat Təşkilatının və jandarmeriyanın bölmələri vasitəsilə bilavasitə “əl-Nusra Cəbhəsi” və onun müttəfiqləri ilə kimyəvi silah əldə olunması üzərində işləməyə başlayıb.

“MİT üsyançılarla siyasi əlaqələri inkişaf etdirdi, jandarmeriya isə hərbi loqistikanı, yerlərdə təlim keçilməsini, o cümlədən kimyəvi silahdan istifadə olunmaqla hücum həyata keçirilməsi təlimini keçirdi” – deyə keçmiş kəşfiyyat əməkdaşı danışır.

“Türkiyənin 2013-cü ilin yazında rolunun fəallaşmasını onun yaranmış situasiyadakı problemlərinin açarı kimi nəzərdən keçirmək lazımdır. Ərdoğan bilirdi ki, əgər o, sünni islamçılara dəstəyi dayandırsa, hər şeyin sonu olacaq. Səudiyyə Ərəbistanı loqistika probleminı görə müharibəyə kömək edə bilmirdi – məsafənin uzaqlığı, silahların və sursatların yerdəyişməsinin çətinliyi mane olurdu.

Ərdoğan ABŞ-ı hərbi müdaxiləyə məcbur edəcək hadisə törətmək istəyirdi. Lakin Obama mart və aprel aylarında kiçikmiqyaslı kimyəvi silah hücumlarına reaksiya vermədi.

Ərdoğanla Obama arasında mübahisə 2013-cü il, mayın 16-da Ağ Evdəki görüşdə həlledici mərhələyə daxil oldu. Onda Ərdoğan ABŞ-ın üsyançılara daha geniş hərbi dəstəyinə nail olmaq üçün uğursuz səylər göstərirdi.

Bundan üç ay sonra – avqustun 21-də sirli raket ölümcül zarin qazını Dəməşqin şərq rayonuna çatdırdı. Amerika administrasyası və Amerika mətbuatının böyük qismi dərhal bu mövqeyə gəldilər ki, azı 1429 adamın ölümünə səbəb olmuş kimyəvi silah hücumunu məhz Əsəd hökuməti həyata keçirib. Baxmayaraq ki, həkimlərin və digər şahidlərin məlumatlarına görə, qurbanların sayı daha az idi.

Bu hadisə ilə bağlı KİV-lər elə panika qaldırdılar ki, ABŞ hökumətinin mövqeyini şübhə altına alan istənilən kəs “Əsədin tərəfdarı”ına çevrilmiş olurdu. Lakin biz, bir neçə skeptik bu hücumu Əsədin həyata keçirdiyinə dair sübutların yetərsiz olduğunu iddia edirdik. Obama da Konqresdə və Britaniya kəşfiyyatında müqavimətlə qarşılaşdı, lakin neomühafizəkarlar Amerikanın hərbi müdaxiləyə başlamasına nail olmaq üçün var güclərini səfərbər etmişdi.

Dövlət katibi Con Kerri avqustun 30-da Amerika bombalarının bir neçə gün sonra  Suriyaya düşəcəyinə dair davakar bəyanat verdi. Lakin Obama tərəddüd edirdi, o, əvvəlcə müharibə məsələsini Konqresin müzakirəsinə verdi. Daha sonra Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi

ilə Əsədin kimyəvi silahlardan imtinasına dair kompromis əldə etdi.

Obama sövdələşməyə getsə də bildirirdi ki, Əsəd bu kimyəvi silah hücumunda günahkardır. O, başqa cür düşünənləri də əzib keçirdi. 2013-cü il, sentyabrın 24-də BMT Baş Assambleyasında Obama bəyan etdi ki, hücumun Əsəd rejimindən başqa biri tərəfindən həyata keçirildiyini iddia etmək insan ağlını təhqir etmək deməkdir.

Türkiyə ilə bağlı şübhələr

Bununla belə, 2013-cü ilin payızına doğru amerikalı mütəxəssislər kəşfiyyat məlumatlarını analiz edərək Əsədin kimyəvi silah hücumu həyata keçirdiyinə şübhə edənlərin sırasına daxil oldular.

S.Herş keçmiş kəşfiyyat əməkdaşından sitat gətirir: “ABŞ-ın kəşfiyyat xidmətinin analitikləri 21 avqust hadisəsi üzərində işləyərək belə qənaətə gəldilər ki, Suriya hökuməti kimyəvi silah hücumu həyata keçirməyib. Bəs bunu kim edib, kim hərbi oyun qaydasını müəyyən edir? Birbaşa şübhələr Türkiyəyə yönəldi, çünki kimyəvi silah hücumunun həyata keçirilməsi üçün hazırlıqları ancaq orada görə bilərdilər.

“21 avqust hücumu ilə bağlı ələ keçirilən radiodanışıqların və digər məlumatların analizi nəticəsində kəşfiyyat strukturları öz şübhələrini təsdiqləyəcək sübutlar əldə etdilər. İndi bizə məlumdur ki, bu, Ərdoğanın adamları tərəfindən planlaşdırılmış gizli aksiya idi. Məqsəd Obamanı hərbi əməliyyatlara başlamağa məcbur etmək olmuşdu” – deyə keçmiş kəşfiyyat zabiti bildirir.

“Onlar qaz hücumunu BMT müfəttişlərinin Suriyada olduğu bir vaxtda Dəməşqin özündə və ya ona yaxın yerdə həyata keçirməliydi. İdeya bundan ibarət idi ki, nəsə effektiv bir şey həyata keçirilsin və bariz nümunə ortaya qoyulsun”.

Kəşfiyyatçı daha sonra deyir: “ABŞ Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin nümayəndələri bizim baş zabitlərimizə danışırdılar ki, zarin Türkiyə vasitəsilə üsyançılara çatdırılıb. Onlar Türkiyənin dəstəyi olmadan bunu ala bilməzdilər. Türklər həmçinin üsyançıları zarini necə istehsal etməyi və onunla necə davranmağa da öyrətmişdilər.

Situasiyanın analizi üçün əhəmiyyətli köməyi də elə türklər göstərdilər. Hücumun ardınca ələ keçirilən radiodanışıqlarda türklərin necə sevindiyi və bir-birlərini təbrik etdiyi məlum olurdu. Əməliyyat planlaşdırılanda həmişə məxfi olur, lakin başlayandan sonra hamıya hər şey bəlli olur. Cinayətkarların özlərindən əlçatan yer yoxdur, bir halda ki, onlar uğurun tanınmasını tələb edirlər”.

S.Herş bildirir ki, Türkiyə kəşfiyyatının düşüncəsinə görə “Ərdoğanın Suriya problemi tezliklə başa çatmalı idi: qaz hücumundan sonra Obama deyəcəkdi ki, “qırmızı xətt” keçilib və Amerika Suriyaya hücum edəcəkdi. Ən azından ideya belə idi, lakin alınmadı.

S.Herş əlavə edir ki, ABŞ-ın kəşfiyyat strukturları Obamaya kimyəvi silah hücumuna dair “Bunu Əsəd edib” ssenarisinə zidd olan informasiya təqdim etmirdi. Suriyadakı hücumdan sonra Türkiyəyə dair kəşfiyyat məlumatı Ağ Evə verilmədi.

“Heç kim bu haqda danışmaq istəmir” – deyə keçmiş kəşfiyyat əməkdaşı bildirir.

“Prezidentin mövqeyinə zidd getmək arzusu yoxdur, baxmayaraq ki, bütün məlumatların analizi bu hücumun Əsəd tərəfindən həyata keçirilmədiyini göstərirdi” – o deyir.

Kəşfiyyatçı əlavə edir: “Ağ Evin bombardman planını təxirə salmasından sonra da bu hücumu Suriya hökumətinin həyata keçirdiyinə dair heç bir əlavə sübut ortaya qoyulmadı. Mənim hökumətim heç nə deyə bilməzdi. Çünki biz özümüzü həddən artıq məsuliyyətsiz aparmışdıq. Axı Əsədi ittiham edəndən sonra necə qayıdıb deyəydik ki, əslində bunu Ərdoğan edib?”

İraq müharibəsi və Suriyada baş tutmayan müharibə arasında fərq ondan ibarətdir ki, prezident Obama Corc Buş kimi müharibəyə can atmırdı.

Digər amil budur ki, Obama Vladimir Putindən ona uçurumun kənarından qayıtmağa imkan verən köməyi vaxtında aldı. Amerika neomühafizəkarlarının tərəddüd edən Obamanı növbəti müharibəyə sürükləməyə necə can atdığı nəzərə alınsa onların Putinə niyə bu cür qəzəbli olduğunu və Ukraynada ona zərbə vurmğa can atmalarını da başa düşmək olar.

***

Qeyd edək ki, bu məqalədə Türkiyənin Suriyadakı kimyəvi silah hücumunda əli olmasına dair tutarlı sübutlar ortaya qoyulmasa da Ərdoğanın bu hücumda ittiham olunacağına dair məlumatlar Türkiyənin ekspert çevrələrində çoxdan var idi.

Türkiyənin ekspert çevrlərində deyirlər ki, 30 mart bələdiyyə seçkiləri hələ Fətullah Gülən və onu dəstəkləyən Amerika kəşfiyyatı, İsrail xüsusi xidmət orqanları ilə Ərdoğan hökuməti arasında müharibənin uduzulması demək deyil.

“Əsl müharibə prezident seçkiləri ərəfəsində başlayacaq. Biz iyun-iyul aylarında dəhşətli komromat müharibələrinin gedəcəyini gözləyirik. Ərdoğan barədə kompromatların hələ hamısı açılmayıb” – deyə Türkiyə ekspert çevrələrindəki mənbə əməkdaşımıza bildirib.

Fətullah Gülənlə müharibəyə başladıqdan sonra Ərdoğanın Suriyada “əl-Qaidə”yə bağlı üsyançıları dəstəkləməsinə dair sızdırılan məlumatlar və faktlar çoxdur. Məsələn, seçkilərə bir neçə gün qalmış Türkiyə xarici işlər nazirinin, MİT rəhbərinin, Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavininin və xarici işlər nazirinin müaviniin məxfi Suriya toplantısının səs yazısı internetə sızdırıldı.

Məlum oldu ki, Türkiyə rəhbərliyinə daxil olan şəxslər Suriyaya hərbi müdaxilə üçün bəhanə tapmağın yollarını axtarırlar. MİT rəhbəri isə təklif edirdi ki, o, Suriyaya bir neçə adam göndərib oradan Türkiyə ərazisinə raket atdıra, yaxud Türkiyə ərazisi olan Süleyman Şah türbəsini partlada bilər. Söhbətdə təəsüf ifadə olunurdu ki, Türkiyə Əsəd rejiminin zəiflədiyi 2012-ci ildə fürsətdən istifadə edib Suriyaya müdaxilə etmədi.

Yaxud Fətullahla Ərdoğan arasında kompromat savaşlarının qızğın vaxtlarında Suriyaya MİT əməkdaşlarının müşaiyəti ilə hərbi yardım aparan TIR-ları polis saxlamışdı. Eyni zamanda “əl-Nusra Cəbhəsi” ilə AKP arasında bağlantılara dair fotoşəkillər sızdırılmışdı. Həmçinin Ərdoğanın özünün “əl-Qaidə”nin əsas maliyyəçisi olan səudiyyəli iş adamı Yasin əl-Kadi ilə əlaqələrinə dair çoxlu dəlil-sübutlar ortaya qoyuldu. Görünən odur ki, Türkiyədə hələ heç nə sona çatmayıb.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə