Göyü əynimdən çıxarıb
Yeri geyinim gərək.
Bu dünyanın altını
Üstündən çox bəyənim gərək…
Bu yaz bir az da
Böyüyəcək qəbrlər.
Ölülər cücərib çıxacaq
Torpağın üstünə.
Və dünyanın təmiz
Həqiqətini söyləyəcək:
“Ölüm”.
Bu bahar da sənsiz gəldi
Bu bahar da sənsiz gəldi,
Ömrüm bir bahar da gödəldi sənsiz.
Ağaclar bir az da böyüdü,
Yollar bir az da uzandı.
Yenə qayıtmadın,
Yenə ayrılıq qazandı.
Ulduz-ulduz çiçəklədi göy üzü,
Göy üzündən bir saxlım ay asıldı.
Göydə bizim taleyimiz yanaşı,
Yerdə ayrı ünvanlara yazıldı.
Ana oldum, ata oldun,
Evladımız bir olmadı.
Ayrılıqdan gizlənməyə
Belə böyük dünyada
Balaca bir yer olmadı.
Gözümün yaşıyla yazdım
Axırıncı sözümü,
Yolları kəndir kimi
Doladım boynuma
Asdım özümü.