Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Vaşinqton Bakının ona hava-su kimi lazım olduğunu bilir”
“Vaşinqton Bakının ona hava-su kimi lazım olduğunu bilir”
05 İyun 2014 / 15:23 / Baxış sayı: 22
Font1 Font2 Font3 Font4

“Putin başa düşür ki, Qarabağsız Ermənistan Avrasiya inteqrasiya layihələrində iştirak edə bilməz”

Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Orta Asiya və Qafqazın araşdırılması mərkəzinin koordinatoru, politoloq Aleksandr Skakov regionda yaşanan hadisələr və Avrasiya İqtisadi Birliyi ilə bağlı fikirlərini Bizimyol.info-ya açıqlayıb
Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədovun son bəyanatı Rusiya siyasi dairələrinin diqqətindən yayınmadı. Söhbət N. Məmmədovun “Azərbaycan heç bir avrointeqrasiya proseslərinə qoşulmağı planlaşdırmır” bəyanatından gedir. Elə həmin bu fikrin ardınca Bakıda səfərdə olan Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev çoxlarının fikirləşdiyi, amma dilinə gətirə bilmədiyi bir təklifi çılpaqlığı ilə ortaya qoydu.
“Azərbaycanın Avrasiya İqtisadi Birliyinə və eləcə də Gömrük İttifaqına üzv olub-olmamaq məsələsi ayrıca bir müzakirə mövzusudur. Bu məsələdə heç bir qadağalar yoxdur. Azərbaycan özü öz siyasətini həll edir, amma mən hesab edirəm ki, Azərbaycanın yuxarıda adını çəkdiyim ittifaqlarda iştirakı tam məntiqli olardı”, deyən rusiyalı nazirin sözlərini artıq keçmiş postsovet məkanında yaranmış siyasi fon da qüvvətləndirir: Astanada Avrasiya İqtisadi Birliyinin yaranması barədə müqavilə imzalanır. Maraqlıdır ki, bir çox ekspertlərin yadında bu tarix Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Ermənistan prezidenti Serj Sarkisyanın iştahını kəsərək, yerində oturtması ilə yadda qalacaq. Nazarbayevin sözləri, həm də Dağlıq Qarabağdakı separatçı rejimə də ciddi xəbərdarlıq idi.
Bir çox ekspertlərin fikrincə, Nazarbayevin Sarkisyana “Ermənistan Avrasiya İqtisadi Birliyinə ancaq və ancaq BMT tərəfindən qəbul edilmiş ərazisi ilə daxil ola bilər”, cavabı, yəni Ermənistanın Dağlıq Qarabağı da bu birliyə dürtmək istəyinin reallaşmayacağı və faktiki olaraq, Sarkisyanı aşağılayan fikri, məhz Rusiya prezidenti Vladimir Putinlə razılaşdırıldıqdan sonra səslənmişdi. Əgər bu doğrudan da belədirsə, onda həmin addımı ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın hay-küy yaradan müsahibəsindən sonra, ABŞ-Azərbaycan münasibətlərinin pisləşməsi fonunda Putinin rəsmi Bakıya qarşı reveransı kimi də qəbul etmək olar. Təbii ki, indi Rusiya tərəfi edilən addımın cavabını gözləyir, amma, Azərbaycan rəsmilərinin fikirləri ilə tanış olandan sonra bu qənaətə gəlmək olar ki, rəsmi Bakı hələ ki, ondan gözlənilən cavab addımına tələsmir.
Regiondakı son hadisələr, həmçinin yeni dövrün yeni təşəbbüs və tələbləri fonunda Azərbaycanın mövqeyinin necə olacağı və bundan doğacaq nəticələr barədə “Bizim Yol” əməkdaşı rusiyalı politoloq, tarix elmləri namizədi, Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Orta Asiya  və Qafqazın araşdırılması mərkəzinin koordinatoru Aleksandr Skakovla müzakirə etmək qərarına gəldi.
– Cənab Skakov, Bakıya səfəri zamanı Rusiya iqtisadiyyat naziri Aleksey Ulyukayev faktiki olaraq Azərbaycanı Avrasiya İqtisadi Birliyiniə dəvət etdi. Amma cəmi 1 həftə əvvəl Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov bildirmişdi ki, ölkəmizin heç bir Avrasiya inteqrasiya proyektlərinə qoşulmaq fikri yoxdur. Nə baş verir və bütün bunlardan hansı nəticə ortaya çıxa bilər? 
– Azərbaycanın bütün inteqrasiya proseslərinə – həm Avropa, həm də Avroasiya inteqrasiya proseslərinə mövqeyi bəllidir. Məncə, bunu nəzərə alsaq, Ulyukayevin bəyanatını heç bir şeyə məcbur etməyən bir siyasi jest hesab etmək olar. Həm də hələ ki, tam formalaşmayan bir birliyə yeni üzvlərin dəvət olunması da olduqca qəribə görünür. Məncə, bu, hansısa siyasi oyun deyil, oyunun imitasiyasıdır və real bir nəticə ilə tamamlanmaycaq.
– Fikrinizcə, Vaşinqtonla münasibətlərin soyuqlaşması fonunda rəsmi Bakı inteqrasiyalara münasibətdə siyasətinə yenidən baxa və Moskvanın təkliflərini gözdən keçirə bilərmi? 
– Azərbaycan-ABŞ münasibətlərinin korlanması birdəfəlik uçurum xarakteri daşımır. Unutmayın ki, indiki situasiyada Ağ Ev Kreml sərhədlərinin yaxınlığında heç bir post-sovet ölkəsi ilə konfliktə girməyəcək. Ukraynadakı problemlər rəsmi Vaşinqtona bəs edir.
Məncə, Morninqstarın müsahibəsi də oyunun imitasiyasıdır. Burada “qəddar müstəntiq” rolunda Bakıdakı ABŞ səfiri, “mehriban müstəntiq” rolunda isə, işğal edilmiş torpaqlardan danışarkən rəsmi Bakı tərəfə nisbətən yumşaq mövqe nümayiş etdirən Minsk Qrupunun amerikalı həmsədri çıxış edir. Bu oyundur və Vaşinqton Bakının ondan uzaqlaşmasından narahatdır, eyni zamanda özünü bir qədər kənarda da tutmağa çalışır. Əslində, ABŞ gözəl bilir ki, Rusiyanın qonşusu olan Azərbaycan ona hava-su kimi lazımdır. Görünür, Ağ Ev özünə lazım olan müəyyən bir günün yetişəcəyini gözləyir ki, həmin gün Azərbaycan ona lazım olacaq. Odur ki, müəyyən balans saxlayır.
– Nazarbayevin Sərkisyana məlum cavabını, Putinin bu məsələdə rəsmi Bakını dəstəkləməsi kimi qəbul etmək olarmı? Və bunun əvəzində Putinin bizdən gözləntisi nə olar bilər? 
– Məncə yox. Putin gözəl başa düşür ki, Qarabağsız Ermənistan Avrasiya inteqrasiya layihələrində iştirak edə bilməz. Digər tərəfdən, Cənubi Qafqazdakı yeganə platsdarmını da itirmək fikrində deyil. Ukrayna ətrafında baş verənlər fonunda, Qərb dünyası ilə qılınc çarpışmasından sonra Ermənistanın Gömrük İttifaqına daxil edilməsi Putin üçün prinsip məsələsinə çevrilib. Odur ki, Moskva bütün mümkün olan addımları atacaq ki, Ermənistan mümkün qədər tez  Gömrük İttifaqına üzv olsun. Bu yolda o, Nazarbayev və Lukaşenkonun müqavimətinin də qarşısını almağa çalışacaq.
 
– Bəs Rusiyanın özü bu Avrasiya inteqrasiyası təşəbbüslərinə necə qoşulur? Axı Krım məsələsi var və hələ ki, BMT Krımı Rusiyanın ərazisi hesab etmir…  
– Krım Gömrük İttifaqı və Avrasiya İqtisadi Birliyinin yaranmasına formal olaraq, necə maneədirsə, Ermənistanın bu ittifaqlara qoşulması üçün Dağlıq Qarabağ da eyni maneədir. Bəs bu məsələlər necə həll edilməlidir? Ən yaxşısı heç bu məsələlərə toxunmamaqdır. Əks halda Gömrük İttifaqı heç zaman yaranmayacaq. Rəsmi Moskva çalışacaq ki, bu məsələlərə hamı göz yumsun.
– Ukraynada baş verənlər və Rusiyanın buradakı mövqeyi Cənubi Qafqazaın gələcəyi ilə bağlı nə vəd edir? 
– İndi həm Qərb, həm də Moskvanın Ukrayna ilə bağlı başları bərk qarışıqdır və buna görə də Qafqazla məşğul olmağa demək olar ki, vaxt qalmayıb. Məncə Ukraynanın taleyini məhz Donbasda baş verən çarpışmaların nəticəsi həll edəcək. Əgər Rəsmi Kiyev qalib gəlsə, onda Moskva öz qərb sərhədlərində özünəinamlı və komrpomisə getməyən bir rəqiblə qonşu olmağa məcbur olacaq.
Amma Ukraynada da başa düşürlər ki, Krımı qaytara bilməyəcəklər, amma buna baxmayaraq, bunu yaxın zamanda Moskvaya bağışlamaq fikirləri də yoxdur. Siyasi çəkisi və dünyadakı yerinə görə, Ukrayna Gürcüstan deyil və orada baş verənlərə görə Kremlin hələ bir çox problemləri yaranacaq. Moskva üçün ən yaxşı yol: rəsmi Kiyev, BMT, ATƏT və Donbas nümayəndələri ilə bir masa arxasına keçmək və neytrallıq barədə danışıqlara başlamaqdır. Bu stoldan Kreml yalnız Ukraynanın federallaşması qərarına nail olmaqla dura bilər. Amma tərəflərin mövqelərindəki sərtliyi və barışmazlığı nəzərə alsaq, bu variant hələ ki, fantastik görünür. Hələ ki, tərəflər bir masa arxasına oturmaq məqamına yetişməyiblər, baş verənlər tək Ukrayna üçün deyil, artaraq, Cənubi Qafqaz regionu üçün də təhlükəlidir.
– Bu günün reallığından baxanda Dağlıq Qarabağda müharibə mümkündürmü? 
– Hal-hazırda sözün əsl mənasında tam müharibə mümkün deyil. Moskvanın Sarkisyana verdiyi zəmanətlərdan sonra iri müharibənin başlanması üçün dünya siyasətində köklü təlatümlər olmalı və geosiyasi situasiya dəyişməlidir. Müharibə rəsmi Moskvanın Ermənistandan üz çevirməsindən sonra başlaya bilər.
Əgər Qərb Moskvadan sonra, həm Ermənistana, həm də Azərbaycana gəlsə, onda müharibə yenə də olmayacaq. Bu zaman Qarabağda NATO hərbçiləri yerləşdiriləcək və ola bilsin ki, qaçqınlar da bəzi rayonlara qayıdacaq. Bu qədər! Əgər Rusiya və Qərb bir-birinə qarşı bütün istiqamətlərdə ziddiyətləri davam etdirsələr, onda Qarabağda müharibə Azərbaycana sərf edir. Yəni müharibədən sonra uduzan tərəf müharibədən sonra danışıqlar masası arxasından çıxarılacaq.
Amma bu halda da 08.08.08 senarisinin təkrarlanacağı istisna deyil. Amma kim bu senarini reallaşdıracaq – məsələ açıq qalır. Kim tərərfindən həyata keçirilməsindən asılı olmayaraq, məqsəd bir olacaq – regiona sülhməramlı qoşun yeritmək və Cənubi Qafqazda lider mövqe tutmaq.
Qərb siyasətçilərinin avantürizm səviyyəsini (Ukraynanı Avropa Birliyi ilə inteqrasiyaya cəlb etmək cəhdi avantüradan başqa bir şey deyil) nəzərə alaraq,  həm də Rusiyanın Ukraynadakı vəziyyətlə bağlı öz qərb sərhədlərində hansı ciddi problemlərlə üzləşəcəyini də nəzərə alsaq, fikrimcə, Qafqazdakı böyük siyasi oyunun növbəti raundunun təşəbbüskarı məhz Qərb olacaq. Son məqsəd – Rusiyanı geosiyasi məğlubiyyətə uğratmaqdır.
–  Fikrinizcə, Dağlıq Qarabağla bağlı Azərbaycan Rusiya ilə razılığa gələ bilərmi? 
– Rəsmi Bakının Moskva ilə, Yerevanın xəbəri olmadan hansısa razılığa gəlməsi real deyil. Həm də bu razılıq, əgər mümkün olarsa, həmin an Qərb tərəfindən top atəşinə tutulacaq. Ümimiyyətlə indiki reallıqda Qarabağ münaqişəsinin həlli ilə bağlı hansısa real nəticələrə gətirəcək danışıqlar üçün konturlar belə görünmür. Adama elə gəlir ki, bu danışıqlar heç kimə lazım deyil. Müxtəlif səbəblərdən olsa da, bu gün status-kvo hamıya sərf edir. Hələlik sərf edir. Hipotetik olaraq qəbul etsək ki, Yerevanda rəngli inqilab baş verir, hakimiyyət dəyişir və ölkənin siyasəti də dəyişir… Amma bütün bunlar real deyil, çünki, söylənilənlərin həyata keçməsi üçün Ermənistandakı mövcud hakimiyyət çox böyük səhvlər etməlidir. Hamı qeyd edir ki, lazımdır. Kompromiss  isə hələ ki, mümkün deyil.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə