Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Barrozo Bakıya nə ilə gəlir?
Barrozo Bakıya nə ilə gəlir?
14 İyun 2014 / 10:31 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Mehman Əliyev: “Mən bu səfəri vida səfəri kimi qiymətləndirirəm”

Vüqar Bayramov: “Barrozo Azərbaycana Brüsselin dəstəyini nümayiş etdirir”

Bu gün, iyunun 14-də Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo Bakıya gəlir. Avropa Birliyinin mətbuat xidmətinin verdiyi xəbərə görə, Barrozonun Azərbaycan rəhbərliyi ilə görüşləri zamanı ikitərəfli münasibətlərin inkişafı və enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Avropalı qonaq Bakıdan öncə Moldova və Gürcüstanda olub və Azərbaycandan sonra İrəvana uçacaq.
Hesab olunur ki, Azərbaycanın Avropa Birliyi və Gömrük İttifaqı seçimi qarşısında qaldığı bu həssas dönəmdə Bakıdakı müzakirələr əsasən, ölkəmizin Avropa Birliyi münasibətləri ətrafında olacaq. Ekspertlərin fikrincə, Barrozo Rusiyanın Azərbaycanı ən pis halda Ukrayna, ən yaxşı halda isə Ermənistanın durumuna salmamaq üçün təkliflərini verəcək, ciddi müzakirələr aparacaq.
Ötən sayımızda yazdığımız kimi, Qərb keçmiş sovet respublikalarını Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” çətiri altında toplamaq istəyindən əl çəkmir. Odur ki, iyunun 27-də Ukrayna, Moldova və Gürcüstan Avropa Birliyi ilə assosiativ üzvlüklə bağlı yekun sənəd imzalayacaq. Bu ərəfədə Azərbaycanın Qoşulmamaq Hərəkatının üzvü kimi balanslı siyasətə üstünlük verməsi, Ermənistanın isə Rusiyanın yanında yer alması Avropanı hərəkətə keçməyə vadar edib.
Mayın 29-da Astanada Qərbin “yeni SSRİ”-nin əsasını qoyan Rusiyanın da Avrasiya İqtisadi İttifaqına qoşulmaq üçün Azərbaycana rəsmi dəvət göndərməsi, iyunun 17-də Rusiya xarici işlər naziri Sergey Lavrov, onun ardınca isə Kremlin keçmiş sovet respublikaları üzrə strateqi, baş nazirin müavini Dmitri Roqozinin də Bakıya planlaşdırılan səfərləri Barrozonun səfərində əsas müzakirə mövzusu olacaq.
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, Barrozo vida turnesinə çıxıb: “Əvvəla, o, artıq postundan gedir, əvəz olunur, yəni son günlərini yaşayır. Ona görə də mən bu səfəri vida səfəri kimi qiymətləndirirəm. Həmçinin əməkdaşlıqla bağlı təşəkkürünü bildirəcək, tövsiyələr verəcək”. Ancaq M.Əliyev səfər müddətində bir sıra mühüm məsələlərin də müzakirə olunacağını bildirdi: “Müəyyən problemlər var.
27 iyunda Ukrayna, Moldova assosiativ sazişi imzalayacaq, həm də Azad İqtisadi Zona haqqında sazişə qoşulurlar, bu, çox mühüm addım olacaq. Azərbaycan, Belarus və Ermənistan isə kənarda qalacaq. Ona görə də görünən budur ki, “Şərq Tərəfdaşlığı” proqramında iki qrup əmələ gəlir, irəliyə gedən və geridə qalan, Rusiyanın basqıları altında geriləyən qrup. Hesab edirəm ki, yaxın 2-3 ilə arxada qalan ölkələri də qabaqda gedən ölkələrə yaxınlaşdırmaq əsas hədəf olacaq. Azərbaycanı narahat edən məsələ nədirsə, o barədə təbii ki, danışıqlar aparılacaq”.
Qərb Azərbaycanı Rusiyanın caynağından xilas edə biləcəkmi, yoxsa Ukrayna kimi taleyin ixtiyarına buraxacaq? M.Əliyev: “Bu dünyada hər şey alınıb-satılır. Sülhü də almaq olar, müharibəni də. Azərbaycanın da kifayət qədər pulu var. Ona görə də təhlükə daha çox pulu olmayanlar üçündür. İndiki mərhələdə Azərbaycana hansısa ciddi bir təhlükə yoxdur”. Hesab etmək olarmı ki, Barrozo bizi xilas etməyə gəlir? Ekspert: “Deməzdim ki, bizi xilas eləməyə gəlir. Sadəcə maraqlanacaq ki, Rusiya bölgədə nə etmək istəyir, ona qarşı nə edə bilərik. Fikrimcə, hazırda Rusiyadan Azərbaycana ciddi təhlükə yoxdur. Azərbaycan Rusiya ilə əsasən də iqtisadi sahədə çox yaxındır, rusları da bu maraqlandırır. Moskva Azərbaycan tərəfinin Rusiyanın iqtisadi layihələrində iştirakını istəyir”.
Avropa Birliyi Vətəndaş Cəmiyyəti Forumunun həmsədri Vüqar Bayramov şəxsi facebook səhifəsində yazıb ki, Barrozo yalnız rəsmilər ilə deyil eyni zamanda ekspertlərlə də görüşəcək: “Bu baxımdan, avropalı prezident ilə şənbə günü canlı müzakirələr aparmaq imkanım olacaq”. Barrozonun Azərbaycana səfərinin məqsədləri nədir sualına gəldikdə, V.Bayramov bildirib ki, bu dəfə avropalı prezidentin səfər gündəliyində enerji məsələləri daha az yer tutur: “Cənab Barrozo daha çox Azərbaycan və Avropa Birliyi münasibətlərini müzakirə edəcək. Səfəri bir cümlə ifadə etsək, o zaman demək olar: Ukrayna böhranından sonra regionda baş verən dəyişikliklər fonunda Barrozo Azərbaycana gəlməklə rəsmi Bakıya Brüsselin dəstəyini nümayiş etdirir. Aydındır ki, Avrasiya İqtisadi Birliyi elan ediləndən sonra üzvlük məsələsində Moskvanın Bakıya təzyiqlərinin artacağı gözlənilir.
 Azərbaycanın birlikdə və eləcə də Gömrük İttifaqında təmsil olunması nəinki Rusiya üçün, eyni zamanda sözügedən hər iki qurumun gələcək taleyi baxımından əhəmiyyətlidir. Bunu Brüsseldə də gözəl anlayırlar. Gürcüstan və Moldovadan fərqli olaraq Azərbaycan və Ukraynanın seçim ortaya qoyması heç də asan deyil. Ən azı, Ukraynada baş verən son hadisələr buna bir siqnal idi. Sözügedən hər iki ölkənin qərarları regionun hansı istiqamətə inteqrasiya etməsi baxımdan əhəmiyyətlidir. Bu baxımdan, güman edilir ki, Avropa Komissiyasının prezidenti daha çox qeyri-formal olsa da Azərbaycan ilə Avropa Birliyi arasında strateji yol xəritəsini müzakirə edəcək”.
V.Bayramovun fikrincə, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı danışıqları sürətləndirilməlidir ki, Moskvanın planlaşdırılmayan ciddi təzyiqi müşahidə edilərsə, o zaman çevik və sürətli avrointeqrasiya siyasəti həyata keçirə bilsin.
Maraqlıdır, Barrozonun Azərbaycan müxalifəti ilə görüşü nəzərdə tutulubmu?
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə bildirdi ki, müxalifətlə hər hansı bir görüş nəzərdə tutulmayıb: “O, siyasi partiyaların rəhbərləri ilə deyil, vətəndaş cəmiyyətinin ayrı-ayrı nümayəndələri ilə görüşəcək”.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə