Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sonda kimin udub, kimin uduzacağı əsas deyil….
Sonda kimin udub, kimin uduzacağı əsas deyil….
17 İyun 2014 / 12:41 / Baxış sayı: 298
Font1 Font2 Font3 Font4

Liderin  əsas vəzifəsi  ölkəni  son nəticəni görməyə aparmaqdır…

Bu gün  Ukraynada  baş verənlər  demək olar ki, bütün sivil dünyanın diqqət mərkəzindədir. Bəzi  yerli politoloqlar  baş verənlərin guya ölkəmizə  dəxli olmadığını  israr etsələr də, əslində Ukraynadakı hadislərdən bütün dünya, əsasən də Azərbaycan kimi dövlətlər ciddi nəticə çıxarmalıdır. Bunu nəzərə alaraq  ölkəmizin yaxın tarixi ilə hazırda Ukraynada baş verənlər arasında müqayisə aparmaq yerinə düşər.

Ukraynada  ötən ilin axırında başlayıb bu günədək  davam edən və hələ də bitməyən ( qanlı) siyasi  proseslər  müəyyən mənada 1993-cü ilin  Azərbaycanını  yada salır. Bir-birindən 20 il məsafədə olan  bu iki  ağır  dövr  arasında  xeyli oxşarlıqlar  var.

Gəlin, 1993-cü ildə Azərbaycanda və bu  gün Ukraynada baş verən proseslərin qısa xronologiyasına nəzər salaq.

1993-cü ildə  Azərbaycanda  hərbi birləşmənin hökumətə tabe olmaması səbəbindən ölkədə siyasi  böhran yarandı və nəticədə prezident  Ə.Elçibəy və onun komandası hakimiyyətdən getməyə məcbur oldu. Hakimiyyətə  H. Əliyev gəldi.

Ukraynada isə ötən ilin axırında oxşar  proseslər başladı. Ölkə başçısı Viktor Yanukoviçin  Avropa Birliyi ilə assosiasiya sazişi imzalamaqdan imtina etməsi  prosesin başlanması üçün bir  qığılcım  oldu. Və bu ölkədə də siyasi böhran baş verdi. Dövlət başçısı Viktor Yanukoviç ölkədən qaçmağa məcbur oldu. Hakimiyyətə  yeni qüvvələr gəldi.

( Yeri gəlmişkən, onu da qeyd edək ki, əslində  “hərbi hissə” məsələsi də,   “assosiasiya sazişi” də əsas səbəb deyildi, yəni problemin görünən tərəfi idi….)

İndi isə hər iki ölkədə hakimiyyət dəyişikliyindən sonrakı mənzərəyə qısa nəzər salaq.

-1993-cü ildə  Azərbaycanda yenicə ( yenidən yox, çünki o vaxtadək  H.Əliyev müstəqi Azərbaycanın başçısı deyil, SSRİ-nin tərkibindəki  Az.SSR-in birinci katibi olub, yəni müstəqil dövləti  idarə etmək təcrübəsi yox idi ) hakimiyyətə gələn H.Əliyev  işğal olunmuş Dağlıq Qarabağ  və  hər gün az qala bir rayonun işğal olunması, vahid ordunun olmaması, müxtəlif  silahlı birləşmələr problemi ilə üz-üzə qaldı…

-Müharibə edən ölkədə hərbi sursat, təcrübəli hərbçilər  yox dərəcəsində idi…

-Elçibəy hakimiyyətinə  tabe olmayan hərbçilər bir  çox bölgələrdə  yerli hakimiyyət  strukturlarını devirərək  öz nümayəndələrini  rayonlara başçı təyin etmişdilər…

-Bu gün-sabah ermənilərin ölkənin ikinci paytaxtı Gəncəyə girəcəyi barədə fikirlər səslənirdi…

-Digər tərəfdən  ölkənin cənubunda separatçılar  Talış-Muğan Respublikasının müstəqilliyini elan edərək, referenduma hazırlaşırdılar, şimal istiqamətdən isə Sadval  kartı işə salınmışdı…

-Ölkənin xəzinəsi demək olar ki, boş idi.

-Rusiya sərhədləri bağlayıb iqtisadi sanksiyalar tətbiq edirdi, ölkədə taxıl qıtlığı yaranmışdı…

-Qonşu İran İslam Respublikası isə demək olar ki, hər gün dövlət sərhədlərimizi açıq-aşkar pozurdu, təxribatçılıq işləri ilə məşğul olurdu. Qardaş Türkiyə isə daha çox gözləmə mövqeyində idi. Qərbin, ABŞ-ın isə heç vecinə deyildi. Əksinə ölkənin daha pis duruma düşməsində maraqlı idilər…

ƏN ƏSASI, bu günkü Ukraynadan fərqli olaraq 1993-cü ildə Azərbaycanın faktiki olaraq müttəfiqi yox idi, heç bir beynəlxalq qurum siyasi, hərbi, maliyyə, iqtisadi yardım etmirdi. Belə demək mümkündürsə, Azərbaycan çox faciəli  durumda təkbaşına qalmışdı.

Ancaq  bütün bunlara və digər  problemlərə  baxmayaraq  Azərbaycan 1993-cü ildə heç bir  beynəlxalq siyasi dəstək və maliyyə yardımı olmadan  az vaxtda, təxminən  4-5 aydan sonra çox  mürəkkəb və qəliz situasiyadan çıxa bildi və ölkədə uzunmüddətli sabitlik yarandı.

Sabitlik olmadan isə inkişafdan danışmaq tam mənasızdır.

Ukraynada da siyasi böhrandan sonra hakimiyyətə yeni qüvvələr gəldi. Ancaq onların vəziyyəti  1993-cü ildə hakimiyyətə gələn H.Əliyevin üz-üzə qaldığı vəziyyətdən xeyli yüngüldür, hətta müqayisə olunmazdır. Düzdür, Ukraynada hakimiyyətə gələn yeni siyasi qüvvələr də  Krımın, sonra Donetsk, Luqansk və digər  vilayətlərin  separatçılar tərəfindən işğalı, az  qala Ukraynanın mövcud olub-olmaması  faktı ilə üz-üzə qaldılar. Lakin….

1993-cü ilin Azərbaycanından fərqli olaraq  bu gün Ukraynanı  Rusiyadan başqa bütün Qərb ölkələri, beynəlxalq qurumlar dəstəkləyir, hakimiyyətə  gələn yeni qüvvələrə hər mənada (siyasi, maddi, informasiya, hərbi)  dəstək verirlər.  Beynəlxalq Bank, Beynəlxalq Valyuta Fondu, beynəlxalq ictimaiyyət  Ukraynaya öz köməyini  əsirgəmir. Yəni 1993-ün Azərbaycanı ilə 2014-ün Ukraynasını müqayisə edəndə birincinin vəziyyəti  daha ağır idi. Həm də nəzərə almalıyıq ki, bu günkü Ukrayna ilə müqayisədə  o zamankı  Azərbaycan çox zəif  bir dövlət idi.   Eyni zamanda 1993-cü ilin güclə ayaq üstə durmağa çalışan  2 yaşlı Azərbaycanı ilə 2014-cü ilin 23 yaşlı  Ukraynasını, ölkədəki  hərbi-sənaye kompleksini, təcrübəli generalları göz  önünə gətirin.

Bütün bu hərtərəfli yardımlara baxmayaraq  Ukraynada  vəziyyət  hələ də sabitləşmir  və yaxın  vaxtlarda bu ölkənin normal məcraya düşəcəyi də gözlənilmir.

Ortaya suallar çıxır. 1993-cü ildə  Azərbaycan oxşar, amma daha qəliz və çətin  situasiyadan necə oldu ki, heç bir  beynəlxalq  siyasi dəstək, maliyyə yardımı  olmadan 4-5 aydan sonra çıxa bildi, ölkədə sabitlik yarandı, ölkə öz  məcrasına qayıtdı. Həm də az itkilərlə…

Bəs bu qədər  dəstək ola-ola Ukraynada vəziyyət niyə sabitləşmir?  Ölkə hər gün itkilər verir…

Unutmayaq ki, hazırda Ukraynanın 3 canlı keçmiş prezidenti var və hər üçü də politoloq kimi bəyanat verməklə, siyasi şərhlə kifayətlənirlər. Heç biri  də qabağa çıxıb məsuliyyətin altına girmək istəmir.

Ancaq 1993-cü ildə H.Əliyev  bunu bacardı. Ölkənin taleyi ilə bağlı bütün məsuliyyəti  öz üzərinə götürək, heç bir dəstək olmadan az vaxtda və az itkilərlə dövləti  çətin və mürəkkəb situasiyadan çıxarda bildi.

Ukraynada  isə  oxşar  situasiyada siyasi təcrübəsi olan, ən əsası ölkənin taleyi üçün məsuliyyəti öz üzərinə götürməyi  bacaran, qətiyyətli  lider  tapılmadı.

Unutmayaq ki, 1993-cü ilin Azərbaycanından fərqli olaraq  Ukrayna həm keçmiş SSRİ-nin, həm də bu günkü Rusiyanın hərbi-sənaye kompleksinin nüvəsini  təşkil edir. Və Qərbin  maksimum dəstəyi  olmasaydı, bu gün Ukraynanın hətta dövlət kimi mövcudluğundan danışmaq olmazdı. Ukrayna tam mənada Qərbin hesabına öz dövlət mövcudluğunu hələlik  qoruya bilir.

Ancaq 1993-cü ildə H.Əliyev  oxşar, lakin daha ağır  situasiya ilə üz-üzə qalanda  bunların heç biri yox idi…amma ölkə üzləşdiyi  qəzadan çıxa bildi.

Ümumiyyətlə,  avtoyarışlarda  avtopilotların məharəti və bacarığı düz yolda deyil, məhz döngələrdə balansı qorumaq, qəzaya uğramamaq, həm də geri qalmamaq…özünü göstərdiyi kimi  siyasi liderin də bacarığı  təhlükəli  siyasi dönəmlərdə özünü göstərir. Yəni siyasi liderin işi cəmiyyəti ən təhlüikəli siyasi dönəmlərdən sağ-salamat keçirməkdir.

Bu gün də Azərbaycan  yenidən mürəkkəb  situasiya ilə üz-üzədir, çətin seçim, belə demək mümkündürsə siyasi dönəm  qarşısındadır..

Əksər  siyasilər  deyir ki, artıq  zaman yetişib, Azərbaycan konkret seçimini etməlidir: ya Rusiyanın yanında olmalıyıq, ya da Qərbə, ABŞ-a sığınmalıyıq. Hətta bəziləri  daha uzağa  gedərək ABŞ qoşunlarını ölkəmizdə görmək istəyir. Guya əks təqdirdə Azərbaycan məhvə məhkumdur.

Yəni siyasilərin, politolıqların çoxu təkidlə  ölkə başçısı  İlham Əliyevdən balanslı siyasətdən imtina etməyi, dövlət adlı gəminin sükanını qəti olaraq üzü Qərbə, ABŞ-a doğru yönəltməyi, siyasi kursu dəqiqləşdirməyi tələb edirlər. Görəsən, bunu tələb edənlər  dəqiq siyasi kursun yaratdığı fəsadları görmür? Axı, keçmiş  Yuqoslaviyanın, Gürcüstanın, Ukraynanın aqibəti göz önündədir…

Bir neçə il öncə rus qoşunları qonşu Gürcüstanın paytaxtına yaxınlaşırdı. Axı, belə bir vəziyyət yaranarsa,  Qərbin Gürcüstana, Ukraynaya verdiyi dəstəyi bizə verəcəyi də böyük sual altındadır…

Siyasi kursu qəti olaraq dəyişdirməyin nəticəsi olaraq Gürcüstan ərazisinin xeyli hissəsini itirdi.

Eləcə də Ukraynada baş verənlərdən, Ukraynanın başına gələnlərdən  biz ciddi nəticə çıxartmalıyıq.  Bu gün Ukraynanın  bir  hissəsi  olan Krımı geri qaytarmaqdan söhbət  getmir,  Luqansk, Donetsk və digər vilayətlər  işğal olunub. Az qala Ukrayna dövlətinin mövcudluğu sual altındadır…

Və prosesin sonda harada dayanacağı, nə ilə bitəcəyi bilinmir…

Görəsən  İlham Əliyevdən  dəqiqi siyasi kurs,  “ya ABŞ, ya da Rusiya”  tələb edənlər bu vəziyyəti  görmür..?

Bəziləri deyir ki,  Rusiya sonda uduzacaq…sonda Rusiya parçalanacaq, dağılacaq…

Kimin  udacağı-uduzacağı, kimin dağılacağı  bizim üçün ikinci dərəcəli məsələdir, əsas olan odur ki, bu prosesdə Azərbaycan uduzmasın, dövlətimiz dağılmasın.

Ona görə də Azərbaycan böyük güclərin toqquşmasından mümkün olan qədər uzaq dayanmalı, özünü qorumalıdır…

Sonda kimin udub-uduzacağı bizi üşündürməməli, konfliktin son nəticəsini bilmədən  alətə  çevrilmək, ölkəni  fəlakətə salmaq olmaz.

Bunu deyənlər Türkiyədə baş verənləri görmür?

Milli Məclisin  beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri kimi mühüm bir vəzifəni daşıyan Səməd Seyidov Seyidov deyir ki,  Avropa Şurası siyasi səhnədən silinəcək.

Bizə  bu tipi  yersiz bəyanatlar lazımdırmı..?

Avropa Şurası  siyasi səhnədən silinəcək, ya silinməyəcək…bunun bizim üçün  bu gün hansı əhəmiyyəti ola bilər?

Az-çox savadı olanlar bilir ki, bütün yaranan qurumlar əbədi deyil və nə vaxtsa dağılacaq. Əsas odur ki, bu dağıntının altında qalmayaq. Həm də cavabı gələcəkdə olan sual bizi bu gün niyə narahat etməlidir?  Belə suallar əslində daha çox böyük  dövlətləri narahat etməlidir.  Və bizim siyasətçilər  nəhayət  Azərbaycanın bu günkü dünyada yerini dəqiqləşdirməli və bizə dəxli olmayan  suallar ətrafında canfəşanlıq etməməlidir…

Bizi sonda kimin udub-uduzacağı deyil, bir ölkə olaraq uduzmamağımız düşündürməlidir…

Və sonu görmək bizə nəsib olmalıdır..

Əgər bu qarşıdurma bizim sonumuza çıxacaqsa, sonu görmək bizə nəsib olmayacaqsa, kimin udmasının-uduzmasının bizim üçün nə fərqi? Ölkə rəhbərinin də əsas vəzifəsi ölkəni məhvə deyil, son nəticəni görməyə aparmaqdır…


Qafqaz Xəbər Agentliyinin  baş redaktoru

Kamran Məhərrəmli



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə