Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ağac arxasında gizlənən yol polisləri kameraya yaxalandı – VİDEO
Ağac arxasında gizlənən yol polisləri kameraya yaxalandı – VİDEO
25 İyun 2014 / 12:39 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4
Şamaxı-Muğanlı-İsmayıllı yolunda ağacların arxasında gizlənən yol polislərinin işi xidmətin heç bir növünə uyğun gəlmir

Bəzi yol polisi əməkdaşlarının yolun görünməyən hissələrində, əsasən də, ağacların arasında gizlənməsi halları sürücüləri narahat edir. Hətta, yol polisinin bu hərəkətləri gülünc vəziyyət kimi qəbul olunur və heç də xoş olmayan ifadələr işlədilir. Yol polisi isə israrla bildirir ki, onların gizlin xidmət aparmağa tam hüquqları var… Biz buna bir söz demirik. O hüquqlar barədə az sonra danışacağıq.

İndi isə oxucuların müraciəti əsasında apardığımız araşdırmanı təqdim edirik. Çoxsaylı müraciətlərdən sonra Avtosfer.az saytının əməkdaşı Şamaxı-Muğanlı-İsmayıllı yolunda ağacların arxasında gizlənən yol polisləri ilə bağlı araşdırma aparıb. Məlum olub ki, təxminən 2-3 km ərazidə, daha doğrusu, həmin yolun eniş və yoxuş hissəsində eyni vaxtda 2 yol-patrul xidməti avtomobili xidmət aparır. Həftə sonları, istirahət günləri rayonlara gedənlərin sayı çox olduğu üçün onların sayı 4-5 olur. Ağsu aşırımı istiqamətində yollar bərbad olduğu üçün əksər sürücülər Şamaxı-Muğanlı-İsmayıllı yolundan istifadə etdiyi üçün yol polisləri də məhz bura toplaşırlar. Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarından ibarət olan həmin inspektorların ikisi daim eyni yerdə xidmət aparır. Bu yer isə videomateralda izlədiyiniz ağacın arxasıdır. Müşahidələrdən sonra müəyyən edə bildik ki, yol polisləri İsmayıllı rayonu istiqamətində dayanaraq üzüaşağı gələn maşınlara binoklla nəzarət edirlər. Əməkdaşlardan biri binoklla baxıb ötmənin qadağan olunduğu yerlərdə ötmə əməliyyatı aparan maşınları bir-bir qeydə alır və nömrəsini yanındakı inspektora deyir. Həmin inspektor isə bu avtomobillərin nömrələrini dəftərə qeyd edərək onları saxlayır. Əlbəttə, avtomobillər çox olanda qayda pozanların hamısı saxlanılmır. Burada kiminin bəxti gətir, kimininki yox. Amma yol polisləri avtomobillər çox olanda vəziyyətdən çıxış yolu tapırlar. Videodan da görünür ki, bu dəfə orada 1 yox, 2 YPX maşını dayanıb. Əməkdaşımız həmin ərazidə çəkiliş apararkən 10 YP 795 dövlət nömrə nişanlı YPX maşını da orada olub, lakin çəkilişdən bir neçə saniyə öncə oradan uzaqlaşıb. Deməli, bir ağacın arxasında 3 YPX maşını, ən azı 6 yol polisi əməkdaşı olur. Çəkiliş zamanı həmin əməkdaşlardan birinin başında papaq olmadığı üçün özünü ağacın arxasına ataraq gizlənib.

Yeri gəlmişkən, izlədiyiniz bu video sadə bir telefonla çəkilsə də, məsələnin mahiyyəti oradan yolu düşən hər kəsə məlumdur. Video isə iyunun 21-də, saat 18:58-də çəkilib.

Bu ağacların arxasındakı yol polisləri tərəfindən saxlanılan hər bir sürücüyə eyni xəta barədə məlumat verən yol polisləri bəzilərinə cərimə yazır, bəziləri ilə də «salam-sağol» edib yola salırlar. Amma həmin ərazidə yolun təhlükəli hissələri var ki, bu barədə xəbərdarlıq nişanları qoyulmayıb. Sürət həddini göstərən yol nişanları da yoxdur və ya təkrar olunmur. Ağır yük maşınları arxadakı maşınların ötməsinə əngəl olur. Ümumiyyətlə, belə yollarda ağır yük maşınlarının hərəkətinə icazə vermək nə dərəcədə doğrudur? Bütün bu problemlər ola-ola yol polislərinin bunlara əhəmiyyət verməməsi normal hal deyil. «Yol hərəkəti haqqında» təlimatla tanış olan yol polisləri yəqin bilirlər ki, onlar hər iş gününün sonunda xidmət etdikləri ərazilərdəki problemlər barədə rəislərinə raport verməlidirlər. Təbii ki, raport verərkən yol nişanları barədə nöqsanları da qeyd etmək olar. Belə halda rəislər də yuxarılara məlumat verməli və problem aradan qaldırılmalıdır. Lakin Şamaxı-Muğanlı-İsmayıllı yolunda buna əhəmiyyət verilmir. Ümumiyyətlə, əksər yollarımızda xidmət aparan yol polisləri sadəcə sürücüləri saxlayıb cərimə yazmaqda işlərini bitmiş sayırlar. Amma əksər hallarda sürücüləri qayda pozmağa vadar edən problemləri görmürlər. Konkret olaraq, Şamaxı-Muğanlı-İsmayıllı yoluna gəldikdə, əlbəttə, bura təhlükəli eniş və ya yoxuşdur. Burada hər yerdə ötmə əməliyyatı aparmaq olmaz. Bunu edənlər isə əksər hallarda ya qəzaya düşürlər, ya da başqalarına qəza şəraiti yaradırlar. Yol polisi belə sürücülərə qarşı mübarizə aparmalıdır. Amma ağacın arxasında gizlənməklə yox, açıq-aşkar xidmət aparıb sürücüləri təhlükəli əməllərdən çəkindirməlidirlər. Sözsüz ki, ağacların arxasında gizlənən yol polislərindən xəbərsiz olan sürücülər qaydaları pozurlar. Qəzaya düşməyib sağ-salamat bu videodakı ağacın yanına çatan olursa, qayda pozduğuna görə yol polisi tərəfindən saxlanılacaq. Yolda başına bir iş gəlsə, qəzaya düşsə, yol polisinin bundan «xəbəri olmur». Maraqlıdır, görəsən, Baş Dövlət Yol Polisi İdarəsinin Şamaxı-Muğanlı-İsmayıllı yolunun 2-3 km ərazisində 4-5 YPX maşınının «xidmət aparmasından» xəbəri varmı? Ola bilməz ki, bu qədər kiçik bir əraziyə 5 YPX maşını ayrılsın. Və o maşınlar da ağacların arxasında «xidmət aparsın»

Psixologiyamız belə formalaşıb ki, polis yoxdursa, qayda pozmaq olar. Ona görə də, əgər yol polisi hərəkətin rahat və təhlükəsiz olmasına görə Şamaxı-Muğanlı-İsmayıllı yolunda xidmət aparırsa, ağacların arxasında gizlənməməlidir. Doğrudan da insanların həyatını düşünürlərsə, onların qayda pozmasının qarşısını almaq istəyirlərsə, aşkara çıxıb gözlə görünən yerdə dayansalar, əlbəttə, nə qayda pozular, nə qəza baş verər, nə də qəza şəraiti yaranar. Məntiqlə düşünsək, yol polisinin ağacların arxasında gizlənməsini belə qiymətləndirmək olar ki, onlar bilərəkdən gizlənirlər ki, sürücülər orada yol polisi olmadığını zənn edib qaydanı pozsunlar, yol polisləri də ağacların arxasından çıxıb onları cərimələsin.

Cənablar, belə hərəkətlərlə yollarımızda qəzaların, qəzalarda ölənlərin, yarımçıq qalmış talelələrin sayını azalda bilməzsiniz. Bununla yaxşı pul qazanmaq, çoxlu cərimə yazmaq olar. Ötmə qaydasını pozub sizin gizləndiyiniz ağacın yanına sağ-salamat çata bilənləri cərimələyin. Bəs, ötmə qaydasını pozub ölənlərin, yaralanıb şikəst qalanların taleyi necə olacaq? Gizlənməklə yox, aşkar xidmət aparmaqla həm qayda pozuntularının, həm də qəzaların qarşısını ala bilərsiniz. Əlbəttə, sizin marağınız insan həyatından, insan amilindən ibarətdirsə, aşkar xidmət, yol boyu o baş-bu başa getmək daha faydalı olardı. Lakin başqa məqsədiniz varsa, o zaman bu yazılanların sizə dəxli yoxdur. Oxuyub bizə irad tutmayın. Öz gözünüzdəki tiri görün, xidmət etdiyiniz nazirlik tərəfindən təsdiq olunmuş «Yol patrul xidməti haqqında» təlimata nəzər salın.

Təlimatın 3.2.4-cu bəndində maraqlı bir məqam var; «Qaydaların pozulmasının yolverilməzliyi barədə hərəkət iştirakçılarının xəbərdar olunması – yol polisi müfəttişinin marşrutun (postun) çox intensivli sahəsində, habelə nəqliyyat qəzalarının baş verdiyi yerdə olması ilə onun hərəkət iştirakçılarına göstərmiş olduğu təsirdir». Maraqlı cümlə və çox təsirli qaydadır. Bu bənddə açıq-aydın yazılıb ki, yol polisi xidmət etdiyi marşrut, yəni, ərazi üzrə hərəkətin intensivliyini, qəzaların baş verməsini nəzərə alaraq həmin ərazidə olmalı və hərəkət iştirakçılarına təsir etməlidir. Bəli, məhz təsir etməlidir. Təsir etmək üçün ağacların arxasında gizlənmək yox, hərəkət iştirakçılarının arasında olmaq lazımdır ki, onlar yol polisini görüb sözün əsl mənasında, «özlərini yığışdırsınlar».

Təqdim etdiyimiz videomaterialdakı yol polislərinə gəlincə isə bunu nə gizlin, nə aşkar, nə də qarışıq xidmət adlandırmaq çətindir. «Yol patrul xidməti haqqında» təlimatda yol polisi əməkdaşlarının üç cür xidmət aparması göstərilir. Təlimatdan çıxarış;

Əməliyyat-xidməti nəqliyyat vasitələrilə aparılan nəzarət aşkar, gizli və qarışıq olmaqla üç növə bölünür:

*  hərəkətə aşkar nəzarət zamanı müfəttiş müəyyən olunmuş geyim formasında olmalı, dövlət standartına uyğun rəng qrafikasına malik avtomobildə və ya motosikletdə xidmət aparmalı, hərəkət iştirakçılarına yaxşı görünən yerdə durmalıdır;

*  gizli nəzarət xüsusi rəng qrafikası olmayan əməliyyat-xidməti nəqliyyat vasitələrində, mülki geyimdə olan müfəttişlər tərəfindən, əsasən günün işıqlı vaxtında aparılır (qaranlıq vaxtı gizli nəzarət yalnız süni və kifayət qədər yaxşı işıqlandırılan yol sahələrində aparılır). Bu zaman aşkar olunan qayda pozuntuları barədə müfəttiş raport tərtib edir. Tərtib olunmuş raportlar nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə uçota alındığı ərazinin DYP orqanına göndərilir;

*  qarışıq nəzarət xüsusi rəng qrafikası olan və olmayan (iki) əməliyyat-xidməti nəqliyyat vasitəsindən istifadə olunmaqla polis geyim formasında olan müfəttişlər tərəfindən aparılır. Hər iki nəqliyyat vasitəsinin heyətləri bir-birilə radiorabitə əlaqəsi saxlayaraq aşkar etdikləri qayda pozuntuları barədə məlumat verir və müvafiq tədbir görürlər.

Göründüyü kimi, Şamaxı-İsmayıllı-Muğanlı yolunda çəkilən video ilə təlimatda yazılanlar arasında böyük fərq var. Bu fərqi isə həmin ərazidə xidmət aparan yol polisləri öz hərəkətləri ilə yaradırlar. Bəlkə də onlar özləri də apardıqları xidmətin adını dəqiq bilmirlər. Bu xidmət aşkar xidmətdirsə, niyə ağacın arxasında gizlənirlər, gizlin xidmətdirsə, niyə polis forması və polis maşınındadırlar? Qarışıq xidmətdirsə, təlimatda ağacların arxasında gizlənmək, ümumiyyətlə, gizlənmək sözü yazılmayıb. Qarışıq xidmət o deməkdir ki, onlar mülki avtomobildə yol polisi formasında hərəkət iştirakçılarının arasında olurlar və qayda pozuntusu aşkar etdikdə polis formasında və polis maşınında xidmət aparan əməkdaşlara məlumat verməlidirlər. Yenə də ağacların arxasında gizlənməklə bağlı təlimat verilmir. Hər halda, təlimatda yazılanları oxuyub bu qənaətə gəlmək olur. Həmin DYP əməkdaşları başqa qənaətə gəliblərsə, bunun günahı onları düzgün təlimatlandırmayanlarda və ya səhv təlimatlandıranlardadır…



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə