Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Yanan milyonlar, donan məktəblər…
Yanan milyonlar, donan məktəblər…
03 Noyabr 2014 / 11:36 / Baxış sayı: 30
Font1 Font2 Font3 Font4

Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtın Xətai, Sabunçu, Nəsimi, Pirallahı və Qaradağ rayonlarında qəbul keçirərək müəllim və valideynlərin şikayətlərini dinləyib.

Doğrudur, idarə valideyn və ya müəllimləri narahat edən problemlər ümumiləşdirilmiş formada verməklə elə təsəvvür yaradıb ki, valideynlər yalnız uşaqların asudə vaxtlarının təşkilindən, bufetlərdə isti yeməklərin verilməməsindən və məktəblərin istiliklə təminatından  narazıdırlar. Dərsin keyfiyyəti, yuxarı sinif şagirdlərinin direktorla anlaşma nəticəsində dərsdən yayınaraq hazırlıq kurslarına getməsi, bayram günlərində məcburi pul yığımı problem deyil.

Amma biz elə valideynlərin narazılıq etdiyi və idarənin hesabatında yer alan istilik probleminə toxunmaq istəyirik.

Öncə açıqlamaya nəzər salaq:  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mütəxəssisləri Xətaidə 27, 55, 56, 58, 59,147, 165 və 194 saylı məktəblərin,  Sabunçuda 170, 67, 68, 80, 90, 148, 155, 170, 215, 310 və 311 saylı məktəblərin, Pirallahı və Çilov qəsəbələrində 243, 131, 168, 186, 235 və 243 saylı, Zirə qəsəbəsində yerləşən 122, 120, 241 və 324 saylı, Gürgan qəsəbəsində yerləşən 231 saylı məktəblərin və 29 saylı Uşaq Yaradıcılıq Mərkəzinin valideyn və müəllim heyətinin şikayətləri dinlənilib.

Həmçinin Nəsimi rayonunda 1, 8, 16, 44, 46 və 133 saylı məktəblərin,  6 saylı  uşaq gənclər güləş məktəbinin, 25 saylı uşaq yaradıcılıq mərkəzinin, 46 saylı  məktəbdənkənar tərbiyə işi mərkəzinin, Qaradağ rayonunda 228, 253, 273 və 319 saylı, Ümid qəsəbəsində yerləşən 294, Səngəçal qəsəbəsində yerləşən 222 saylı məktəblərin və 19 saylı uşaq-gənclər idman məktəbinin müəllim və valideynlərinin müraciətlərinə baxıblar.

Valideynlər məktəblərin istilik sistemi ilə bağlı narazılıqlarını bildiriblər. Yəni ümumilikdə 50-dək təhsil müəssisəsində görüş keçirilib və əksəriyyət istilikdən şikayətlənib.

Adıçəkilən məktəblər arasında “Azəristiliktəhcizat” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən qızdırılan məktəblər də var.

Virtualaz.org saytı təhsil müəssisələrinin istiliklə təminatı vəziyyətini araşdırıb.

“Azəristiliktəhcizat” və Təhsil Nazirliyi deyir ki…

“Azəristiliktəhcizat” ASC-dən virtualaz.org saytına verilən məlumatda deyilir ki, ötənilki qış mövsümündə Bakıda 183 məktəb qazanxanalar vasitəsilə istiliklə təmin edilib. Bu göstərici 2011-2012-ci ildən 3 məktəb çoxdur. Amma 2011-2012, 2007-2008-ci payız-qış mövsümündə istiliklə təmin edilən məktəblərin sayı daha çox olub.

Ötənilki payız-qış mövsümündə paytaxtda 124 uşaq bağçasına istilik verilib. Rayonlarda isə 84 məktəb binası, 22 uşaq bağçası qızdırılıb.

“Azəristiliktəhcizat” ümumilikdə 267 məktəb, 146 uşaq bağçası binasını istiliklə təmin edib. Qeyd edək ki, səhmdar cəmiyyətin hesabatı qurumun rəsmi internet səhifəsində də yer alıb.

Təhsil müəssisələrinin istiliklə təminatına dair Təhsil Nazirliyinin son hesabatı da nazirliyin rəsmi səhifəsində var. Lakin maraqlıdır ki, son göstəricilər 2009-cu ili əhatə edir.

Amma “Azərbaycan müəllimi” qəzetində keçmiş təhsil naziri Misir Mərdanovun hesabatı dərc edilib. Misir Mərdanov bildirib ki, Təhsil Nazirliyi məktəblərin istiliklə təminatı üçün 2007-ci ildən xüsusi proqram həyata keçirməyə başlayıb. Proqramda məktəblərin istiliyi üçün tələb olunan vəsaitin məbləğindən tutmuş görüləcək işlərin xırda detalları da əksini tapıb.

Məktəblərdə araşdırma aparılıb və nazirliklə “Azəristiliktəchizat” ASC-nin birgə həyata keçirdiyi proqrama əsasən 2007-2009-cu illərdə ölkə üzrə 700 məktəbdə istilik sistemi bərpa olunub.

Maraqlıdır ki, başqa bir mətbu orqanında yenə Misir Mərdanova istinadən 600 məktəbin istiliklə təmin olunduğu qeyd edilib.

Diqqətçəkən məqamlardan biri də məktəblərin nazirliyin hesabına istiliklə təminatıdır. Yəni məktəblərin əksəriyyəti nazirliyin vəsaiti ilə istilik sisteminə qoşulub.

Məsələn, 2008-ci ildə istilik sistemi bərpa edilmiş 350 məktəbdən 206-sı Təhsil Nazirliyinin mərkəzləşdirilmiş vəsaiti hesabına olub.

Keçmiş nazir öz yazısında qeyd edib ki, Bakı şəhərindəki bütün məktəblərin istilik problemi hələ 5 il əvvəl həll olunub. Özü də bu proqrama milyonlarla manat vəsait xərcləyib.

Bəs 5 il ərzində nə dəyişdi ki, milyonlarla manat xərclənən istilik sistemi çökdü? Axı son illər onlarla məktəb yenidən təmir edilib, yeniləri tikilib.

Paytaxtın mərkəzində yerləşən 133 saylı orta məktəb istiliklə təmin edilib.

Məktəbdən virtualaz.org saytına bildirdilər ki, payız-qış aylarında bu təhsil müəssisəsinə istilik verilir: “Bəzən problemlər yaranır. Amma ümumilikdə məktəb istiliklə təmin olunur”.

Valideynlər isə deyirlər ki, istilik normal, yəni sinif otaqlarını qızdıracaq səviyyədə olmur: “Gah deyirlər Bakı Şəhəri üzrə Təhsil İdarəsi ödəniş etməyib, gah da qazın təzyiqi qızdırmır. Bir də görürsən qar yağıb, amma sinif otaqları buz kimidir, çünki istilik o qədər zəif olur ki, otağı qızdıra bilmir”.

13 saylı məktəbdən də eyni zavabı eşidirik. Məktəbdən “problem yoxdur” deyirlər,  valideynlər isə “otaqlar soyuq olur” deyə dad edirlər.

Bu hal 10, 245, 236, 239 saylı və digər məktəblərdə də mövcuddur.

Qeyd edək ki, məktəblərin istilik problemi təkcə Bakıda deyil, bölgələrdə də yaşanır.

Onu da xatırladaq ki, fərdi qazanxanası olan məktəblər Təhsil Nazirliyinin, ümumi qazanxanalardan istilik alanlar isə “Azəristiliktəchizat”ın balansındadır.

“Azəristiliktəchizat” isə and-aman edir ki, qış mövsümünə yaydan hazır olurlar, problem olan obyektlərin siyahısını müəyyənləşdirib tədbir görürlər. Qurumun balansında olan məktəblərə istilik verilir, yalnız təmirə ehtiyacı olan binalarda problemlər olur.

Bir də fərdi qazanxanaları olan məktəblərin problemi ola bilər ki, “Azəristiliktəchizat” buna görə məsuliyyət daşımır.

Təhsil Nazirliyi isə məsələyə qısa və konkret münasibət bildirir: “Bizdə olan məlumata görə, məktəblərdə istilik sistemi ilə bağlı ciddi bir problemlər yoxdur”.

Bəs valideynlər niyə şikayətçi olurlar? Təhsil müəssisələrinin istiliklə təminatına cavabdeh olan iki qurum məsuliyyəti öz üzərindən atarsa, “Azərenerji”, “Azəriqaz” kimi qurumlardan nə tələb etmək olar?

Qeyd edək ki, məktəblərin kommunal ehtiyacı ilə bağlı lazım olan vəsait dövlət tərəfindən ödənilir. Yəni qurumlardan yalnız işinə məsuliyyətli yanaşaraq tədbir görmək tələb olunur.

İqtisadçı Nübar Seyidovanın sözlərinə görə,  hər il “Azəristiliktəchizat” ASC-yə təxminən 40 milyon manat vəsait ayrılır. 2008-2013-cü illərdə büdcədən mənzil-kommunal təsərrüfatı sektorunda istilik sisteminə 112 milyon manat vəsait ayrılıb, investisiya xərclərində isə 2007-2013 illər üçün 109 milyon manat yönəldilib. Bu isə təkcə təhsil deyil, digər obyektlərin də istiliklə təminatına bəs edəcək vəsaitdir.

“Mən hələ Təhsil Nazirliyi, beynəlxalq təşkilatlar və digərdövlət  qurumların fərdi qazanxanaya xərclədiyi vəsaiti nəzərə almıram. Yəni bu qurum kifayət qədər maliyyələşir” – deyə iqtisadçı bildirir.

Bəs istiliklə bağlı vəziyyət niyə dəyişmir?

Ekspert hesab edir ki, idarəetmənin  mexanizmində dəyişdirilməsinə ehtiyac var: “Təhsil ocaqlarının istiliklə təminatı üçün fərdi qazanxanaların sayı artırılmalıdır. Fərdi qazanxanalara nəzarət etmək asandır. Məsuliyyət daşıyacaq qurum olmalıdır, əks halda qurumların bir-birini ittiham etməsi ilə problem çözülməyəcək”.

Qışın soyuğu, qarı-boranı qarşıdadır. Gözləyək…

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə