Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Donbasa xüsusi status verən qanun ləğv olunur
Donbasa xüsusi status verən qanun ləğv olunur
04 Noyabr 2014 / 17:10 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4

Noyabrın 2-də Ukrayna Ali Radasında Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarının xüsusi statusu haqda qanunun ləğvini nəzərdə tutan layihə qeydiyyatdan keçib. “Media forum” saytı xəbər verir ki, qanun layihəsini parlamentə Radikal Partiyanın lideri Oleq Lyaşko təqdim edib (Oktyabrın 26-da keçirilən parlament seçkisində bu partiya 22 mandat qazanıb).

Sentyabrın 16-da Ukrayna Ali Radası prezident Pyotr Poroşenkonun göndərdiyi layihəyə baxaraq Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarının xüsusi statusu haqda qanun qəbul etmişdi. Qanuna əsasən, üç il ərzində Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarında xüsusi yerli özünüidarəetmə qaydaları tətbiq olunur, ərazilərdə şəhər, qəsəbə, kənd şuralarının qərarı ilə xalq milisi dəstələrinin yaradılması yer alır. Dövlət Donetsk və Luqanskda baş vermiş hadisələrin iştirakçılarına qarşı təhdid, cinayət təqibi və inzibati cəzaların tətbiq olunmayacağına zəmanət verir.

İctimai və şəxsi həyatda, rus dili və ya istənilən başqa dilin istifadəsi hüququ tanınır, Donbas bölgəsinin sosial-iqtisadi inkişafına Ukraynanın dəstəyi vəd olunur. Sənəd Rusiya Federasiyasının inzibatı vahidləri ilə sərhədyanı saziş əsasında mehriban qonşuluq münasibətlərinin dərinləşməsini də nəzərdə tutur.

Noyabrın 1-də prezident Poroşenko Milli Təhlükəsizlik və Müdafiə Xidmətinin iclasında Donbasın xüsusi statusu haqda qanunun ləğvi ilə bağlı məsələni gündəmə gətirəcəyini bildirib.

Donbas bölgəsində Rusiyanın dəstəklədiyi separatçılar noyabrın 2-də seçki keçirib. Donetsk vilayətində başçı vəzifəsinə Aleksandr Zaxarçenko, Luqansk vilayətində İqor Plotnitski seçilib. Hər iki işğalçı rejimdə qondarma parlamentlərə də səsvermə olub.

2013-cü il noyabrın 21-də Rusiyanın basqılarına dözməyən Ukrayna hökuməti Avropa Birliyi ilə geniş inteqrasiya sənədləri imzalanması prosesini dayandırıb. Bunun ardınca müxalifət davamlı etiraz aksiyalarına qalxıb, toqquşmalarda 100-dən çox adam ölüb. Bu il fevralın 22-də prezident Viktor Yanukoviç parlamentin qərarı ilə postundan uzaqlaşdırılıb.

Hakimiyyət Qərb meylli qüvvələrin əlinə keçəndən sonra Rusiya Ukraynanın Krım yarımadasını hərbi qüvvə ilə işğal edərək özünə birləşdirib. Daha sonra şərq vilayətlərində Rusiyanın dəstəklədiyi separatçı hərbi-siyasi qüvvələr baş qaldırıb, Donetsk və Luqansk vilayətlərini müstəqil respublikalar elan edib. İyun ayından Ukrayna Silahlı Qüvvələri hücuma keçərək Donetsk və Luqansk vilayətlərinin bir hissəsini azad edib.

Son rəsmi məlumatlara görə, separatçılarla hökumət qüvvələri arasındakı toqquşmalarda 4035 nəfər həlak olub, 930 min nəfər yurdunu tərk edib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə