Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

570 manata timsah balası, yaxud Azərbaycanda şir sahibinə necə çevrilmək olar – (Araşdırma)
570 manata timsah balası, yaxud Azərbaycanda şir sahibinə necə çevrilmək olar – (Araşdırma)
05 Noyabr 2014 / 17:59 / Baxış sayı: 182
Font1 Font2 Font3 Font4

Bu günlərdə virtualaz.org saytı “EurasiaNet”ə istinadən Ermənistan iqtisadiyyatının bütün gəlirli sahələrini əllərində cəmləmiş oliqarxların dəbdəbəli və harın həyat tərzindən maraqlı epizod dərc etmişdi.

Məlum olurdu ki, erməni oliqarxları təkcə özləri yırtıcılıqla – Ermənistanın onsuz da kasıb olan iqtisadiyyatını yırtıb-talamaqla məşğul olmur. Onlar həm də yırtıcı heyvan həvəskarlarıdır, villalarında şir, pələng kimi yırtıcı heyvanlar saxlamaq hobbisinə yoluxublar.

Əslində zənginlərin (həm də təkcə zənginlərin deyil) yırtıcı heyvan saxlamaq həvəskarları olması təkcə Ermənistanda müşahidə edilən tendensiya deyil. İnternet mənbələrində araşdırma apardıqda belə məlum olur ki, yırtıcı və ekzotik heyvanlar saxlamaq son dövrlər dünyada tendensiya müşahidə edilir.

Bu tendensiya təbii ki, Azərbaycana da yad deyil. Mətbuatdan məlumdur ki, oliqarxlarımız və digər zənginlərimiz təkcə dəbdəbəli avtomobillər, villalar və s. həvəskarları deyillər. Onların arasında ekzotik heyvanlar və qorxulu yırtıılar saxlayanları da az deyil.

Deyilənlərə görə, məmurlarımız arasında məsələn, sabiq iqtisadi inkişaf naziri Heydər Babayev, nəqliyyat naziri Ziya Məmmədov, keçmiş təhsil təhsil naziri Misir Mərdanov, sabiq deputat, Daşkəsən rayon icra başçısı Əhəd Abıyev, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə, AZAL prezidenti Cahangir Əsgərov, “Azərenerji” prezidenti Etibar Pirverdiyev delfin, pələng, cins itlər, ayılar, timsahlar saxlamaq həvəskarlarıdır.

Yırtıcılar restoranlara girəndə… 

Hərçənd ki, azərbaycanlı zənginlərin villalarının hasarları çox hündürdür, onların həyətlərində hansı yırtıcıları saxladığını dəqiqləşdirmək, öz gözlərimizlə görmək imkanında deyilik. Bununla belə Azərbaycanda yırtıcı heyvanların bir çox istirahət məkanlarında, restoranlarda müştəriləri əyləndirmək üçün qəfəsə salınması halları faktdır. Hətta bir neçə ilə əvvəl nazirlərdən birinin oğlunun restoranlardan birində qəfəsdə saxlanan ayını kəsdirib kabab bişirtməsinə görə qalmaqal da yarandı.

Bu qalmaqal restoranların, istirahət məkanlarının həyətlərində vəhşi heyvanların xüsusi icazə olmadan saxlanılması məsələsini gündəmə gətirdi. Nəticədə Ekologiya və Təbii Sərvətlər (ETSN) tərəfindən restoranlarda və istirahət mərkəzlərində ciddi reydlər aparıldı.

Vəhşi heyvanların istirahət və əyləncə mərkəzlərindən yığışdırılması üçün müəyyən tədbirlər görüldü. Nazirlik vəhşi heyvanların təbiətdən ayrılaraq qəfəslərdə saxlanmasını yanlış addım saydığını bəyan etdi.

Həmin il ETSN tərəfindən keçirilən reydlər zamanı Beyləqandakı “Həyat” restoranından 3 canavar, 3 qartal, 3 anqurt quşu, 3 qutan quşu və 1 qu quşu, Samux rayonundakı şərab zavodunun həyətindən 2 ayı, Şamaxıdakı “Qızıl daş” restoranından isə 1 maral müsadirə olunaraq götürülmüşdü. Qanunu pozmuş şəxslər “Heyvanlar aləmi haqqında” qanuna müvafiq olaraq inzibati qaydada məsuliyyətə cəlb edilərək cərimə olundular.

Bəs indi vəziyyət necədir?!

İndi erməni oliqarxların həyətlərində nərildəyən şirlərin onların qonşularını qorxuya saldığı bir vaxtda Azərbaycanda yırtıcı heyvanların əyləncə kimi istifadə edilməsi sahəsində vəziyyət dəyişibmi?

ETSN-in Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev virtualaz.org saytına açıqlamasında bildirdi ki, son zamanlar restoranlarda və istirahət mərkəzlərində vəhşi heyvanların olması halları müşahidə edilməyib.

“Nazirlik tərəfindən mütəmadi reydlər aparılır. Son bir neçə ildə resoranlarda, itirahət mərkəzlərində vəhşi heyvanların saxlanılması faktları aşkarlanmayıb. 2010-cu ildə daxil olan çox saylı şikayətlər əsasında keçirilən reydlər zamanı bir çox faktlar nazirlik əməkdaşları tərəfindən aşkar edilmişdi. Restoranlarda və istirahət mərkəzlərində heyvan saxlayan vəzifəli və hüquqi şəxslər cəzalandırıldı. Heyvanlar isə reabilitasiya mərkəzlərinə, dövlət qoruqlarına təhvil verildi”- deyə nazirlik rəsmisi qeyd etdi.

R.Mirzəyev belə məsələlərdə vətəndaşların da dəstəyinə ehtiyac olduğunu deyir: “Vətəndaşlar belə hallarla rastlaşdıqda nazirliyə məlumat verməlidirlər. Belə şikayətlər daxil olan kimi nazirliyin əməkdaşları tərəfindən operativ olaraq reydlər keçirilir”.

Nazirlik rəsmisi restoran və istirahət mərkəzlərində reydlər zamanı saxlanılması qadağan edilmiş heyvanların gizlədilməsi faktlarının da ola biləcəyini deyir.

R.Mirzəyevin də dediyindən bu nəticəyə gəlmək olar ki, indi də restoranlarda və istirahət mərkəzlərində gizli və ya qeyri-qanuni yollarla vəhşi heyvanların saxlanılması, onlardan istifadə olunması halları mümkündür.

Bu cür hallar daha çox rayonlarda olan istirahət mərkəzlərində müşahidə olunur.Söhbət təbii ki, ayrı-ayrı məmurlara məxsus olan, yaxud onların himayə etdiyi obyektlərdən gedə bilər.

Qanunlar nə deyir…

Bəs qanunlar buna nə deyir? Azərbaycanda fərdi şəxslər istədikləri vəhşi heyvanı, məsələn, pələngi və ya timsahı evlərində saxlamaq hüququna malikdirmi? Yaxud özəl zooparklar yaratmaq qanunla mümkündürmü?

Belə məlum olur ki, mümkündür və Azərbaycanda istənilən şəxs müvafiq qanuni prosedurlara əməl etməklə şir, pələng və ya ayı sahibi ola bilər.

Çünki Azərbaycan Respublikasının “Heyvanlar aləmi haqqında” qanunu istənilən hüquqi və fiziki şəxsə təbii mühitdən götürülən heyvanı saxlamağa imkan verir.

Qanun 21-ci maddəsində deyilir: “Vəhşi heyvanların qeyri-sərbəst və ya yarımsərbəst şəraitdə saxlanılmasına və yetişdirilməsinə, habelə kommersiya və digər məqsədlər üçün tutulmasına (əldə edilməsinə) xüsusi icazə əsasında yol verilir”.

Yəni istənilən hüquqi və fiziki şəxs vəhşi heyvanları həm saxlamaq, həm də öz restoran və ya istirahət mərkəzində nümayiş etdirmək məqsədi ilə (qanunda qeyd edildiyi kimi kommersiya məqsədi ilə) əldə edə bilər. Bunun üçün o, sadəcə olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydalara əməl etməli, qanunla tələb olunan prosedurlardan keçməlidir. Müvafiq icra hakimiyyəti orqanı isə indiki halda Ekologiya və Təbii Sərvətlər Nazirliyidir.

Qanuna görə, şəxsi zoopark da yaratmaq olarmış

Qanunda o da qeyd edilir ki, ödənişlə təbii mühitdən götürülmüş və ya satın alınmış vəhşi heyvanlar fiziki və hüquqi şəxslərin mülkiyyəti hesab edilir. Qanun yalnız “Qırmızı kitab”a düşən vəhşi heyvanların saxlanılmasını qadağan edir.

“Heyvanlar aləmi haqqında” qanunun 35-ci maddəsində deyilir: “Heyvanların təbii mühitdən götürülməsi yolu ilə fiziki və hüquqi şəxslər tərəfindən zooloji kolleksiyalar (zooparkların, zoobağların…) yaradılması və bunların zənginləşdirilməsi yalnız müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə həyata keçirilir”.

Müvafiq icra hakimiyyəti orqanı olan ETSN əməkdaşı R.Mirzəyev isə deyir ki, hüquqi və fiziki şəxslər təbii mühitdən heyvan götürə bilər. Onlar bunun üçün Nazirlər Kabinetinin 2000-ci il, 13 iyul tarixli, 117 saylı qərarında nəzərdə tutulan şərtləri yerinə yetirməlidirlər. Qərarda göstərilən şərtlər yerinə yetirildiyi halda nazirliyin icazəsini almaq mümkündür.

Nazirlər Kabinetinin xüsusi şərtləri 

Qərara əsasən fiziki və hüquqi şəxslərə “Qırmızı kitab”a daxil olunanlardan başqa (qanunvericilikdə nəzərdə tutulan digər hallar istisna olmaqla), xüsusi icazə əsasında və müvafiq qaydada əldə edilmiş aşağıdakı vəhşi heyvanların qeyri-sərbəst və ya yarımsərbəst şəraitdə saxlanılmasına və yetişdirilməsinə icazə verilir: məməlilər, quşlar, sürünənlər, suda-quruda yaşayanlar, balıqlar, dəyirmiağızlılar, molyuskalar, buğumayaqlılar, qurdlar, bağırsaqboşluqlular və ibtidai orqanizmlər.

Qərarda vəhşi heyvanların saxlanılmasına, mühafizəsinə və istifadəsinə dair tələblərin siyahısında heyvanların düzgün müalicə edilməsi, xəstəliklərdən qorunması, qidasının lazımi şəkildə verilməsi, humanistlik prinsiplərinin gözlənilməsi, təbiəti mühafizə qaydalarına riayət edilməsi kimi şərtlər yer alır.

Qərarda həmçinin bildirilir ki, qeyd edilən tələblər yerinə yetirilmədiyi halda həmin fiziki və hüquqi şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada vəhşi heyvanların istifadə hüququndan məhrum edilirlər.

Nazirlər Kabinetinin bu qərarı ilə tam şəkildə buradan tanış ola bilərsiniz.

Bir məsələni də qeyd edək ki, təbii mühitdən qanunun tələbləri ilə hər hansı bir heyvanı saxlamaq və ya kommersiya məqsədi ilə götürərkən nə qədər məbləğ ödəniləcəyi qeyd edilmir.

Şiri necə almaq olar?

Beləliklə, qanunla və Nazirlər Kabinetinin qərarına əsasən Azərbaycan vətəndaşları istədikləri vəhşi heyvanı saxlamaq, bəsləmək və özəl zoopark yaratmaq hüququna malikdir. İndi qalır işin digər tərəfi.

Bəs həmin vətəndaş – məsələn, pələng və ya timsah həvəskarı olan məmur sevdiyi heyvanı necə və haradan, hansı qiymətə əldə edə bilər?

Belə məlum olur ki, bu da problem deyil. İnternetdə apardığımız araşdırmalar zamanı məlum oldu ki, çox uzaqda yox, elə qonşu ölkə Rusiyada yırtıcı və ekzotik heyvanların satışı, sifarişçiyə çatdırılması ilə məşğul olan xüsusi portallar fəaliyyət göstərir.

Məsələn, zootork.clan.su, zootorg.ru və zoo-ekzo.ru saytlarına girərək satışda olan istənilən heyvanı sifariş vermək imkanınız var. Bu saytlar ünvana çatdırma xidməti də göstərir. Satılan heyvanların saxlanması üçün xüsusi qəfəslər də təklif edirlər.

Biz də qiymətlər və çatdırılma şərtləri ilə tanış olmaq üçün zoo-ekzo.ru saytı ilə əlaqə saxladıq.

Bu saytda müştərilərə istənilən vəhşi heyvan-pələngdən tutmuş şirə, ayıdan tutmuş leoparda, hətta filə qədər vəhşi təbiətin istənilən sakinini təklif edirlər. Təbii ki, qiymətlərini göstərməklə.

Timsah balası 570 manata

Saytda müştərilərə təklif olunan Meksika timsahının qiymətini soruşduq. Bizimlə danışan sayt əməkdaşı qiymətin elə saytda göstərildiyi kimi, yəni 30 min rubl (təxminən 570 manat) olduğunu dedi.

Sayt əməkdaşı bizi əmin etdi ki, 30 sm-lik Meksika timsahını indi sifariş versək bir neçə gün ərzində bizə göndərə bilərlər. Göndərilmə şərtlərinə gəlincə isə saytdan bildirildi ki, çatdırılma ilə bağlı bütün prosedurları onlar həyat keçirir və çatdırılma haqqı olaraq da əlavə ödəniş alırlar.

Digər saytların əməkdaşları isə satışın sifarişli olduğunu və əsasən də xüsusi tanışlıqla həyata keçirdiklərini dedilər.

Araşdırmalarımız zamanı məlum olur ki, Azərbayacana əsasən Rusiya, Avstraliya və Afrikadan heyvanlar daha çox gətirilir. Ən çox sifariş verilən heyvanlar sırasında şir, pələng, ayı, piton, dəvə, poni atları, zebralar üstünlük təşkil edir.

Xarici ölkələrdən gətirilən heyvanlara nəzarətə gəlincə isə ekologiya nazirliyinin sözçüsü R.Mirzəyev dedi ki, buna Dövlət Gömrük Komitəsinin Baytarlıq Xidməti nəzarət edir: “Xarici ölkələrdən gətirilən heyvanlara nazirlik nəzarət etmir. Bu heyvanlar Gömrük Komitəsi tərəfindən yoxlanılır, xüsusi icazə verlir. Əks halda bu heyvanların ölkəyə gətirilməsi mümkün deyil. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yalnız ölkə daxilində qoruqlardan, meşələrdən götürülən heyvanlara nəzarət edir”.

Gömrükdən şir keçirmək üçün gərək şir ürəkli adamın ola

Azərbaycanda fəaliyyət göstərən zoomağazalardan da heyvanlar sifariş vermək mümkündür. Amma bu sifarişlərin siyahısına vəhşi heyvanlar- ayı, şir, canavar, piton və.s daxil deyil. Bakıda fəaliyyət göstərən mağazalardan əsasən quş, meymun, pişik kimi heyvan növlərini sifariş vermək mümkündür.

Bakının mərkəzi küçələrindən birində çalışan və adının açıqlanmasını istəməyən zoomağaza sahibi bizimlə söhbətində deyir ki, məmurlar və oliqarxlar tərəfindən yuxarıda adlarını qeyd etdiyimiz vəhşi heyvanların sifarişi xüsusi şəxslər tərəfindən yerinə yetirilir.

Uzun illərdir Azərbaycana xarici ölkələrdən müxtəlif cür quş, pişik, meymun növləri gətirən mağaza sahibi deyir ki, ayı, şir, timsah, piton kimi heyvanları Azərbaycana gətirmək asan iş deyil. Gömrükdən bu heyvanları keçirmək üçün “şir ürəkli, pələng biləkli” adamın olmalıdır…



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə