Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Baş redaktor: “Bu şəhərdən ölümü çıxaracaqlar”
Baş redaktor: “Bu şəhərdən ölümü çıxaracaqlar”
06 Noyabr 2014 / 18:05 / Baxış sayı: 32
Font1 Font2 Font3 Font4

Amil Hacıyev – uzun illər televiziya məkanında çalışıb. Ölkənin tanınmış telekanallarından olan ANS-də müxbirlikdən departament müdiri vəzifəsinə qədər yüksəlib. Hazırda isə Publika.az xəbər portalının baş redaktorudur. 

Aktual.az-ın “Media kapitanları” layihəsinin qonağı Publika.az-ın baş redaktoru Amil Hacıyevdir:

– Amil müəllim, fəaliyyətiniz daha çox televiziya ilə bağlı olub. Necə oldu ki, televiziyadan yazılı mətbuata- internet mediaya gəldiniz? 

– ANS-dən ayrılandan sonra müxtəlif yerlərdə çalışdım. AFFA ilə əməkdaşlıq etdim. Bir müddət “İnterpress” saytında çalışdım və internet media ilə burada tanış oldum. Açığı deyim, çətin olmadı. Bilirsiniz, jurnalist də əsgər kimidi. Əsgərə nə fərqi var, harda vuruşur. Əsas bu müharibədə qələbə qazanıb, general olmaqdır. Həm də mən ANS kimi məktəb keçmişdim. Mirşahin məktəbini, mənim fikrimcə, yaxşı qiymətlərlə bitirdim. Reportyorluğu Mirşahindən, üslubu isə Ləmandan “oğurladım”. Daha sonra isə Publika.az-a dəvət aldım. Aynur Camalqızı meydan verdi mənə. İşimin nəticəsini isə artıq siz və oxucularımız dəyərləndirə bilər.

– Televiziya ilə internet medianın fərqi nədədir? Çətin olmadı ki?..

– Fərqlər böyükdür. Televiziyada mətn nə qədər yaxşı olsa da, onu tamamlayan video olmalıdır. Vizual effektlər daha çox əhəmiyyət daşıyır. Amma saytda operativlik önəmlidir. Xəbəri eşidən kimi, onu dərhal yazıb sayta qoymalısan. Ani gecikmə olsa, artıq sənin xəbərinin əhəmiyyəti yoxdur. Bir gözün və bir qulağın daima axtarışda olmalıdır. İşin asanı olmur, çətindir, əlbəttə. Amma ilk yaydığın xəbərə hamının istinad elədiyini görəndə, bütün çətinliklər yaddan çıxır.

– Deyə bilərsiniz, bizim auditoriyamızda xarici, xüsusən də, türk telekanallarına meyllilik niyə çoxdur…

– Çünki istədiklərini bizim televiziyada tapa bilmirlər. Amma bir məsələyə də baxaq. Hamı deyir ki, yerli tv-lər baxımsızdır. Ay qardaşlar, ay bacılar, Mikayılın verilişinə baxıb qol götürüb oynayan, Xoşqədəmlə ağlayanlar kimlərdir? Gəlin, bir sorğu keçirin. Görün bizim tamaşaçılar nəyə baxır. TV pulu, gəliri reklamdan qazanır. Reytinq üçün ucuz şouya gedir. Əvvəllər az idisə, indi artıb. Çünki tələbat var. İnsanlara Məmmədin Rusiyadakı arvadı maraqlıdır, nəinki hər hansı ciddi veriliş. Biz qanı, qeybəti, dedi-qodunu sevirik. Televiziya da güzgüdür. Orada əks olunanlar cəmiyyətin üzüdür.

Sizi əmin edirəm ki, xarici televiziyaya baxanlar “Discovery”, “National Geography”, “BBC”, “CNN”-ə baxmır. Bu, həmçinin, internet mediada da elədir. İsa Məsihin qədəhi ilə bağlı araşdırmanı 1000 nəfər oxuyursa, Təranə- Nazənin davasını 20 dəqiqəyə 7000 insan oxuyur. Bu, keçid dövrüdür. Bir müddətdən sonra aradan qalxacaq. Televiziyanın proqramı var. Ora baxanda, kifayət qədər, maraqlı verilişlər tapmaq olar. Qalanı hamısı bəhanədir.

– Publika.az-da əvvəlki dövrlərə nisbətən dəyişikliklər hiss olunur. Bunu necə etdiniz?

– Fövqəladə bir şey eləmədim. Sadəcə, işlədik kollektivlə birgə. Əgər kənardan hansısa dəyişiklik görünürsə, kollektiv olaraq, sevinirik. Buna görə kollektivə və rəhbərliyə təşəkkür edirəm. Amma bir şeydə haqlısınız. 18+ səpkili xəbərləri azaltdıq. Daha ciddi yazılara üstünlük verdik. Biz portalıq. Ona görə, bizdə hər tip xəbərlər ola bilər. Kimi nə maraqlandırırsa, onu da oxuya bilər. Aynur Camalqızının verdiyi dəstək və kollektivin birgə əməyi, yenə deyirəm, artıq dəyişiklik kimi görünürsə, bu, uğurumuzdur.

– Hazırkı jurnalistikamızın problemi nədədir?

– Olanımız göz qabağındadır. Durub yeni nəsə deyib velosiped kəşf edəsi deyiləm.

– İş şəxsi həyata mane olmur? 

– Olur. Vaxt məhdudiyyəti var. Televiziyada iş vaxtın bitdisə, vəssəlam, çıxıb gedə bilərsən. Amma burada elə deyil. Planşet daima yanımdadır. Hər 10 dəqiqədən bir sayta baxıram. Elə olur, gecə saat 3-ə qədər gecə növbəsi ilə birgə işləyirik. Məqsəd isə xəbəri oxucumuza vaxtında çatdırmaqdır. Ona görə, elə olur ki, evə az vaxt ayırırsan. Bazar günü oğlumla qızımı gəzməyə aparanda belə, planşet əlimdədir. Amma bu, işimdir və mən burdan pul qazanıram. Həm də işimi və peşəmi sevirəm. Jurnalistika həyat tərzidir mənim üçün.

– Ədəbiyyatla maraqlanırsınız?

– Vaxtım olanda, mütaliə edirəm.

– Amil müəllim, bəlkə, bir az da başqa mövzulardan danışaq…

– Buyurun.

– Sizə bir seçim imkanı verilsəydi, harada yaşamaq istəyərdiniz?

– Şair deyir ki:

Şəhər dünyasıdı…

gündə meydana

ağıllısı çıxır,

dəlisi çıxır.

Hərənin bir cürə

nəfəs kəsəni,

Hərənin bir cürə

zəlisi çıxır.

Hamı bu şəhərə

dipdiri gəlir,

Hamının şəhərdən

ölüsü çıxır.

Borçalıda, doğma kəndimizdə. Amma neynəyək, bizimki də belə gətirib. Təhsil, iş, ailə – hamısı Bakı deyir. Bəlkə də, nə vaxtsa mənim də ölümü çıxaracaqlar bu şəhərdən…

– Sizcə, hansı yaxşıdır: müharibə, yoxsa, sülh?

– Təbii ki, insan sülhü sevər. Amma Qarabağın azadlığı son şans kimi müharibədən keçəcəksə, müharibəni seçəcəm. Jurnalist üçün isə əsas hadisədir: xəbər bol olur.

– Komandanız hansıdır: “Qarabağ”, ya Neftçi?

– Mən “Neftçi”nin azarkeşiyəm. Amma “Qarabağ”ın Avroliqa oyunlarının hamısını, vaxtım olanda isə, yerli çempionatı izləyirəm.

– Dost, ya tanış? Hansına daha çox önəm verirsiniz?

– Dosta, təbii ki. Dost azdır,  tanış çox. Zəlimxan qağam yaxşı deyib:

Ən vəfalı iki dostum, sirdaşım var,

Bir qələmə, bir varağa çəkilmişəm.

– Ənənəvi olaraq, bu sualı Sizə də ünvanlayıram: sevgi, yoxsa seks?

– Bu suala dostum Şəmşad Ağa cavab verib. Onun dediyi “hədis”dən sonra heç nə deyə bilmərəm.

– Bu gün, yoxsa gələcək?

– Bugününü düzgün qur, gələcəkdə dünənə baxıb peşman olmayasan.

– Sağ olun, Amil müəllim.

– Siz sağ olun.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə