Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Hövsandakı “Zeytun bağları”nda “yaşıl terror” – FOTOLAR
Hövsandakı “Zeytun bağları”nda “yaşıl terror” – FOTOLAR
11 Noyabr 2014 / 19:34 / Baxış sayı: 8
Font1 Font2 Font3 Font4

Azərbaycanda zeytunçuluq təsərrüfatından danışarkən ilk olaraq göz önünə Zığ, Qala, Hövsan və Bilgəh zeytun bağları gəlib. Belə ki, əvvəllər Azərbaycanda zeytun bağlarının ümumi sahəsi 3 min hektar təşkil edibsə, bunun 2500 hektarı Zığ, Qala, Hövsan və Bilgəh bağlarının, 400-500 hektarı isə Buzovna, Sumqayıt və Kürdəxanı tinglik təsərrüfatının ərazisinə düşüb.

Ancaq bu gün zeytunçuluqla bağlı vəziyyət rəsmi rəqəmlərdə göründüyündən daha dəhşətlidir. Azərbaycanın ən böyük zeytun bağlarından sayılan və 900 hektara yaxın ərazini əhatə edən Hövsan “Zeytun bağları”nda ( Hövsan 1 saylı Zeytun Sovxozu) “yaşıl terror” həyata keçirilir. Bəs ağacları kim kəsir?

“Bu “yaşıl terroru”  vaxtaşırı Azərbaycanda zeytunçuluğun inkişafından danışan və töhvələr verdiyini deyən “Azərsun-Holdinq” şirkəti həyata keçirir. Bir sözlə, Abdulbari Gözəl Hövsan bağlarına da əl qoyub. Amma onun məqsədi heç də zeytunçuluğun inkişafına tövhə vermək deyil, əksinə yarım əsrdən çox, daha doğrusu, 60-70 il mühafizə edilərək qorunan bağı xarabalığa çevirməkdir”, – bunu ərazidə bizimlə söhbət edən vətəndaşlar və pay sahibləri Arqument.Az-a deyir. 

Abşerondan Suraxanıya uzanan əllər…

Məlumat üçün bildirək ki, 900 hektara yaxın ərazisi olan bu bağ 1949-cu ildə salınıb. 1963-cü ilin 4 yanvar tarixində Abşeron rayonu yaradıldıqdan sonra bu bağlar da rayonun balansına verilib. Çünki Abşeron rayonu əslində Bakı və Sumqayıt şəhərlərinin inzibati ərazilərindəki kolxoz və sovxozlara, quşçuluq sənayesinə, aqrar sahəyə xidmət edən idarə və müəssisələrə, kənd tikinti və meliorasiya təşkilatlarına, aqrar istiqamətli elmi-tədqiqat institut və laboratoriyalarına yüksək ixtisaslı rəhbərliyi təmin etmək məqsədilə yaradılıb.

Beləliklə, ortaya daha bir fakt çıxır: “Azərsun-Holdinq” yaşıl soyqırımı təkbaşına həyata keçirmir, ona bu əraziləri həvalə edən Abşeron rayon İcra Hakimiyyətidir. Sakinlərin dediyinə əsaslansaq, görünən odur ki, Zakir Fərəcovla Abdulbari Gözəlin “birgə planı” Hövsanda əməlli-başlı qalmaqal yaradıb.

Hövsan qəsəbəsi inzibatı ərazi olaraq Suraxanı rayonuna daxildir. Suraxanı rayon İcra Hakimiyyəti də gözünün qabağında baş verən bu soyqırıma göz yumur. Səbəb isə bəllidir: “Ortada “Azərsun-Holdinq” kimi böyük maliyyə resurslarına malik şirkət və onun sözü “daşdan keçən” rəhbəri Abdulbari Gözəl var…“Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə danışmağa dəyməz. Yəqin, xəbərləri yoxdur, olan kimi “araşdıracaqlar”, – iddiada deyilir…

“Zeytunumuzun himayəçisi”, yoxsa…

Müqəddəs Qurani-Kərimdə belə bir ayə var: “And olsun, əncirə və zeytuna”. Allah yaratdığı nemətə and içir. Sakinlər deyirlər ki, Abdulbari Gözəl də yəqin and içib ki, burada bir zeytun ağacı qalmayacaq… Özünü Azərbaycanda “Zeytunumuzun himayəçisi” elan etmiş və bu ilin mart ayında Bakıda “Azərbaycanda zeytunçuluğun inkişafına tövhə” adlı sosial aksiyalar təşkil edən şirkətin “Zeytun bağları” markası və şüarı sanki bundan ibarət imiş: “Hərəyə bir zeytun kəsək!”.

Bunu ərazidə olduğumuz müddətdə gördüyümüz mənzərə də təsdiq edir. Bəli, 900 hektara yaxın ərazisi olan bağın 130 hektarı təhlükənin bir addımlığındadır. Hazırda bağın ərazisində tikinti həyata keçirilir. Tikintinin “Azərsun-Holdinq” şirkəti tərəfindən həyata keçirildiyini vətəndaşlar və bağ sahibləri iddia edirlər ki, şirkət heç bir tələbə və şikayətə baxmır. Tikintidə çalışan fəhlələr də bizimlə söhbətində tikintinin məhz “Azərsun-Holdinq” tərəfindən həyata keçirildiyini bildirdilər. Mənzərə isə acınacaqlıdır; zeytun ağacları texnikanın köməyi ilə kökündən çıxarılır və iri tonnajlı yük maşınları ilə daşınaraq bağın dərinliklərinə aparılır, burada “gizlədilir”. Bu məqsədlə bağın ortasında böyük bir ərazi ağaclar qırılıb, “abad”laşdırılan bu ərazidə “tala” yaradılıb. Bütün zibillər isə bu talaya daşınır. Maşınların bağın dərinliyindəki bu zibilliyə asan hərəkət etməsi üçün isə ağaclar kəsilərək iki yol açılıb. Ərazidə obyektlərlə yanaşı, villalar və digər iaşə obyetləri də göz deşir. Ən dəhşətli məqam isə ondan ibarətdir ki, bütün bunlar Heydər Əliyev Beynəlxalq Hava Limanına gedən magistral avtomobil yolunun bir addımlığında baş verir.

Mülkiyyət hüququ və ya təminatsız mülkiyyət…

“Hövsanda Zeytun bağları özəlləşdirilmə dövründə pay olaraq ayrı-ayrı şəxslərə verilib. Yəni ağaclar bizə məxsusdur. Bir sözlə, buradakı hər bir ağac özəl mülkiyyətdir”, – bu da bir fakt…

Aydın görünür ki, şirkət Azərbaycan Konstitusiyasında nəzərdə tutulan mülkiyyət huququnu da kobud şəkildə pozur.

Azərbaycan Konstitusiyasının 29-cu maddəsində qeyd olunur:

I. Hər kəsin mülkiyyət hüququ vardır.

II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə  verilə bilər.

V. Dövlət vərəsəlik hüququna təminat verir.

Həmişəki söhbət: “Araşdıracağıq…”

Baş verən ağac qırıntıları ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova ilə əlaqə saxladıq. O, Arqument.Az-a bildirdi ki, nazirliyə ağaclarının qırılması ilə bağlı heç bir fakt daxil olmayıb: “Əgər sizdə belə bir fakt varsa, bizə dəqiq ünvanı göndərin, əməkdaşlarımız gedib araşdırsın”.

Bəli, söylənilənlər təsdiqini tapır: Nazirlik “araşdıracaq”. 

“Bizlik deyil” – Suraxanı rayon İcra Hakimiyyəti…

Beləliklə, ünvanı nazirliyin bizə verilən email ünvanına göndərərək Suraxanı rayon İcra Hakimiyyətinin sözçüsü Bərxudar Bərxudarova üz tuturuq.

“Bu ərazilər Abşeraon rayonuna daxildir. Orada hər hansı bir iş aparılırsa, Abşeron rayon İcra Hakmiyyəti ilə dəqiqləşdirilir. Bizə aidiyyatı yoxdur”, – Bərxudar müəllim də Arqument.Az-ın sorğusuna belə cavab verir. 

““Azərsun Holdinq” ağac kəsmir…”

“Azərsun-Holdinq”in mətbuat xidmətinin rəhbəri Afiq Səfərov isə məlumatları təkzib edir, orada aparılan tikintinin şirkətə aidiyyatı olmadığını deyir: “Biz zeytunçuluğun inkişafına dəstək veririk və “Azərsun-Holdinq” yeyinti məhsullarına baxır, tikinti aparmır, ağac kəsmir. Bu məlumatları kim veribsə, yalan deyib”.

Abşeron rayon İcra Hakmiyyəti isə susur…

Maraqlıdır, ərazidə “yaşıl terror” davam edir. Amma məsuliyyəti kimsə üzərinə götürmür.

Bir faktı da xüsusi olaraq qeyd edək: 

Bir müddət öncə ölkə başçısı İlham Əliyevlə nəqliyyat naziri Ziya Məmmədov arasında olan bir dialoq hər kəsin yaxşı yadındadır. Belə ki, Prezident İlham Əliyevə Ağdaş səfəri çərçivəsində Ağdaş-Qəbələ avtomobil yolunun yenidən qurulması layihəsinin sxemi təqdim edildi. Nəqliyyat naziri Ziya Məmmədov məlumat verdi ki,  28 kilometr uzunluğunda yol yenidən qurulacaq və dördzolaqlı olacaq. Lakin İlham Əliyev buna etiraz etdi:

“Dördzolaqlı olsa, onda gərək ağaclar qırılsın. Dörd zolağa ehtiyac yoxdur, ağaclar heyifdir. Qətiyyən olmaz. Yaxşı ki, mən gəldim və bu sxemi gördüm”.

İndi eyni vəziyyət Hövsanda hökm sürür. “Biz inanırıq ki, cənab Prezident bu duruma son qoyacaq, nadir və əvəzsiz sərvətimiz olan Zeytun bağları da “yaşıl terror”dan xilas olacaq”, – deyə sakinlər bildirir.

Gəlin, ümid edək…

Sonda ərazidən çəkdiyimiz fotogörüntüləri təqdim edirik: durum olduqca ağırdır. 

Şəmşad AĞA

Arqument.Az






Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə